» » » Roman Heydərov: "Keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil" (MÜSAHİBƏ)

Roman Heydərov: "Keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil" (MÜSAHİBƏ)

Mayın 14-də Azərbaycan karateçisi Roman Heydərov "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının kata yarışının finalında türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edərək milli komandamızın 13-cü qızıl medalını qazanıb.
 
İdmançımız 1/8 finalda İndoneziya idmançısı Əhməd Yuda üzərində 4:1, 1/4 finalda iranlı Şahyerdi Əbolfaziyə 3:2, yarımfinalda isə Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarı 5:0 hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, Roman Heydərov yeniyetmə və gənclər arasında dünya kubokunun qalibi, həmçinin Avropa çempionatının ikiqat bürünc medalçısıdır.
 
Premyer.az gənc idmançımızdan müsahibə alıb. Müsahibəni diqqətinizə çatdırırıq:
 
-         Roman, ilk öncə səni bu mötəbər yarışlarda parlaq qələbə qazanmağın münasibəti ilə təbrik edirik...
-          Təşəkkür edirəm, bu mənim üçün böyük uğurdur!
 
-         İslam Oyunlarına ilk dəfə qatılırdın. Rəqiblərin və rəqabət haqqında nələr söyləyə bilərsən?
-          Özümü tərifləmək kimi olmasın, amma keçən il 17 yaşım olanda, mən böyüklər arasında Avropa üçüncüsü oldum, bu il isə eyni nəticəni təkrarladım.
 
-         Yəni rəqiblərin bu dəfə daha zəif idi?
-          Mənim üçün İslam Oyunları o qədər də çətin olmamalı idi, amma bəxtimdən rəqiblərim həqiqətən də güclü rəqib oldu. Həm İran, həm də Türkiyəli idmançı üzərində 3:2 hesablı çətin qələbələr qazandım.
 
-         Ən çətin rəqibin kim idi?  
-          ¼ finalda qarşılaşdığım İranlı rəqibi qeyd etmək istərdim. Rəqibimi tanısamda, onunla ilk dəfə idi görüşürdüm. Bundan əlavə də finala qədər psixoloji cəhətdən özünü toparlamaq bir az çətindir.
 
-         Bəs finalda necə?
-          Finalda daha fərqlidir. Ancaq qələbə haqda düşünürsən və çıxış etmək daha rahat olur. Buna baxmayaraq finaldakı türk rəqibim dəfələrlə dünya və Avropa mükafatçısı idi.
 
-         Daha öncə bu idmançı ilə görüşmüşdün?
-          Bəli, bir dəfə İstanbulda bir araya gəlmişdik və mən 3:2 hesabı ilə qələbə qazanmışdım. Bu dəfə də eyni hesabla qalib gəldim, amma artıq Bakıda, öz Vətənimdə!
 
-         Qalib gələndə hansı hissləri keçirirdin?
-          Ölkəmizin Bayrağını qaldırdım və himnimiz səsləndi. Mən birinci dəfədir öz idmançı karyeramda bu hissləri yaşayırdım. Sözlə ifadə etmək mümkün deyil.
 
-         Qarşıda səni hansı yarışlar gözləyir?
-          Noyabr ayında gənclər arasında dünya çempionatı keçiriləcək, ora hazırlaşacam. Ondan sonra isə əsas məqsədim 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarıdır.
 
-         Deyə bilərik mi, sən hal-hazırda öz pik formandasan?
-          Mənim hələ 18 yaşım var. Düşünürəm ki, pik formam 24 yaşımda olacaq. Çıxış etdiyim kata növündə, hətda 30 yaşında da dünya çempionu adını qazananlar var, ona görə də hələ əsas uğurlarım irəlidədir.
 
-         Yaş həddi yoxdur deyə bilərik?
-          Karatedə idmançı yaşlaşdıqca, daha çox təcrübə qazanır və mən də həmçinin. 32-33-34-35 yaşında da formada ola bilərsən.
 
-         Azərbaycanda ən çox rəğbət göstərdiyin, ona bənzəmək istədiyin, uşaqlıqdan pərəstiş etdiyin karateçi kimdir?
-          Avropa Oyunlarında çıxış etmiş Tural Balcanlı. O məndən 6-7 yaş böyükdür. Uşaq yaşlarında karatedə ilk addımlarımı atanda mən ona baxırdım, ondan nəsə götürürdüm, öyrənirdim. Amma vaxt gəldi və artıq mən onu da udmağa başladım, və mən böyüklər arasında bir nömrə oldum. İndi də o mənə baxır...
 
-         Bəs beynəlxalq arenada kimləri qeyd edə bilərsən?
-          İtalyan Luka Valdesi – 5 qat dünya çempionu. Mənim üçün ən böyük kumir odur. Youtube kanalında onun videolarına baxaraq çox şeyləri öyrənmişəm. Avropa Oyunlarından öncə iki dəfə Bakıya seminara da gəlmişdi və çox köməyi oldu bizə.
 
-         Ailəndə necə, karateyə olan həvəsini dəstəkləyirlər?
-          Ailəmdən çox böyük bir dəstək görürəm, əsas da atam tərəfdən. Atam ömür boyu məni qabağa çəkib. Hətda uduzunda belə mənə deyir ki, özünü toparla, bir az da öz üzərində işlə və udacaqsan. Əsas isə odur ki, o mənə inanır.
           Bir də dostlarımı da qeyd etmək istərdim. Onlar da psixoloji cəhətdən mənə dəstək olur, çünki hərdən mən idmandan kənar olmaq, bu haqda fikirləşməmək, bir az dincəlmək istəyirəm. Buna görə də onlara minnətdaram.
 
Müsahibə və Foto: Rauf İskəndərov / Premyer.az
251