» » » YDÇ-2015: İsmayıl gümüş, Şahin və Fazil bürünc medal qazandı

YDÇ-2015: İsmayıl gümüş, Şahin və Fazil bürünc medal qazandı

Yeniyetmə güləşçilərimizin uğurlu çıxışları davam edir!
 
Premyer.az AGF-nin Mətbuat xidmətinə əsasən xəbər verir ki, Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 

Çempionatın son günlərində sərbəst güləşçilər yarışır. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edir.

Çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 gümüş və 2 bürünc medalla başa vurub. 

42 kq-da mübarizə aparan Şahin Muxtarov ABŞ və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda həlledici görüşə çıxan güləşçimiz Bolqarıstanlı rəqibinə tam üstünlüklə qalib gəlib və Dünya çempionatının bürünc medalına sahib olub.

58 kq çəkidə mübarizə aparan Fazil Həsənov ilk görüşdə israil təmsilçisinə qalib gəlib, ardınca ABŞ-dan olan rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Qırğızıstan və Ukrayna güləşçiləri üzərində qələbə qazanan Fazil, bürünc medal uğrunda görüşə çıxıb. Son görüşdə Rusiya təmsilçisini də üstələyən güləşçimiz Dünya çempionatının bürünc medalına yiyələnib.

69 kq-da təmsilçimiz İsmayıl Abdullayev İtaliya, Gürcüstan və İran idmançıları üzərində inamlı qələbələr qazanaraq finala yüksəlib. Finalda Rusiya təmsilçisinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

85 kq çəkidə mübarizə aparan Rahid Həmidli Qırğızıstan, Yunanıstan və Qazaxstan təsmilçilərini mübarizədən kənarlaşdırsa da, yarımfinalda Özbəkistandan olan rəqibinə minimal fərqlə uduzub. Bürünc medal uğrunda görüşdə ABŞ təmsilçisi ilə qarşılaşan güləşçimiz məğlub olub və Dünya çempionatını 5-ci sırada tamamlayıb.

Xatırladaq ki, Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov (42 kq), Xancavad Məcidzadə (50 kq), Ülvi Qənizadə (69 kq)) medalla başa vurub. 

Çempionatda 5 güləşçi ilə təmsil olunan qızlarımız isə, 1 qızıl (Leyla Qurbanova (52 kq)) və 2 bürünc (Zelfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq)) medal qazanıb.
 
Preyer.az
350     
Reklam

Reklam