» » » "Qarabağ"ın vitse-prezidentindən mənəvi ziyarət

"Qarabağ"ın vitse-prezidentindən mənəvi ziyarət

Fotoda "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin yanındakı şəxsi  yəqin ki tanımayan yoxdu. Bu - türk dünyasının əfsanəvi uşaq məşqçisi Həmdi Serpil Tüzündür. Qocaman uşaq məşqçisi Türkiyədə uşaq futbolunun formalaşmasında əvəzsiz xidmətləri olan şəxs..
..Hər 2 ölkənin uşaq futbolunun inkişafında əvəzsiz iz buraxan Serpil hoca illərin gətirdiyi zəhmətin yorğunluğuyla səhhətində problem yaranıb. Bundan xəbər tutan "Qarabağ"ın vitse- prezidenti Tahir Gözəl də Serpil hocanı ziyarət edib. Gözəl Həmdi Serpil hocayla "Qarabağ"dan, onun verdiyi xidmətlərdən, "Qarabağ"ın son uğurlarından bəhs edilən mənəvi yüklü görüş baş tutub.  Serpil Hocanın səhhətiylə maraqlanan Gözəl ona şəfa diləyib.
 
 
Kimdir Həmdi Serpil Tüzün. Düz 13 il əvvəl-2004-cü il: "Qarabağ” Azərbaycan uşaq futbolunda tarixi bir yenilik edir. Türkiyəyə Metin Tekin,  Sergen Yalçın kimi tanınmış futbolçuları bəxş edən 90-cı illərdə "Beşiktaş”ın memarı, Türkiyənin gənclərdən ibarət milli komandasını Avropa çempionu etmiş və "hocaların hocası” kimi tanınan Həmdi Serpil Tüzün klubumuza dəvət olunur və klubumuzun uşaq futbol akademiyası ona əmanət edilir. Serpil hoca gələr-gəlməz islahatlara başlayır. Və Azərbaycanda ilk dəfə "Qarabağ” uşaq futbolunda qapısını hər kəsə açaraq müxtəlif yaş qrupları üzrə seçimlər edir. Bu seçimlərdə Serpil hoca  o vaxt onlarla azyaşlı uşaqları futbol akademiyasına dəvət edir. Məhz bu uşaqları içində 4 nəfər: Qara Qarayev, Əfran İsmayılov, Rauf Əliyev və Maksim Medvedev isə illər keçdikcə həm "Qarabağ"ın, həm də milli komandamızın əsas futbolçusu olur. Həmdi Serpil Tüzün ilk dəfə olaraq akademiyada aşağı yaş qruplarında çıxış edən futbolçuların əsas komandaya gedən yolunu açdı. Nizam-intizamlı bir futbol akademiyası formalaşdıran Həmdi Serpil Tüzün 2005-ci ildə artıq işinin ilk mərhələsini uğurla başa vuraraq Türkiyəyə qayıdır.
 
İllər keçdikcə yenidən türkiyəli mütəxəssisin fikirlərinin yeni mərhələsinin icrasına başlanma zəmini yaranır və 2010-cu ildə Hamdi Serpil Tüzün futbol akademiyamıza dəvət olunur. Bu da təsadüfi deyil,  6 il əvvəl yetişdirdiyi meyvələr artıq öz bəhrəsini vermiş,  həmin futbolçular əsas komandanın daimi üzvlərinə çevrilmişdi. Serpil hoca ikinci gəlişində klubda artıq Avropanın aparıcı klublarının futbol akademiyalarının təcrübələrindən yararlanmaqla müasir akademiya yaratmaqla bağlı öz planlarını qurur. Artıq klubun alt yapısında yeni fidanların toxumları səpilir və həmin fidanlar illər sonra həm "Qarabağ”ımızın,  həm də ölkəmizin adını ali futbol turnirlərində uca edəcək.  Hətta Serpil hocamız Avropanın aparıcı klublarının seminarlarında iştirak edərək həmin klubların uşaq futbolu ilə bağlı proqramlarını Azərbaycanda tətbiq edən ilk mütəxəssislərdəndir. Təsadüfi deyil ki, məhz 2010-cu ildə onun zəhmətinin nəticəsində formalaşdırılan uşaq futbol komandaları illər sonra bəhrəsini verərək uğurlu nəticələr əldə edib. Hazırda əsas komandada çıxış edən Eltun Turabov, Zaur Fərzəliyev, Məmməd Hüseynov, Turan Manafov kimi gənclərin önünü açan məhz Serpil hoca olub. Adıgedən gənclərin illər sonra həm "Qarabağ"ın, həm də milli komandanın əsas üzvlərindən biri olacağına şübhə yoxdur. 2012-ci ildə şəxsi problemləriylə bağlı Serpil hoca Azərbaycanı tərk etmək qərarına gəlir. 
Və nəticə olaraq,  Serpil Hoca Azərbaycan və "Qarabağ" uşaq futbolunda yeni bir eranın başlanğıcını qoyur, gənc futbolçuların əsas komandaya cəlb olunması və "Qarabağ"da futbol akademiyasının peşəkar səviyyədə formalaşması məhz Həmdi bəyin adı ilə bağlıdır...
Əfsanəvi "hoca"  artıq adını həm Türkiyə, həm də Azərbaycan məşqçiliyinə qızıl hərflərlə yazdırıb. Futbolun əxlaq, təhsil və idman ruhunu özünü birləşdirən metodologiyası ilə özünəməxsus cığır açaraq tarixə adını əbədi həkk etdirib..
Tez sağal, Serpil Hoca..
 
"Qarabağ" FK

122