» » » Dünya Güləş Birliyi güləşçilərin yeni çəki dərəcələrini tətbiq etdi (SİYAHI)

Dünya Güləş Birliyi güləşçilərin yeni çəki dərəcələrini tətbiq etdi (SİYAHI)

Ötən həftə Fransanın paytaxtı Parisdə baş tutan Dünya çempionatı zamanı Dünya Güləş Birliyi İdarə Heyətinin növbəti toplantısı baş tutub. 

Premyer.az bildirir ki, toplantıda güləş ictimaiyyətini maraqlandıran bir sıra məsələlər müzakirə edilib və qərar qəbul edilib. 

Müzakirə edilən məsələlərdən ən başlıcası çəki dərəcələrində edilən dəyişikliklər olub. Belə ki, Dünya Güləş Birliyinin yeni qərarına əsasən böyüklər yaş kateqoriyasında çəki dərəcələrinin sayı 8-dən 10-a artırılıb. Olimpiya çəki dərəcələrinin sayı isə 6 olaraq qalıb. Beləliklə, 2018-ci ilin yanvarın 1-dən etibarən təqvim planı üzrə bütün güləş yarışları dəyişilmiş çəki dərəcələri üzrə keçiriləcək. 

Sərbəst güləş:           57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq
Yunan-Roma güləşi:  55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq  
Qadın güləşi:             50, 53, 55, 57, 59, 62, 65, 68, 72 və 76 kq 

Gənclər və U-23 yaş kateqoriyasında olan güləşçilər də bu çəki dərəcələrində mübarizə aparacaq. Yeniyetmələr və azyaşlı yeniyetmələrin çəki dərəcələri ilə bağlı qərar isə yaxın günlərdə qəbul ediləcək.

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında güləşçilər 6 çəki dərəcəsində mübarizə aparacaqlar. 

Sərbəst güləş:           57, 65, 74, 86, 97 və 125 kq 
Yunan-Roma güləşi: 60, 67, 77, 87, 97 və 130 kq
Qadın güləşi:            50, 53, 57, 62, 68 və 76 kq  

Bundan başqa müzakirə olunan güləş qaydalarında bəzi dəyişikliklər təsdiqlənib. 

Belə ki, bu il yeniyetmə güləşçilərin Qitə və Dünya birinciliklərində sınaqdan keçirilən və 2 günlük yarış proqramı üzrə təklif olunan qayda dəyişikliyi 2018-ci ilin yanvarın 1-dən bütün yaş kateqoriyalarında tətbiq ediləcək. İkinci yarış günündə normadan 2 kq artıq çəkidə güləşməyə icazə verilməsi isə yalnız 2018-ci ildə keçiriləcək yarışlarda tətbiq olunacaq. 2019-cu ilin yanvarından etibarən isə normadan artıq çəkidə güləşməyə icazə verilməyəcək.
143     
Reklam

Reklam