» » » "QƏBƏLƏNİN UŞAQ FUTBOLU - UĞURUN SİRLƏRİ" (LAYİHƏ, I Hissə)

"QƏBƏLƏNİN UŞAQ FUTBOLU - UĞURUN SİRLƏRİ" (LAYİHƏ, I Hissə)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytının "Uşaq futbolu”  layihəsi çərçivəsində növbəti yazısını təqdim edirik.
 
Yazı - bölgələrdə uşaq futbolunun durumunun araşdırılması və mövcud problemlərdən çıxış yollarının göstərilməsi haqqındadır. Daha dəqiq desək – bu yazıda Qəbələdə uşaq futbolunun mövcud vəziyyətini araşdırmağa çalışacağıq. Təbii ki, mütəxəssis köməyi ilə. Həmsöhbətimiz isə - "Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov oldu.
 
-         Nail müəllim, ilk öncə oxucularımıza Qəbələdə uşaq futbolunun ümumi vəziyyəti haqqında məlumat verərdiz.
 
Nail Kərimov: Əvvəlcə statistik məlumatlara nəzər yetirək:
Qəbələ Akademiyasında 7 yaşından 19 yaşa qədər uşaqlar məşğul olurlar. 10, 11, 12 və 13 yaş qruplarında 2 komanda var. Bunun səbəbi isə yerli uşaqlara daha çox şans yaratmaqdır. Seleksiya müddətində digər bölgələrdən gələn uşaqlar da çox olur. Onlar seçildiyi zaman Akademiyanın yataqxanasında qalırlar.
 
"Futbolun kütləviləşdirilməsi” layihəsi
 
Qəbələdən olan uşaq və gənclər son vaxtlar futbola daha çox maraq göstərməyə başlayıblar. Həmin yaş qruplarında da 7-7, 9-9-adır oyunlar. Bir komandanın tərkibində 20-30 futbolçu saxlamaqdansa, onları iki hissəyə bölüb iki komanda yaradılıb. Çempionatda da iki komanda ilə təmsil olunuruq. Lisenziyalı futbolçuların sayı 250 civarındadır (Red: bütün yaş qrupları üzrə). Həmçinin də bizim "Futbolun kütləviləşdirilməsi” layihəmiz var. Həmin layihələrə bütün kənd və məktəbləri əhatə edir. Şəhərlər arası yerləşən bütün məktəbli uşaqlar, hətta məktəb yaşına qədər uşaqlar da bu layihədə iştirak edə bilərlər.  
 
Bu layihənin əsas məqsədi – uşaqları futbolnan tanış etmək, topla tanış etmək, topu sevdirməkdir ki, sonradan  da onların arasından ən yaxşılarını seçərək, Akademiyaya cəlb edirik.
 
Futbolçulardan hal-hazırda U-11 – U-17 arası yaş qrupları üzrə komandalarımız Akademiyanın yataqxanasında qalır. Bunların arasında digər rayonlardan gələn 71 futbolçu var. Həmçinin U-19 komandası, əvəzedici komandası ilə birlikdə başqa bir kluba məxsus otel-yataqxana binasında qalır. U-19 komandasının heyətində də, hal-hazırda yataqxanada qalan 15 futbolçu var. Yəni kənardan gələn futbolçuların sayı təxminən 85-ə bərabərdir.
 
Hal-hazırda Akademiyanın yeni yataqxana binası inşa olunmaqdadır. Son təmir və tamamlama işləri gedir. İşlər tamamlandıqdan sonra, U-19 komandası öz yerində qalacaq, amma digər komandalar yeni binaya köçəcək.
 
SELEKSİYA  İŞLƏRİ
 
-        Akademiyanızda seleksiya işləri necə aparılır?
 
Qəbələ Futbol Akademiyasının 4 il öncə qurulmuş öz seleksiya qrupu var. Bu qrup bütün bölgələri əhatə edir. Hər bölgədə bir, paytaxt Bakıda isə 4 seleksionerimiz var. Demək olar ki, uşaq futbolunun bazası yaradılıb. Hansı regionda istedadlı uşaqların olduğunu bu cür təsbit edə bilirik. Hətta bizə gəlməyən uşaqları belə biz bilirik və tanıyırıq.
 
Məsələn Gəncədə və Bakıda Akademiyaya cəlb edə bilmədiyimiz bütün uşaqların qeydiyyatı aparılır. Daha sonra həmin uşaqların valideyinləri, klubları, məktəbləri və cəmiyyətləri ilə danışılır.
 
Ola bilər ki hardasa, kimsə şikayət edə bilər ki, uşaqlarımızı Qəbələyə aparıblar, amma biz bütün cəlb etdiyimiz uşaqlara görə, onların məktəblərinə, klublarına, məşqçilərinə razılaşma qarşılığında kiçik, simvolik də olsa, ödəniş edirik. Yəni istənilən halda, futbolçu hansısa klubda çıxış edirsə, o müqaviləlidir və onun Federasiyada da mütləq qeydiyyatı var.
 
Beləliklə də, əgər Akademiyamıza cəlb etmək istədiyimiz gənc futbolçunun məxsus olduğu klub və ya məktəb buna razılıq vermirsə, bu keçid baş tuta bilməz, çünki bu futbolçular artıq qeydiyyatdadır. Yəni bütün uşaqlar, qarşı tərəfin razılığı əsasında Akademiyaya götürülür.
 
SEÇİM  KRİTERİYALARI
 
-        Futbolçu seçimləri hansı kriteriyalara əsasən aparılır?
 
Seçim kriteriyalarımız mövcuddur. Bütün seleksionerlərimiz və məşqçilərimiz bu kriteriayaları bilir. Hansı tipdə futbolçu istədiyimizi hamı bilir. Bu qaydalar yazılıdır və praktikada da bunu artıq hər kəs öyrənib. Həmin kriteriyalara uyğun gələn uşaqları seçirik, dəvət edirik, gəlib Qəbələdə də qalırlar, 2-3 gün Akademiyamızla tanış olurlar, biz onları – onlar isə buranı görür. Qarşılıqlı razılıq əldə olunursa, artıq münasibətləri rəsmiləşdiririk.
 
Hal-hazırda bütün yaş qrupları üzrə Azərbaycan çempionatlarında komandalarımız liderdir. Bu günkü gün heç bir halda, təbii ki bu yekun nəticə deyil, amma bütün yaş qruplarında yüksək sıralarda yer almağımız ona işarədir ki, yaxşı komandalarımız var və o yaxşı komandalara düşmək artıq çox çətin olub. Bir neçə il əvvəl əgər biz "X” futbolçunu götürürdüksə, indi Qəbələyə gəlmək, Qəbələnin hansısa komandasına düşmək həddindən artıq çətindir.
 
Məsələn, elə bölgələrimiz var ki, iki ildir seleksionerimiz ordan uşaqları gətirib bizə təqdim edir, amma hələ ki heç bir nəfər də götürməmişik.
 
        Seçim etdikdən sonra, bəyənmədiyiniz futbolçu olub mu?
 
Ən müxtəlif səbəblərdən geri göndərdiyimiz uşaqlar olub. Burdakı digər klublardan fərqimiz – yataqxanamızın mövcud olmasıdır. Yəni biz 24 saat uşaqlarnan təmasda oluruq. Deyək ki, hansısa bir paytaxt klubu bir futbolçunu götürür və bu futbolçunu gün ərzində cəmi 1-2 saat məşq zamanı görür. Qalan vaxtlarında isə heç bir təması olmur futbolçu ilə. Biz isə futbolçu ilə daim təmasda oluruq.
 
-         Bir nümunə gətirə bilərsiz?
 
Murad Qayalı nümunəsi
 
Bir futbolçunun imtizamsızlıq etməyi, bütün yataqxanada qalan uşaqların intizamına mənfi təsir göstərə bilər. Ona görə də biz perspektivi çox-çox yüksək olan uşaqları da burdan kənarlaşdırmışıq.
 
Hal-hazırda "Keşlə”nin heyətində meydançada olan (Red: müsahibə "Qəbələ” – "Keşlə” oyunu zamanı alınıb) Murad Qayalı, meydançada ən gənc oyunçudur. 4 il öncə bir oyundan sonra hakimə yüngül fiziki təsir elədiyinə görə "Qəbələ” Akademiyasından uzaqlaşdırılmışdır.
Yəni heç bir başqa hal mümkün deyil. Əgər futbolçu intizam kodeksinin tələblərini pozursa, o burdan uzaqlaşdırılır. İstisnasız, qeyd-şərtsiz. Murad Qayalı bunun bariz nümunəsidir. Amma bu o demək deyil ki, Murad pis futbolçudur və ya intizamsız adamdır. Ani səhvə yol vermişdi, amma biz o səhvi bağışlaya bilməzdik. Uzun illərdir Muradla yaxın əlaqədəyik, onu izləyirik. Hal-hazırda çox sakit və mədəni formada öz karyerasını davam etdirir.
 
-         Başqa nə kimi problemlərlə rastlaşırsınız?
 
Qavrama problemi
 
"QƏBƏLƏNİN UŞAQ FUTBOLU - UĞURUN SİRLƏRİ"  (LAYİHƏ, I Hissə)Həmçinin uşaqların qavramasında problemlər ola bilər. Ola bilsin ki, istedadlı futbolçu olsun, amma qavraması çox zəyif olsun. Əgər bir futbolçu biz öyrətdiyimizi öyrənmirsə, nə qədər istedadlı olursa olsun, gələcəkdə bizim gözlədiyimiz səviyyədə futbol oynaya bilməz. Belə uşaqları Akademiyadan uzaqlaşdırdığımız nümunələr olub.
 
Təhsil və zədə problemi
 
Təhsilində ciddi nöqsanlar olan uşaqları da burdan uzaqlaşdırdığımız hallar olub. Bəzən futbolçular olub ki, zədəyə şox meyilli olublar və biz də görmüşük ki, bu uşaqları burda oynatmaqnan, onlara da bir növ əziyyət vermiş oluruq. Sağlamlıqlarına ciddi ziyan dəyir. Valideyinləri onların övladının qalmasını istəsə də, biz onlara yox demişik. Sonuncu zədəsini belə müayinə və müalicə etdikdən sonra, bu uşağı yola salmışıq.
 
Sağlamlıq problemi
 
Bəzən isə, məsələn bu yaxınlarda elə olub ki, futbolçuların birində müayinə zamanı ürəyində qüsur olduğu aşkar olunub. Təbii ki bu futbolçu ilə də yollarımızı ayırmalı olduq. Yəni ən müxtəlif səbəblərdən uşaqlar Akademiyadan gedir.
 
-         Nail müəllim, müasir uşaq futbolunun ən böyük problemlərindən biri də, futbolda ilk addımlarını atan uşaqlara qarşı məşqçilər tərəfindən edilən psixoloji təzyiqlərdir. Gənc futbolçulardan kluba gəlir-gəlməz yaxşı nəticə və qələbə tələb edilir. Belə olduğu halda isə, uşaqların peşəkar futbolçu kimi yetişməsi məsələsi ikinci plana keçir...
 
Təzyiqlər və nəticə tələbi?
 
Bu problemlə əlaqədar bizdə məsələ belə qoyulur: ümumi məqsəd – futbolçu yetişdirməkdir. Və bu futboolçu yetişdirmək məqsədi varsa, artıq oyundakı qələbə məqsədinin üstündən xətt çəkilməlidir. Bunun üzərindən xətt çəkən bizik, çünki biz futbolçularımıza heç zaman demərik ki, siz oyunu udmayın. Biz həmişə onları qələbəyə kökləyirik, biz həmişə onları qol vurmağa kökləyirik. Başqa cürə futbol mümük deyil...
 
Amma biz hansısa futbolçunu – oyunu yaxşı alınmadığı bir vaxt, qələbə qazana bilmədiyi bir vaxt sırf futbol səbəbinə görə cəzalandırmırıq. Bütün məşqçilər və futbolçular da təqsdiq edə bilər ki, heç vaxt futbolçulara uduzduqları oyundan sonra irad bildirilmiyib.
 
Çox nadir hallarda, futbolçular mübarizə aparmadığı zaman və ya məğlubiyyətlə barışdıqları oyunlar olub ki, bu da qəbul olunmaz haldır, onlara sərt xəbərdarlıq olunub ki, siz oyun oynamalısız. Oynayıb uduza bilərsiniz. Mübarizə aparın, oynayın və uduzun. Belə olan halda heç kim futbolçulara irad bildirməz. Yəni təzyiq məsələsi, Qəbələ Futbol Akademiyasında müzakirə mövzusu deyil... (Red: ardı var)
 
 
p.s. Yazıdakı mütəxəssis fikirləri sayt redaksiyasınınn bu mövzü ilə əlaqədar olan fikirləri ilə üst-üstə düşməyə bilər.
Rauf İskəndərov / Premyer.az
Fotolar: Qəbələ Futbol Akademiyasının Facebook səhifəsi
 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.
 

 

264     
Reklam

Reklam