» » » Namiq Əliyev: "Əsas hədəfimiz Olimpiada üçün çox sayda lisenziya əldə etməkdir"

Namiq Əliyev: "Əsas hədəfimiz Olimpiada üçün çox sayda lisenziya əldə etməkdir"

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatı ilin ən önəmli yarışıdır. Mundial Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən ilk turnirdir. Olimpiya lisenziyalarının sayı azalıb. Hər bir çəkidəki idmançı sayı 21-dən 16-ya endirilib. Buna görə də yarışın çox çətin olacağını indidən demək olar. Komandamız isə kifayət qədər hazırlıqlıdır. Uğurla çıxış edəcəyimizi düşünürəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının prezidenti əvəzi Namiq Əliyev sentyabrın 6-da güləşçilərimizin açıq məşqindən sonra jurnalistlərə müsahibəsində deyib.

N.Əliyev bildirib ki, çempionatdan əvvəl zədə ilə bağlı bəzi problemlər olub. Olimpiya çempionumuz Şərif Şərifov artıq 97 kiloqramda güləşəcək. Ümid edirəm ki, "Tokio 2020” üçün lisenziyaların yarısını əldə edəcəyik. Hər dəfə olduğu kimi, yenə kifayət qədər medalımız olacaq. Təcrübəli idmançılarımız var. Demək olar ki, mundialda əsas heyət çıxış edir. Dünya və Avropa çempionlarımız da orada olacaq. Əsas hədəfimiz Olimpiada üçün çoxlu sayda lisenziya əldə etmək, sonra medallar qazanmaqdır.

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunacaq Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatının yunan-Roma güləşi yarışlarında ölkəmizi Eldəniz Əzizli (55 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.

Sərbəst güləşçilərin mübarizəsində isə Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksand Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov (97 kq) və Cəmallədin Məhəmmədov (125 kq) xalça uzərinə çıxacaqlar.

Qadın güləşçilərdən ibarət milli komandamızın heyətində Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netrova (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alıblar.
Qeyd edək ki, Olimpiya çəkilərində ilk 6 pillənin sahibi Tokio-2020-yə vəsiqə qazanacaq. Dünya çempionatında I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.
68     
Reklam

Reklam