» » » Güləş Federasiyası və Toğrul Əsgərov müəmması (ARAŞDIRMA)

Güləş Federasiyası və Toğrul Əsgərov müəmması (ARAŞDIRMA)

Güləş Federasiyası və Toğrul Əsgərov müəmması (ARAŞDIRMA)Azərbaycan güləşi ətrafında qalmaqal böyüməkdə davam edir. Daha öncə də xəbər verildiyi kimi, sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü, olimpiya çempionu Toğrul Əsgərov, millimizdən imtina edərək,  Türkmənistan milli komandasının heyətində çıxış etmək barədə qərar verib.
 
 
 
 
TOĞRUL  ƏSGƏROVUN  ŞƏXSİ  MƏŞQÇİSİNİN  AÇIQLAMASI
 
Premyer.az bildirir ki, bu xəbəri Toğrul Əsgərovun şəxsi məşqçisi olan Elman Əsgərov da təsdiqləyib. Azerisport saytına aşıqlamasına o aşağıdakıları bildirib:
 
"Toğrulla birlikdə Türkmənistana gəldik, bu ölkənin güləş federasiyasının təmsilçiləri ilə görüşdük. Onlar bizə yaxşı şərtlər təklif etdilər, lakin hələ yekun qərar verməmişik”.
 
Çempionun məşqçisi idmançının yaşadığı problemlər barədə danışıb: "Bizim ciddi maliyyə problemlərimiz var. Mən bir ilə yaxındır ki, maaş almıram, amma ailə dolandırmalıyam. Toğrul əməliyyat olunmalıdır, lakin onunla heç kim məşğul olmur. Bu səbəbdən İslam Oyunlarını da buraxdı. Yalnız sonradan elan edildi ki, dopinqə görə diskvalifikasiya olunub. Toğrul Türkiyədə əməliyyat olunacaq. Pulunu kim verəcək? Özümüz”.
 
M Ü Q Q Ə D İ M Ə
 
MÜALİCƏ   MƏSƏLƏSİ
 
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, Toğrul Əsgərovun getməsinin əsas səbəblərindən biri Azərbaycan Güləş Federasiyası ilə arasında olan problemlərdir.
Bildirilir ki, 9 aya yaxındır ki boyun fəqərəsindən əməliyyat edilməli olan Toğrula federasiya tərəfindən "pulumuz yoxdur” cavabı verilib.
 
DOPİNQ  QALMAQALI
 
Olimpiya çempionunun yaxın ətrafında gəzən məlumatlara görə isə idmançı ətrafında dopinq məsələsinin ortaya atılması və bu məsələdə onun sıxışdırılması da, Əsgərovun getmək qərarını qətiləşdirib. Güləşçi bu barədə federasiya rəhbərliyinə belə məlumat verməyib.
Ancaq qaydalara əsasən, yerli qurumun icazəsi olmadan o, 2 il ərzində başqa ölkə adı ilə çıxış edə bilməz. Yaxın zamanda AGF rəsmilərinin onunla danışıqlara başlayacağı gözlənilir.
 
Qeyd edək ki, bu ilin may ayında Toğrul Əsgərov antidopinq qaydalarını pozduğuna görə bütün güləş yarışlarından bir illik diskvalifikasiya edilib.
 
Belə ki, ondan götürülmüş dopinq-test müsbət nəticələnib. Əsgərovun higenamin preparatından istifadə etdiyi məlum olub. Bu dərman ABŞ və Avropa Birliyində qanuni sayılsa da, bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Həmin preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.
 
Bu səbəbdən güləşçimiz 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci ilin aprelin 17-də başa çatacaq.  Əsgərov cəza səbəbindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün açıqlanan siyahıya da daxil edilməyib.
 
Güləşçi özü isə dopinq məsələsi ilə əlaqədar aşağıdakıları bildirib: "İstifadəsi qadağan olunan hər hansı preparatdan istifadə etməmişəm. İlin əvvəlində Hindinstanda iştirak etdiyim Peşəkar Güləş Liqasının yarışları zamanı qida rasionunda dəyişiklik zamanı çox güman ki, orqanizmimə belə maddə düşüb. Hər zaman ədalətli mübarizə prinsiplərinə sadiq qalmışam və yenə də sadiq olacağam”.
 
MALİYYƏ  PROBLEMLƏRİ,  MÜKAFAT  VƏ  MAAŞLARIN  ÖDƏNİLMƏMƏSİ
 
Hazırda müalicə üçün Türkiyədə olan Toğrul Əsgərovun AGF-də yaşadığı problemlər bununla da bitmir. İddiaya görə, sərbəst güləş üzrə milli komandamızın olimpiya oyunlarında nəticə verən bütün üzvləri, eləcə də Toğrul Əsgərov federasiyanın vəd etdiyi mükafatı hələ də ala bilməyib.
 
Bu azmış kimi, Azərbaycan Güləş Federasiyası 1 ilə yaxındır ki, yığmanın üzvlərinin maaşını ödəmir. Qeyd edilir ki, hətta gənc idmançıların formaları alınmır, xaricdə təlim məşqlərə getməsi üçün maliyyə buraxılmır. Millinin heyətinə qatılan gənc güləşçilər yarışa çıxarkən bir-birlərindən forma alaraq güləşirlər.
 
Premyer.az saytının əldə etdiyi məlumata əsasən, mükafat və maaşlarını almayanlar arasında nəinki yerli idmançılar, hətda millimizin şərəfini qoruyan əcnəbilər, o cümlədən Mariya Stadnik başda olmaqla, xanım güləşçilərimiz də var.

TÜRKMƏNİSTAN  GÜLƏŞ  FEDERASİYASININ  MƏSƏLƏYƏ  MÜNASİBƏTİ
 
Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov məsələ ilə bağlı APA-ya aşağıdakıları söyləyib: "Toğrul Əsgərovun Türkmənistan millisinə dəvət olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Sizdə olan məlumat səhvdir və bu keçid mümkün deyil”.
 
Qurum rəsmisinin sözlərinə görə, Türkmənistan Güləş Federasiyasının 25 yaşlı pəhləvanımızın xidmətində heç bir maraqları yoxdur:
 
"Daxili yarış keçirirdik. Turnirin nüfuzunu qaldırmaq üçün bura bir neçə tanınmış simalar dəvət etmişdik. Onlar arasında Azərbaycan və İrandan olan tanınmış güləşçilər də vardı. Ölkənizdən Toğrul Əsgərovla Hacı Əliyevə dəvət göndərmişdik. Bunu qeyri-adi qarşılamaq olmaz. Bu güləşçilər Yay Olimpiya Oyunları ilə yanaşı, dünya və Avropa çempionatında öz sözlərini deyiblər. Əsgərov Olimpiadada 2 dəfə final güləşib, onlardan birində qızıl medal alıb. Əliyev isə Rio-2016-da mükafatçılar sırasına düşüb, dünya və Avropa çempionatının qalibi adını qazanıb”.
 
Azərbaycan və Türkmənistan Güləş Federasiyalarının sıx əlaqəsinin olduğunu vurğulayan Xanməmmədov pəhləvanlarımızı özbaşına dəvət etmədiyini də vurğulayıb. Onun sözlərinə görə, bununla bağlı yerli federasiyadan rəsmi icazə alınıb.
 
AZƏRBAYCAN  MİLLİ  YIĞMA  KOMANDASININ  BAŞ  MƏŞQÇİSİNİN  AÇIQLAMASI
 
Güləş üzrə Azərbaycan milli yığma komandasının baş  məşqçisi Firdovsi Umudov Sputnik.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Toğrulun nə Azərbaycandan getməsinə kimsə imkan verər, nə də idmançımızın özü harasa gedər.
 
"Toğrul elə idmançı deyil ki, Azərbaycanı nəyəsə görə başqa ölkəyə dəyişsin. Fəxri qonaq kimi təbii ki, onu yarışlara dəvət edə bilərlər. Bu, o demək deyil ki, hər xarici yarışa fəxri qonaq kimi gedən idmançı ölkəni tərk etməlidir. Toğrul Azərbaycan bayrağı altında güləşib, qalib gəlməyi özünə fəxr bilir” – deyə baş məşqçi qeyd edib.
 
F. Umudov T. Əsgərovun səhhətində problem olduğunu da dilə gətirib: "Hal-hazırda Toğrul Əsgərov məşq etmir. Onun sağlamlığında problem var. Rio Olimpiadasından qayıdandan sonra idmançının boyun nahiyəsində – onurğa sütunu fəqərəsində ciddi zədə yarandı”.
 
"O, bu zədə ilə məşq edə bilməzdi. İdmançı ciddi həkim nəzarəti altındadır. Zədə sinirə yaxın olduğu üçün əməliyyat çox təhlükəlidir. Əməliyyat zamanı sinirə toxunularsa, Toğrul ömürlük şikəst ola bilər” — baş məşqçi vurğulayıb.
 
Onun sözlərinə görə, federasiya rəhbərliyi idmançının sağlamlığı üçün çalışır: "Sadəcə düzgün müayinə aparmaq və düzgün iş üçün zaman lazımdır. Federasiya bu zədə haqqında Almaniyaya, Türkiyəyə məlumat göndərib və hal-hazırda müayinələr davam edir. Diqqətli olmaq lazımdır. Əsas idmançının sağlamlığıdır. Hər şey həkimin nə qərar verəcəyindən asılıdır”.
 
Firdovsi Umudov bildirib ki, Toğrul özü tezliklə gəlib açıqlama verəcək: "Onun kimi idmançılar əsrdə tək-tək yetişir. Güləşi anlamayan, idmandan başı çıxan da, çıxmayan da nə gəldi, yazır. Öncə məlumatı dəqiqləşdirib, sonra yazmaq lazımdır. Məlumatı dəqiqləşdirmədən elə şişirdirlər ki, təki özlərinə mənfəət əldə etsinlər. Bu da yaxşı hal deyil”.
 
HACI  ƏLİYEVİN  AÇIQLAMASI..
 
Sərbəst güləş üzrə milli yığma komandamızın üzvü Hacı Əliyev isə report-a açıqlamasında Toğrul Əsgərovun Türkmənistandan təklif aldığını təsdiqləyib: "Mənə yox, Toğrula təklif oldu. Onun təklifi qəbul edib-etmədiyini bilmirəm. Bu barədə heç nə deyə bilmərəm. Özü Bakıya qayıdacaq. Əsgərovdan soruşarsınız, hər şeyi deyər”.
 
E P İ L O Q

Premyer.az saytının əldə etdiyi məlumata əsasən, Toğrul Əsgərovun Türkiyədə əməliyyat olunub, Azərbaycana qayıdana qədər, yuxarıda qeyd olunan maliyyə problemləri öz həllini tapmadığı təqdirdə, Milli komandamızın kişi və qadın güləşçiləri KİV üçün mətbuat konfransı təşkil edərək, mövcud problemlər haqqında öz fikirlərini ictimaiyyətə çatdıracaqlar.
 
PREMYER.AZ
501