Premyer.Az > Futbol / Futbol / Layihələr / Futbol / Manşet > ”FUTBOLDA UŞAQLARIN İNKİŞAF MƏRHƏLƏLƏRİ” (LAYİHƏ)

”FUTBOLDA UŞAQLARIN İNKİŞAF MƏRHƏLƏLƏRİ” (LAYİHƏ)

”FUTBOLDA UŞAQLARIN İNKİŞAF MƏRHƏLƏLƏRİ”  (LAYİHƏ)AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytının "Uşaq futbolu”  layihəsi çərçivəsində ilk yazısını təqdim edirik.
 
İlk yazımız - uşaq futbolunda rast gəlinən problemlər və onların həlli yolları ilə bağlıdır. Daha dəqiq desək – bu yazıda futbolda uşaqların inkişaf mərhələlərini araşdırmağa çalışacağıq.
 
GİRİŞ
 
Uşaqların həyatında futbol – ilk öncə məhəllədə arxasınca qaçdıqları top, daha sonra bacarığın nümayişi və nəhayət sonda – həyat tərzinin formalaşması deməkdir. Böyüdükcə, uşaqların bacarıqları da artmaqdadır.
 
Təbii ki, uşaq futbolunun, böyük futbolda olduğu kimi, problemləri də çoxdur. Ancaq ən böyük problem – uşaqlardan onların bacardıqlarından da çox vəzifələrin tələb edilməsi və bu səbəbdən də futbol həyatında ilk addımlarını atan uşaqların bu sahədə irəliləyə bilməməsidir. Beləliklə də, uşağın inkişafı üçün atdığımız addımlar, ona kömək etmək əvəzinə, bumeranq rolu oynayaraq, onu futboldan uzaqlaşmasına səbər ola bilər. Ən pis halda isə, uşağınızda futbola olan həvəsin tamami ilə ölməsinə gətirib çıxara bilər.
 
Odur ki, əgər bir valideyin olaraq, övladınızda erkən yaşlardan futbola maraq oyatmaq və onun bir futbolçu kimi düzgün yetişməsini istəyirsinizsə, bu sahədə araşdırmalar aparan mütəxəssislərin fikirlərinə diqqət yetirməlisiniz. İstənilən halda belə bir təcrübə sizə nəyin ki futbol sahəsində, digər sahələrdə də övladınıza tərbiyə verməkdə yardımcı olacaq.
 
Türkiyə təcrübəsi və çözüm yolları
 
Çözüm yolu (yolları) nədədir? Bu sualın cavabını tapmaq üçün Türkiyə mütəxəssislərinin təcrübəsindən faydalanmağa çalışdıq. Böyük futbol ənənələri və təcrübəsi olan qardaş Türkiyədə, futbol kütləvi xarakter daşıdığından, bu sahədə çalışan və elmi-texniki və praktiki araşdırmalar aparan mütəxəssislərin də sayı yetərincədir. Bunlardan biri də Türkiyənin Mərmərə Universitetinin "Marmara Üniversitesi Spor” qızlardan ibarət futbol komandasının baş məşqçisi - xanım doktor Nurper Özbardır.
 
Uşaqların fərqli sürətlə inkişaf edəcəklərini nəzərə alaraq, doktor Nurper Özbar tərəfindən Türkiyə Futbol Federasiyası üçün hazırlanan "Uşağınız üçün Futbol" kitabındakı  təxmini inkişaf mərhələlərinə nəzər salaq.
 
1-ci Mərhələ (0-2 yaş arası)
Hazırlıq prosesi

 
Bu yaşlarda uşağınızın futbola olan marağını oyandıraraq və özünə etibarını artıraraq işə başlayın. Etdiyi hərəkətləri tərifləyib, onu cəsarətləndirin. Ətrafındakılarla münasibət qura biləcəyi bir mühitə yerləşdirin, arada televiziya vasitəsi ilə futbol oyunlarına övladınızla birlikdə baxın. Bir sözlə - uşağınızda futbola maraq oyadın və bu oyuna baxmağı alışdırın.
 
2-ci Mərhələ (2-5 yaş arası)
Futbol dünyasına giriş

 
Uşağınızın iki yaşına çatandan sonra daha hərəkətli olması və qaçmağa başlaması, onun futbolun möcüzə dünyasını tanımağa artıq hazır olması deməkdir. Futbolun sirrlərini və əsas qaydalarını uşaq yaşlarından öyrənmək - gələcəkdə əldə ediləcək müvəffəqiyyətin açarını əldə etmək deməkdir. Bu qayda eyni ilə digər idman növlərində də keçərlidir.
 
Topu atmaq, topa düzgün zərbə vurmaq və ötürmə etmək - öyrənilən ilk qaydalar arasında yer alır.
 
Uşaqların sərhədsiz enerjisi və öyrənmə istəyi onları çox gözəl şagird edir. Başqalarında olmayan həvəsin uşaqlarda mövcud olması, onların futbolun bütün qaydalarını və sirrlərini, məşqçilərin verdiyi tapşırıqları daha tez qavramalarını təmin edir.
 
Valideyinlər və məşqçilər bunu anlamalı və bundan ən səmərəli şəkildə (uşağın sağlamlığına və psixologiyasına ziyan vurmamaq şərti ilə) istifadə etməlidirlər.
 
Uşağınıza, onun səviyyəsinə uyğun olan tapşırıqları seçin və onunla oyun oynayın. Top atma, topa zərbə endirmə və sairə bu kimi sadə qaydalardan başlayın. Unutmayın ki, uşağınız məşqlərdən zövq almalı və güvən qazanmalıdır.
 
Bununla yanaşı, uşağınız verilən tapşırıqlara riayət etməli, oyunun təməl qaydalarını anlaya bilməli və digər uşaqlarla şüurlu bir şəkildə oynaya bilməlidir. Bunun üçün valideyin nəzarəti və diqqəti çox önəmlidir. Nəzarət olmadığı halda, inkişaf prosesi ləngiyə, yalnış istiqamətdə gedə bilər.
 
3-cü Mərhələ (5-8 yaş arası)
Futbolu dərk etmə zamanı

 
5-8 yaşlarındakı uşaqlar futbol oynadıqlarını artıq dərk etməyə başlayırlar. Onlar üçün qalib gəlmək o qədər də önəmli deyil. Onlar üçün ən əhəmiyyətli olanı - futbol oynamaqdır.
 
Bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlar sizi məmnun etməyi və oyundan zövq almağı çalışırlar.
 
Bu yaşda uşaqlar artıq özlərinə futbol sahəsində də dost tapır və bacarıqlarını inkişaf etdirmək üçün onlarla bir növ yarışmaya çıxırlar. Beləliklə də onlar öz enerjilərini müsbət istiqamətdə xərcləmiş olurlar.
 
Sizə düşən iş isə, uşağınızın daha fəal olması üçün, onun yaş qrupuna uyğun olaraq, futbol turnirlərində və tədbirlərdə iştirak etməyini təşkil etməkdir.
 
4-cü Mərhələ (8-10 yaş arası)
Bir komandada oynama zamanı

 
8-10 yaşındakı bir uşaq komanda idman növü oynamağa artıq hazırdır. Bu dövrdə uşaqda mübarizə ruhu inkişaf edir. Yetərincə təcrübə qazanmaqla yanaşı, uşaqlar bu bacarıqlarını inkişaf etdirməyə də başlayırlar. Bu yaşda gənc futbolçular artıq qaydalara görə oynamağı öyrənir, komandanın bir üzvü olduqlarını dərk edirlər.
 
Bu mərhələdə sizin (valideyinlərin) əsas rolunuz - uşağınızı yoldaşlarıyla birlikdə futbol oynamağa təşviq etməkdən ibarət olmalıdır. Övladınıza futbolun bir komanda oyunu olduğunu anlatmağa və onda komanda ruhunun formalaşmasına çalışın.
 
5-ci Mərhələ (10-14 yaş)
Yetkinlik dövrünün problemləri və nəzarət

 
Yetkinlik yaşı - bir çox ailə üçün problemli bir dövrdür. Bu elə bir dövrdür ki, bunu istər-istəməz bütün gənclər keçir. Bu dövrdə uşağınızla elə bil ünsiyyət qurmalısınız ki, onu başa düşəsiz və o da sizi başa düşsün. Qarşılıqlı anlayış olmasa, nəticə də olmayacaq.
Əgər övladınızın futboldakı yetkinlik dövrünü ciddi olaraq nəzarət altına almağı bacarsanız, o zaman müvəffəqiyyət, uğur və qələbələr özünü gözlətməyəcək. Yalnız elə məqamlar var ki, onlara diqqət etməlisiniz. Xüsusi ilə bu dövrdə uşaqlar çox həssas olduqları üçün, onlara müxtəlif maneələr törətməyə çalışmayın. Belə tərbiyə əks nəticə verə belər.
 
Amma bu o demək deyil ki, övladınızı tam sərbərst buraxıb, onu kənardan müşaiyət etməklə kifayətlənməlisiniz. Xeyir. Nəzarətinizi də, müdaxilələrinizi də edin, amma bunu elə edin ki, övladınızda sizə qarşı antipatiya, aqressiya və ya soyuqluq yaranmasın. Öz yetkinlik dövrünüzü xatırlayın, özünüzü övladınızın yerinə qoyun, müqayisə edin, onu anlamağa çalışın, onunla mülayim davranın. Belə olan halda, ikiniz arasında qarşılıqlı anlayışlı münasibətlər formalaşacaq və övladınız futboldakı yetkinlik dövrünü sizin istədiyiniz şəkildə keçəcək.
 
Uşaqlar yetkinlik dövrünə 10-14 yaşlarında qədəm qoyur. Bu dövr adətən 16 yaşında sona çatır, yalnız bəzi hallarda 18 yaşına qədər də davam edə bilər. Uşağınızın bu dövrdə futbol oynaması və bir komandanın üzvü olması, onu pis vərdişlərdən kənar tutacaq və pis mühitə düşməkdən qoruyacaq.
 
Yetkinlik dönəmində uşaqlar arasında fərqliliklər də ortaya çıxmağa başlayır. Övladınızın doğru istiqamətdə inkişaf etməsi tamamı ilə sizin əlinizdədir. Uşağınıza doğru istiqamət verməklə, onu doğru yönləndirməklə, siz onun bir təcrübəli futbolçu kimi inkişaf etməsinə təkan vermiş olursunuz və bu prosesi (inkişaf prosesi) daha da tezləşdirirsiniz.
 
EPİLOQ
 
Doktor Özbarın mərhələ bölgüsündən görüldüyü kimi, uşağınız uzun bir futbol səfərində fərqli dövrlərdən keçəcək. Ancaq hansı mərhələdə olursa olsun, etməniz gərəkən ən əhəmiyyətli şey, uşağınıza futbolun bir komanda idman növü olmasını dərk etdirməkdir;
 
Əgər bunu bacarmasaz, bilin ki gələcəkdə - "övladım çox bacarıqlı idi, amma....”, "nəyə görə mənim uşağım professional futbolçu ola bilmədi?”, "mən nəyi səhv etdim ki, övladım futbolçu ola bilmədi?” – bu və buna bənzər suallara cavab axtaracaqsınız.
 
Odur ki, övladınızın futbol sahəsində müvəffəqiyyət əldə etməsini istəyirsinizsə, o zaman yuxarıda bəhs edilən bütün dövrlər zamanı uşağınızı daima nəzarət altında saxlayın, onu düzgün yönləndirin, ona hər zaman öz dəstəyinizi nümayiş etdirin.
 
Belə olan halda, uşağınız özünü yalnız hiss etməyəcək, problemləri daha asan həll etməyi bacaracaq, bir futbolçu kimi daha tez formalaşacaq, özünə inam və güvənlilik kimi keyfiyyətləri daha tez inkişaf etdirmiş olacaq. 
 
p.s. Yazıdakı mütəxəssis fikirləri sayt redaksiyasınınn bu mövzü ilə əlaqədar olan fikirləri ilə üst-üstə düşməyə bilər.
 
 
Rauf İskəndərov / Premyer.az
Fotolar: soccerdays.co.uk
 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

”FUTBOLDA UŞAQLARIN İNKİŞAF MƏRHƏLƏLƏRİ”  (LAYİHƏ)

 

 



Geri