» » » LAYİHƏ: ”Futbol – uşaqların yoxsa valideynlərin seçimi?” (FOTOLAR, VİDEO)

LAYİHƏ: ”Futbol – uşaqların yoxsa valideynlərin seçimi?” (FOTOLAR, VİDEO)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?”  layihəsi çərçivəsində növbəti yazını təqdim edirik.
 
GİRİŞ
 
Fubol - dünyanın ən populyar idman növlərindən biri, bəLkə də ən populyarıdır. Beynəlxalq Futbol Federasiyasının məlumatına əsasən, dünyada təxminən 250 milyon nəfər futbol oynayır, 1,5 milyondan çox komanda və təxminən 300,000 professional futbol klubu fəaliyyət göstərir. Təsiredicidir, deyil mi?  Futbolun belə populyar olmağının sirri isə - gözəllik, əyləncə, emosiya, qələbə naminə maraqlı mübarizədədir.
 
UŞAQLARIN  ÖZ  SEÇİMİ
 
Oğlunuz  bu gözəl idman növünün azarkeşlərindən biridir? Əgər bu doğurdanda belədirsə, deməli o, kompyuterdə rəqiblə oyun oynamaq əvəzinə, həyətdə futbol oynamağa üstünlük verir, dünyanın ən güclü futbol yığmalarının oyunçularının adlarını əzbər bilir, evdə divarda isə növbəti futbol mundialının cədvəlini artıq asıb.
 
Və əlbəttə ki, o futbolla peşəkar səviyyədə məşğul olmaq isyətir, çünki  məşhur Lionel Messi və Kriştiano Ronaldonun şöhrəti övladınız üçün çox cəlbedicidir. Belə olan təqdirdə uşağınızı rahatlıqla futbola yazdıra bilərsiniz, çünki futbola həvəs, artıq işin 50 %-i deməkdir.
 
HANSI  YAŞDA  FUTBOLA  BAŞLAMALI?
 
Gəlin bir məsələni də anlamağa çalışaq. Hansı yaşda övladınızı futbola gətirə bilərsiniz və professional idman həyatında övladınız hansı problemlərlə üzləşə bilər?
 
Əksər məşqçilər bir fikirdə yekdildilər ki, uşaqlar futbola 6-7 yaşında başlamalıdırlar. Bu ən optimal yaş həddidir, çünki məhz bu yaşda uşaqlar artıq məşqçilərin tapşırıqlarını dərk edərək həyata keçirir və oyunun aparılma texnikasını daha tez qavrayırlar.
 
Erkən  yaş  problemi
 
Baxmayaraq ki, məsələn, Kiyevin  «Dinamo» klubunun Uşaq Gənclər İdman Məktəbinin futbol seksiyasına uşaqları 4-5 yaşında da götürürlər. Yalnız belə olan halda futbolçu olmaq arzusu daha çox uşaqların yox, onların valideynlərinin arzusu olur.
 
Erkən yaşda futbol meydançalarını fəth etmək yalnız Azərbaycanın problemi deyil. Məsələn Braziliyada məşqlər 6 yaşından başlayırsa, Almaniyada bu yaşda uşaqlar artıq futbol turnirlərində iştirak edir və ilk uğurlarını qazanır.
 
Erkən  yaşın  üstünlükləri
 
Hətta uşağınız gələcəkdə dünya miqyaslı bir futbolçu olmayacaqsa belə, məşqlər zamanı əldə edilən bacarıqlar, ona gələcəkdə çox kömək ola bilər. Gənc futbolçular əksər hallarda öz həmyaşıdlarından daha sağlam olur, az xəstələnir və daha tez sağalır. Necə deyərlər – "Sağlam bədəndə, sağlam ruh var!”.
 
Bundan əlavə, ağıllı və məqsədyönlü məşqlər uşaqda koordinasiyanın, reaksiyanın, çevikliyin və düşüncənin inkişafına səbəb olur.
 
KÖRPƏLƏRDƏ  FUTBOL  BACARIĞININ  İNKİŞAFI  ÜÇÜN  NƏ  ETMƏLİ?
 
Valideyinlər körpənin futbol bacarıqlarını inkişaf etdirmək üçün nə edə bilər? 1.5-2 yaşdan başlayaraq müntəzəm olaraq uşaqla top oynayın, qoy uşağınız həyətdə qaçsın, mümkün qədər topa düz vurmağı öyrənsin, anasına, atasına, baba və nənəsinə qol vursun, rəqiblə oynamağı, ötürmələr etməyi və qol vurmağı öyrənsin. Bir sözlə uşağınızı topa və futbola alışdırın.
 
Belə məşqlər və tapşırıqlar, uşaqda futbola olan həvəsi daha erkən yaşdan etibarən artırır və onun bir futbolçu kimi yetişməsində və formalaşmasında böyük rol oynayır.
 
Əks nəticə
 
Lakin unutmayaq ki, məşqlər zamanı valideynlər mümkün qədər səbirli olmalı, uşaqların üzərinə səsini yüksəltməməli və onlara təzyiq göstərməməlidirlər. Belə olan halda, siz müsbət nəticə və uşaqda futbola sevgi əvəzinə, əks nəticə və futbola qarşı nifrət hissi oyadacaqsınız.
 
Əsas – uşağın arzusudur!
 
Uşağınız topa ayaqla zərbə vurmağı öyrəndikdən sona, tapşırıqları və məşqləri bir az çətinləşdirə və qəlizləşdirə bilərsiniz. Məsələn, dayanan topa qaçaraq zərbə endirmək və ya əksinə, hərəkət edən topa zərbə endirməyə çalışmaq.
 
Daha yaşlı, 4-5 yaş arası uşaqlara qapıçı oyunu elementlərini öyrədə bilərsiniz. Məsələn topu əllə tutmaq, topu tək əllə oyuna daxil  etmək, əldəki topu ayaqla vurmaq və sairə.
 
Kiçik həcmli topla oynamağa başlayın və tədricən topun ölçüsünü böyüdün. 
 
6 yaşında artıq uşağınıza düzgün yıxılmağı, yıxılarkən qruplaşaraq hərəkət etməyi və beləliklə də mümkün zədələnmənin qarşısını almağı öyrədə bilərsiniz. Ev şəraitiniz buna imkan verirsə, məşqləri evdə də keçə bilərsiniz. Bunun üçün yerə mat və ya ədyal sərin və isinmə hərəkətlərindən başlayın.
 
Hər hansı bir qutu və ya bankalardan istifadə edərək, övladınıza düzgün və dəqiq zərbələrin endirilməsini də öyrədin.  Məşqləri müntəzəm olaraq keçirin. Hər gün ən azı bir dəfə evdə, həftə ərzində isə minimum 3 dəfə məhlədə məşq etməyə çalışın.
 
Əsas odur ki, - uşağınızın arzusu olsun!
 
PSİXOLOQ  FİKRİ
 
Psixoloqların fikrincə, hər hansı bir idman növü ilə məşğul olmaq arzusu valideyinlərin deyil, uşağın öz arzusu və istəyi olmalıdır. Övladınızı zorla futbol oynamağa məcbur etmək və ya başqa idman növünə aparmaq lazım deyil.
 
Əgər uşağınız məhlədə yox, futbol meydançasında futbol oynamaq istəyirsə, o zaman siz dərhal yaxşı futbol məktəbi və peşəkar məşqçi axtarışına başlayın.  Həmçinin bir məqama da diqqət yetirmək lazımdır – futbol bir komanda idman növüdür və belə olduğu halda müxtəlif xarakterli uşaqların futbola adaptasiyası daha asan keçir. Çünki idman nöqteyi nəzərdən futbolda ani reaksiya və qərarların tez qəbul edilməsi tələb olunur.
Bir sözlə, futbol seçimi zamanı öz emosiyalarınızı yox, övladınızın arzu və istəyinə üstünlük verin. Əks halda əmin ola bilərsiniz ki, sizin övladınızdan professional futbolçu çıxmayacaq.
 
MƏSƏLƏYƏ  TİBBİ  BAXIŞ
 
Tibbi nöqteyi nəzərdən həkimlər də 4 yaşına qədər uşaqların idman seksiyalarına yazılmasının əleyhinədir, çünki fiziki yükləmələr, hələ də tam formalaşmamış uşaqların sağlamlığı üçün zərərli ola bilər.
 
İstənilən idman məktəbi, uşaqları seksiyalara qəbul etmədən öncə, valideyinlərdən uşağın sağlamlığı ilə əlaqədar futbolla məşğul olmaq üçün heç bir məhdudiyyətin olmadığını təsdiq edən tibbi arayış tələb edəcəkdir.
 
Professional məşqlərə başlamadan öncə keçiriləcək tibbi müayinə, formal xarakter daşımamalı və bu işə məşqçi və tibbi heyət son dərəcədə ciddi yanaşmalıdır. Həm valideynlər, həm məşqçilər əmin olmalıdırlar ki, uşaq tam sağlamdır.
 
NƏTİCƏ
 
Təbii ki idman – müsbət bir haldır, çünki istənilən idman seksiyası, əsasən də futbol – uşağınızı sağlam bədən və ruha sahib edəcək, uğursuzluqları keçməyi, problemlərlə mübarizə aparmağı, yeni pillələri fəth etməyi, öz üzərində çalışmağı öyrədəcək. Və bu biliklər ona nəinki oyunda, gələcək həyatda da lazım olacaq.
Futbol məşqləri uşaq orqanizminin müxtəlif əzələ qruplarının inkişafına səbəb olacaq, orqanizmin kompleks şəkildə inkişaf etməsini təmin edəcək, kollektivdə ünsiyyət isə uşağınızın sosial mühitə adaptasiya olunmasına, öz həmyaşıdları ilə və böyüklərlə düzgün ünsiyyət qurmasına kömək edəcək.
 
 
Futbol məşqlərinin digər danılmaz üstünlüyü isə ondadır ki, məşqlər sayəsində övladınız düzgün nəticə çıxartmağı, asudə vaxtını səmərəli planlaşdırmağı, zəhmətkeş və aktiv olmağı öyrənəcək.
 
 
Valideynlər anlamalıdırlar ki, hər uşaq gələcəkdə ulduz futbolçu ola bilməz. Yalnız əgər idman məşqləri övladınızı daha güclü, daha cəsarətli və daha özünə inamlı edirsə, idman sayəsində öz məqsədinizə çatdığınıza əmin ola bilərsiniz.
 
 
EPİLOQ
 
Mövzu ilə əlaqədar Premyer.az saytı Bakıda yerləşən "Zirvə” uşaq futbol klubunun gənc üzvləri arasında balaca bir sorğu keçirdi. Sorğunun əsas məqsədi – uşaqların futbola öz arzusu və ya valideyinlərin istəyi ilə gətirildiyini öyrənmək idi. Nəticələrlə sizi tanış edirik:
 
-         Vaqif Qafarov: 12 yaş, qapıçı, 10 yaşından futbol oynayır. Futbola öz istəyi ilə gəlib.
-         Xəyal Ələkbərov: 13 yaş, yarımmüdafiəçi, 7 yaşından futbol oynayır. Atasının istəyi ilə futbolu seçib.
-         Hüseyn Ağaverdiyev: 11 yaş, müdafiəçi, 7 yaşından futbol oynayır. Atasının istəyi ilə futbolu seçib.
-         Nihad Mollayev: 14 yaş, müdafiəçi, 11 yaşından futbol oynayır. Futbola seleksionerlərin seçimi nəticəsində gəlib.
 
 
 
 
p.s. Yazıdakı mütəxəssis fikirləri sayt redaksiyasınınn bu mövzü ilə əlaqədar olan fikirləri ilə üst-üstə düşməyə bilər.
Yazı, fotolar və videolar: Rauf İskəndərov / Premyer.az

Qeyd: Fotolar "Zirvə" (Bakı) Uşaq Futbol Klubunda çəkilib
 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.
 
257