Premyer.Az > Futbol / Futbol / Layihələr / Manşet > ”REGİON LİQASI – KƏMİYYƏT, YOXSA KEYFİYYƏT DALINCA?” 1-ci HİSSƏ (LAYİHƏ)

”REGİON LİQASI – KƏMİYYƏT, YOXSA KEYFİYYƏT DALINCA?” 1-ci HİSSƏ (LAYİHƏ)

”REGİON LİQASI – KƏMİYYƏT, YOXSA KEYFİYYƏT DALINCA?” 1-ci HİSSƏ (LAYİHƏ)AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportmedia.az saytlarının "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində ilk yazını təqdim edirik.
Bu yazımızda, ölkəmizdə keçən ildən etibarən keçirilməsinə start verilən Region Liqası haqqında bəhs edəcəyik.
 
GİRİŞ
 
Ölkədaxili yarışların, konkret olaraq isə Region Liqasının nüfuzu: kəmiyyət, yoxsa keyfiyyət dalınca? Yəgin ki bir çoxlarımız bu sualı cavablandırmaqda çətinlik çəkirik.
 
Mövzunun aktual olduğunu nəzərə alaraq, məsələni geniş bir şəkildə araşdıraraq və turniri saytımız vasitəsi ilə mütəmadə olaraq işıqlandıraraq, yuxarıda qoyulmuş suala cavab tapmağı çalışacağıq. Alınıb-alınmadığını isə, Siz, oxucularımız qərar verəcəksiniz.
 
Təbii ki, bunun üçün bir layihə yazısı ilə kifayətlənə bilmərik, çünki mövzu geniş olduğundan, məsələyə mərhələ-mərhələ yanaşmaq lazımdır.
 
PROLOQ
 
İlk yazımızda turnirin Əsasnaməsi ilə sizləri tanış edirik. İstənilən turnirin uğurlu keçirilməsi üçün, onun özəyini təşkil edən Əsasnamə hazırlanıb təsdiq edilməlidir. Aşağıda diqqətinizə çatdırdığımız əsasnamənin nə qədər səmərəli və effektiv olduğunu isə, ilk mövsüm başa çatdıqdan sonra deyə biləcəyik.
 
Təsdiqlənmədən öncə, 5 oktyabr 2017-ci il tarixində "Region Liqası”-nın Əsasnaməsinin layihəsi Bakı Olimpiya Stadionunda keçirilmiş AFFA-nın İcraiyyə Komitəsinin iclasında geniş müzakirə edilib. Yekunda isə klubların, futbol mütəxəssislərinin və AFFA rəhbərliyinin birgə əməyi nəticəsində aşağıda tam mətni verilmiş Əsasnamə ərsəyə gəlib:
 
REGİON  LİQASININ  ƏSASNAMƏSİ
 
2017/2018-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Həvəskarlardan ibarət komandalar arasında keçirilən Azərbaycan Region Liqasının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar 
 
Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1   Region Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
Turnirin qalibini müəyyən etmək
Regionlarda futbola marağın artırılması
Region komandalarının inkişafına dəstək
Region futbolçularının ustalığının yüksəldilməsi
Sağlam həyat tərzinin təbliği
Kütləviliyin artırılması
Mövsümün yekununda komandaların tutduqları yerlərin müəyyən edilməsi
 
3. Yarışlara rəhbərlik
 
Region Liqasının keçirilməsini və nəzarəti AFFA-nın işçi qrupu (Regional Futbol Federasiyaları İctimai Birliyi, Məşqçilər Komitəsi, Kütləvi Futbol Departamenti, Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsi) həyata keçirir.
 
4. İştirakçıların müəyyən olunması
 
Region Liqasında klublara və komandalara iştirak hüququnu AFFA-nın işçi qrupu verir.
 Region Liqasında bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər.
Region Liqasında iştirak etmək istəyən komandalar 10.11.2017-ci il tarixinədək AFFA-nın işçi qrupuna müraciət edərək, qeydiyyatdan keçməlidir. İştirak hüququ ilə bağlı AFFA-nın işçi qrupu tərəfindən qərar 5 gün ərzində verilir.
 
5. Futbolçuların  Region Liqasındakı iştirakı
 
5.1 Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar zamanı texniki zonaya buraxılmır.
  
6. Transfer, icarə və sifariş məsələləri
 
6.1 Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
6.2 Hər futbolçu mövsüm ərzində ən çox iki klubda çıxış edə bilər.
6.3 Mövsüm ərzində peşəkar futbol oynamış oyunçu, Region Liqasında müvafiq mövsüm ərzində transfer oluna bilməz.
6.3 Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilmış qaydalar üzrə həyata keçirilməlidir:
a) AFFA-nın işçi qrupu tərəfindən öncədən müəyyənləşdirilmiş transfer dövründə (Dövrələri arası fasilədə və final mərhələsindən öncə) klubun əlavə sifariş və transfer etmək hüququna məhdudiyyət yoxdur.
b) Mövsümün əvvəlində futbolçuya verilən lisenziya mövsümün sonunadək həmin futbolçunun kluba məxsus olduğunu göstərir.
c) İlkin sifariş və ya transfer zamanı sifariş verən komanda oyunçunun klubla
müqaviləsi olduğu halda:
əvvəlki klubundan azad transfer (və ya icarə haqqında məktub) və lisenziyasını təqdim etməlidir
müqaviləsi olmadığı və ya müqavilənin müddəti bitdiyi halda:
əvvəlki klubuna lisenziyasını təhvil verməlidir və ya lisenziya itirildiyi halda oyunçunun çıxış məktubunu təqdim etməlidir.
6.4 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
 
6.5 Mövsüm ərzində aşağıda göstərilmiş hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
Doğum haqqında şəhadətnamə
Şəxsiyyət vəsiqəsi
Ümumvətəndaş pasportu
Tibbi arayış
Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil (3x4)
Müqavilə
Anket
Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
e) Cari mövsümdə peşəkar futbol oynamış futbolçunun Region Liqasında oynaması
 
6.6 Yuxarıda göstərilən hallar aşkarlanarsa, İntizam Komitəsi tərəfindən bu cəzalar tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması
e) Komandanın liqadan uzaqlaşdırılması
 
7. İştirakçı komandanın öhdəlikləri
 
7.1 İştirakçı klub və ya komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
7.2  İştirakçı klub və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
7.3 Klub onu təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına məsuliyyət daşıyır.
7.4   Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır. Komanda oyuna 15 dəqiqə qalmış meydançanın ərazisini polis əməkdaşları ilə təmin etməlidir.
 (Polis olmadan baş hakim oyunu başlaya bilməz)
7.5   Ev sahibi komanda oyunu 6 topla təhciz etməlidir.
7.6   Təcili Tibbi Yardım maşını oyuna 15 dəqiqə qalmış meydançanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım maşını olmadan baş hakim oyunu başlaya bilməz)
7.7  Ev sahibi komanda bir gün öncə digər şəhərdən gələn qonaq komanda tərəfindən müraciət olunduğu halda məşq üçün meydançanı təmin etməlidir. Komandalar arasında qarşılıqlı razılaşma olmadığı halda qonaq komanda məşq üçün meydançanı bir saatdan artıq müddətə tələb edə bilməz.
7.8  Hər klub və ya komanda əlaqələndirici şəxs təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Sifariş vərəqəsində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və,s. göstərilməlidir.
 
Oyun forması ilə bağlı qaydalar:
 
7.10  Forma seçimində üstünlük ev sahibi komandaya verilir.
7.11 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının (getri) altında qoruyucular (şitki) olmalıdır.
7.12 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən AFFA-nın işçi qrupuna məlumat verməli və razılaşdırmalıdır.
  
8. Yarışın keçirilmə sistemi
 
8.1 "Region Liqası” 3 zona üzrə təşkil olunacaq. (Paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb)
Naxçıvan MR-da təşkil olunan Region Liqası 4-cü zona olaraq qəbul edilmişdir.
1-ci mərhələ: paytaxt və şimal; cənub və mərkəz, şimal-qərb və qərb zonaları üzrə hər zonada 4 və ya 5 komanda olmaqla 2 qrup üzrə 4 dövrədən ibarət dairəvi sistemlə təşkil olunacaq.
Zona üzrə qalibi müəyyənləşdirmək üçün neytral meydanda qrup qalibləri arasında 1 oyun olmaqla play-off oyunu təşkil olunacaq və qalib komanda Region Liqasının  1/2 final mərhələsinə vəsiqə qazanacaq.
1/2 final mərhələsinə hər 3 zonanın qalib komandası və eyni zamanda Naxçıvan MR-in qalib komandası vəsiqə qazanacaq. Oyunlar neytral meydanda 1 oyun olmaqla  təşkil olunacaq. Final və 3-cü yer uğrunda oyun neytral meydanda 1 oyun olmaqla təşkil olunacaq. 
8.2 Qrup mərhələsində qaliblərin müəyyən olunması:
Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə
         görə isə xal verilmir
Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı
         göstəricilərə görə müəyyən olunur:
Komandaların öz aralarında keçirdikləri oyunların xallarına əsasən
Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış
         qolların sayına əsasən
Komandaların öz aralarında səfərdə vurulan qolların sayına əsasən
Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
Komandaların qələbə saylarına əsasən
Ən az qırmızı və sarı vərəqələrə görə toplanmış xalların fərqinə əsasən (sarı vərəqə  
         1 xal, qırmızı vərəqə 3 xal)
Komandalar arasında qalibi müəyyənləşdirmək üçün oyunun təşkil olunması
 
8.3 Region Liqasının oyunları həftənin şənbə və bazar günləri keçirilir. İstisna hal kimi digər günlər AFFA-nın işçi qrupu tərəfindən təyin oluna bilər.
8.4 AFFA-nın işçi qrupu hər ayın əvvəli liqanın aylıq təqvim planını klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndərəcək. Təqvimdə oyunların yerləri, tarixləri, keçirilmə saatları göstəriləcək. Hər bir klub və ya komandanın ələqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlamasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və ya saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaq
8.5 Turun ilk oyununun başlamasından 4 gün öncə oyunun keçirilmə yeri, tarixi və ya saat dəyişikliyi ilə bağlı müraciət AFFA-ya daxil olmadığı halda aylıq təqvim planında göstərilən tarix, yer və saat dəyişilməz olaraq qalacaq və oyuna 3 gün qalmış rəsmi məktub klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndəriləcək. Oyun günü və yeri dəyişilməz qaldığı təqdirdə saat dəyişikliyi ilə bağlı müraciət oyuna ən gec 2 gün qalmış edilməlidir.
8.6 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqə, hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir. Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Hər komanda 5 əvəzetmədən istifadə edə bilər. Meydan sahibi olan komanda protokolu əvvəl doldurur. Oyunun protokoluna 18 (on səkkiz) futbolçunun (11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır.
8.7 Komandalar oyunun başlamasına 60 dəqiqə qalmış oyun keçirilən meydançaya gəlməlidirlər. Komandalar oyunun başlanmasına 45 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı, futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Təqvimə uyğun olaraq adı birinci yerdə qeyd olunan komanda ev sahibi hesab edilir.
 
9. Meydança
 
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda keçirilir. Klublar ev oyunlarını keçirəcəkləri meydança ilə bağlı təminat məktubunu AFFA-ya təqdim etməlidirlər. AFFA meydançanı yoxlamağa ehtiyac gördükdə meydançada inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə verdikdən sonra komanda rəqiblərini həmin meydançada qəbul edə bilər. Bir meydançadan maksimum 3 komandanın istifadə etmək hüququ var. Meydança ilə müqaviləni təqdim edən ilk 3 komandanın meydançadan istifadəsinə icazə veriləcəkdir. 4-cü komandanın sənədləri qəbul olunmayacaqdır.
9.2  Fors-major hallarda komanda meydançanı dəyişmək üçün AFFA-ya müraciət edə bilər.
9.3  Meydançada standartlara uyğun iki qapı olmalıdır.
 
10. Oyunun təşkili
 
10.1 Oyun ev sahibi komanda tərəfindən təşkil olunur.
10.2   Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
10.3 Komandalar oyunun başlamasından 60 dəqiqə öncə oyun keçirilən meydançaya gəlməlidirlər. (Fors – major hallarına rast gəlinərsə, komanda bu haqda təcili AFFA-nın işçi qrupuna məlumat verməli və AFFA-nın işçi qrupu bu halları araşdırıb müvafiq qərar verməlidir.)
10.4   Yalnız 6 rəsmi şəxsin və 7 futbolçunun ehtiyat skamyalarında oturmalarına icazə verilir.
10.5   Ev sahibi komandanın 6 rəsmi şəxsindən biri mütləq həkim olmalıdır.
10.6  Texniki zonada siqaret çəkmək qadağandır.
 
10.7  Komandalar oyunun başlamasından 45 dəqiqə öncə protokola nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı və futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar  hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
 
11. Oyun qaydaları
 
11.1   Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
  
12. Oyun zamanı futbolçuların əvəzlənməsi
 

12.1 Oyun ərzində hər komanda 5 əvəzetmədən istifadə edə bilər.
12.2 Meydançaya daxil olmağa hazırlaşan futbolçu ehtiyat hakimə lisenziya ilə yaxınlaşmalıdır.
12.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətləri  etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 7 futbolçu eyni zamanda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
 
13. Oyunun protokolu
 
13.1  Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
13.2 Protokolda  futbolçunun  adı, soyadı, doğum tarixi və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
13.3 İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 7 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
13.4  Komandalar oyundan ən azı 45 dəqiqə öncə protokolu baş hakimə təqdim etməlidirlər.
13.5  Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
Lisenziyanın nömrəsi
Komandanın adı
Şəxsin adı, soyadı, atasının adı
Fotoşəkil
Təvəllüdü
13.6 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
13.7  Yalnız ehtiyat futbolçu kimi göstərilən 5 nəfər oyun zamanı meydançaya daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydançaya bir daha qayıda bilməz.
 
14. Oyun protokolunda futbolçuların adlarının yerdəyişməsi
 
14.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki
          durumu ilə bağlı problemi aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan biri
          ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 5 əvəzetmə   
          ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
Əgər oyun protokolunda göstərilən 7 ehtiyat futbolçudan hər hansı birinin
          fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda
göstərilməyən, lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
 
15. Oyunlarda iştirakdan imtina
 
15.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
15.2  Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə, turnirdən kənarlaşdırılır.
15.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm Liqaya buraxılmayacaq.
 
16. Oyunların təxirə salınması
 
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun təxirə salınması
 
16.1  Əgər ev sahibi komanda meydançanın oyuna yararsız vəziyyətdə olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə çıxmadan öncə dərhal AFFA-nın işçi qrupunu məlumatlandırmalıdır.
Bu halda:
AFFA meydançanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə bilər
AFFA meydançanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər
 
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması
 
16.2 Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı hakimlər qərar verəcək.
16.3 Əgər baş hakim oyunun keçirilməsi üçün meydançanın yararsız olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində AFFA-nın işçi qrupu komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
16.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, AFFA-nın işçi qrupu klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər və oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
16.5 Təxirə salınmış oyunun yenidən keçirilməsi üçün hər bir komandanın tələb olunan xərcləri öz üzərinə düşür.
16.6  Meydançanın yararsız vəziyyəti ilə bağlı ardıcıl olaraq 2 oyunu təxirə salan komanda 3-cü oyun üçün mütləq meydançanı təmin etməlidir.
16.7  Aşağıda göstərilən hallarda klub və ya komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
Meydança yararsız vəziyyətdə olduğu halda
 
17. Hakimlik və İnspeksiya
 
17.1 Oyunları Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər briqadası  idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi Region Liqasının oyunlarına 4 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi, 1 ehtiyat hakim)
17.2 Hakimlər briqadası oyundan 90 dəqiqə əvvəl oyunun keçiriləcəyi yerə gəlməlidir.
17.3 Hakimlər briqadası 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalı, təhlükəsizlik əməkdaşları, Təcili Tibbi Yardım nümayəndəsi, klub nümayəndələri və hakimlərlə birgə iclas təşkil etməlidir.
17.4  Baş hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlamasına kimi həll etsin.
17.5 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində AFFA-ya təqdim olunmalıdır.
17.6 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
17.7 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
18. AFFA intizam qərarları
 
18.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
 
Sarı və qırmızı vərəqələr
 
18.2 Keçən mövsüm ərzində qırmızı vərəqə almış oyunçu cəzasını tam çəkmədiyi halda, bu cəzanın qalan hissəsi (istisna hallardan başqa) cari mövsümə tətbiq olunmur.
 
İstisna hallar;
Ciddi dava-dalaşa görə verilən cəzalar,
Oyun epizodundan kənarda baş verən xüsusi münaqişələr zamanı verilən cəzalar.
 18.3 Sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, məsuliyyəti komanda daşıyır.)
18.4 Oyunçu qırmızı vərəqə alıbsa və oyunçu haqqında İntizam Komitəsində qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti oyunu buraxır.
 
18.5 Qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxacaqdır.
18.6 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
18.7 Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
18.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçularının cəzaları qüvvədə qalır.
18.9 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş hesab olunur.
18.10 Ciddi dava – dalaş, hakimə qarşı aqressiv davranış, xüsusi münaqişələr zamanı istisna hal olaraq AFFA-nın işçi qrupu komandanı liqadan uzaqlaşdırmaq hüququna malikdir.
  
19. Protestlər
 
19.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri AFFA-nın işçi qrupuna öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-ya çatdırılmalıdır.
19.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
11 metrlik cərimə zərbələrinin təyin olunması
11 metrlik cərimə zərbələrinin təyin olunmaması
Oyundankənar (off-side) vəziyyətin müəyyən edilməsi barədə
Topun qapıdan keçib-keçməməsi barədə
19.3 İntizam Komitəsinin qərarı ilə razılaşmayan komanda 3 gündən gec olmayaraq apellyasiya verə bilər.
 
20. Mükafatlandırma
 
20.1 Region Liqasında ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla,  AFFA-nın diplomları və pul mukafatı ilə təltif olunur.
20.2 Region Liqasında ilk 3 yeri tutan komandalar pul mükafatı təqdim olunur. 1-ci yer 10.000 (on min) AZN, 2-ci yer 5000 AZN (beş min), 3-cü yer 2000 AZN (iki min)
20.2  Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçilir və onlar da hədiyyələrlə mükafatlandırılır.
 
21. Mətbuat
 
21.1 Oyunun işıqlandırılması üçün (video və foto çəkilişin aparılması) mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq şərait yaradılmalıdır.
  
22. Reklam Lövhələri və aksiyaları
 
22.1 AFFA tərəfindən təqdim olunan reklam banerləri ev sahibi tərəfindən meydançaya təqdim olunan sxem üzrə yerləşdirilməsi təmin olunmalıdır.
22.2 Komanda hər hansısa reklam baneri yerləşdirmək istədiyi halda, AFFA ilə razılaşdırmalıdır.

EPİLOQ
 
Əsasnamənin həcmi yetərincə böyük olduğundan, ilk yazımızda onun detallarının müzakirəsini aparmayacağıq.
 
Əsasnaməni tam şəkildə yayımlamaqda məqsədimiz isə – növbəti turnirdə iştirak etmək istəyən komandaların (əsasən də bölgə təmsilçilərimizin) turnirin keçirilmə qaydaları ilə yaxından tanış olaraq, yarışa əsaslı bir şəkildə hazırlaşmalarına şərait yaratmaqdır.
 
Daha yüksək və professional liqalara keçid üçün, bir növ tramplin xarakteri daşıyan Region Liqasının həvəskar klubların, bölgə təmsilçilərinin və ümumilikdə Azərbaycan futbolunun inkişafına təkan verəcəyi ümidi ilə, növbəti yazımızda görüşənədək...
 
p.s. Yazıdakı mütəxəssis fikirləri sayt redaksiyasınınn bu mövzü ilə əlaqədar olan fikirləri ilə üst-üstə düşməyə bilər.
Rauf İskəndərov / Premyer.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

 




Geri