» » » AFFA kisənin ağzını açdı! Qələbəyə görə millimiz nə qədər mükafat alacaq?

AFFA kisənin ağzını açdı! Qələbəyə görə millimiz nə qədər mükafat alacaq?

Milli komandamız bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək. Bu, adıçəkilən rəqiblə 6-cı duelimiz kimi tarixə keçəcək. Qarşılaşma cari seçmə mərhələdə ümumilikdə 6, evdə isə 3-cü matç olacaq. Daha əvvəl evdə keçirilən 2 qaşılaşmada Norveçi üstələsək də (1:0), Almaniya ilə görüşdə darmadağından qaça bilməmişdik (1:4).

Britaniyalılarla duelin dəyəri heç nəylə ölçülməz. 2013-cü ildə də onları Bakıdan əli ətəyindən uzun yola salmışdıq. Rüfət Dadaşov və Mahir Şükürovun vurduğu qollarla 2:0 udmuşduq. Bu hesab Berti Foqtsu ağır tənqidlərin ağuşundan dartıb geri almışdı. Qazanc da öz yerində. 

AFFA bu gün yenə kisənin ağzını açıb. Qələbə start heyətində meydana çıxacaq hər bir futbolçuya 80 min manat qazandıracaq. Sonradan forma şansı əldə edəcək oyunçulara göstərilən məbləğin 75 faizi veriləcək. Qətərlə son yoxlama görüşündə 2:1 hesablı nəticəyə sevinən komanda üzvlərini 5000 manat irəli salan federasiya rəhbərliyi Şimali İrlandiya ilə matçda uğura ümid bəsləyir.
 
Necə də olmasa, son şansımızdı. Hazırda 7 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşmışıq və bü gün əldə olunacaq qələbə millimizin liderlər qrupundan qopmamasını təmin edəcək. Adalı rəqiblə xalları bərabərləşdirəcək, Çexiyanın büdrəməsini arzulayacağıq. Allah göstərməsin, məğlubiyyətlə üzləşsək, 2-ci yerdən əlimizi çəkməliyik. Bu isə "Niyə də yox?!" lozunqu ilə Rusiya yoluna çıxan yığmamızın kövrək mundial xəyalları ilə erkən vidalaşmasını rəsmiləşdirəcək. (sportinfo.az)
364     
Reklam

Reklam