» » » “SAQQALLI UŞAQLARIMIZ” (LAYİHƏ)

“SAQQALLI UŞAQLARIMIZ” (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?”  layihəsində növbəti yazısını təqdim edirik.
 
Mərhum Məmməd Arazın şeirlərinin birində belə deyilir:
Nə erkən sənə dən düşdü,
Niyə düşdü, nədən düşdü?
Beynimmi qüvvədən düşdü?
Ağarma, saçım, ağarma!
 
Qocalıq gözəldir. Amma qocalmaq istəmirsinizsə, ayaqlarınıza güc verin. Psixoloqlar deyir ki, gündəlik gəzinti, qaçış insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir. Amma bəzən elə "qaçanlar” olur ki, onlar cavan qalması üçün başqa üsullara əl atır. Futbolçular kimi...
 
Bu gün Azərbaycan futboluna "sahib duran” AFFA 1992-ci ildə yaradılıb. Yəni, müstəqillik dönəminin əvvəllərində. Həmin vaxt SSRİ yenicə dağılmışdı. Yeni müstəqillik qazanmış ölkəmizə futbol infrastrukturu deyiləcək xeyli "obyektlər” miras kimi qalmışdı: Stadionlar, bazalar, üstəlik futbolçuları ilə birgə komandalar da Azərbaycan üçün mübarizə aparırdı. Amma görünən odur ki, bu mübarizə futbolumuzun məhvi üçün imiş. Problemlər, problemlər, problemlər... Hansısa bir məsələ həllini tapmadıqda, uğursuzluq yaşandıqda yada uşaq futbolu düşür. Elə hey deyirik ki, balıq başdan iylənən kimi, bizim də futbolumuzun dərdi uşaq futbolunda hələ də həllini tapmayan "xəstəliklər”dir. İndi isə bu "xəstəliklər”dən biri haqqında...
 
Ötən illərin birində AFFA tərəfindən belə bir açıqlama verilmişdi: "AFFA qeydiyyat və statistika şöbəsi U-13 liqasında sənədləri saxta olan futbolçu aşkarlayıb. UGİM Gənclərbirliyi (Gəncə) komandasının heyətində Elcan Budaqovun sənədlərinin saxta olması haqda İntizam Komitəsinə məlumat verilib.Komitə bu gün keçirilmiş iclasda kluba ağır cəza verib. E.Budaqovun meydana çıxdığı bütün görüşlərdə Gəncə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib”.
 
Futbolda olan hadisələrdən biri kimi yanaşıb, keçmək də olar. Amma... Açıqlamadakı incə məqama diqqət yetirək: U-13 liqasında sənədləri saxta olan futbolçu aşkarlanıb. Yəni, həmin futbolçu "lipa” çıxıb.  Razılaşaq ki, Azərbaycan futbolundakı "lipa” problemi aradan qalxmır. Bu ya kimlərəsə sərf edir, ya da qarşısını ala bilmirlər. Federasiyaya etiraz edildikdə, onlar rəsmi sənədləri təqdim edir. O sənədlər ki, ta özəyindən reallıq kimi federasiyaya göndərilib. Tutaq ki, futbolçu olan Əli 2005-ci ildə doğulub, futbola başladıqdan sonra sənədlərini "öz gələcəyi” üçün 2009-cu ildə doğulmuş kimi göstərir. Bu cinayət əməlidir. Nəinki Azərbaycan, bütün dünya futbolu süni yaşazaltmadan əziyyət çəkir. Klublarımızda, hətta milli komandalarda "lipalar”ın mövcudluğu danılmazdır. Bu futbolçuların saxtakarlıqla "gəncləşdiyini” bilirik, amma isbat etmək üçün əlimizdən heç nə gəlmir.
 
Yaxın keçmişə - 2015-ci ilə nəzər salaq. Ölkədəki uşaq futbolu ilə maraqlananlar ortaya atılan bir iddiadan xəbərdar olarlar yəqin. Həmin ilin may ayında "Neftçi” və "Xəzər Lənkəran”ın U-13 komandaları arasında görüş keçirilmişdi. Lənkəran komandası "Neftçi”nin heyətində olan bəzi futbolçuları, xüsusilə Musa Qurbanlı (2002-ci ildə doğulsa da, saytların birində Musanın verdiyi müsahibəyə istinadən 2001-ci ildə anadan olduğu iddia edilirdi - red) və Mübariz Sultanovun türklər demiş, "böyüyüb kiçilmiş” – "lipa” olduğunu iddia etdi. Sonradan futbolçuların sənədləri ictimaiyyətə təqdim olundu, ara bir az sakitləşdi.
 
Məlumat üçün qeyd edək ki, Musa Qurbanlı "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu, Mübariz Sultanov isə Nazim Süleymanovun bacısı oğludur. Biz adıçəkilən futbolçuların "lipa” olduğunu demirik, elə bir iddiamız da yoxdur. Bununla bağlı söz-söhbətin əsassız olduğu da sübuta yetirildi. Sadəcə olaraq, futbolçular arasında yaşkiçiltmə məsələsində bir dönəm həmin futbolçuların adı hallandığı üçün qeyd etməyi zəruri bildik.
 
Yeri gəlmişkən, həmin vaxt məsələni araşdıran həmkarlarımızdan biri Qurban Qurbanovun məsələyə münasibətini öyrənmişdi: "Məni tanıyanlar bilirlər ki, belə saxtakarlığa yol vermərəm. Övladımın neçənci ildə anadan olduğunu məndən yaxşı kimsə bilməz. Musa 2002-ci ildə anadan olub. Deyilənlərin hamısı boş söz-söhbətdi. Saytda gedən xəbər həqiqəti əks etdirmir. Yəqin ki səhvlik olub”.
 
...Futbolumuzda lipa məsələsində isə konket AFFA və PFL-in günahı da az deyil. Onlar da buna bilərəkdən, ya da bilməyərəkdən şərait yaradır. Necə? Məsələn, I Divizionda yaş limitini elə edir ki, gələcəkdə divizon "bataqlığı”na düşəcəyini ehtimal edən futbolçu yaşını azaltmaqdan başqa çarə tapmır. Ya oynayıb, karyerasını davam etdirməlidir, ya da yarı yolda gedib özünə iş tapmalıdır. Yəni, belə qərarlar futbolçuda "lipa”laşmağa meyl oyadır.
 
Bu gün müxtəlif yaş qrupları üzrə yığma komandalarımızda saysız-hesabsız "lipa”ların yer aldığı gün kimi aydındır. Heç kim inkar etməsin. O da məlumdur ki, çox vaxt  bu "bacarığı” olan məşqçi-mütəxəssislər belə saxtakarlığa yol atır. Futbolçular onların vasitəsilə "lipa” olur. Burada da bir məqsəd var: Həmin "uşaqlar” digər yaşıdlarından üstün futbol nümayiş etdirsin.  Amma böyüklərin mübarizəsində həmin "lipalar”ın nəyə qadir olduqları üzə çıxır. Necə deyərlər, ova gedən ovlanar…
 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.
101