
Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında
yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə
Azərbaycan birinciliyinə start verilib. Premyer.az bildirir ki, yarışda ölkənin bütün
regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak
edir.
Bu gün yarışın açılış mərasimi keçirilib. Tədbirdə giriş sözü ilə
Azərbaycan Gənclər və İdman Nazirliyinin məsul işçisi Fəxrəddin
İsmayılov çıxış edib. O, bütün yarış iştirakçılarını və qonaqları
salamlayıb. İsmayılov qeyd edib ki, idmançılar bu birincilikdə həm
medallar uğrunda mübarizə aparır, həm də qarşıdakı İslam Oyunlarına
hazırlıq və sınaq məqsədilə qüvvələrini sınayırlar. Natiq sonda onlara
qarşıdakı bütün yarışlarda uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan
Rəsulov çıxış edib. O, bildirib ki, təqvim planına əsaəsn keçirilən bu
yarışın əsas məqamı qarşıdakı İslam Oyunlarına yollanacaq yığma
komandanın heyətinin tam formalaşdırılmasıdır: "Bununla yanaşı, bu
birincilik iyun ayında Yaponiyada keçiriləcək gənclər arasında dünya
birinciliyi, həmçinin sentyabrda Albaniyada təşkil olunacaq Avropa
birinciliyi öncəsi qüvvələr nisbətinə baxış xarakteri daşıyacaqdır.
Bütün atletlərimizə uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin!”
Baş katib yarışları açıq elan edib. Sonra Azərbaycan Respublikasının
Dövlət Himni səslənib. Birincilik çəkisi 56 kq-a qədər olan atletlər
arasında mübarizə ilə davam etdirilib.