Premyer.Az > Futbol / Futbol / Manşet > EKSKLÜZİV! Koronavirusun dünya futboluna vurduğu zərbə - ekspertin gözü ilə!

EKSKLÜZİV! Koronavirusun dünya futboluna vurduğu zərbə - ekspertin gözü ilə!

EKSKLÜZİV! Koronavirusun dünya futboluna vurduğu zərbə - ekspertin gözü ilə!Artıq 5 aydır ki, ölkəmizi və dünyanı öz cənginə alan və bütün sahələrə öz təsirini göstərən COVİD-19 koronavirusu, təbii ki, futboldan da yan keçməyib.
Pandemiyanın dünya futboluna vurduğu zərbəni araşdırmaq üçün, ekspertə - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərliyə müraciət etdik. Uşaq yaşlarında "Neftçi” komandasının aşağı yaş qrupunda çıxış etmiş və flaqmanın ən çılğın və sadiq azarkeşlərindən olan Ramil İskəndərlinin mövzu ilə əlaqədar bölüşdüyü fikirləri, oxucularımızın diqqətinə çatdırırıq:
"Böyük idman və onunla bağlı olan hər bir şey – kütləvi tədbirlər, oyunlar, televiziya yayımları, məcrlər, klubların büdcələri – korovirusun ən çox təsir etdiyi sahələrdir. Təbii ən böyük qurbanlar isə azarkeşlərdir. Artıq bir neçə aydır ki, canlı futbola həsrət qalan azarkeşlər. Hələlik isə azarkeşlər Matç TV kanalı ilə oyunların təkrarlarına və Belarus çempionatının oyunlarına baxa bilirlər.
Koronavirus idmanla bağlı telekanalların reytinqinə də mənfi təsir göstərmişdir. Misal üçün, İspaniya çempionatının "Eybar” və "Qranada” arasında oyununun təkrarına baxmaq inanmıram ki, kiməsə maraqlı gəlsin. Ümumiyyətlə digər təkrar oyunlara da baxmaq çox da maraq kəsb etmir.

TV-lərdə bəzi reklam qiymətləri də məcburən koronavirusa görə aşağı düşmüşdür. Reklamların keyfiyyəti də əvvəlki kimi deyil. Məhşurların çəkildiyi reklamlar isə adətən evdən çəkilir və çəkiliş adi telefonla aparılır.
Koronavirusdan ən çox ziyan çəkənlər bukmeker kontorlarıdır. Belə ki, Avropada əksər futbol çempionatlarının dayandırılması, canlı oyunların keçirilməməsi, mərc şirkətlərinə ağır zərbə vurmuşdur.
Futbolçuların sağlamlıqları da təhlükə altında olmuşdur. "Valensiya”nın 10, "Sampdoriya”nın 6, "Yuventus”un isə 6 futbolçusu kononavirus xəstəliyinə tutulmuşdur.

Koronavirus klubların büdcələrinə də ağır zərbə vurub. Belə ki Böyük Beşlık ölkələrinin milli çempionatlarında (İspaniya, İtaliya, Almaniya, Fransa, İngiltərə) çıxış edən klubların büdcələrinə ümumilikdə karantin dövrü ərzində 4 milyard avroya yaxın ziyan dəyib.
Azərbaycan klublarının büdcəsinə gəldikdə isə, bu sahədə şəffaflıq və hesabatlılıq arzuolunan səviyyədə olmadığına görə, təəssüf ki, hətta təxmini rəqəm belə deyə bilmərik.

Son olaraq onu qeyd etmək lazımdır ki, idmandan danışarkən, koronavirus ən çox uşaqlara təsir etmişdir. Uşaqlar məsafə aralığının saxlanması qaydasının tətbiqinə görə, nəinki uşaq idman məktəblərində, həmçinin adi məhəllə həyətlərində belə futbol və digər oyunlar oynamaqdan məhrumdurlar. Umid edək ki, bu hal tezliklə başa çatacaq və uşaqlar topa qovuşacaqlar.
Hələliksə hamımızın evdə qalması daha məqsədəuyğundur…”
Ramil İskəndərli
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri
Hazırladı: Rauf İskəndərov / Premyer.az




Geri