» » » "Zirə" FK: Qanlı yanvar gecəsi!

"Zirə" FK: Qanlı yanvar gecəsi!

"Zirə" FK 20 Yanvar Şəhidlərimizi yad edib:
 
1990-cı il yanvarında Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi.

20 Yanvar hadisəsi Azərbaycan xalqının yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tarixin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.

Mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi...

20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. 

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.
176     
Reklam

Reklam