» » » Rəhman Hətəmov: "Biz 30 ildən artıqdır bu qərarı gözləyirdik"

Rəhman Hətəmov: "Biz 30 ildən artıqdır bu qərarı gözləyirdik"

Azərbaycan Milli Karate Federasiyasının 1-ci vitse-prezidenti Rəhman Hətəmov karatenin 2020 Tokio Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi münasibətilə sputnik.az saytına müsahibə verib.
 
Premyer.az müsahibəni diqqətinizə çatdırır:
 
"Biz 30 ildən artıqdır bu qərarı gözləyirdik"
 
Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov: "Karatenin Olimpiya Oyunlarına daxil edilməsinə prezident İlham Əliyevin atdığı addım təkan verib."
Dünən Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına 5 yeni idman növünü daxil edib.
Bu barədə BOK-un Rio-de-Janeyroda keçirilən 129-cu sessiyasında qərar qəbul olunub. Tokio 2020 olimpiadasına daxil edilən idman növləri bunlardır: beysbol/softbol, karate, skeytbordinq, qayalara dırmanma və sörfinq.
Vitse-prezident bildirib ki, bu xəbəri illərlə gözləyirdilər:
     "Karatenin Olimpiya Oyunlarına daxil olmasını 30 ildən artıqdır gözləyirdik. Bizim komanda dünya komandaları içində ilk beşliyə daxildir. Güclü komandamızın olmasına görə, gələcək olimpiadada uğur qazanacağımıza inanırıq."
     Milli komandanın kişilərdən ibarət yığmasının idmançılarının yaşı 28-30 arasındadır. 4 il sonra 34 yaşlı idmançı olacaqlar. Bu da onların nisbətən cavan rəqibləri ilə döyüşmələrinə mənfi təsir göstərəcək. O zaman bizim milli komandadan uğur gözləmək olar?
     Rəhman Hətəmov bu problemlə bağlı suala cavabında deyib: 
     "Öncəliklə qeyd edim ki, karatenin olimpiya idman növlərinə daxil edilməsi bu idman növünə marağın artmasına və bu sahəyə daha çox idmançının gəlməsinə səbəb olacaq. Bu da özlüyündə rəqabətin artmasına gətirib çıxaracaq. Olimpiadaya kimi 4 il vaxtımız var. O vaxta kimi ən güclülər seçiləcək və Azərbaycanı təmsil edəcəklər."
     1-ci vitse-prezident karatenin olimpiya idman növünə daxil edilməsinin bir səbəbinin də Bakıda keçirilən Birinci Avropa Oyunlarının olduğunu qeyd edib.
     "Prezident İlham Əliyevin təşəbbüsü ilə karate idman növünün Avropa oyunlarına salınması və oyunlar zamanı bu idman növünə marağın çoxluğu Beynəlxalq Olimpiya Komitəsinin diqqətindən yayınmayıb və bu, karatenin olimpiya idman növünə əlavə etməsinə təkan verən amillərdən biri olub."

632     
Reklam

Reklam