» » » Qəbələ Təəssüratları: "Bir azarkeşli komandanın qadağalı oyunu" - YAZI

Qəbələ Təəssüratları: "Bir azarkeşli komandanın qadağalı oyunu" - YAZI

Peşəkar Futbol Liqası və "Topaz”ın birgə layihəsi olan jurnalistlərin bölgələrə səfəri çərçivəsində  bu dəfə yolumuz Qəbələyə idi -  Topaz Premyer Liqasının XIV turunun "Qəbələ” – "Keşlə” qarşılaşmasına.
 
Qonaq komanda ətrafındakı son günlər yaşanan qalmaqallı hadisələr bu oyuna KİV-lərin marağını bir az da artırmışdı. Odur ki şimal-qərb bölgəmizə olan bu səfərə 20-yə yaxın idman jurnalisti yollandı.
 
Hər zamankı kimi, AFFA-nın inzibati binasının önündən yola düşən (Red: saat 09:45-də) jurnalistləri bu dəfə soyuq və yağışlı Bakı havası yola salırdı. Təxminən bir neçə saatlıq yolculuqdan sonra, 225 km-lik məsafəni dəf edərək, PFL-in təşkil etdiyi nəqliyyat vasitəsi qədim "Qəbələ” şəhərinə çatdı.
 
Gözəl diyar
 
Gözlədiyimizdən fərqli olaraq, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən qədim Qəbələ bizi günəşli və tam bir futbol havası ilə qarşıladı. Öz cazibədar təbiəti, başı qarlı dağları və təmiz havası ilə göz oxşayan Qəbələ, Şərqə məxsus qonaqpərvərliyi ilə də hər zaman seçilən bölgələrimizdəndir.  
 
Gözlənilən nəticə
 
Oyuna gəlincə onu qeyd edək ki, meydan sahiblərinin aşkar üstünlüyü ilə keçən qarşılaşma, "Qəbələ”nin 3:0-lıq qələbəsi ilə başa çatıb. Komandanın heyətində 24-cü dəqiqədə Premyer Liqanın bombardiri Baqali Dabo, 51 və 56-cı dəqiqələrdə isə Filip Ozobiç fərqləniblər. Beləliklə də Dabo bu mövsüm vurduğu qolların sayını 9-a çatdırıb.
 
Azarkeşlərin biganəliyi
 
Bir məqam var ki, ona xüsusi ilə toxunmaq istəyirik. Ölkə birinciliyində ən yüksək yerlər uğrunda mübarizə aparan və hal-hazırda turnir cədvəlində liderlər qrupunda yer alan "Qəbələ”nin bu günkü oyununa azarkeşlərin marağı gözlənildiyindən çox az idi. 4500 nəfərlik tamaşaçı tutumuna malik olan stadionda, cəmi 300-ə yaxın azarkeş var idi. Stadiona girişin pulsuz olduğunu nəzərə alsaq, bu rəqəm təəccüb doğurmaya bilməz.
 
Təbliğatın gücləndirilməsi
 
Zənnimizcə burda əsas iş komanda rəhbərliyinin üzərinə düşür. Şəhər əhalisi sevimli komandaların oyunları haqqında mütəmadi olaraq, oyun öncəsi afişlər vasitəsi ilə məlumatlandırılmalıdır. Stadion ətrafında və şəhər mərkəzində apardığımız müşaidələr nəticəsində məlumatlandırıcı afişlərin azlığını (Red: daha doğrusu desək yoxluğunu) gördük.
 
Fikrimizcə, "Qəbələ” kimi gözəl futbol infrastrukturuna malik olan bir komanda, azarkeşlərlə təbliğat işinə daha ciddi yanaşmalıdır. Nəticə etibarı ilə futbol azarkeşlər üçün oynanılır və boş tribunalar qarşısında oyun keçirmək, "Qəbələ” kimi komandaya heç bə başıucalığı gətirmir.
 
Mətbuat konfransları və Jurnalistlərin etirazı
 
Oyun sonrası mətbuat konfranslarına gəlincə, jurnalistlərin haqlı etirazlarına səbəb olan hadisələr də elə bu zaman başladı. Belə ki, meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransından sonra, qonaq komandanın baş məşqçisi Ramiz Məmmədov jurnalistlərin qarşısına gecikmə ilə çıxdı. Sualları cavablandırarkən çox gərgin və həyəcanlı görünən Məmmədov, sanki özünə barəat qazandırırmış kimi, mətbuat konfrasından ayrılarkən, mobil telefonunun jurnalistlərin üzünə hər zaman açıq olduğunu və heç bir mətbuat nümayəndəsinin Ramiz Məmmədovu zənglərə cavab verməməkdə günahlandırmağa haqqı olmadığını əsəbi bir şəkildə qeyd etdi…
 
Əsas problem isə "Keşlə” komandasının futbolçuları ilə yaşandı. Belə ki, jurnalistləri görüb, soyunub-geyinmə otağından  çıxmaq istəməyən futbolçular, açıq-aşkar müsahibədən qaçdıqlarını biruzə verdilər. Komanda nümayəndəsinin "müsahibə qadağası” olduğunu söylədikdən sonra isə, gərginlik pik nöqtəsinı çatdı. Jurnalistlər öz haqlı narazılıqlarını Ramiz Məmmədova bildirdirərək, ondan "müsahibə qadağası” əmrinin kim tərəfindən verildiyini soruşdular. Baş məşqçi isə belə bir qadağanın olmadığını, sadəcə vaxt qıtlığının onun futbolçularına müsahibə verməyə əngəl olduğunu səbəb gətirdi.
 
Gərgin danışıqlardan sonra nəhayət ki qonaq komandanın legioner futbolçusu Denis Silva jurnalistləri maraqlandıran sualları cavablandırdı. Beləliklə də jurnalistlər – baş məşqçi qarşıdurması öz həllini tapdı..
 
Təşəkkür   
 
Sonda Topaz Premyer Liqasının XIV turu çərçivəsində keçirilən "Qəbələ” – "Keşlə” qarşılaşmasına KİV nümayəndələrinin səfərini təşkil edən PFL rəhbərliyinə və onların əməkdaşlarına və oyun zamanı jurnalistlərə göstərilən dəstək və qonaqpərvərliyə görə "Qəbələ” klubunun rəhbərliyinə və bütün əməkdaşlarına saytımız adından öz  təşəkkürümüzü  bildiririk.
 
Qeyd: "Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov və U-19 komandasının baş məşqmisi Emin İmaməliyevdən oyun zamanı aldığımız müsahibələr bu günlərdə oxucularımıza təqdim olunacaq.
 
Rauf İskəndərov
Premyer.az / Qəbələ

134