» » » U-15 Liqası: Sensasiyasız tur - LAYİHƏ

U-15 Liqası: Sensasiyasız tur - LAYİHƏ

U-15 Liqası: Sensasiyasız tur - LAYİHƏHəftəsonu «Boulevard U-15 Liqası»nda 13-cü turun oyunları keçirildi. 7 oyunun heç birində sensasiya qeydə alınmadı. Lider «Qəbələ»nin istirahət etdiyi turda liderlər qrupunda olan komandaların hamısı qələbə qazandı. Yeganə heç-heçəni turnir cədvəlinin ekvatorunda qərarlaşan iki komanda öz arasında etdi.
 
«Zirə» - İsgəndər Cavadov BFA 2:1
Meydan sahibləri onlar üçün həm turnir cədvəli, həm də «qara zolaq»dan çıxmaq baxımından vacib olan oyunda çətinliklə qələbə qazana bildilər. Oyunda ərazi üstünlüyü Cəfər Hüseynovun yetirmələrinin tərəfində idi. Amma onlar bu üstünlüyü hesabda əks etdirməkdə çətinlik çəkirdilər. Qarşılaşmada hesab 13-cü dəqiqədə açıldı. İsgəndər Cavadov BFA-nın müdafiəçisi Aqşin İbadov özlərinə aid cərimə meydançasında Mahmud Ağayevə qarşı kobud oynadı və hakim penalti təyin etdi. «Zirə»nin yarımmüdafiəçisi Cəlal Hüseynov hesabı açdı. Fasiləyə yaxın meydan sahiblərinin müdafiə xəttinin kobud səhvindən istifadə edən Qoşqar Babayev hesabda tarazlıq yaratdı – 1:1.
İkinci hissədə də üstün futbol sərgiləyən «Zirə» qələbə topunu oyunun əsas vaxtına artırılmış dəqiqələrdə vurdu. Özü də yenə penaltidən. Bu dəfə Ramazan Atakişiyev oyunda ilk qolun müəllifi Cəlala qarşı kobud oynadı. Penalti nöqtəsinə yaxınlaşan Gülağa Əsədov hədəfdən yayınmadı və «Zirə»yə 3 xal qazandıran qolu vurdu. Yeri gəlmişkən, bu, Gülağanın «Zirə»də ilk oyunu idi. Bir vaxtlar «Əlincə»də Cəfər Hüseynoun rəhbərliyi altında oynayan Əsədov mövsümün əvvəlində kollektivlə birgə «Zirə»yə deyil, «Neftçi»yə keçmişdi. Veteran futbolçu Arif Əsədovun oğlu yeni komandasında, eyni zamanda kohnə kollektivdə ilk oyunundaca fərqləndi.
 
«Vətən» - «Neftçi» İK İB 3:0
Gözləndiyi kimi «məktəblilər» zəif rəqib üzərində inamlı qələbə qazandılar. Bütünlüklə meydan sahiblərinin üstünlüyü şəraitində keçən qarşılaşmada hesab 12-ci dəqiqədə açıldı. Əşrəf Zeynallının rəqibin iki futbolçusunu keçərək sol cinahdan qapı önünə göndərdiyi topu Nihat Dəryagin qapıdan keçirdi. 22-ci dəqiqədə Əşrəf yenə də məhsuldar ötürmə ilə yadda qaldı. O, bu dəfə Şahin Kərimlinin qol vurmasına şərait yaratdı. Birinci hissə 2:0 hesabı ilə başa çatdı.
İkinci hissədə qol epizodları ilə bol olsa da, cəmi 1 qol qeydə alındı. Matçın başa çatmasına 3 dəqiqə qalmış Rəhim Cəfərovun ötürməsindən sonra Bəhruz Tanrıverdiyevin fərqləndi.
Qələbə sayəsində İlqar Mənsimovun komandası 1-ci yerin sahibi «Qəbələ» ilə xal fərqini 2-ə endirdi. «Neftçi» İK İB isə yenə də meydanı qol vurmadan tərk etdi. Bu komanda artıq, 7 oyundur ki, rəqib qapısına yol tapa bilmir.
 
«Viləş» - «Neftçi» 0:1
Masallıdakı Anatoli Banişevski adına stadionda keçirilən qarşılaşmada qapılara cəmi 1 qol vuruldu. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda fərqlənən tərəf «Neftçi» oldu. Birinci hissənin 18-ci dəqiqəsində Rəvan Nağıyevdən əla ötürmə alan Altay Abdulkərimov qapıçı ilə təkbətək çıxdı və matçda yeganə qolu vurdu. Qalan dəqiqələrdə fərqlənən olmadı və Tofiq Mustafayevin yetirmələri çətin səfər oyunundan qalib ayrıldılar.
 
«Turan» - «Kəpəz» 0:1
Eyni ssenari Tovuzda baş verdi. Burada da 0:1 hesabı qeydə alındı. Fərq yalnız «kiçik qərb derbisi»nin gözləndiyi kimi gərgin deyil, bir qədər sakit tempdə keçməsi idi. Bu oyunda da bircə qol 1-ci hissədə, özü də hücumçu ilə qapıçının təkbətək mübarizəsi zamanı vuruldu. Qolun müəllifi 22-c idəqiqədə Ümid Səmədovdan əla ötürmə alan Əli Məmmədzadə oldu.
Bu, Ruslan Abbasovun yetirmələrinin ardıcıl 3-cü məğlubiyyətidi. İlham Səmədovun komandasına gəlincə, 2 oyunluq qələbəsizlikdən sonra Tovuzdan 3 xalla dönüş «Kəpəz»li futbolçuların özlərinə gəlməsi üçün əla stimul oldu.
 
«Zaqatala» - «Keşlə» 0:1
Turun ən gərgin oyunu Zaqatalada baş tutdu desək, yanılmarıq. Son turlar inamlı təsir bağışlayan «Keşlə» çempionatın autsayderinin qonağı idi. Qarşılaşmada qalib gələn tərəfin öncədən «Keşlə» olacağına inam böyüküydü. Bakılılar həqiqətən qalib gəldilər. Amma əzab-əziyyətlə.
Yol yorğunluğu və heyətdə bəzi futbolçuların zədə səbəbindən oynamaması Xəyal Mustafayevin komandasının oyununa böyük ölçüdə təsir göstərdi. Matçın 18-ci dəqiqəsinə kimi onlar rəqib qapısı önündə bir dəfə də olsun təhlükəli vəziyyət yarada bilmədilər. Yalnız həmin dəqiqədə Əli Tağıyevin cinah ötürməsindən sonra Vaqif Həsənov topa yaxşı toxunmadı və fərqlənmək imkanını əldən qaçırdı. Ardınca meydan sahibləri əks-hücumda az qala hesabı açacaqdılar. Lakin Fərda Qurbanov qapı ilə üzbəüz vəziyyətdə topa Vaqif kimi toxundu.
Oyunda hesab 31-ci dəqiqədə açıldı. Əlinin bu dəfəki ötürməsini Vaqif bir qədər sahmana salıb qapıdan keçirdi. İlk hissənin qalan 4 dəqiqəsində qonaqlar Hümmət Məmmədovla daha 2 dəfə qol vurmağa yaxın olsalar da, onun zərbələrində azacıq dəqiqlik çatışmadı.
Fasilədən sonra üstün tərəf qonaqlar idilər. Buna baxmayaraq, hər iki tərəfin yetərincə hesabı dəyişmək imkanları oldu. Düzü, «Zaqatala»nın həmlələri daha tutarlı alındı. Bir epizodda Fərdanın cərimə zərbəsindən vurduğu topu «Keşlə»nin qapıçısı Mikayıl Əhmədov çətinliklə tuta bildi. Matçın başa çatmasına 10 dəqiqə qalmış isə Bəsir Əliyev Mikayılla təkbətək dueldən məğlub ayrıldı. Buna kimi isə «Keşlə»din Vaqif Həsənov yaxın məsafədən topu qapıçının üstünə göndərmişdi.
Məğlub olmalarına baxmayaraq, Ceyhun Zurabovun yetirmələri ən xoş sözlərə layiqdi. Belə davam edəcəyi təqdirdə 2-ci dövrədə çempionatın autsayderinin dəyişəcəyi qaçılmazdır.
 
 «Sumqayıt» - İOEUGİM 3:0
«Suiqayıt derbisi»ndə meydan sahibləri inamlı qələbə qazandılar. Oyunda üstün tərəf «Sumqayıt» idi. Amma rəqibin də qol vurmaq şansları az deyildi. Oyunda hesabı 1-ci hissənin ortalarında cərimə zərbəsindən sonra Fərid Poladov açdı və ilk yarı elə bu hesabla başa çatdı.
İkinci hissənin 10-cu dəqiqəsində «Sumqayıt» hesab arasında fərqi 2 topa çatdırdı. Bu dəfə Cəmil Zeynalzadə fərqləndi. Matçın başa çatmasına az qalmış Cəmil daha bir qolun vurulmasında iştirak etdi. Belə ki, onun ötürməsindən sonra İOEUGİM-li futbolçu topa tərs toxunuş edərək avtoqola imza atdı. Təəssüf ki, oyunun protokolunu əldə edə bilmədiyimizdən avtoqol sahibinin adını öyrənə bilmədik.
 
«Səbail» - «Qarabağ» 1:1
Turun yeganə bərabərliyi «Bayıl Arena»da qeydə alındı. Bu oyun turnir cədvəli baxımından hər iki komanda üçün əhəmiyyətli idi. Eyni xala malik rəqiblər həm də cədvəldə qonşu idilər…
Qarşılaşmada hər hissədə bir qol vuruldu. Birinci hissənin ortalarında meydan sahibləri künc zərbəsindən sonra hesabı açdılar. Arif Məmmədov fərqləndi.
İkinci hissənin 23-cü dəqiqəsində Fidayə Əzizlinin ötrməsindən sonra Sahib Səmədov hesabda tarazlıq yaratdı.
Heç-heçə sayəsində aktivlərinə  1 xal yazdıran rəqiblərin turnir cədvəlindəki yerləri də dəyişməz qaldı. «Səbail»in növbəti turda da 9-cu yerdə qalacağı dəqiqdir. Çünki Xaqani Məmmədovun komandası 14-cü turu buraxacaq. «Qarabağ» isə 1 pillə irəliləməyə ümid edə bilər ki, bunun üçün Asif Əliyevin yetirmələri «Viləş»ə mütləq qalib gəlməklə yanaşı, «Kəpəz»in məğlub olmasına ümid etməlidirlər.
 
 
Bombardirlər: Alı Alı («Sumqayıt») – 14 qol, Elvin Abdullayev («Vətən») – 13 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 12 qol.
 
U-15 Liqasında 14-cü turun oyunları dekabrın 23-24-də keçiriləcək: «Keşlə» - «Zirə», İOEUGİM – «Zaqatala», «Kəpəz» - «Sumqayıt», «Neftçi» İK İB – «Turan», «Neftçi» - «Vətən», «Qarabağ» - «Viləş», «Qəbələ» - «Səbail». Oyunların başlama vaxtı və keçiriləcəyi yerrlər barədə əlavə məlumat verəcəyik.
 
"Het Trik News"
34     
Reklam

Reklam