» » » "Onları tanıyaq" rubrikasında - güləşçi və fitnes-model Sərvan Cavadzadə (FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - güləşçi və fitnes-model Sərvan Cavadzadə (FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - Sərvan Cavadzadə
Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da fitnes  idman növü geniş yayılıb. Gənclərlə yanaşı, daha yaşlı nəsil insanlar da fitnesə böyük maraq göstərərək, idman zallarına axın edir, çünki gözəl bədən quruluşu zəmanəmizdə çox önəmlidir.  Bəs bu marağın əsas səbəbi nədir?
 
Premyer.az  saytı olaraq bu mövzuda sorğumuz davam edir. Bu dəfəki respondentimiz -fitneslə  həvəskar  səviyyədə məşğul  olan güləşçi Sərvan Cavadzadədir.
 
Qısa məlumat: Cavadzadə Sərvan Fəxrəddin oğlu 17 fevral 1994-cü ildə Zəngilan rayonunun Nəcəflər kəndində anadan olub. Boyu 181 sm, çəkisi 82 kg-dır. 2000-2010-cu illərdə 11 saylı orta məktəbdə təhsil alıb. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. 8 yaşından məşqçi Yaşar Əliyevin rəhbərliyi altında taekvondo ilə, 10 yaşından Ruhi Hüseynovun rəhbərliyi altında isə kikboksinqlə məşğul olmağa başlayıb. Güləşə gəlişi 14 yaşında olub. Abşeron rayon Masazır qəsəbinin UGİM-ində güləşlə məşğul olan Sərvan Cavadzadənin əsas məşqçisi Aydın Süleymanovdur.  
 
Nəticələri:
-          21-22 yanvar 2012-ci il: 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr edilmiş açıq Lokomotiv birinciliyində yunan-roma güləşi üzrə 69 kg çəki dərəcəsində qızıl medal;
-          15-18 fevral 2012-ci il: Əməkdar məşqçi Ehsan Kərimovun xatirəsinə həsr edilmiş yeniyetmələr arasında yunan-roma güləşi üzrə 66 kg çəki dərəcəsində bürünc medal;
-          26-27 fevral 2011-ci il: 2 fevral – Gənclər gününə həsr edilmiş yunan-roma güləşi üzrə yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyində gümüş medal;
-          29 iyul 2011-ci il: Yeniyetmələr arasında yunan-roma güləşi üzrə 69 kg çəki dərəcəsində Lənkəran rayon açıq birinciliyinin qızıl mükafatçısı;
-          17-20 fevral 2011-ci il: Əməkdar məşqçi Ehsan Kərimovun xatirəsinə həsr edilmiş yeniyetmələr arasında yunan-roma güləşi üzrə 63 kg çəki dərəcəsində bürünc medal;
-          25-27.04.2008-ci il: Uşu-sanda üzrə Azərbaycan Çempionatının bürünc mükafatçısı;
-          12-14 iyun 2008-ci il: Kik boksinq üzrə Bakı "Tərtər” idman klubunun açıq birinciliyinin qalibi;
 
MÜSAHİBƏ
 
-          Ümumiyyətlə fitnes nədir?

-         Qısa desək, fitnes sağlam və gözəl bədən quruluşuna malik olmaq üçün bir idman növüdür.
 
-          Fitneslə  məşğul  olmağa nə zaman başlamısan və buna  necə  qərar  verdin?
-        Uşaq yaşlarımdan yunan-roma güləşi ilə məşğul olmuşam. Bədən quruluşumu daha da gözəl etmək üçün, fitnes idman növü ilə məşğul olmağa başladım və artıq 3 ilə yaxındır ki fitneslə məşğulam.
 
-          Fitneslə bodibildinqin ümumi və fərqli cəhətləri hansılardır?
-     Ümumi cəhətləri – hər ikisi də idman növüdür və hər ikisinin də qidası – enerjili və kalorili idman qidalarıdır. Fərqli cəhətləri isə - fitness sağlam və fit bədənə sahib olmaq üçündür, bodibildinq isə daha da böyük və qabarıq əzələyə sahib olmaq istəyənlərin seçimidir.  
 
-          Peşəkar səviyyədə çıxış etmək fikrin var mı?
-          Hələ ki professional səviyyədə çıxış etmək haqqında düşünmürəm, amma gələcəkdə niyə də olmasın.
 
-          Pəhriz saxlamaq  finesdə vacibdir mi?
-        Bildiyiniz kimi, pəhriz – düzgün qidalanmaq deməkdir və bu da fitnesdə çox vacibdir.
 
-          Fitneslə məşğul olmaq üçün yaş həddi var mı?
-          Zənnimcə bu idmanla məşğul olmaq üçün aşağı yaş həddi 13-14 arasıdır. Üst yaş həddinə gəlincə isə, burda heç bir hədd yoxdur. Bunun bariz nümunəsi Avropa və Amerikadır. Burada insanlar 40 yaşından sonra da öz fiziki formalarına və xarici görünüşlərinə çox diqqət yetirirlər.  
 
-          Bu işdə maddi  məsələ nə qədər önəmlidir?
-      Dözümlülük və iradə vacib olduğu kimi, maddiyyat da vacibdir. Ən əsası da, əlavə idman qidalarının alınması üçün.
 
-          Fitnesdə kumirin kim(lər)dir?
-          Kumirlərim Jef Seid və Lazer Angelovdur.
 
-          Fitneslə yeni məşğul olmağa başlayanlara tövsiyyələrin nədir?
-       Səbirli olaraq məşq etməyi və həvəsdən düşməməyi tövsiyyə edirəm.
 
Müsahibəni apardı: Rauf İskəndərov /Premyer.az



"Onları tanıyaq" rubrikasında - güləşçi və fitnes-model Sərvan Cavadzadə (FOTOLAR)



659