» » » Samir Qasımovun əziz xatirəsinə.. "Vaxtsız ölüm və heç kəsin görmədiyi film" (VİDEO)

Samir Qasımovun əziz xatirəsinə.. "Vaxtsız ölüm və heç kəsin görmədiyi film" (VİDEO)

Ölkə futbolu ilə bağlı bir çox filmlər çəkilib, süjetlər efirə gedib, videoçarxlar nümayiş etdirilib. Ancaq futbolsevərlər bir videonu heç vaxt görməyib, tamaşaçılar ona qiymət verə bilməyib. Söhbət indi çoxlarının adını unutduğu, "Əhməd haradadır” filmindən "sürücü Əhməd” kimi tanınan aktyor və rejissor Elxan Qasımovun yolunu davam etdirən, hər kəsin istedadına heyran olduğu oğlu Samir Qasımovun hazırladığı qısametrajlı filmdən gedir.
 
32 yaşında ağır avtomobil qəzasında dünyasını dəyişən rejissorun futbola uşaq yaşlarından böyük marağı olub. O, uşaqlıq dostu, daim məhəllədə birlikdə futbol oynadığı, sonradan peşəkar futbolçu olan və bir çox futbol və futzal klublarımızda çıxış edən Samir Məmmədova həsr etdiyi və "mən futbolu sevirəm, çünki bu oyun bir incəsənət növüdür”, sözləri ilə başlayan videonu 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatı ərəfəsində kiçik həcmli futbola aid filmlərin festivalına göndərir.
Oxuduğu Abdulla Şaiq adına 54 saylı məktəbin torpaq meydançasında futbola başlayan Samir Məmmədova həsr edilən film ilk mərhələdən uğurla keçərək, müsabiqənin finalına adlayır. Filmin sonrakı taleyi isə məlum deyil. Buna səbəb, Samir Qasımovun Almaniyadan cavab gözləyərkən, yol qəzasında dünyasını dəyişməsi olur. Bütün yazışmalar mərhumun şəxsi email ünvanında olduğundan filmin sonrakı taleyi barədə heç bir məlumat almaq olmur.
 
Hazırda "Marafon” futzal klubunun prezidenti olan Samir Məmmədov sabiq dostu ilə bağlı bunları deyib: "Samir Qasımov çox gözəl və çox mərd oğlan idi. Uşaqlıqdan birlikdə böyümüşdük, futbolla nəfəs alırdı. Şəxsən mən ondan çox şey gözləyirdim. Təkcə mən yox, çox adam gözləyirdi. Çox istedadlı, iddialı oğlan idi. Vaxtsız aramızdan getdi. Allah rəhmət eləsin”.
 
Sportfm.az
114