» » » (LAYİHƏ) Region Liqası: "Şirvan" FK yayılan xəbərləri TƏKZİB etdi! - ÖZƏL

(LAYİHƏ) Region Liqası: "Şirvan" FK yayılan xəbərləri TƏKZİB etdi! - ÖZƏL

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:
 
Bildiyiniz kimi, Region Liqasının VI turu çərçivəsində keçirilməsi planlaşdırılan 12 oyundan biri baş tutmayın. Bu Şimal-Qərb regionu qrupunda yer alan "Oğuz” – "Şirvan” Ağdaş qarşılaşmasıdır. Son iki gündə idman mətbuatımızda oyunun keçirilməməsi ilə bağlı bəzi xəbərlər dolaşır ki, bunlardan biri də, güya qonaq komandanın futbolçularının oyundan bir gün öncə toy məclisində iştirak edərək, spirtli içki qəbul etmələri və məhz bu səbəbdən də bir gün sonra oyuna çıxa bilməmələri göstərilib.
 
 
Məsələni aydınlaşdırmaq üçün birbaşa Ağdaş klubunun rəsmilərinə müraciət etmək qərarına gəldik. "Şirvan” klubunun mətbuat katibi funksiyasını yerinə yetirən Həsən Quluzadə, Premyer.az saytına açıqlama verərək, məsələyə aydınlıq gətirib:
 
 
-          "Oyunun baş tutmamasının əsas səbəbi budur ki, hər nə qədər də Region Liqası layihəsi kənardan bir professional turnir kimi görünsə də, burada əsasən həvəskar komandalar mübarizə aparır. Bizim də Oğuz səfərimizə getmədən öncə 3-4 futbolçumuz xəstə idi, 1-2 oyunçumuz müxtəlif səbəblərdən oyuna gedə bilmədi. Belə hallar tez-tez baş verir. Nə qədər təəccüblü görünsədə, bu belədir. Rəqib komandaya zəng edərək, mövcud vəziyyəti başa saldıq və oyunun başqa vaxta təxirə salınmasını xahiş etdik.
 
Professional klublardan fərqli olaraq, bizim heyətimiz 20-22 nəfərdən ibarət deyil ki, 3-4 əsas oyunçumuz xəstələndiyi zaman, ehtiyat oyunçuları əsas heyətə cəlb edək. Vur-tut 13-14 futbolçumuz var ki, onlardan da yararlanmağa çalışırıq. Bunların da bir neçəsi oyunda iştirak edə bilməyəndə, çıxılmaz vəziyyətdə qalırıq.
 
Region Liqası ilə yaxından maraqlananlar bilir ki, belə hallar digər klubların da başına gəlir. Bizim özümüzə də, məsələn elə olub ki, rəqib zəng edib bildirib ki, nəqliyyat problemi ilə əlaqədar oyuna gələ bilmirlər, biz də bunu anlayışla qarşılamışıq. Eyni ilə də "Oğuz” komandası bizi başa düşərək, oyunun  başqa vaxta keçirilməsinə razılıq verdi və oyun təxirə salındı.
 
Biz "Ağdaş” komandasını  5-6 nəfərlə min-bir çətinliklərlə, dişimizlə-dırnağımızla qurmuşuq. Bizə heç kim dəstək olmayıb. Buna baxmayaraq, komandamızın ev oyunlarında, bəzi  Premyer Liqa oyunlarında olmayacaq qədər azarkeş olur, oyunlara bilet satışını təşkil edirik. İcra Hakimiyyətindən müəyyən dəstəklər alırıq. Səfərə gedib-gəlməyimiz indi də demək olar ki, təmin olunur.
 
Şaiyələrə gəlincə isə, reytinq xətrinə yazılan bu yalan və böhtan xarakterli xəbərləri  qınayırıq. 1-2 saat ərzində klubumuza nə boyda zərbə vurdular. Bu xəbərlərin heç bir əsası yoxdur.  Xəbərin kim tərəfindən və hansı məqsədlə yayıldığını çox gözəl bilirik. Əsas məqsəd – reytinq toplamaqdır. Sadəcə olaraq çox ziddiyətə getmək istəmədik. İstəmirik ki, kimsə zərər görsün. Amma bu boyda yalan da olmaz. İstənilən halda biz ad çəkməmək tərəfdarıyıq. Həmin adam artıq klubla əlaqə saxlayaraq üzrxaqlıq edib, ona görə də məsələni bir az da şişirtmək istəmirik...”
 
Rauf İskəndərov / Premyer.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

473     
Reklam

Reklam