» » » "Ya qalib olmalısan, ya da heç kim.....” - LAYİHƏ

"Ya qalib olmalısan, ya da heç kim.....” - LAYİHƏ

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytının "Uşaq futbolu”  layihəsi çərçivəsində növbəti yazısını təqdim edirik.
Bu yazımız uşaq futbolunda rast gəlinən problemlər və onların həlli yolları ilə bağlıdır. Daha dəqiq desək – gənc futbolçuların uşaq futbolundan böyük futbola keçidi zamanı qarşılaşdıqları maneələri araşdıracağıq.
 

GİRİŞ

Gənc futbolçuların problemləri. Uşaq futbolundan böyük futbola keçid
 
Gənclik futbolundan böyük futbola keçid zamanı yaşanan problemlər, uzun illərdir ki Azərbaycan klubları qarşısında dayanan əsas problemlərdən biridir. Bu problemi müxtəlif yollarla həll etməyə çalışırlar.
Məsələn uşaq futbol akademiyalarına xarici mütəxəssisləri dəvət etməklə (Red: "Qəbələ” nümunəsi), müxtəlif regionlardan istedadlı gənc futbolçuları paytaxt klublarına cəlb etməklə və bir çox digər yollarla.
Bəs onda nəyə görə bizim klublarda gənc yerli kadrlar azlıq təşkil edir? Bölgələrdə yetişdirilən yüzlərlə gənc və perspektivli futbolçular hara yoxa çıxır?
 
"Futbol piramidaları” – qalib, yoxsa məğlub?
 
Gəlin, futbolçuların formalaşması zamanı qarşılaşdıqları bəzi problemləri yaxından araşdıraq.
 
Bizim futbol məktəblərindəki və akademiyalardakı "piramidalar” elə qurulub ki, gənc yaşlarından futbolçudan nəticə tələb edirlər. Futbolçunun professional şəkildə yetişməsi əksər məşqçiləri və klub rəhbərlərini demək olar ki maraqlandırmır.
 
Futbol akademiyasının başlıca məqsədi - əsas komandanın gücləndirilməsi üçün yeni kadrların hazırlaması olmalıdır. Bizdə isə ilk günlərdən uşaqlar şərt qarşısında qoyulur – "sən ya qalib olmalısan, ya da heç kim.....”.
 
Oxucularımızda, haqlı olaraq belə bir sual yarana bilər ki - "Əgər qalib olmayacaqsa, o zaman futbol oynamağa nə gərək var?”. Düzdür, bu belədir. Amma unutmaq lazım deyil ki, uşaq yaşlarında və hətta 14-17 yaş arası gənclərin psixologiyası, böyüklərin psixologiyasından fərqlənir və gənc futbolçuya qarşı atılan yalnış addımlar, onun bir peşəkar futbolçu kimi formalaşmasına əngəl ola bilər, loru dillə desək – onu "sındıra” bilər.
 
Uşaq və gənclər futbolu arasında bölgü problemi
 
Uşaq və gənclər futbolu arasında dəqiq bölgü aparmaq lazımdır. Çünki əsas komandaya futbolçu hazırlanması üçün bu yaş qrupları arasında fərqli məqsədlər qoyulur. Uşaq futbolu – idman məktəbinin divarlarından çıxmaqla yekunlaşır. Və məhz uşaq futbolundan böyük futbola keçidin hamar keçməsi və keçid zamanı istedadlı gənclərin itirilməməsi üçün, gənclər komandaları yaradılıb və bu komandalarda gənc futbolçular öz bacarqlarını daha da inkişaf etdirir.   
 
Məşq prosesi elə qurulur ki, məşqçinin taktiki görüşləri ilə, fiziki yükləmələr bərabər səviyyədə planlaşdırılır.
 
Texniki hazırlıq
 
Gənc futbolçunun hazırlıq prosesi zamanı, onun texniki hazırlığına xüsusi yer ayrılmalıdır. Heç kəsə sirr deyil ki, oyun zamanı futbolçu topa ümumilikdə cəmi 3-4 dəqiqə sahib olur, məşq zamanı isə bu rəqəm dəfələrlə artıqdır. Və beləliklə də, əgər sizə - "Siz oyun zamanı öz texniki hazırlığınızı təkmilləşdirirsiniz” – deyilirsə, bu tam belə deyil.
 
Texnikaya yönəlmiş bir yaxşı məşq, bir neçə oyunu əvəz edə bilər. Və burda aydın olur ki, oyun zamanı futbolçu, məşq prosesində əldə etdiyi ən yaxşı keyfiyyətlərini sərgiləyir.
 
Gənclər futbolunda məşçqi heyəti əsas diqqəti komanda futbolunun qurulmasına yönəldir və beləliklə də, uşaq futbolundan gənclər futboluna keçid dövrünü yaşayan futbolçular öz texniki hazırlıqlarını yüksəltməkdə çətinlik çəkirlər.
 
Fiziki hazırlıq
 
Böyüdükcə, gənc futbolçuların fiziki hazırlıq səviyyələri də dəyişir. Beləliklə də, uşaqlar artıq öz yeni güclərinə mütənasib şəkildə texniki göstəricilərini də təkmilləşdirmək məcburiyyətində qalırlar.
 
Əgər uşaq komandaları ilə böyük komandaların məşq prosesini izləsək, onda görərik ki, taktiki-texniki nöqteyi nəzərdən, onların hər ikisinə eyni tapşırıqlar verilir. Yeganə fərq – tapşırıqların ağırlığındadır. 12 yaşlı uşaqla – 17 yaşlı gənc – tamami ilə fərqli insanlardır.
 
Peşəkar futbolçu olmaq istəyən gənc, bir sadə həqiqəti yaxşı bilməlidir, hər keçid dövrü zamanı – uşaq dövründən gənc dövrə və gənc dövrdən böyük dövrə - o, yeni bir şeylər öyrənməlidir. Bu – futbolun yazılmamış qanun və qaydalarıdır. Əks halda ondan yaxşı futbolçu çıxmayacaq.
 
Müqayisə
 
Futbol – müxtəlif elementlərin yerinə yetirildiyi və buna görə də qiymətləndirilən fiqurlu konkisürmə deyil. Futbol - konkret oyun hərəkətlərinin həyata keçirildiyi, texniki-taktiki hərəkətlərdən ibarət bir idman növüdür.
 
Sürət göstəriciləri hər bir futbolçuda fərqli olduğu üçün, futbolçular texniki üsullardan fərdi və fərqli şəkildə istifadə edir. Məhz buna görə də uşaq futbolu ilə böyük futbolun dəqiq vəzifə bölgüsü aparılmalıdır.
 
Komandanın taktiki quruluşu
 
Milyonların sevdiyi oyunu olan futbolun daha bir vacib xüsusiyyəti – komandanın taktiki quruluşudur. Uşaq futbolu ilə böyük futboldakı sürətlər köklü şəkildə fərqləndiyi üçün, böyüyən orqanizmdəki təbii proseslərin nəticəsində, gənc futbolçu taktikaya fərqli gözlə baxmalıdır.
Uşaq futbolunda taktiki hərəkətlərin sadə olduğu hər kəsə su kimi aydındır. Böyük futbolçu isə bir az şahmatçı kimi hərəkət etməli və öz addımlarını bir neçə gediş qabaqcadan hesablamalı və düşünməlidir.
 
Böyük futbolda bəzi hərəkətlər sırf intuitiv olur, hansı ki uşaq yaşlarında olan futbolçunun hələ ki formalaşmamış beynində mümkün deyil.
 
Futbol intuisiyası
 
Böyüdükçə, normal insanın aldığı məlumatın məbləği artdığı kimi, oyunçuda da futbol intuisiyası böyümə prosesi zamanı inkişaf edir. Uşaq dövrünün taktiki bacarıqları, yenilənmiş idmançı bədəninə artıq uyğun gəlmir. Və bu da illərlə formalaşan idmançı psixologiyası üçün yeni bacarıqların inkişaf etdirilməsinə səbəb olur.
 
ÇIXIŞ YOLLARI – XÜSUSI PROQRAMLAR
 
"Ya qalib olmalısan, ya da heç kim.....” - LAYİHƏÇıxış yolu kimi – uşaq futbolundan böyük futbola keçid dövrü yaşayan oyunçular üçün xüsusi inkişaf proqramlarının hazırlanmasını təklif etmək olar. Bu proqramlar, futbol şəxsiyyətinin formalaşması üçün əsas mərhələ olmalıdır. Yalnız bundan sonra gənc futbolçunun peşəkar futbolçu kimi yetişməsi üçün potensialının olub-olmadığını öyrənmək olar.
 
Tətbiq ediləcək bu proqramlarda – uşaq futbolundan gənclər futboluna, gənclər futbolundan isə böyük futbola keçid dövrü zamanı futbolçu prixologiyasına, texniki, taktiki və fiziki hazırlıq prosesinə, futbolçu intuisiyasının inkişafı prosesinə xüsusi yer ayrılmalıdır.
 
Əvəzedicilərin turniri
 
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatı bu proqramın həyata keçirilməsi prosesinə böyük yardım edə bilər. Belə ki, bu turnirdə öz böyük həmkarları ilə çıxış edən gənc futbolçular, təcrübə əldə etməklə yanaşı, öz bacarıqlarını da inkişaf etdirmiş olurlar.
 
Bu mərhələdə ən önəmlisi – məşqçi güvənidir. Bizdə isə əksər hallarda əsas diqqət gələcək perspektivlərə yox, nəticəyə yönəldilir. Yəni gənc futbolçular öz üzərində işləmək əvəzinə, oyun zamanı yalnız nəyin bahasına olursa-olsun, qələbə qazanmaq haqqında düşünür və beləliklə də, futbolçunun peşəkar şəkildə inkişaf etməsi məsələsi ikinci plana keçmiş olur.
 
Nə vaxta qədər ki bizim futbolda keçid dövrünü əhatə edən gənclərin təlim sistemi yaradılmayacaq, peşəkar futbolçuların yetişdirilməsi yolunda kardinal dəyişikliklərin olacağını gözləmək düzgün olmaz. Belə olan halda, hər il maksimum 2-3 peşəkar futbolçu yetişə bilər.
 
EPİLOQ
 
Sonda onu da qeyd etmək istərdik ki, bu layihə yazısında toxunduğumuz mövzuya daha qlobal şəkildə yanaşsaq, ölkəmizdə futbolun inkişafı üçün, tək Bakıda deyil,  bütün bölgələrimizdə futbolun inkişafına xüsusi diqqət yetirilməlidir.
 
Layihələrin bölgələrdə də tətbiqi prosesi, ümumilikdə Azərbaycanda futbolun inkişafına böyük təkan verəcəkdir. Bunun üçün isə əsas yük – ölkəmizin ali futbol qurumu olan AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası), PFL (Peşəkar Futbol Liqası), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, regional futbol və idman qurumları, yerli icra hakimiyyətləri, klublar və zamanımızda çox aktual olan könüllülərin (azarkeşlərin) üzərinə düşür. 

p.s. Yazıdakı mütəxəssis fikirləri sayt redaksiyasınınn bu mövzü ilə əlaqədar olan fikirləri ilə üst-üstə düşməyə bilər.
Rauf İskəndərov / Premyer.az
Fotolar: AFFA
 
 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

137