» » » Nizami yurdundan Təəssüratlarımız - YAZI

Nizami yurdundan Təəssüratlarımız - YAZI

Nizami yurdundan Təəssüratlarımız - YAZIPFL öz ənənəsinə sadiq qalaraq, qısa aradan sonra yenidən KİV nümayəndələrinin bölgələrə səfərlərini bərpa etdi. Bu dəfə səfərimiz Nizami yurduna idi.  "Kəpəz”lə "Qarabağ”ın oyununu işıqlandırmaq məqsədilə, təxminən 20-yə yaxın KİV nümayəndəsi, PFL-nin təşkil etdiyi nəqliyyat vasitəsi ilə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə yola düşdü.
 
Gözəl Gəncə
Bakının küləkli, yağmurlu və soyuq havasından sonra Gəncə bizi günəşli və gözəl havası ilə qarşıladı. 5 saatlıq yolculuqdan sonra təravətli yaz havası tam yerinə düşdü.
 
Gəncə azarkeşləri
Əlverişli hava şəraiti və Gəncəyə çempionatın liderinin və "Xalq komandası”nın təşrif buyurması, növbəti dəfə Gəncə şəhər mərkəzi stadionuna çox saylı azarkeş kütləsini toplamışdı. Oyunun protokoluna əsasən 8000 azarkeş komandalarının əzmkar mübarizəsinin şahidi oldu. Qeyd edək ki, bu, 2018-ci ildə Gəncə stadionunda qeydə alınan rekord göstərici idi.
 
Qonaqpərvərlik
Bir məsələni də qeyd etməyə bilməzdik -  bu da KİV nümayəndələrini qəbul edən tərəfin qonaqpərvərliyini! Jurnalistlər üçün imkan dairəsində əlindən gələn köməyi göstərməyə çalışan klubun mətbuat xidmətinə KİV nümayəndələri adından öz təşəkkürümüzü bildiririk.  
 
Nöqsanlar
Təbii ki, hər hansı bir tədbiri işıqlandırdığımız zaman, müsbət hallarla yanaşı, nöqsan və mövcud problemləri də qeyd etməyə bilməzdik. Bunlardan biri və ən əsası, oyun zamanı KİV nümayəndələrinin rahat işləməsi üçün normal şəraitin yaradılmamasıdır. Dəfələrlə jurnalistlər və PFL rəsmiləri tərəfindən bu məsələnin "Kəpəz” PFK-nın rəhbərləri və rəsmiləri qarşısında qaldırılmasına baxmayaraq, bu məsələ hələ də öz həllini tapmayıb.
 
Belə ki, digər stadionlardan fərqli olaraq, Gəncə şəhər stadionunda KİV sektoru ilə azarkeş sektoru bir arada yerləşdiyindən, eyni sektora toplaşan çox sağlı çılğın azarkeşlərin səs-küyü və davul-tütək-baraban səsləri KİV nümayəndələrinin rahat şəkildə çalışmasına mane olur.
 
Təbii ki, biz yerli azarkeşləri bunda günahlandırmırıq, əsl azarkeş də elə belə çılğın olmalıdır. İradımız "Kəpəz” klubunun rəsmilərinədir. Media sektoru yerləşən sektorda, sakitliyin təmin edilməsi üçün ya VİP loja olmalı, ya da ümumiyyətlə, Qəbələ şəhər stadionundakı kimi, qapalı bir sektor olmalıdır. Ümidvarıq ki, bu problem yaxın zamanlarda öz həllini tapacaq.
 
Oyun haqqında
Oyuna gəlincə, çempionatın aşkar lideri ilə autsayderinin bir araya gəlməsinə baxmayaraq, azarkeşlər maraqlı epizodlarla dolu gözəl oyunun şahidi oldular. Xüsusi ilə də son turlarda əzmkar oyun nümayiş etdirən Gəncə futbolçuları, minimal hesabla uduzmaqlarına baxmayaraq, 90 dəqiqə ərzində güclü rəqibə müqavimət göstərməyi bacardılar.
 
MİNNƏTDARLIQ

Topaz Premyer Liqasının XXIII  turu çərçivəsində keçirilən "Kəpəz” – "Qarabağ” oyununa KİV nümayəndələrinin səfərini təşkil edən PFL rəhbərliyinə, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Elgiz Abbasova, oyun zamanı jurnalistlərə dəstək olan "Kəpəz” klubunun mətbuat katibi Azad Mustafayevə və bütün əməyi keçənlərə jurnalist həmkarlarım adından dərin təşəkkürümü  bildirirəm.
 
Rauf İskəndərov / Premyer.az / Gəncə
317     
Reklam

Reklam