» » » Zaur Hafizov: "Heç vaxt tələsməyin, iradəli olun və bədəninizə qulaq asın" (MÜSAHİBƏ, FOTOLAR)

Zaur Hafizov: "Heç vaxt tələsməyin, iradəli olun və bədəninizə qulaq asın" (MÜSAHİBƏ, FOTOLAR)

Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da fitnes  idman növü geniş yayılmaqdadır. Gənclərlə yanaşı, daha yaşlı nəsil insanlar da fitnesə böyük maraq göstərərək, idman zallarına axın edir, çünki gözəl bədən quruluşu zəmanəmizdə çox önəmlidir.  Bəs bu marağın əsas səbəbi nədədir?
 
Premyer.az  saytı  olaraq qısa bir sorğu keçirdik.  Respondentlərimizin əsasını fitneslə  həvəskar  səviyyədə  məşğul  olan  gənclərimiz təşkil etsə də, onlar arasında bu işə peşəkar yanaşan gənclər də var idi.   
 
Bunlardan biri də Zaur Hafizovdur.
 
MÜSAHİBƏ
 
-          Ümumiyyətlə fitnes nədir? Fitnesi  idman növü saymaq olar mı?
-       Fitnes ümumi anlayışdır. Fit – formada olmaq deməkdir. Balanslaşdırılmış qida rasionu və müəyyən fiziki hərəkətlər insanı bəlli bir formaya gətirir, bunu da fitnes adlandırırıq. Əlbətdə, əgər dərindən araşdırsaq görəcəyik ki, fitnes müəyyən şaxələrə bölünür və müvafiq fitnes yarışları keçirilir. Bu da o deməkdir ki, fitnes bir idman növü kimi qəbul olunur.
 
-          Fitneslə  məşğul  olmağa nə zaman başlamısan və buna  necə  qərar  verdin?
-       Ümumi olaraq götürsək, mən uşaq vaxtlarımdan müxtəlif idman növləri ilə məşğul olmuşam. Evdə, həyətimizdə özüm üçün şərait qurub, müxtəlif fiziki hərəkətlər etmişəm. O vaxt uşaq olduğumdan, məqsədim güc toplamaq idi. Lakin müəyyən vaxt keçdikdən sonra, bədənimin böyüməsini, müəyyən forma almasını hiss etdim. Hətda kənardan insanlar artıq fiziki görünüşümlə bağlı müsbət fikirlər bildirməyə başladılar. Nəhayət 17 yaşımdan bu işi dərindən araşdırmağa və müəyyən fitnes zallarında məşq etməyə başladım.  
 
-          Fitneslə bodibildinqin ümumi və fərqli cəhətləri hansılardır?
-        Fitnes və bodibildinqin ümumi cəhətləri odur ki, hər ikisində də balanslaşdırılmış qida rasionu, proqrama uyğun idman hərəkətləri və digər zəruri məsələlər var. Ancaq idman növü nöqteyi nəzərdən baxanda, fərqli cəhətlər çoxdur. Misal üçün: fitnesdə bədən ölçüləri çox böyük olmamalı, preslər daha qabarıq və gözəl olmalıdır. Bodibildinqdə isə əksinə olaraq, bacardığın qədər iri və qabarıq formalar nümayiş etdirməlisən. Fitnes yarandığı tarixdən insanlara sağlam həyat, yaxşı forma və tonusda olmaq devizi altında təqdim olunub.  Orada anabolik preparatların, steroidlərin qəbulu qadağandır. Bodibildinqdə isə bu normal qarşılanır və iri olmaq üçün hər bir vəsaitdən istifadə olunur.
 
-          Peşəkar səviyyədə çıxış etmək fikrin var mı?
-      Əlbətdə, yayda keçiriləcək Men's physique, yəni fitnes kateqoriyası üzrə Respublika çempionatında iştirak edəcəm. Artıq ciddi şəkildə müəllimim və dostum Zaur Aydınoğlu ilə hazırlıqlara başlamışıq. Bu çox çətin və böyük miqdarda pul tələb edən bir işdir. Bu mənim ilk yarışım olacaq. İnşallah özümü ilk üçlükdə görürəm. Bu məqsədimə çatmaq üçün, əlimdən gələni edəcəm. Mənə inananlar və dəstək olanlar çoxdur. İnşallah onların ümidlərini doğruldacam.
 
-         Pəhriz saxlamaq  finesdə vacibdir mi?
-        Bunu hər dəfə qeyd etsək də, şablon səslənsə də, bu çox vacib və incə bir məqamdır. Yalnız zalda məşq etməklə iş bitmir. Pəhriz bu işin ən azı 60%-ni təşkil edir. Pəhrizlə bərabər normal yuxu rejimi, istərahət və stresdən uzaq həyat tərzi vacib faktorlardır.
 
-         Fitneslə məşğul olmaq üçün yaş həddi var mı?
-      Bəli, var. Hərdən bəzi müştərilər, yəni valideyinlər öz 12-13 yaşlı övladlarını zalda nəzarətim altında məşq etməklərini istəyirlər. Belə erkən yaşdan fitneslə məşğul olmaq məqsədə uyğun deyil, çünki bu yaşda uşaqlarının sümüklərinin formalaşdığı bir vaxtdır. Digər idman növləri – gimnastika, yüngül atletika daha səmərəli olar. Digər tərəfdən isə zallarda az yaşlı uşaqların üzərinə ağır çəki və dəmirlərin düşməsi nəticəsində ağır zədələr ala bilərlər. Ona görə də yetkinlik yaşına çatmadan fitness salonlarına getmək məsləhət deyil.
 
-          Bu işdə maddi  məsələ nə qədər önəmlidir?
-        Maddi məsələ - bu işin ən önəmli tərəflərindən biridir. Çox insanlar – "zala gəldim, məşq etdim, yemək yedim, vəssalam, yekələcəm” deyə düşünür. Ancaq bunun maddi tərəfini, yediyimiz qidaların həcmini və idman qidaları haqqında düşünmürlər. Bu isə çox maddi vəsait tələb edir. Fitnes - dünyanın ən çox xərc tələb edən bir idman növü kimi qəbul olunub.
 
-          Fitnesdə kumirin kim(lər)dir?
-         Öncə Azərbaycanda ölkəmizi ilk olaraq xaricdə bodibildinq üzrə təmsil edən Vüqar Verdiyevin həyatını izləyirəm. Xaricilərdən isə Jeremy Buendia, Sadik Hadzovich ve Jeff Seid kimi idmançılardan motivasiya oluram.
 
-          Fitneslə yeni məşğul olmağa başlayanlara tövsiyyələrin nədir?
-  Onlara məsləhətim – heç vaxt tələsməyin, nə istədiyiniz, nəyə qadir olduğunuz haqda dərindən düşünün. Qərarınızı verdikdən sonra ciddi şəkildə məşqlərinizə başlayın, bədəninizə qulaq asın, hansı qidalara, hansı növ məşqlərə və texnikaya müsbət reaksiya verdiyiniz haqda düşünün və onlardan istifadə edin. İradəli olun, tez nəticə əldə etməkdən ötrü sağlamlığınıza zərər verəcək preparatlardan və onları sizə təklif edən müəllimlərdən uzaq olun.
 
 
Müsahibəni apardı: Rauf İskəndərov /Premyer.az


Zaur Hafizov: "Heç vaxt tələsməyin, iradəli olun və bədəninizə qulaq asın" (MÜSAHİBƏ, FOTOLAR)



Zaur Hafizov: "Heç vaxt tələsməyin, iradəli olun və bədəninizə qulaq asın" (MÜSAHİBƏ, FOTOLAR)
709