Premyer.Az > Futbol / Futbol / Layihələr / Futbol / Manşet > "Böyük Gəncənin kiçik futbolu" - LAYİHƏ (FOTOLAR)

"Böyük Gəncənin kiçik futbolu" - LAYİHƏ (FOTOLAR)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytının "Uşaq futbolu”  layihəsi çərçivəsində növbəti yazısını təqdim edirik.
 
Yazı - bölgələrdə uşaq futbolunun acınacaqlı durumunun araşdırılması və çıxış yollarının göstərilməsi haqqındadır. Daha dəqiq desək – bu yazıda Gəncədə uşaq futbolunun mövcud vəziyyətini araşdırmağa çalışacağıq.
 
GİRİŞ
 
Qədim futbol ənənələrinə və tarixinə malik olan Gəncənin uşaq futbolu haqqında danışmadan öncə, ümumiyyətlə Nizami yurdunda futbolun hal-hazırki vəziyyətindən bir neçə kəlmə danışmaq istərdik.
 
Gəncə futbolunun tarixindən
 
Danılmaz faktdır ki, son illər Gəncə futbolu özünün heç də şanlı dönəmini yaşamır.
 
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni elitada təmsil edən "Kəpəz” komandasının Premyer Liqanın turnir cədvəlində qərarlaşdığı sonuncu pillə, Gəncə kimi bir şəhərin mərkəzi stadionunun (ot örtüyünün AFFA tərəfindən dəyişdirilməsinə baxmayaraq) çox acınacaqlı vəziyyətdə olması və bu səbəbdən də ilk dövrənin böyük bir hissəsinin komanda tərəfindən Gəncədən kənarda keçirilməsi,  "Kəpəz” komandasında yerli futbolçuların barmaqla sayılacaq qədər az olması, futbolçuların məşq edə biləcəyi yardımçı meydançaların bərbad vəziyyətdə olması (Red. Fotolara bax), Gəncə idman (futbol) məktəblərinin əvvəlki illərlə müqayisədə kəskin şəkildə azalması və bir çox digər faktlar – Gəncə futbolunun inkişafı yox, tam əksinə olaraq, sükuta doğru irəlilədiyini sübüt edir.
 
Maşallah Əhmdov, Vəli Qasımov, Vidadi Rzayev, Yunis Hüseynov, Mahmud Qurbanov, Mehman Allahverdiyev, Sergey Kramarenko, Novruz Əzimov, Müzəffər Qasımov, Xaliq Mərdanov, Faiq Cabbarov və adını çəkməyi unutduğumuz onlarla digər gəncəli məhşur futbolçular adlarını Azərbaycan futbolunun tarixinə yazdırmış simalardır.
 
Gəncə uşaq futbolunun tarixi
 
Gəncədə uşaq futbolunun tarixindən danışdığımızda ağıla ilk gələn isim - Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi, əfsanəvi Konstantin Abramenko olur. "Ded Kostya” və ya "Kostya dayı” kimi tanıdığımız bu şəxs, SSRİ dövründə Gəncədə "Lokomotiv” uşaq futbol məktəbinin məşqçisi olmaqla, isimlərini yuxarıda sadaladığımız bir çox futbolçunu yetişdirmişdir. Ümumiyyətlə "Lokomotiv” uşaq futbol məktəbi Gəncə futbolunu gənc istedadlarla daima təmin etmiş və "Kəpəz” klubunun uşaq futbol məktəbi də sayıla bilər.
 
Konstantin Abramenkonun vəfatından sonra Gəncədə uzun illər onun xatirəsinə həsr edilmiş uşaq futbol turniri keçirilib. Bir ara unudulan bu turnir, 2015-ci ildən «Xəmsə» fanklubunun təşəbbüsü ilə yenidən bərpa olunub.
 
Hal-hazırda vəziyyət nə yerdədir?
 
Gəncədə uşaq futbolunun hazırki durumunu öyrənmək üçün, "Kəpəz” komandasının əvəzedicilərinin və bütün yaş qrupları üzrə uşaq futbol komandalarının baş məşqçisi Azər Məmmədovla Gəncə şəhər mərkəzi stadionunda görüşüb söhbətləşdik (Red: müsahibə 21.10.2017-ci il tarixində alınıb).
 
Gəncədə uşaq futbolu iki il bundan öncə yenidən qurulmağa başlayıb və bu iki il ərzində də gözə çarpacaq qədər irəliləyiş var. Hal-hazırki nəticələri iki il öncəki nəticələrlə müqayisə etsək, görərik ki Gəncədə uşaq futbolu inkişafdadır.
 
Müxtəlif yaş qrupları üzrə ölkə birinciliklərinə ay yarımdır ki start verilib və nəticələr artıq göz qabağındadır. Gəncə futbolçuları 9 yaş qrupu üzrə birincilikdə iştirak edir – U-10, 11, 12, 13, 14, 15, 16, 17 və U-19. Bunlardan 4 komanda (15, 16, 17 və 19 yaşlılar) iki dövrədən ibarət çempionatda iştirak edir və həm səfər, həm də ev oyunları oynayır, qalanları isə (10 yaşından 14 yaşa qədər) Regional Zonada mübarizə aparırlar.
 
Bir sözlə desək, irəliləyiş var, amma......
 
MÖVCUD PROBLEMLƏR..
 
Gəncənin uşaq futbolunda iki il öncə başlayan islahatlar daha da səmərəli ola bilərdi, bəzi problemlər olmasaydı. Məsələn infrastruktur problemi. Əsas problem - keyfiyyətli məşq meydançaların olmamasıdır.
 
Digər bölgələrlə rəqabət
 
Açıq qeyd edək ki, Gəncəyə yaxın olan Qəbələdə futbol infrastrukturu çox gözəl vəziyyətdədir. Və bunun nəticəsidir ki, Gəncədə yaşayan ailələrin əksəriyyəti övladlarını bura yox, Qəbələ futbol məktəbinə verir. Əlverişli infrastruktur və uşaqlar üçün yaradılmış gözəl şərait onlara bu addımı atmağa məcbur edir. 
Elə valideyinlər də var ki, uzaq məsafəyə baxmayaraq, uşaqlarını paytaxt Bakıya göndərirlər. Orada seçim də çoxur. "Neftçi”, "Qarabağ” və digər klubların uşaq futbol məktəblərindəki şərait, Gəncəyə görə çox-çox daha yüksəkdir.
 
Hal-hazırda hətta 2003-cü il təvəllüdlü 5 uşaq Tovuzda futbol təhsili alır. Bunun da əsas səbəbi – Tovuzdakı futbol meydançasının daha yaxşı vəziyyətdə olmasıdır.
 
Bütün bu problemlərə baxmayaraq, Azərbaycan çempionatlarında gənc futbolçular Gəncə futbolunun adına layiq çıxış eetməyə, Gəncə uşaq futbolunu yaxşı mənada inkişaf etdirməyə çalışırlar.
 
Bir məqamı da qeyd edək ki, Gəncədən digər şəhərlərin klublarına gedən gənc futbolçular, Gəncənin ən yaxşı və ən perspektivli futbolçularıdır.
 
Gəncə daxilində rəqabət və problemlər
 
"Kəpəz” futbol klubu nəin ki digər bölgələrimizin komandaları ilə, hətta Gəncədə fəaliyyət göstərən "Təhsil” idman mərkəzinin məktəbləri və UGİM-lərlə rəqabət aparırıq. Bu məktəblərdə də yaxşı futbol məşqçiləri və mütəxəssisləri var və onlar da, təbii ki, bizim uşaqları öz klublarına cəlb etməyə çalışırlar.  Yerli məşqçilər də, öz növbəmizdə, bu məktəblərdə təhsil alan perspektivli gənc futbolçuları "Kəpəz” komandasına cəlb etməyə çalışır.
 
Amma təəssüflər olsun ki, Gəncədə fəaliyyət göstərən uşaq futbol məktəblərinin (UGİM-lərin) bəzi müəllimləri və məşqçiləri, onlara gələn maddi təkliflərin müqabilində istedadlı futbolçuları Qəbələ və digər bölgələrin (əsasən Bakı şəhərinin) komandalarına verirlər.
 
Ona görə də "Kəpəz” komandası bu rəqabətdə hələ ki bir az uduzur. Bunun da əsas səbəbi zəyif infranstrukturdur. Ən azı bir dənə süni örtüklü, standartlara uyğun meydança olsa, valideyinlər uşaqlarını "Kəpəz” klubuna gətirərlər.
 
Digər idman ləvazimatlarına gəlincə - top, fişka, forma, jilet və s. – "Kəpəz”də bu barədə problem yoxdur. Klub rəhbərliyi komandanı bu ləvazimatlarla təmin edir. Ən böyük problem – futbol məşqləri üçün meydançanın olmamasıdır. Daha dəqiq desək, meydançalar var, amma bərbad vəziyyətdədir. (Red. Fotolara bax)
 
Çıxış yolları
 
Hal-hazırda "Dalğa Arena”nın süni örtüyü Gəncə şəhərinə gətirilib. Şəhər rəhbərliyi tərəfindən kluba söz verilib ki, ən yaxın zamanda süni örtüklü meydança salınacaq və klubun istifadəsinə təmənnasız olaraq veriləcək. Əgər bu məsələ həll edilsə, uşaq futbolundakı inkişaf ən azı iki dəfə sürətlənəcək.
 
Ümumiyyətlə futbolun inkişafı, uşaq futbolunun inkişafından asılıdır. Elə "Kəpəz”in özünü götürsək, komandanın əsas heyətində demək olar ki yerli futbolçular yox (minimum) səviyyədədir. Bu isə, Gəncə kimi böyük futbol ənənələri olan bir bölgə üçün çox mənfi bir haldır.
 
Əgər yaxın zamanlarda yuxarıda sadalanan infrastruktur (meydança) problemi həll olunsa, o zaman yaxın gələcəkdə "Kəpəz” komandasında yerli futbolçular üstünlük təşkil edəcək.
 
Seçim zamanı yaş həddi
 
Respublika çempionatındakı minim yaş qrupu – 10 yaş olmasına baxmayaraq, "Kəpəz” komandası aşağı yaş qruppalarında 2010-2011-2012-ci il təvəllüdlü uşaqları müsabiqədən kənar kluba dəvət edir. Bu uşaqlara xüsusi proqramlar üzrə dərslər (məşqlər) keçirilir ki, gələcəkdə onlar 10 yaş qrupunda çıxış etməyə hazır olsunlar. Hazırlıq mərhələsini artıq keçdikləri üçün, bu uşaqlar özlərini daha tez doğrulda bilir.
 
Onu da qeyd edək ki, "Kəpəz” futbol məktəblərində təhsil pulsuzdur və bura cəlb edilən uşaqlar bütün idman ləvazimatı ilə (o cümlədən forma ilə) tam təmin olunur.
 
EPİLOQ
 
Yazıdan da göründüyü kimi, Gəncədə uşaq futbolunun ən böyük problemi – məşq üçün müvafiq meydançaların olmamasıdır. Mövcud stadionların isə bərbad halda olması, bu stadionlarda normal şəkildə məşqlərin keçirilməsinə mane olmaqla yanaşı, məşq zamanı gənc futbolçuların müxtəlif zədərələrin almasını səbəb olur.
 
Odur ki, Premyer.az saytı olaraq burdan üzümüzü müvafiq futbol və uşaq-gənclər qurumlarına tuturuq - əgər Gəncə kimi qədim futbol ənənələri olan bir bölgədə futbolun inkişafını istəyirsinizsə, o zaman Gəncə şəhər mərkəzi stadionunun ətrafında yerləşən iki məşq meydançasının (Red: fotolara bax) standartlara cavab verəcək bir şəkildə təmir olunmasında köməklik göstərərək, Gəncədə uşaq futboluna heni həyat vermək üçün öz köməyinizi əsirgəməyin.
 
 
p.s. Yazıdakı mütəxəssis fikirləri sayt redaksiyasınınn bu mövzü ilə əlaqədar olan fikirləri ilə üst-üstə düşməyə bilər.
Yazı və Fotolar: Rauf İskəndərov / Premyer.az / Gəncə
 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

"Böyük Gəncənin kiçik futbolu" - LAYİHƏ (FOTOLAR)

 

 




Geri