» » » Bakı Şahmat Olimpiadasına 100 gün qaldı

Bakı Şahmat Olimpiadasına 100 gün qaldı

Bu gün Bakı Kristal Zal-da paytaxtımızda keçiriləcək Şahmat Olimpiadası ilə bağlı tədbir keçirilib. Premyer.az bildirir ki, tədbirdə bu ilin sentyabrında keçiriləcək yarışın maskotu ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimindən sonra Gənclər və İdman naziri Azad Rəhimov, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, qurumun vitse-prezidenti Faiq Həsənov, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin sədri Mahir Məmmədov və FİDE prezidenti Kirsan İlyumjinovun iştirakı ilə mətbuat konfransı keçirilib.
  
Tədbirdə ilk olaraq çıxış edən Azad Rəhimov media nüməyəndələrini salamlayaraq, Azərbaycanın son illərdə qazandıqları uğurlardan və mötəbər turnirlərə ev sahibliyi etməsindən danışıb: "İlk dəfə olaraq 180 ölkənin nümayəndəsinin gəlişi gözlənilir. İndiyədək şahmat turnirlərində bu qədər iştirakçı olmayıb. Bu bizim üçün böyük fürsətdir. Azərbaycan bir şahmat ölkəsidir. 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin bu idman növünün inkişafı üçün böyük işlər görüb.  Məhz o zaman respublikamızda bir çox şahmat məktəbləri istifadəyə verilib. Bu gün də ölkəmizdə güclü şahmat ənənələri var  və şahmat aləmində hər zaman Azərbaycanın adı səslənir. İnanıram ki, sentyabrda keçiriləcək turnir də yüksək səviyyədə keçəcək. Beynəlxalq Şahmat Federasiyası Əməliyyat Komitəsinin fəaliyyətini daim izləyir və son görüşdə işlərin gedişindən razı qaldıqlarını diqqətə çatdırıb. Artıq Bakı Kristal zalı da hazırlanır. İnanırıq ki, bu turnir hələ uzun müddət yaddaşlarda qalacaq".

Daha sonra Kirsan İlyumjinov fikirlərini bildirib: " Bu gün vacib bir gündür. Yarışa 100 gün qalıb və artıq geri sayım başladı. FİDE rəhbərliyi bir neçə həftə əvvəl Bakıda oldu və işlərin gedişindən razı qaldıqlarını bildirdilər. Bakıda keçiriləcək Şahmat Olimpiadası bu idman növünün tarixinə keçəcək. Həm iştirakçıların sayı, həm də təşkilati baxımdan uzun müddət unudulmaycaq. Şahmat Olimpiadası Yay Olimpiya Oyunlarından sonra iştirakçıların sayına görə idman aləmində ən böyük yarışdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev şahmatın inkişafı və populyarlaşması ilə bağlı dövlət sərəncamı imzaladı. Bu da bütün dövlət başçıları üçün bir örnək olmalıdı. Son illərdə ölkənizdə şahmatın inkişafı üçün hər şey edilir. Bütün regionlarda şahmat məktəbləri açılır, Dünya Kuboku keçirilir və ənənəvi hal alan Şəmkir turniri təşkil olunur.

Elman Rüstəmov: "Azərbaycanda belə mötəbər yarışın keçirilməsi olduqca vacibdir. Şahmat Olimpiadasının Bakıya həvalə olunması son illərdə əldə etdiyimiz uğurların bariz nümunasidir. 50 il əvvəl Ulu Öndər tərəfindən atılan vacib addımlar nəticəsində bu gün ölkəmiz şahmat aləmində xüsusi yer tutur.  
Biz bu Olimpiadada 3 komanda ilə mübarizə aparacağıq. Çox ciddi hazırlaşırıq. Xüsusən də kişilərdən ibarət əsas komandaya ümidimiz böyükdür.
FİDE ilə hər zaman əlaqədəyik. Onların dəstəyini hər zaman hiss etmişik. Əməliyyat Komitəsi də öz işini davam etdirir. Bununla da istəyirik ki, Bakı Şahmat Olimpiadası şahmat tarixində ən gözəl təşkil olunan Olimpiada kimi tarixə düşsün".
  
Daha sonra Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin sədri Mahir Məmmədov yarışın təşkilat işləri ilə bağlı media nüməyəndələrinə açıqlama verib: ”Açılış mərasimi çox izdihamlı bir tədbir olacaq. Bakı Şahmat Olimpiadasının açılış mərasimi Milli Gimnastika Arenasında olacaq. Ölkə başçısının sərəncamına görə Bakıya gələcək bütün iştirakçılar sadələşdirilmiş şəkildə viza alacaqlar. Nəqliyyat problemi də yaşanmayacaq. Artıq bu problem də öz həllini tapıb. Olimpiadanın bütün iştirakçıları şəhərin mərkəzində yerləşən 4 və 5 ulduzlu mehmanxanalarda qalacaqlar".
173