» » » ”MÜASİR UŞAQ FUTBOLUNUN PROBLEMLƏRİ” (LAYİHƏ)

”MÜASİR UŞAQ FUTBOLUNUN PROBLEMLƏRİ” (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?”  layihəsində ilk yazısını təqdim edirik.
 
Təməl
 
Danılmaz faktdır ki, son illər böyük futbolla yanaşı, Azərbaycanda uşaq futbolu da inkişaf etməkdədir. Yeni futbol stadionlarının tikintisi, futbol məktəblərinin və akademiyaların açılışı, klubların nəzdində müxtəlif yaş qrupları üzrə komandaların yaradılması, məktəblərdə futbolun tədrisi və futbol seksiyalarının açılışı, ölkəmizdə uşaqlar arasında müxtəlif futbol turnirlərin və yarışların keçirilməsi və digər bu kimi tədbirlər uşaqların futbola olan marağını, uşaq futbolundakı kütləvililiyi artırır.
 
Bunlar məsələnin müsbət, eyni zamanda alqışlanası tərəfidir. Amma bir tərəfdən də uşaq futbolundakı problemlər saymaqla bitmir.  Dünya praktikasına nəzər yetirsək, klubların aşağı yaş qruplarından yetişən futbolçular bu gün əsas komandaların, millilərin heyətində "at oynadır”. Bəs, bizimkilər? Bizdə düz-əməlli futbolçu yoxdur deməklə bu işdən canımızı qurtarırıqsa, lap yaxşı.
Belə olan halda nəyin davasını edirik ki? O zaman niyə klublarımızdan, millimizdən uğurlu nəticə gözləyirik ki? Axı, içi sən - mən qarışıq deyirik ki, olanımız budur. Xeyr! Vaxtilə Sovet futbol məktəbinin əsas vuran ayaqları azərbaycanlılar deyildimi? Bu gün hansısa ölkədə yaşayan "azərbaycanlılar”ı millimizə cəlb etmək acizliyimizdir. Bəli, onların da bu ölkənin millisində oynamaq hüququ var. Amma necə deyərlər, əvvəl evin içi, sonra çölü. Bütün bunların əsasını da övladlarımızın yaxşı yetişməsində bizim hansı işləri gördüyümüz məsələsi durur. Yenə də gəlib uşaq futbolunda "ilişirik”.
 
Qeyd etdiyimiz kimi, uşaq futbolunun inkişafı – ölkənin əsas millisinin və müxtəlif yaş qrupları üzrə yığma komandaların uğur və yüksək nəticə əldə etmələrinin əsas təməllərindən biridir. Ona görə də uşaq futbolunun inkişafına dövlət səviyyəsində yetərincə diqqət yetirilməsi və bu sahədəki problemlərin aradan qaldırılması üçün, müvafiq addımlar atılmalıdır.  
 
Təbii ki, dövlətin idmana qayğısı danılmazdır. Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmaq üçün ayrı-ayrı federasiyalara lazım olan bütün köməklik göstərilir. AFFA da bu "hədiyyə”dən öz payını alanlar içərisindədir. Bəs, bir əlini dövlətin (SOCAR) tutduğu AFFA, o biri əlini uşaqlara uzadır? Düzdür, Federasiyanın hesabatlarında bu öz əksini tapır. Uşaq futboluna ayrılan vəsait "əhsən” deməyə əsas verir. Lakin deyilənlə edilən arasında yerlə göy qədər fərq olduğu da bəllidir. Məqsədimiz AFFA-nın işlərinə kölgə salmaq, ya da görülən işləri gözardı etmək deyil. Amma uşaq futbolu məsələsində federasiyanın planları ilə görülən işlərin bir-birini tamamlamadığı məlum məsələdir.
 
Köhnəlmiş  dərs  proqramları
 
Orta məktəbdə oxuduğumuz vaxt ən çox sevdiyimiz fənn "Bədən tərbiyəsi” idi. Ona görə yox ki, əməlli başlı idmanla məşğul olurduq, doyunca futbol oynayırdıq. Yox, əksinə. Bu fənn "istirahət” və "evə qaçmaq” üçün əla fürsət idi. Bu tendensiya bu gün də davam edir. Məktəblərdə ən qeyri-ciddi yanaşılan fənnlərdən biri "Bədən tərbiyəsi”dir. Sağlam gələcəyimizi elə "beşikdə boğuruq”. Bu gün ölkəmizdə kifayət qədər idman məktəbi var və onların çoxluğu  uşaq futbolunun effektiv şəkildə inkişaf etməsi anlamına gəlmir. Çünki məktəblər kağız üzərində inkişaf edə bilər. Konkret işə gəlincə isə bəzən məlum olur ki, dərslərin keyfiyyəti və nəticəsi heç də tələb edilən minimal standartlara cavab vermir.
 
Belə olan hallarda nəinki uşaqların, hətta məşqçilərin də dərsə olan həvəsi kifayət etməyə bilər. Məşqçilərin yeni qaydalara və tədris üsullarına riayət etməmələri və ya işlərini natamam görmələri, tətbiq etdikləri dərs proqramlarının isə artıq köhnəlməsi, yeni tədris proqramlarına uyğun gəlməməsi uşaq futbolundakı  problemlərin sadəcə olaraq biridir.  Necə deyərlər bizdə çox vaxt "vur qabağa” prinsipi tətbiq edilir.  Növbəti yazılarımızda uşaq futbolunda məşqçilərin işinin nə dərəcədə qənaətbəxş olması məsələsinə xüsusi diqqət yetirəcəyik.
 
Futbolçu seçimi
 
Bu gün ölkəmizdə uşaq futbolunun "təbliğ” edilməsinə öz "töhvələrini” verən pullu futbol məktəbləri də mövcuddur. Onlarda məşqlərin hansı səviyyədə aparılması ilə maraqlanıb, sizə ətraflı məlumat verəcəyik. Bəs, akademiyaları olan klublarımızda "seçim”  hansı kriteriyalara əsasən aparılır? Azərbaycanda "tapşırıq”la kimlərin haralara gəldiyini deməyimizə ehtiyac yoxdur. Bu uşaq futbolunda da var. Acı həqiqətdir ki, komandalara gənc futbolçuların seçimi bəzi  hallarda onların qabiliyyətinə görə deyil, valideyinlərin xahişi tanışlığı ilə aparılır. Belə bir durumda zəif oyunçular uzun müddət komandadan ayrılmır, bir neçə güclü oyunçu isə daima komandanı qələbəyə doğru "çəkmək” məcburiyyətində qalır. Təbii ki, bu vəziyyətdə yaxşı nəticə əldə etməkdən söhbət belə gedə bilməz. Bu problem təkcə Azərbaycanda deyil, keçmiş postsovet məkanında da geniş yayılmaqdadır.
 
Yaş həddi
 
5 yaşdan yuxarı olan uşaqlar klublara könülsüz götürülür, çünki Azərbaycandada belə bir yazılmamış qayda var ki, 7-8-9 və ya 10 yaşında artıq futbola başlamaq gecdir. Yalnız dünya futbol praktikası göstərir ki, bu heç də belə deyil.  Misal olaraq bir çox dünya futbol ulduzunun adını çəkə bilərik ki, onlar futbola çox gec yaşlarında başlamalarına baxmayaraq, böyük uğurlar əldə etməyə müvəffəq olublar.
 
Zənnimizcə bu məsələdə mövcud olan problem yaş həddində yox, uşaqda futbola olan (və ya olmayan) maraqdadır. Futbola heç bir marağı olmayan, bu idman növünə valideyinlərin təkidi ilə gətirilən uşaqdan gələcəkdə hər-hansı bir yüksək nəticə gözləmək və ya tələb etmək absurddur. Məhz buna görə də seçim zamanı məşqçilər uşağın yaşına yox, qabiliyyətinə və futbola olan sevgisinə, futbol "biliyinə” xüsusi ilə diqqət yetirməlidir.
 
Təzyiq problemi
 
Azərbaycanda klubların aşağı yaş qrupu komandaları AFFA bayrağı altında öz həmyaşıdları ilə çempionat keçirir (Bu çempionatın nə qədər absurd qaydaları olduğu barədə növbəti yazılarımızda məlumat verəcəyik – R.İ). Hədəf də bu çempionatda yüksək yerlərdən birini tutmaqdır. Yəni məşqçilər uşaqların futbolunu inkişaf etdirməkdən çox, "bu həftə filan komanda ilə oyunumuz var, udmalıyıq ha” deməklə, həmin körpələr üzərində bir basqı formalaşdırır.  Dolayı yolla, komandadan hər zaman yüksək nəticələr gözlənildiyi üçün, uşaqlara daim təzyiq göstərilir. Özünün hələ hansı mövqedə oynayacağını "tapa” bilməyən uşaq, istədi-istəmədi məqçi dediyi mövqedə "can çəkişir”. Yəni, onların şəxsi keyfiyyətləri  məşqçi, müəllimlər tərəfindən əksər hallarda nəzərə alınmır. Nəticədə belə uşaqlar özlərini komandada narahat hiss edir, psixoloji gərginlik keçirir, daim məğlubiyyət və səhv etmə qorxusu isə onlara oyundan zövq almağa, sərbəst inkişaf etməyə əngəl olur.
 
Hər bir uşaq ilk növbədə özünü komandada şəxsiyyət kimi hiss etməlidir, çünki yalnız belə olan halda o öz üzərində çalışa və inkişaf edə bilər. Bunun üçün isə məşqçi heyətinə böyük yük düşür.  Gələcək ulduzların yetişdirilməsində futbolda  kövrək addımlarını atan uşaqların ilk məşqçilərinin böyük rolu var. Əbəs yerə deyil ki, hər-hansı bir tanınmış futbolçudan müsahibə alındığı zaman, ondan ilk növbədə birinci məşqçisinin adı soruşulur.
 
Həddindən artıq yüklənmə
 
Digər bir problem – uşaqların həddindən artıq yüklənməsidir. Önündə yalnız qələbə qazanmaq məqsədi qoyan və maliyyənin artırılması dalınca qaçan müəllim və məşqçilər, uşaqların qüvvədən düşməsini, müxtəlif dərəcəli zədələr almasını gözdən qaçırır. Bu da uşaqların sağlamlığına mənfi təsir göstərir və onların düzgün inkişaf etməsinə əngəl olur. 
 
Ümumiyyətlə uşaq futbolundakı zədə - xəstəliklər problemi ayrı bir mövzunun predmetidir və biz bu problemə də digər yazılarımızda geniş yer ayıracağıq. Mövzunun həssaslığı bu problemə ekspert gözü ilə baxmağı tələb edir.
 
Yüklənmə məsələsinə qayıdınca isə, məqsəd nəticəyə yox, texnikaya yönəldilməlidir. Belə olan halda isə qələbələr də özünü çox gözlətməyəcək. Yalnız bir şeyi də nəzərə almaq lazımdır ki, kor-koranə şəkildə yüklənməni artıraraq, yüksək texnika əldə etmək mümkün deyil. Bəzən bu əks nəticələrə də gətirib çıxara bilər.
 
Kəmiyyət və keyfiyyət
 
Ölkəmizdə fəaliyyət göstərən idman və futbol məktəbləri, akademiyaları hər il yüzlərlə, hətta minlərlə gənc futbolçu yetişdirir. Bəs, bu qədər futbolçuya tələbat və ehtiyac varmı?
 
Eyni tipli futbolçuların çoxluğu, güclü şəxsiyyətlərin (futbolçuların) isə kritik şəkildə çatışmazlığı – uşaq futbolumuzun digər problemlərindən biridir. Gələcəkdə böyük uğurlar əldə edib, məhşur olmaları üçün güclü futbolçuları uşaq vaxtından tapıb seçmək lazımdır.
 
Yalnız uşaq futbolunun problemlərinə diqqət yetirib, onları həll etdikdən sonra Azərbaycan futbolunun ümumi inkişafından söhbət gedə bilər. Biz, jurnalistlərə gəlincə isə, bizim işimiz bu problemləri araşdıraraq, onları futbol ictimaiyyətinə və geniş oxucu kütləsinə çatdırmaq və beləliklə də məsələnin kütləviləşdirilməsinə nail olmaqdır.
 
Rauf İskəndərov / Premyer.az
 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

169