Premyer.Az > Futbol / Futbol / Futbol / Region liqası / Manşet > "QƏBƏLƏNİN UŞAQ FUTBOLU – MÖVCUD PROBLEMLƏR" (LAYİHƏ, II Hissə)

"QƏBƏLƏNİN UŞAQ FUTBOLU – MÖVCUD PROBLEMLƏR" (LAYİHƏ, II Hissə)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytının "Uşaq futbolu”  layihəsi çərçivəsində növbəti yazısını təqdim edirik.
 
Yazı - bölgələrdə uşaq futbolunun durumunun araşdırılması və mövcud problemlərdən çıxış yollarının göstərilməsi haqqındadır. Daha dəqiq desək – bu yazıda Qəbələdə uşaq futbolunun mövcud vəziyyətini araşdırmağa çalışacağıq. Təbii ki, mütəxəssis köməyi ilə. Həmsöhbətimiz isə, keşən yazımızda olduğu kimi - "Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimovdur.
 
(Red: Yazının 1-ci hissəsi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz - http://premyer.az/xeberler/xfutbol/8027-qebelenn-ushaq-futbolu-ugurun-srler-layhe-hisse.html)
 
ƏN  BÖYÜK  PROBLEM – TƏHSİL PROBLEMİ
 
-        Nail müəllim, keçən dəfə əsasən Qəbələ Futbol Akademiyasının uğurları haqqında söhbət etmişdik. Bu dəfə isə problemlər haqqında danışmaq istərdik..
 
Problem olmayan sahəmiz yoxdur. Heç bir şeyimiz mükəmməl deyil. Ən böyük problemimiz hal hazırda – futbolçuların təhsil problemidir. Çempionat oyunlarının həftə içi keçirilməsi, milli komandaların tez-tez toplanışları, beynəlxalq turnirlər...
 
Ən müxtəlif səbəblərdən uşaqlar dərs buraxmalı olurlar, bu da təhsilə mənfi təhsir göstərir. Bu bizim əlimizdə olan bir məsələ deyil. Belə problemlər ən yüksək instansiyalarda həll olunmalıdır. Biz buna öz yanaşmamızla müdaxilə edirik, həll etməyə çalışırıq. İtiriləni uşaqlara qazandırmaq üçün nə mümkündürsə, edirik.
 
Xüsusi ilə də yeni binaya köçdükdən sonra prosedur tamami ilə dəyişdiriləcək. Məqsədimiz təhsilnən futbolu eyniləşdirmək, bərabərləşdirməkdir. Yəni birini digərinə qurban verməmək.
 
Təbii ki biz burdan alimlər və ya xarici universitetlərdə oxumaq üçün yüksək bal toplayacaq şagirdlər çıxarda bilmərik. Amma ən az uşaqların orta səviyyədə dünya görünüşü olması üçün, çox geniş bir tədbir həyata keçirdəcəyik.

O ki qaldı cəmiyyətimizin bu günkü xarakterik problemləri ilə məşğul olmağa, bunun üçün çox vaxt itiririk ki, hansı ki bu vaxtımızı daha faydalı və səmərəli işlərə sərf edə bilərik.
 
Sadə bir nümunə verim: Poçtdan gələn xəttin qırılması nəticəsində əlaqə kəsilib və bunun həll olunması üçün xeyli vaxt itirə bilərik. Və ya işıqlar sönə bilər, ona vaxt itirə bilərik. Akademiyadakı məktəbdə təhsil alan, yataqxanada yaşayan uşaqlarla, yerli uşaqlar arasında hər hansı bir çaxnaşma düşə bilər və bunu qaydasına qoymaq üçün vaxt itirə bilərik.
 
-        Valideyinlərlə əlaqələriniz necə qurulub? Onlarla daim təmasda ola bilirsinizmi?
 
Valideyinlərlə işin aparılması
 
Mövsümdə iki dəfə valideyin iclaslarımız olur. Valideyinləri Akademiyamıza dəvət edirik. Həmçinin də mövsümdə üç dəfə bütün ünvanlara poçt vasitəsi ilə məktublar göndərilir. O məktublarda futbolçuların hazırki intizam, idman və orta məktəb təhsilləri ilə əlaqədar qiymətləndirilməsi aparılır, futbolçunun gələcək potensialı, hazırki problemləri haqqında, məşqçilər, tərbiyəçi müəllimlər, məktəb koordinatorları tərəfindən, həmçinin akademiyamızın baş məşqçisi Halim Fıçıcının xüsusi qeydləri olarsa, o qeydlər aparılır və mövsüm ərzində üç dəfə məktublar ailələrə göndərilir və valideyinlərə çatdırılır. Bütün uşaqlara istisnasız.
 
Məlumatlandırıcı seminarların keçirilməsi
 
Bundan başqa tez tez müxtəlif mövzularda seminarlar keçiririk. Məsələn bu yaxınlarda yerli uşaqların valideyinlərini dəvət elədik. Bizim tibbi personal onlara futbolçunun gündəlik rejimi, futbolçunun gündəlik qidalanması, zədələrdən necə qorunmalı olduğu haqqında, uşaqlara daha çox nə yedizdirmək lazımdır ki, fiziki cəhətdən güclü olsunlar, dözümlü olsunlar, hansı vitaminlər daha faydalıdır, hansı qidada nə vitamini var – mövzusunda böyük bir seminar keçirdik. 
 
Yəni valideyinlərlə ən müxtəlif formada kontakt qurmağa çalışırıq.
 
Futbolçuların əksəriyyəti az təminatlı ailələrdən çıxır. Bəzən elə olur ki, valideyinlər ümumiyyətlə Qəbələyə gələ bilmirlər. Elə futbolçular olur ki, biz uzun illər onun valideyinlərini görmürük. Müqaviləsini belə evlərinə göndəririk, evdə imzalanıb gəlir. Bəzi uşaqların valideyinlərindən biri, bəzilərinin ikisi də dünyadan köçmüş olur və yaxud ayrılmış olurlar. Yəni problemli valideyinlərimizin, ailələrin uşaqların yaşam tərzinə, psixologiyasına təsiri həmişə var, mövcuddur.
 
Bəzi ailələr dediyim ki, az təminatlıdır. Uşaqlarına heç bir kömək edə bilmirlər. Bəzi ailələrin isə, nə qədər kobud səslənsə də, deməliyəm ki, dünya görüşü, intellekti o qədər aşağı olur ki, uşaqlarına kömək etmək əvəzinə, mane olurlar. Hətta onlar kənarda dursalar, daha yaxşı olar.
 
Bəzi ailələr isə çox diqqət göstərməklə mane olurlar uşaqlarına. Bəziləri balanslı olur. Əgər ölkənin ən müxtəlif yerlərindən, bütün zonalarından, bütün yaşlarda bura insanlar yığılırsa, demək ki, yanaşma da burda hər kəsin özünə görə, yəni fərdi şəkildə aparılmalıdır.
 
        Yəgin ki iradları olan valideyinlər də olur. Əsas iradlar nədən ibarətdir?
 
Valideyinlərin əsas iradları
 
İradları olan valideyinlər də təbii ki olur. Elə valideyinlər olur ki, iclaslardan əlavə də müraciət edib, - "mənim uşağım niyə oynamadı və s. bu kimi” suallar verirlər bizə. Belə hal üçüncü dəfə də təkrarlandığında, artıq o valideyin və uşaq burda olmurlar, Akademiyadan kənarlaşdırılar.
 
Və bəzən də iş prosesində baş vermiş, məsələn hansısa valideyin həkimin futbolçuya yanaşmasını bəyənməyə bilər, irad bildirə bilər ki, sizin həkiminiz mənim uşağıma yaxşı baxmadı. Yəni hər cür hallar və hər cür insan olur.
 
Və yaxudda bizə deyə bilərlər ki, sizin bu gün günorta bişirdiyiniz yemək nəyə görə yaxşı deyildi? Yəni hər cür iradlarla qarşılaşa bilərik. Bunlardan məntiqli iradlarla maraqlanıb, həqiqətən də yoluna qoymağa çalışırıq və demək olar ki, yoluna qoyuruq.
 
-        Klubunuz bütün yaş qrupları üzrə ölkə çempionatlarında iştirak edən nadir klublardandır. Çmepionatın keçirilmə sistemi ilə əlaqədar hər hansı bir iradınız varmı?
 
AZƏRBAYCAN ÇEMPİONATLARININ KEÇİRİLMƏ SİSTEMİ İLƏ ƏLAQƏDAR İRADLAR
 
Müxtəlif yaş qrupları üzrə ölkə çempionatlarının keçirilmə sistemi ilə əlaqədar iradlarımızı biz rəsmi və şifahi olaraq, üz-üzə gəldiyimizdə bildirdiyimizə görə, mətbuatda da deyə bilirik. Yəni bir növ, federasiyadakı çox istədiyimiz həmkarlarımızın arxasınca danışmış olmuruq.
 
Oyunçu limitləri
 
Məsələn, Gənclər Liqasının formatı bizi qane etmir. Bu liqada limit tətbiq olunur – 5 nəfər 1999, 6 nəfər 2000-ci il təvəllüdlü futbolçular oynamalıdır. Biz klub olaraq onsuz da futboldakı bütün limitlərə qarşıyıq. Yəni Premyer Liqadakı yerli futbolçu limiti, U-21 limiti, U-19 Liqasındakı limit... Yəni limitlərin heç biri bizi qane etmir.  Limitlərin heç birindən razı deyilik. Biz təbii, futbolun öz axarı ilə inkişaf etməyinə inanırıq. Hansısa yad təsirin nəticəsi mənfi olur. Biz belə fikirləşirik.
Çempionatın 3 dövrədə keçirilməsi
 
Həmçinin U-19 Liqası 3 dövrədə keçirilir. Bu liqanın qalibi Gənclər Liqasına vəsiqə qazanır. Üç dövrədə keçirildiyinə görə isə, hardasa artıq ədalət, qalibin müəyyən edilməsində pozula bilər. Keçən mövsüm də eyni sistemlə keçirilirdi. "Qarabağ” böyük fərqlə çempion oldu deyə, o qələbədə hər hansı bir ədalətsizlikdən söhbət gedə bilməz.
 
Həftə içi oyunların keçirilməsi
 
Daha sonra, U-16 və U-17 liqaları həftə içi keçirilir. Bu da bəyaq da qeyd etdiyim kimi, uşaqların təhsilinə mənfi təsir göstərir. Federasiya bu çatışmazlığı aradan qaldırmağa çalışır, amma klubların vəziyyəti buna imkan vermir. Hamının kifayət qədər meydançası, avtobusu, personalı yoxdur ki, bütün oyunlar həftə sonu keçirilsin.
 
Və ya Federasiya kifayət qədər hakim çatdıra bilmir ki, bütün Liqalar həftə sonu keçirilsin. Yəni bu iradın səbəbi var. Fedrasiya da bizimlə həmfikirdir, amma hal-hazırda mövcud şərtlər imkan vermir ki, bu məsələ həll edilsin.
 
EPİLOQ
 
Digər xırda məqamlar da olur həmişə və olacaq. Amma əsas odur ki, biz 9 il əvvəl burda işə başlayanda, Akademiya yarananda, cəmi 2 liqa var idi – U-15 və U-17. İki liqada ümumilikdə 15-20 komanda var idi və onlar mövsümdə çox keyfiyyətsiz və çox yarasız oyunlar keçirirdilər. Amma indi isə U-10 liqasından U-19 liqasına qədər Federasiya qurub, çempionatlar təşkil edib, bu da təbii ki müsbət haldır. İş olan yerdə, problemlər də olar...
 
p.s. Yazıdakı mütəxəssis fikirləri sayt redaksiyasınınn bu mövzü ilə əlaqədar olan fikirləri ilə üst-üstə düşməyə bilər.
Rauf İskəndərov / Premyer.az

 
Fotolar: Qəbələ Futbol Akademiyasının Facebook səhifəsi
Nail Kərimovun fotosu: Rauf İskəndərov

 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.
 

 





Geri