» » » Azərbaycanda uşaq futbolunun “LİDER” və “AUTSAYDER” problemi (LAYİHƏ, FOTOLAR)

Azərbaycanda uşaq futbolunun “LİDER” və “AUTSAYDER” problemi (LAYİHƏ, FOTOLAR)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?”  layihəsində növbəti yazını təqdim edirik.
 
Proloq
 
Hər bir ölkənin milli yığma komandasının zəif çıxışları və nəticələri təhlil edildiyində, ilk olaraq təbii ki, həmin ölkədə uşaq futbolunun yetərincə səviyyədə olmadığı dilə gətirilir. Bunun bir çox səbələri var. Lakin fikrimizcə  əsas səbəb ondadır ki, uşaq futbolunun inkişafı dediyimizdə, aidiyyatı futbol qurumlarını, komanda rəhbərlərini və məşqçiləri - inkişaf prosesi yox, nəticə daha çox maraqlandırır. Yəni qələbənin necə əldə edildiyi yox, nəticə etibarı ilə qələbə qazanmağımız daha ön plana çəkilir.
Və bu fəlsəfə günümüzdə nəinki böyük futbolda, gənclər və uşaq futbolunda da çox aktualdır. Hətta yeni formalaşan aşağı yaş qrupları üzrə komandalardan da yüksən nəticələr əldə etmək tələb olunur. Ona görə də bu haqda daha geniş danışmaq istəyirik.
 
Misal
 
Belə bir misal gətirək. Düşünün ki, hər hansı bir bayram gününə və ya tarixi günə həsr edilmiş futbol turniri keçirilir. Bu turnirdə müxtəlif yaş qruplarında uşaq komandaları iştirak edir. Hər bir komandanın iştirak ərizəsinə ən azı 20-25 uşaq salınır. Təbii ki, əksər hallarda istənilən komandanın özəyi (əsas oyunçuları) olur ki, hansılar ki, turnir boyu bütün və ya daha çox oyunlarda iştirak edirlər. Çünki komandanın qarşısında bir məqsəd qoyulur – nəyin bahasına olursa-olsun qalib gəlmək və yaxşı nəticə göstərmək. Belə olan haldada məşqçilər istər-istəməz ancaq komandanın özəyini təşkil edən futbolçuları oynatmağa məcbur olur.
 
Turnir boyu cəmi 1-2 oyun keçirən və ya ümumiyyətlə heç bir oyun keçirməyərək ehtiyat skamyasında qalan gənc futboçular isə praktikasız qalır və bunun nəticəsində də, komandadakı "lider” futbolçular ilə "autsayder” futbolçular arasındakı uçurum və futbolçu səviyyəsi bir az da böyüyür.
 
"Lider” və "Autsayderlər”
 
Oyun praktikası burda çox önəmli rol oynayır və bu medalın bir üzüdür. Digər tərəfdən isə hər bir komandada elə uşaqlar var ki, hansıların ki səviyyəsi digər həmyaşıdlarından daha yüksəkdir. Belə futbolçular nəinki öz yaş qrupları üzrə, çox vaxt daha yuxarı yaş qrupları üzrə komandalarda (o cümlədən yığmalara da) dəvət alırlar. Bunun nəticəsində isə "lider” futbolçular həftə ərzində bir neçə oyun keçirməyə məcbur olur ki, bu da onlarda futbola olan həvəsi, əzmkarlığı və proqresi azaldır. Yorğunluq, təzyiqlər və həddindən artıq yüklənmə öz sözünü deyir. Bu cür oyunçulardan hər oyunda 100 %-lik səmərəlilik tələb edilir ki, hansının ki nəticəsində bu futbolçular loru dildə desək – "sınır”...
 
Çözüm – "Futbol Festivalları”
 
Bəs, analoji problemlər digər ölkələrdə necə həll olunur? Misal üçün Avropanı gətirə bilərik. Artıq uzun müddətdir ki, Avropa ölkələrində "Futbol Festivalı” formatında müxtəlif yaş qrupları üzrə futbol turnirləri keçirilir. Bu turnirlər kütləvi xarakter daşıyır və bir ölkə ilə kifayətlənmir. Əksər hallarda regional səviyyədə keçirilən bu cür turnirlərdə yüzlərlə uşaq komandası iştirak edir.
Uşaqların yarış prosesinə çox gənc yaşlardan alışdırılması üçün, bu cür turnirlərdə 8, 7 və hətta 6 yaş qrupları üzrə komandalar iştirak edə bilir.
 
Bəs "Futbol Festivalı” formatlı turnir nə deməkdir? Yarışa gələn bütün komandalar öz aralarında görüşlər keçirir və ümumi nəticələrdən asılı olmayaraq, bütün komandalar müxtəlif nominasiyalarda öz hədiyyələrini alır. "Ən yaxşı qapıçı”, "Turnirin bombardiri”, "Ən yaxşı müdafiəçi”, "Ən texniki oyunçu”, "Ən texniki komanda”, "Ən gənc futbolçu” və bir sıra digər nominasiyalarda müxtəlif hədiyyələr, pul mükafatları təsis olunur.
 
Bundan əlavə və ən önəmlisi isə - bütün komandalar oyun praktikası keçir. Əgər komandanın tərkibində 20 və daha çox futbolçu varsa, bu zaman komandalar turnirdə iki heyətlə də çıxış edə bilər və beləliklə də, komandanın bütün futbolçuları oyun praktikası keçir və yuxarıda qeyd etdiyimiz kimi, ehtiyat oyunçular skamyasında qalmır.
 
Nümumə - "Zenit” klubunun "Böyük Futbol Festivalı”
 
Nümunə olaraq keçmiş SSRİ-nin, hal-hazırda isə Rusiyanın ən adlı-sanlı klublarından biri olan "Zenit” Sankt-Peterburq klubunu misal çəkə bilərik. Bu klubun futbol akademiyası ənənəvi olaraq hər il uşaqlar arasında "Böyük Futbol Festivalı” adlı  turnir keçirir. Turniri keçirməkdə əsas məqsəd – klubun futbol akademiyasına Rusiyanın müxtəlif  bölgələrindən gənc futbol ulduzlarını tapıb dəvət etməkdir. Turnirdə 7-12 yaş arası uşaqlar iştirak edə bilər. Sonda 30 ən istedadlı futbolçu akademiyaya dəvət alır və akademiyanın hesabına təhsilini davam etdirir.
İlk dəfə 2014-cü ildə keçirilən turnirdə Rusiyanın müxtəlif  bölgələrindən 7 mindən çox gənc futbolçu iştirak edib. Ən maraqlısı isə ondadır ki, bu cür turnirlərdə iştirak edən uşaqların əksəriyyəti ilk dəfə özlərini böyük turnirlərdə sınamağa şans qazanırlar.
 
Ən son bu il keçirilən turnirə 1 iyun tarixində start verilib və bir ay boyunca Saratov, Soçi, Kalininqrad, Omsk, Yekaterinburq və Sankt-Peterburq şəhərləri turnirin mərhələlərini qəbul edib. Bu cür festivallarda uşaqlar nəinki futbol oynamağa, ən əsası futbolu öyrənməyə və gələcək professional karyeraları haqqında düşünməyədə şans qazanır.
 
Təbii ki, bu cür turnirlərin keçirilməsi böyük maliyyə xərcləri tələb edir. Ona görədə turnirə Rusiyanın ən nəhəng şirkətləri cəlb olunur və maraq göstərir. Və burada əsas məqsəd nəinki özünü reklam etmək, ən əsası - ölkə futboluna, gənc nəslin sağlamlığına, gələcək futbol ulduzlarının yetişdirilməsinə sərmayə qoymaqdan ibarətdir.
 
Bəs bizdə?
 
Bizdə isə (təbii ki, hamını nəzərdə tutmuruq- R.İ) əksər hallarda ancaq daha güclü futbolçular oyun praktikasına nail olur, qalanları isə öz şansını gözləmək məcburiyyətində qalır. Halbuki, 6-7-8-9 yaşlarında uşaqlar hələ də tam inkişaf etməyə bilər. Onların qabiliyyəti 10-11-12 yaşında da üzə çıxa bilər. Dünya praktikasında bunun çox nümunələri var. 
 
Nəyə görə başdan özünü göstərə bilməyən uşaqlar ehtiyat skamyasında oturmalıdırlar? Nəyə görə onlar oyun praktikasından məhrum olmalıdırlar? Fikrimizcə bu uşaqlara da özlərini sübut etmək üçün şans verilsə, onların ən azı 50%-i bunu praktikada doğrulda bilər.
 
Məşqçilər tərəfindən təzyiq
 
Bir məqama da toxunmaq istəyirik. Bu – məşçilər tərəfindən gənc futbolçulara olan təzyiq və onlara qarşı olan kobud davranışdır. Bu məhz 6-7-8 yaşlarından başlayır, yəni uşaqların futbolda ilk kövrək addımlarını atdığı zaman. Bunun nəticəsində də uşaqlar məşqçilərdən qorxur və bu qorxu onlarda oyun vaxtı da öz əksini tapır. Məşqçinin tapşırığı və əmri olmadan, uşaqlar meydanda sərbəst hərəkət etməyə çəkinirlər, qeyri-standart oyun nümayiş etdirməyə qorxurlar və nəticə etibarı ilə şablon oyun nümayiş sərgilənir.
 
Üzərində təzyiq hiss edən uşaqlar oyun zamanı yeni bir hərəkət etməyə, fənd işlətməyə və özünü tam göstərməyə çəkinir, çünki oyundan sonra onlar məşqçinin tənqid atəşinə tutulmaqdan qorxur.
 
Yalnız bir şey də var ki, ilk addımlardan bu cür təzyiqlərə məruz qalan və sərbəst addımlar ata bilməyən uşaqlar, gələcəkdə bir şəxs kimi nə inkişaf edə, nə də irəli gedə bilməz.
 
Misal
 
Daha bir misal gətirək. Elə məqçilər var ki (söhbət aşağı yaş qruplarından gedir – R.İ), onlar uşaqlara ancaq ötürmələrlə oynamağı icazə verir və sərbəst, tək başına rəqibi keçməyi qadağan edir. Bu cür taktikanı məşqçi "komanda oyunu” adlandırır. Yalnız unutmaq lazım deyil ki, bu taktika uşaqlarda gələcəkdə təkbaşına qərar verməyi, oyun zamanı rəqib komandanın futbolçusu ilə hər hansı bir epizodda təkbətək qalacağı təqdirdə səhvə yol verəcəyinə gətirib çıxara bilər. Belə epizodlarda, sərbəstliyə öyrəşməyən uşaqlar, tək başına qərar verməkdə çətinlik çəkir.
 
Epiloq
 
Yuxarıda qeyd etdiyimiz problemlər və onlardan çıxış yolları sırf  bizim fikrimizdir və bu o demək deyil ki, biz ancaq öz fikirlərimizi və söylədiklərimizi düzgün sayırıq. Əsla yox. Sadəcə olaraq, bu, mövcud problemlərə bizim öz şəxsi baxışımızdır. Gördüklərimiz və şəxsi təcrübəmiz nəticəsində ərsəyə gələn bu yazıda obyektiv olmağa və heç kimin əziyyətini yerə salmamağa çalışmışıq.
 
p.s. Sonda onu da qeyd edək ki, məqalədə bəhs edilən problemlər nəinki Azərbaycan futbolunun, dünya futbolunun da əsas problemlərindən biridir.
 
 
Yazı və Fotolar: Rauf İskəndərov / Premyer.az
Qeyd: Fotolar "Zirvə" (Bakı) Uşaq Futbol Klubunda çəkilib
 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.
334