» » » «Viləş» təkcə Masallını deyil, bütün cənub regionunu təmsil edir»

«Viləş» təkcə Masallını deyil, bütün cənub regionunu təmsil edir»

Vaxt var idi…
 
Masallının «Viləş» komandası futbolumuzda sonuncu dəfə peşəkar səviyyədə uzaq 2005/06-cı illər mövsümündə görünüb. Həmin mövsüm 16 komandanın yarışdığı I Divizionda 30 oyunda 4 qələbə, 6 heç-heçə və 20 məğlubiyyətlə cəmi 18 xal yığıb və 15-ci olub. Vurduğu 30 qolun qarşılığında qapısında 71-ni görüb. 2006-cı ildən sonra bu komandanı «gördüm» deyən olmayıb. Daha dəqiq, peşəkar səviyyədə. Amma vaxt var idi ki, «Viləş»in adı çəkiləndə çox komandaların «əti ürpəşirdi». Əsasən evdə keçirdiyi oyunlarda keçilməz görünən «Viləş» ilk milli çempionatımızdan 2000/01-ci illər mövsümünə kimi elitada çıxış edib. Ölkəmizi 1 dəfə İntertoto, 1 dəfə isə UEFA Kubokunda təmsil edib. Belə ki, 20-ci əsrdə başlayıb 21-ci əsrdə başa çatan 9-cu çempionatda 4-cü yeri tutan «Viləş» İntertoto Kubokunda İslandiyanın «Qrindavik» komandasına rəqib olub və hər iki oyunda uduzaraq (0:1, 1:2) mübarizəni erkən dayandırıb. Növbəti mövsüm isə daxili birincilikdə bürünc medalları qazanan Masallı təmsilçisi UEFA Kubokunda iştirak hüququ əldə edib. Lakin bu dəfə də uğursuz çıxışla yadda qalıb. Polşanın «Zaqlembe» komandasına hər iki oyunda məğlub olub – 0:4, 1:3.
«Viləş»dən başqa Masallının daha bir peşəkar təmsilçisi olub. Bu, rayonun eyniadlı komandasıdır. «Viləş» tarixin yaddaşına köçdükdən sonra «Xəzər Lənkəran»ın farm-klubu kimi «Masallı» yaradılıb. 2006/07-ci illər mövsümündə I Divizionda 1-ci yeri tutan «Masallı» növbəti ildən etibarən Premyer Liqada çıxış edib. Çıxış edib deyəndə, bu komandanın əsas vəzifəsi «Xəzər Lənkəran»a çempion olmaq üçün kömək etmək idi. Bir qədər də açıqlasaq, lənkəranlılara 6 xal verməklə, onların əsas rəqiblərini büdrətmək. «Masallı» çempionatda «Xəzər Lənkəran»a 6 xal verdi (0:3, 1:4), lakin medalçılar sırasına düşən «İnter», «Olimpik» və «Neftçi»dən 1 xal belə ala bilmədi. Bu təqdirdə «farm-klub»un lazımsız olduğu qənaətinə gələn lənkəranlılar çempionatda 14 komanda arasında 10-cu olan «Masallı»ya sporsorluqdan imtina etdilər və komanda dağıldı. Bu, həm də Masallıda futbolun məhvi demək idi.
 
«Viləş» qayıdır?
 
Futbolumuzda özünəməxsus çəkisi olan Masallının bu gün peşəkar klubunun olmaması, bir çox digər rayonlar kimi futbolsuz qalması… Artıq, 10 ilə yaxındır ki, bu rayonun nə Premyer Liqada, nə də «aşağı»da təmsilçisi yoxdur. Rayon futbolu bir ara həvəskar səviyyədə təmsil olunub. Nəticə də olub. Amma etiraf edək ki, həvəskar futbolla peşəkar futbol arasında yerlə-göy qədər fərq var. Daha bir maraqlı fakt ondan ibarətdir ki, indiyə kimi Masallının aşağı yaş qruplarından ibarət heç bir komandası U-15-dən yuxarı liqalarda iştirak etməyib. Məlumdur ki, uşaq futbolunda məhz U-15 liqasından «üzüyuxarı» peşəkarlığa doğru ilk addımlar sayılır. Çünki, bu liqadan etibarən komandalar zonalar üzrə deyil, respublika üzrə yarışırlar. Yəni, burada yarışlar peşəkar futbolda olduğu kimi keçirilir. Oyun vaxtının bir qədər azlığını, futbolçuların yaşını və xırda-xuruş nəsnələri çıxmaq şərtilə.
 
Premyer Liqa və I Divizionda olduğu kimi liqalarda da bölgə təmsilçiləri gözə az dəyir. Bu mövsüm liqalarda iştirakçıların siyahısı açıqlananda diqqətimizi «Viləş» adı cəlb etdi. Əvvəlcə bu komandanın Bakı təmsilçisi olduğunu düşünsək də, sonradan yaxşı ki, zənnimizdə yanıldığımızın fərqinə vardıq. Bu, həmin «Viləş» idi. Bir vaxtlar Premyer Liqa təmsilçilərinin başağrısına çevrilmiş «Viləş». Bu dəfə peşəkar komanda qurmağa addım-addım yaxınlaşmağa qərar verən «Viləş». Deyəsən, böyük futbol uşaqların timsalında olsa belə, yenidən Masallıya qayıdır axı…
 
«Viləş»iş səlahiyyətli nümayəndəsi Rövşən Süleymanovla əlaqə saxlayıb yazımızın səbəbkarı olan U-15 komandası, klubun uşaq futbolu, infrastruktur, bir sözlə futbol adına olan çox şey barəsində söhbət etdik. Onunla müsahibəyə keçməmişdən əvvəl haqqında qısa məlumat vermək yerinə düşər. Röşşən Süleymanov veteran futbolçudur. Karyerasının böyük hissəsinin «Viləş»də keçirib. Şəmçinin, OİK, «Xəzər Universiteti», «Qarabağ», «Kəpəz», «Dinamo» komandalarının formalarını geyinib. Peşəkar futbolla 2005-ci ildə «Gəncə»də vidalaşıb. Daha sonra məşqçiliklə məşğul olub. 4 il AFFA-nın «Elit layihə»sində cənub bölgəsi üzrə koordinator kimi çalışıb. Hazırda «Viləş»dəki işindən savayı, «Vətən»in cənub zonası üzrə məşqçisidir. Bunlardan başqa liqalarda Lənkəran zonası üzrə yarışların təşkilatçısıdır.
 
«Çempionatı yarımçıq tərk etməyəcəyik»
 
Rövşən müəllim söhbətə uşaq komandaları haqqında məlumat verməklə başladı: «Bu gün U-10 liqasından U-14 liqasına kimi Masallını təmsil edən 13 komanda var. Onlardan 4-ü Masallı UGİM-nin, 5-i «Masallı»nın, 4-ü isə «Viləş»in komandasıdır. AFFA-nın bayrağı altında keçirilən yarışlarda Cənub regionunda Cəlilabad zonası üzrə «Masallı», Lənkəran zonası üzrə isə Viləş»lə Masallı UGİM-in komandaları yarışlarlarda iştirak edirlər. İndiyə kimi pis də nəticə göstərməyiblər. Son mövsüm «Masallı»nın 3 komandası zona yarışlarında 1-ci yerə çıxmışdı. Onlardan 2005-ci il təvəllüdlü uşaqlardan qurulmuş komanda final mərhələsinə vəsiqə qazanmışdı. Bu il uğurların daha çox olacağını gözləyirik».
 
Rövşən müəllim daha sonra U-15 liqasına komanda buraxmaq ideyasının necə yaranmasından danışdı: «Masallıda istedadlı uşaqlar çoxdur. «Xəzər Lənkəran»ın var olan dövründə belə uşaqların çoxu o klubun akademiyasında futbolla məşğul olurdular. «Xəzər Lənkəran»ın fəaliyyətini dayandırması Masallı futboluna da təsirsiz ötüşmədi. Uşaqların it-bat düşməməsi üçün nəsə etmək lazım idi. Çoxdan idi ki, 15 yaşdan yuxarı komanda hazırlayıb yarışlara buraxmaq haqqında düşünürdük. Peşəkar səviyyədə komanda saxlamağın çətin olduğunu, xeyli maliyyə vəsaiti tələb etdiyini bilirik və klubun hazırki durumu belə bir komanda yaratmağa imkan vermir. Bu üzdən hələlik peşəkarlığa doğru ilk addımı atmaq qərarına gəldik. Yəni, təmsilçimiz U-15 liqasında iştirak etsin. Məqsədimiz növbəti illərdə daha yuxarı liqalara, ardınca isə I Diviziona komanda buraxmaqdır».
- Hazırda klubun sponsoru kimdir?
 
- Masallıda futbolu çox sevirlər. Konkret sponsor olmasa da, rayonun imkanlı şəxsləri kluba yardım göstərirlər. İşlər istədiyimiz kimi getsə, sponsor sarıdan problem yaşanmayacağına əminik. Komandalar idman ləvazimatları ilə tam təmin olunublar. U-15 komandamızın üzvlərinə geyim dəstləri hazırlanır, yaxınlarda uşaqlara veriləcək. Digər komandalar isə hələlik ancaq oyun formaları ilə təmin olunublar.
 
- Bu il U-15 liqasında 15 komanda yarışacaq. Deməli, «Viləş» 14 dəfə səfərə çıxacaq. Bu isə öz növbəsində xeyli pul vəsaiti deməkdir…
 
- Bunların hamısını nəzərə almışıq. Bilirik ki, komandanın səfərə çıxması üçün müəyyən miqdarda maliyyə vəsaiti tələb olunur. U-15 komandamızın səfərə oyun günü çıxacağını və oyundan sonra rayona qayıdacağını qeyd edim. Əsas xərc uşaqların qidalanmasına və nəqliyyata gedəcək. Yaxınlarda klubun özünün avtobusu olacağını nəzərə alsaq, xərclər xeyli azalacaq. Həm də peşəkar komandalarla müqayisədə uşaq komandalarını saxlamaq üçün o qədər də çox pul tələb olunmamasını da nəzərə alaq. Altına girdiyimiz yükün çəkisindən xəbərimiz var. Məqsədimiz çempionatda iştirak etməkdən yana, futbolçu yetişdirməkdir. Əminliklə deyə bilərəm ki, çempionatı yarımçıq tərk etməyəcəyik.
 
- Rövşən müəllim, daha yuxarı liqalarda yarışlara qoşulmaq olmazdımı?
 
- Bu, mümkün deyil. Səbəblərini izah edim. Birincisi, 15 yaşından yuxarı uşaqlarımız başqa klubların akademiyalarında çıxış edirlər. Onların arasında milli səviyyəsinə yüksələnlər az deyil. Məsələn, Yusif Həsənovun adını çəkə bilərəm. İkincisi, rayonda olan 16-17 yaşlı uşaqları yenidən futbola qaytarıb komanda hazırlamaq bir qədər çətin olacaqdı. Üçünçüsü və ən əsası isə, ötən il U-14 liqasında çıxış etmiş komandamızı taleyin ümidinə buraxmaq olmazdı. Həmin uşaqlar bu il 15 yaşlıların çempionatında oynamalıdılar. Hazır komandadı. Məhz bu amili nəzərə alaraq U-15 liqası ilə siftə etməyi lazım bildik. Növbəti mövsüm bu komandanı U-17 liqasında oynatmağı nəzərdə tutmuşuq. Daha sonra U-19, ardınca isə I Divizion. Doğrudur, özlərindən bir yaş böyüklərlə oynamaq uşaqlara müəyyən çətinliklər yarada bilər. Buna görə narahat deyilik. Hazırda U-15 komandamızda 15 futbolçu var. Onlardan 11-i 2003-cü il təvəllüdlüdür. 2-nin 14, 2-nin isə 13 yaşı var. Amma inanın ki, 13 yaşlı uşaqlar 15 yaşlı uşaqlardan heç nədə geri qalmırlar. Futbolçuların say azlığı sizi aldatmasın. Lazım olsa, U-15 komandasına aşağı yaşlı futbolçular cəlb edə bilərik.
 
«Viləş» təkcə Masallını deyil, bütün cənub regionunu təmsil edir»
 
U-15 komandası ev oyunlarını Masallının «Viləş» stadionunda keçirəcək. Məlumdur ki, bu stadion «Palmali» Şirkətlər Qrupuna məxsusdur. Artıq, «Palmali» şirkətinin rəhbərliyindən razılıq alınıb, komanda qonaqları «Viləş»də qəbul edəcək. Bəs, stadionun durumu oyunların yüksək səviyyədə keçirilməsinə imkan verirmi? Rövşən müəllimin sözlərinə görə, çatışmazlıqlar var. Onların aradan qaldırılması yönündə müəyyən işlər görülür. Məsələn, soyunub-geyinmə otaqlarının əsaslı təmiri aparılır, yaxınlarda tam hazır olacaq. Ot örtüyü ilə bağlı da ciddi problem yoxdur. Suvarma sistemini də qaydasına salınandan sonra xırda-para çatışmazlıqlar həllini tapacaq.
 
- Hazırda «Viləş»də neçə uşaq futbolla məşğul olur?
 
- Bütün yaş qrupları üzrə 120-ə yaxın. Özü də bütün uşaqlar öz rayonumuzdandır. Maşallah, rayonun 250 minə yaxın əhalisi var. Yəni, başqa yerdən uşaq götürməyə ehtiyac yoxdur. Öz istedadlarımız bəs edir. «Viləş» peşəkar səviyyədə çıxış edəndə heyətin demək olar ki, hamısı yerlilər olub. Masallı futbolçu sarıdan heç vaxt korluq çəkməyib. Amma bu, o demək deyil ki, ətraf rayonlardan bizdə futbol oynamaq istəyən uşaqlara «yox» deyəcəyik. İstedadlı uşaqlara bacardığımız qədər kömək etməyə, Astaradan Salyana qədər ərazidə yaşayan və baxışlarımıza uyğun gələn hər bir uşağı komandaya götürməyə hazırıq. Gələcəkdə belə uşaqların qalması, təhsil alması, məşq etmələri üçün hər cür şəraitimiz olacaq. «Viləş» təkcə Masallını deyil, bütün cənub regionunu təmsil edir.
 
- Bir vaxtlar cənub bölgəsində istedadlı uşaqlar «Xəzər Lənkəran»ın akademiyasına axışırdılar. Gələcəkdə bu axın səmtini «Viləş»ə doğru dəyişə bilərmi?
 
- Təbii ki, mümkündür. Gələcəkdə bütün cənub regionu üzrə seleksiya işləri aparmağı planlaşdırırıq. Hələliksə, rayon üzrə kifayətlənməli olmuşuq. Bu yay  rayonda olan 99 məktəbin 44-də məktəblilər arasında seleksiya apardıq, xeyli istedadlı uşaq üzə çıxardıq. Onların hamısını öz yaş qrupları üzrə komandalarımıza götürmüşük. İndiyə kimi yaxşı uşaqlar baxımsızlıq üzündən başqa akademiyalara üz tuturdular. İndən belə doğma rayonlarında futbolla yüksək səviyyədə məşğul ola biləcəklər. Gələcəkdə komandamız U-17, U-19 liqalarında oynayanda həmin uşaqları geri qaytarmaq fikrimiz var.
 
- Məşqlər haqqında məlumat verərdiniz. Yəqin ki, rayon mərkəzindən uzaqda yerləşən kəndlərdə yaşayan uşaqların məşqlərə gəlib-getmələri onlara problem yaradır.
 
- Bunu nəzərə almışıq. Şəhərdən uzaqda yerləşən kəndlərdən olan uşaqların normal hazırlaşmaqları üçün Hişgədərə kəndində yerləşən stadonda məşqlər təşkil etmişik. Məşqçilərimiz həftədə 3 dəfə 10 kəndin uşaqlarına orada məşq keçirlər. Bu kəndəlrin arasında əhalisinin çoxluğuna görə seçilən Hişgədərə kəndi və Boradigah qəsəbəsi də daxildir. Yeri glmişkən, həmin stadionun da soyunub-geyinmə otaqlarında əsaslı təmir işləri aparılır. Bu işdə kəndin imkanlı sakinləri, Rusiyada yaşayan masallılı iş adamları yaxından köməklik göstərirlər.
 
- Məşqçilərdən söz düşmüşkən, klubda neçə məşqçi var?
 
- Hər yaş qrupunda bir məşqçi var. Bundan başqa yaxın vaxtlarda klubun öz həkimi də olacaq. Bir vaxtlar «Xəzər Lənkəran»da işləmiş həkimlə danışıqlar aparmışıq. Yaxınlarda iş başında olacaq.
 
- Bayaq qeyd etdiniz ki, rayonda 3 uşaq futbol məktəbi var. Rəqibsiniz, ya…?
 
- Meydanda bəli, rəqibik. Amma meydandan kənarda münasibətlər dostluq üzərində qurulub. Hamımız zərbəni bir nöqtəyə vurmağa çalışırıq. Məqsədimiz Masallıda futbolu dirçəltmək, inkişaf etdirmək, yığma komandalarımıza, nəticədə Azərbaycan futboluna futbolçu yetişdirməkdir.
 
Söhbətləşdi: Azər TAĞIYEV
«Het-trik news» qəzeti
P.S. Yazı qəzetdə dərc olunduqdan sonra «Viləş» U-15 liqasında siftə edib və səfərdə «Səbail»ə 1:4 hesabı ilə məğlub olub.
157     
Reklam

Reklam