» » » Uşaq akademiyaları ya təhsil? (LAYİHƏ)

Uşaq akademiyaları ya təhsil? (LAYİHƏ)

Uşaq akademiyaları ya təhsil? (LAYİHƏ)AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsində növbəti yazısını təqdim edirik.

Təhsil hər bir xalqı öz milli hədəflərinə doğru aparan yoldur. Təhsil millətin gələcəyidir. Nümayəndələri savadlı olmayan bir xalqın gələcəyi sual altında olur. Bu baxımdan təhsili millətin, dövlətin gələcəyinə nur saçan işıq, uğurlu zirvələrə daşıyan yol adlandırsaq yanılmarıq. Ən azından ona görə ki, bizdən 8 saat tez yuxudan duran və dünyanı insanabənzər robotları ilə heyrətləndirən, bu gün dünya güclərini qarşı-qarşıya qoyan strateji təbii ehtiyatlara malik olmayan yaponlar qurduqları ölkə ilə dünyanın ən güclü dövlətləri sırasında yer alıblar. Nəyin hesabına? Əlbəttə ki, yalnız təhsilin. Digər tərəfdən isə Azərbaycan idman ölkəsi kimi tanıdırıq, təbliğ edirik. Təhsili unutmaqla...


Valideynlərin çox övladlarının peşəkar idman karyerası qurması, gələcəyin "ulduz”u olması üçün üzərlərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışır. Övladını idman məktəbinə yazdırmaqla valideyn eyni zamanda həmin qurumla qanuni müqavilə də imzalayır. Təbii ki, idmançının təhsil prossesi də qanunla tənzimlənir. Eyni zamanda bir idmançı kimi onun karyerası da bu müqavilədən asılıdır. Amma bir məqam var ki, ölkəmizdə valideynlər ilk növbədə idman məktəbi seçərkən həmin yerin nə dərəcədə peşəkar olduğu, övladının təhsilində hansı probelmlərin yarana biləcəyini araşdırır. Əzəldən belə qavranılıb ki, uşaq idmançı olursa, deməli təhsildən kənarlaşır. Burada hardasa həqiqət də var. Çünki uşaq hər hansı bir idman növünə meyl etdiyi zaman o həmin sahədə öz yaşıdlarından yaxşı olmaq üçün çalışır və nəticədə məktəbdəki təhsilində axsamalar meydana çıxır. Dünyanın bəzi ölkələrində olan futbol akademiyalarında təhsil və idman eyni mərkəzdə həyata keçirilir. Yəni, akademiya daxilində uşaqlara həm təhsil verilir, həm də onlar idmanla məşğul olur. Həmin akademiyalarda dərs prossesi isə Təhsil Nazirlikləri ya da Təhsil İdarələrinin proqramı ilə həyata keçirilmir. Bunun üçün UEFA-nın xüsusi dərs proqramı var. Bəs, Azərbaycanda durum necədir? Məsələni araşdırmağa çalışdıq. Bunun üçün Qəbələ Futbol Akademiyasında vəziyətin necə olduğu ilə maraqlandıq. Bu da əbəs deyil. Çünki 2008-ci ildə "Qəbələ” Futbol Klubu Azərbaycanda bir ilki reallaşdırıb. Ölkəmizin futbol tarixində ilk dəfə Qəbələ şəhərində Futbol Akedemiyası yaradılıb. O vaxtdan ölkəmizin aşağı yaş qrupu üzrə ən istedadlı futbolçularından bir qismi də məhz həmin akademiyaya toplaşıb. "Qəbələ” Futbol Akedemiyası hazırda Azərbaycan uşaq futbolunun inkişafında özünəməxsus yer turur. Akademiyanın direktor müavini Nail Kərimov:


"Qəbələ” Futbol Akademiyasında olan uşaqlar üçün orta məktəb dərsləri tədris olunmur. Akademiyada olan uşaqlar şəhərdəki orta məktəbdə öz təhsillərini davam etdirirlər. Dərs günləri Akademiyanın xüsusi avtobusu həmin uşaqları məktəbə aparıb, gətirir. Amma akademiyada sinif otaqları var. Eyni zamanda Akademiyamızda xüsusi müəllimlər də mövcuddur ki, həmin müəllimlər bu uşaqların növbəti dərs gününə hazırlığı ilə məşğul olur, onlara köməklik göstərir. Uşaqların məşq prossesi də onların orta məktəb qrafikinə uyğunlaşdırılıb. "Qəbələ” Futbol Akademiyası yarandığı vaxtdan biz Akademiyanın eyni zamanda tədris müəssisəsi kimi fəaliyyətinə qarşı çıxmışıq. Bu da səbəbsiz deyil. Çünki futbol əsasən kişi idman növüdür. Burada olan oğlan uşaqlarının dünyagörüşünün artması, onların sosial mühitə adaptasiyası, əks cinsin nümayəndələri ilə ünsiyyəti vacib məsələdir. Burada əks cinslə münasibət dediyimiz vaxt onu nəzərdə tuturuq ki, oğlan uşaqları qızlar olan mühitdə hərəkətlərinə, davranışlarına, danışıqlarına diqqət yetirir. Buna görə də, bu uşaqların belə mühitdə olması gələcək həyatları, onların xarakterli bir fərd kimi yetişməsində vacib amillərdəndir”.


Təbii ki, valideyn qayğısı olmadan, təkbaşına akademiyada qalmaq, təhsili yad şəhərdə davam etdirmək uşaq psxologiyasına təsir edən amillərdəndir. Akademiyada olan müəllimlər hər nə qədər onların təhsilinə köməkçi olsa da, bu ailənin yerini verməz. Mövzumuzla bağlı psixoloq fikrini də önəmli hesab etdiyimizdən həkim-psixoloq Sevinc Məhərrəmovaya müraciət etdik:


"Yenitmə dövründə valideynlər çox diqqətli olmalıdırlar. Uşağın bu dövrü sakit psixikada keçirməsi, travma almamağı üçün valideynin maariflənməyi şərtdir. Bu onun öhdəsinə düşən bir məsuliyyətdir. Türkiyədə bu dövrə professorlar "keçici şizofreniya” dönəmi də deyirlər. Yəni, həmin yaş dövründə olan uşaq istənilən addımı ata bilər. İndi idman deyildiyi vaxt valideynlərin çoxu övladının futbolla məşğul olmasının tərəfdarıdır. Bu də səbəbsiz deyil. Çünki futbol sahəsində uağın gələcəkdə daha çox qazanc əldə etməsini istəyir. Amma akademiyalarda uşaqların futbolla məşul olmasını istəyərkən, digər tərəfdən ona vurulan zərbəni unudurlar. Deyək ki, uşaq yaxşı futbol oynayır, amma onun futbola marağı yoxdur. Valideyn uşağı məcbur edir ki, futbolla məşğul olsun. Uşaq da həvəssiz həmin akademiyaya yollanır və depressiyanın, özünəqapanmanın, heç bir uğur qazanmamağın təməli elə burada qoyulur. Bu məqamda akademiyanın heç bir günahı yoxdur. Onlar seleksiyaçıdır, seçim edirlər. Bu seçimi səhv yönləndirən isə valideyn olur. Ona görə də futbola həvəsi olan, öz bacarığını kəşf etmiş və bunu inkişaf etdirməyə meyilli olan uşağı akademiyaya cəlb etmək lazımdır. Yeniyetmə psixologiyasında belə bir reallıq var ki, dörd sahədə uşaq uğur qazanmalıdır. Birincisi ya dərslərində əla qiymətlər almalıdır, bununla öyünməlidir. Ya qarşı cins tərəfindən ciddi rəğbət qazanmalıdır və bunun fərqində olmalıdır. Bu maraq onu həyata motivasiya edir. Digər məsələ sosial aktivliyi –idman və s. Sonuncu isə dostları arasında "avtoritet” olması. Yəni, rəğbət qazanması, hörmət edilməsi,onu sayırlar və məşhur biri kimi görünür. Bunlardan hər hansı biri olur və bu mövcud durum valideynə "sərf etmir”. Ona görə də, uşağın psixologiyasının əleyhinə addım ataraq onun depressiyaya düşməyinə səbəb olur. Hər bir uşağa individual yanaşılmalıdır. Fərdi yanaşmada isə akademiya daxilində məktəbin olması kimisə yeknəsək həyata öyrəşdirir, kimisini isə əksinə. Çünki burada olan bütün uşaqlar eyni deyil. Onların içərisində belə mühitdə belə öz sosiallığını təmin edənlər olacaq. Akademiyalar daxilində məktəbin olması zamanla həmin uşaqlarda komplekslərin formalaşmasına gətirib çıxara bilər. Bunun terapiyası isə çox uzun zaman alır. Təhsilin, tədrisin önəmini hər birimiz bilirik. Amma dünya psixoloqları emosional zəkaya daha çox üstünlük verirlər. Emosional zəka dediyimiz anlayış insanın həyata uyğunlaşa bilmək qabiliyyətidir. Təhsildə geri qalacaq deyə onu daha çox uğur qazanacağı sahədən də kənarlaşdıra bilmərik. Məsələn, övladımız mükəmməl futbol oynayır, amma biz onun həkim olmağını arzu edirik. Bu gedişlə də onu fərqli istiqamətə yönləndiririk. Beləliklə, uşaq nə öz bacarığı olan sahədə, nə də biz istədiymiz sahədə uğur qazana bilmir. Öz məqsədlərimiz üçün onu gələcəyini heç edirik”.

 

 

Uşaq akademiyaları ya təhsil? (LAYİHƏ)Bu gün futbol akademiyalarının olması sevindirici haldır. Amma o akademiyaların yetirmələri bu günü heç də parlaq olmayan Azərbaycan futbolunda nə qədər uğur qazanacaq? Ümumiyyətlə onların adı ölkə futbolçuları siyahısında olacaq? Həmkarlarımızdan biri bu yaxınlarda dedi ki, "filan” futbol akademiyasının U-17 komandasının kapitanı olan uşaq indi qoyun otarırır. Yəni, qayıdıb öz kəndinə və çobanlıq edir. Ağrılıdır. Akademiyada uğurlu futbol karyerası xəyalları quran bir uşaq bu gün hansı aqibətlə üzləşib.

Dahi Nizami demiş:

Bir elmi öyrənmək istədikdə sən

Çalış ki hər şeiy kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Odur ki, hörmətli valideynlər. Övladlarınızı "məşhur futbolçu” görmək arzunuza hörmətlə yanaşırıq. Amma ölkəmizdə onun bu "gələcəyə” sahib olmama ehtimalı daha çoxdur. Bu yaxınlarda "Oxusunlar ki, gələcəyimiz olsunlar!” adlı bir layihəyə start verilmişdi. Layihənin adı diqqətimizi çox çəkdi. Oxusunlar!

Oxumaqdan qorxmayın, siz ya Leonard Vud kimi rəfdən kitab götürərkən başınıza düşən kitabdan iflic ola, Folknerin "Avessalom. Avessalom” kitabını yerinə qoyarkən yıxılıb qolunuzu qıra, ya da "Karamazov qardaşları”nı oxuduqdan sonra onu tikələyib yeyərək bağırsaq çevrilməsindən ölə bilərsiz. Amma yenə də oxumaq lazımdır. Oxumaq lazımdır ki, kitab rəfinizdə bir-birini xoşlamayan yazarların, Şekspirlə Kristof Marlonun kitablarını yan-yana qoymayasız. Çünki Lorka özü də bunu istəməzdi....

Deyəsən, sənin üçün çox qəliz oldu, futbolçu qardaşım...

Nə isə.. Sağlıq olsun!


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 


 

108