» » » “Uşaq futbolunda nəticəyə oynayan və ya məcbur edilən məşqçilər” (LAYİHƏ)

“Uşaq futbolunda nəticəyə oynayan və ya məcbur edilən məşqçilər” (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?”  layihəsində növbəti yazını təqdim edirik.
 
Giriş
 
"Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?”  layihəsi çərçivəsində daha öncə təqdim etdiyimiz yazılarda toxunduğumuz problemlərə bir də mütəxəssis gözü ilə baxmaq istədik. Bunun üçün gənc və perspektivli azərbaycanlı hakim və məşqçi Fuad Abbasovla həmsöhbət olduq. Əsasən uşaq futbolunda məşqçilik edən Fuad Abbasov, toxunduğumuz problemlərə bizə fərqli yöndən baxmağa məcbur etdi…
Azərbaycanda uşaq futbolunun səviyyəsini əksər Avropa ölkələri ilə müqayisə etsək, ölkəmizdə uşaq futbolunun səviyyəsi onlara nisbətən 30-40% təşkil edir. Bunun səbəbi də ondadır ki, bizdə əsas diqqət böyük futbola yönəldilib.
 
Klublar əsasən böyük futbola üstünlük verirlər, nəinki uşaq futboluna. Belə olan halda da uşaq futbolunda problemlərin olması qaçılmazdır.
 
İnfrastruktur məsələsi
 
Əsas problem – uşaq futbolunda infrastrukturun zəif olması, məşq ləvazimatlarının azlığıdır. Avropanın uşaq klublarında olan ləvazimatların 90%-i hal-hazırda bizdə yoxdur. Məsələn "Ayaks” futbol klubunun uşaq komandasının məşq prosesləri bütün dünya üçün örnək ola bilər, o cümlədən də Azərbaycandakı məşqçilər üçün. Holland klubunun məşq prosesini izləyəndə, ordakı infrastrukturun necə yüksək səviyyədə olduğuna bir daha əmin ola bilirik. Bizdə isə top və fişkalardan başqa demək olar ki, heç bir futbol inventarından istifadə olunmur.
 
Meydança
 
Daha sonra, bizdən fərqli olaraq, əksər xarici klublarda məşqlər təbii ot örtüklü meydançalarda keçirilir. Bizdə isə süni meydançalarda. Ot örtüyündə uşaq məşqləri keçən nadir komandalarımızdan biri - "Səbail”dir. Bu komandada məşqlər Bakı Olimpiya Stadionunun  ehtiyat meydançasında keçirilir. Digər klub isə "Neftçi”dir. Bu klubun məşqləri İsmət Qayıbov adında stadionda baş tutur.
Məhz meydança problemi səbəbindən, hal-hazırda Fuad Abbasovun rəhbərliyi altında məşq edən komandada 4 uşaq dizindən zədəlidir.
 
Tədris proqramları
 
Azərbaycanda uşaq futbolunda dərs keçən məşqçilərin kateqoriyaları müxtəlifdir, ən aşağı kateqoriyalardan tutmuş, PRO kateqoriyasına qədər. Təbii ki, məşqlər zamanı ən yüksək səviyyəli məşqçilərin təcrübəsindən istifadə olunur. Amma elə məşqçilər də var ki, hələ də illər öncəki proqramlardan və dərsliklərdən istifadə edirlər, bu yöndə özlərini inkişaf etdirməyə də heç bir ehtiyac görmürlər.
 
Uşaq futbolundakı məşqlər zamanı əsas məsələ – təməl texnikadır. Təməl texnikaya uyğun da məşqlər keçirilir. 13-14 yaşa qədər olan gənc futbolçulara yalnız təməl texnika lazımdır.
 
Futbolçu seçimi və uşaq psixologiyası
 
Özəl futbol məktəblərində əsasən əlavə ödənişli qruplar olduğu üçün, potensialı olan uşaqlar olduğunda, onlar arasından da seçim aparılır və seçilənlərlə fərdi şəkildə məşğul olunur, qalan uşaqlar isə standart sistemlə tədris keçir. Əsas iş burada məşqçinin üzərinə düşür – uşağın psixologiyasını öyrənmək. Uşaqlarla fərdi söhbərlər və danışıqlar olur, uşağın özünə də şans verilir ki, seçimini düzgün etsin.
 
Futbol da bir dünyadır. Bir müddət uşaq futbolla məşğul olduqdan sonra, artıq ona futbolu sevdirməyə çalışırıq. Belə olduğu halda uşaq özü də həvəslə məşq etməyə başlayır və onun beynindəki mənfi düşüncələr (Red. "mən futbolu istəmirəm” kimi) hamısı yaddan çıxır.
 
"Yeni gələn uşaqlara bir həftə, 10 gün, maksimum bir ay ərzində baxırıq, onu müşaiyət edirik. Əgər hər hansı bir uşaqda heç bir potensial və perspektiv görmürüksə, o zaman bu uşağın valideyinləri ilə danışıb, onu digər idman növlərinə yönləndirməklərini xahiş edirik”.
 
Sırf maliyyə məsələlərini nəzərə alaraq, potensialı olmayan uşaqları komandada saxlamağın heç bir mənası yoxdur. Çünki gələcəkdə, belə uşaqların adi bir səhvi ucbatından komanda zərər çəkir və məşq prosesi pozulur.  
 
Yaş həddi
 
Yaş həddinə gəlincə, futbol məktəblərinə əsasən 6-13 yaş arası uşaqlar qəbul olunur. 13 yaşdan sonra isə uşaqlar (Red. Təbii ki söhbət istedadlı və perspektivli uşaqlardan gedir) klublarla danışıqlar aparılaraq, klublara verilir. Yəni 12-13 yaş uşaqların futbola yazılmaları üçün maksimum yaş həddidir.
 
Bu yaş həddini keçən uşaqlar məşqlərə yazılmaq istədiyində isə, yuxarıda da qeyd edildiyi kimi, ilk öncə onun potensialına, məşqlərinə baxılır. Əgər az da olsa bir perspektiv görülürsə, o zaman bu uşaqlar da məşq prosesinə cəlb olunur.
 
Praktikada da belə hallara tez-tez rast gəlmək olur. Bir misal gətirmək istərdik. 14 yaşında futbolla məşğul olmağa başlayan (Red. Adını bilərəkdən çəkmirik) bir uşaq, 2 il məşqlərə qatıldıqdan sonra bir peşəkar kluba keçib, hal-hazırda isə ölkəmizin U-17 komandasında müvəffəqiyyətlə çıxış edir.  
 
Uşaqlara olan təzyiqlər
 
Təzyiq Azərbaycanda uşaq futbolunda olan problemlərin ən azı 70%-ni təşkil edir. Klubların əksəriyyəti uşaqlardan nəticə tələb edir. Nadir uşaq klubları və ya dərnəkləri var ki, hansılarda ki uşaqlardan nəticə yox, ötürmə ilə oynamaq tələb edilir. Əsasən də - müdafiədən ötürmə ilə çıxmaq.
 
Azərbaycanda belə klublardan biri və ya bəlkə də yeganəsi (Red. Fuad Abbasovun fikrincə) "Qarabağ” klubudur. Bu klubda nəticəyə yox, uşaqların gələcəyinə önəm verilir. Məsələn U-11 liqasında, bu klubun 10 yaşlı uşaqları çıxış edir. Bu isə o deməkdir ki, uşaqlar bu səviyyədə özlərini daha yaxşı nümayiş etdirə bilirlər. Bu taktika müasir futbolun tələblərinə cavab verir.
 
Hollandiya nümunəsi
 
Yenə də bir misal gətirək. Hollandiyada çempion olan komandanın baş məşqçisini öz vəzifəsindən kənarlaşdırıblar. Səbəb kimi isə o göstərilib ki, komandadakı yaş qrupundan yaşı az olan ən azı 6 futbolçu olmalı imiş. Belə olmadığı üçün baş məşqçini "nəticəyə oynamaqda” günahlandırıblar və bu onun öz vəzifəsindən kənarlaşdırılmağı ilə nəticələnib. Müasir futbol da məhz budur.
 
"Qəbələ” nümunəsi
 
Bir misalı da Azərbaycandan gətirək. Konkret olaraq – "Qəbələ”dən. Bu klubun Futbol Akademiyasının müxtəlif yaş qrupları üzrə uşaq komandaları Azərbaycan çempionatlarında uğurla çıxış edir. Lakin "Qarabağ”dan fərqli olaraq, bu komandalarada oynayan uşaqların əksəriyyəti akademiyanın yetirməsi yox, komandalara müxtəlif bölgələrdən cəlb edilmiş "hazır” uşaqlardır. Və burada maliyyə məsələsi ortaya çıxır. (Red. Fuad Abbasovun fikrincə)
 
Bir az perspektivi olan uşaqları "Qarabağ”a yox, "Neftçi”yə yox, "İnter”ə yox, məhz "Qəbələ”yə gətirirlər. Nəyə görə? Çünki müasir dövrümüzdə bütün dünyada olduğu kimi, Azərbaycanda da maliyyə məsələsi böyük rol oynayır.
 
Bu misalı gətirməklə, "Qəbələ” rəhbərliyinin, məşqçilərinin və ya texniki heyətinin zəhmətini yerə vurmaq istəmirik, sadəcə olaraq yenə vurğulayaq ki, bu klubda əgər 100 nəfər gənc futbolçu varsa, onların 90-nı Azərbaycanın digər bölgələrinin yetirməsidir.
 
Çıxış yolu nədədir?
 
Fuad Abbasovun fikrincə çıxış yolu məşqçilərə dəyər verməkdədir. Bizdə klubla məşqçilər arasında adətən bir illik müqavilə bağlanır. Bu düzgün deyil. Müqavilə müddəti ən azı üç il olmalıdır. Məsələn, Qurban Qurbanov "Qarabağ”a gəldikdən sonra, nəticə əldə etmək üçün ən azı 5 il vaxtın tələb edildiyini bildirib. Xarici ölkələrin əksəriyyətində də bu belədir. Yaş qrupları üzrə məşqçilərə ən azı 3 il vaxt verilir. Bəzən bu müddət 6-7, hətta 8 ilədə bərabər olur. Bu müddət ərzində məşqçi bir uşaq üzərində 11 yaşından 17-18 yaşına kimi məşğul ola bilir.
 
Bizdə isə bir il ərzində nəticə əldə edə bilməyən məşqçi vəzifəsindən kənarlaşdırılır, yerinə yeni məşqçi gətirilir və hər şey sıfırdan başlanır. Belə olan halda uşaqlarda psixoloji sınma gedir. Uşaq futbolunda belə bir psixologiya var ki, bir uşaq il ərzində məşqçisinə ancaq öyrəşir, onun öyrətdiyi futbol və taktikası ilə oynayır. Yeni məşqçi gəldiyində isə bütün bu proses yenidən başlayır. Və burada söhbət məşqçinin zəyifliyindən getmir. Sadəcə olaraq onun buna vaxtı çatmır. Beləliklə də proses təkrarlanır.
 
Öz oyun tərzini komandaya yeritmək üçün, məşqçiyə ən azı 2-3 il vaxt tələb olunur. Bu böyük futbola da aiddir. Misal üçün, "Qarabağ” komandası Premyer Liqada yüksək nəticələr göstərirsə, həmin temp uşaq futbolunda da yeridilir. Bu sistem "Neftçi”, "Zirə” və digər klublarımızda da keçərlidir.
 
Elə ilk ildəcə nəticə əldə etməyən komandanın məşqçisinin vəzifəsindən kənarlaşdırılması, məşqçidən çox, uşaqlara daha çox pis təsir göstərir. Uşaq komandalarının məşqçilərinə dəstək göstərilməlidir. Dəstək olsa, onlara yetərincə vaxt verilsə, nəticə də olacaq.
 
p.s. Yazıdakı mütəxəssis fikirləri saytımızın bu mövzü ilə əlaqədar olan fikirləri ilə üst-üstə düşməyə bilər.
Qeyd: Fotolar "Zirvə" (Bakı) Uşaq Futbol Klubunda çəkilib
 
FOTOLAR VƏ VİDEO: Rauf İskəndərov / Premyer.az
 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

388