» » » Futbolumuzun “Əhməd Əliyev”ləri (YAZI)

Futbolumuzun “Əhməd Əliyev”ləri (YAZI)

Futbolumuzun “Əhməd Əliyev”ləri (YAZI)"Tikinti sahəsində nə qədər Əhməd Əliyev var, hamısını yığışdırıb göndərin yanıma, təcili!" Yəqin ki, bu sözləri xatırladınız. 1963-cü ildə mərhum rejissor Adil İsgəndərov tərəfindən çəkilmiş "Əhməd haradadır?" filmini çoxları, özü də dəfələrlə izləyib. Filmdə tikinti sahəsində çalışan övladı Əhməd Əliyevi axtarın Şirin dayı (Məmmədrza Şeyxzamanov) və Nərgiz xala (Nəcibə Məlikova) qəribə vəziyyətlə üzləşirlər. Məlum olur ki, idarədə onlarla Əhməd Əliyev işləyir. Yoldaş Zülümovun (Lütfəli Abdullayev) bu işdə onlara etdiyi "kömək" isə məlumdur. Məhz onun yuxarıda işlətdiyi sitat sonradan zərb-məsələ çevrilib. Futbol statistikası haqqında yazıya girişi bu tərzdə verməyimizin səbəbi əbəs deyil. Futbolumuzun da xeyli "Əhməd Əliyev"lər var. Təəssüf ki, yoldaş Zülümov kimi onlar tez-tez səhv salırnır.
Mövsüm başa çatmaqla klublar, məşqçilər, futbolçular, bir sözlə futbol təsərrüfatı ilə bağlılığı olan əksəriyyət dincəlmək üçün müəyyən vaxt qazanır. Amma bunu futbol statistiklərimizə qismən aid etmək olar. Mövsümün gedişində hər turdan, hər oyundan sonra statistik məlumatları yeniləmək məcburiyyətində qalan statistiklərin işi çempionat bitdikdən sonra da davam edir. Keçirilən oyunlar, vurulan qollar, qazanılan qələbələr... Hər bir futbolçunun, komandanın adına bu məlumatları yeniləmək asan iş deyil. Həm də böyük diqqət tələb edir. Xırda diqqətsizlik böyük səhvlərə gətirib çıxara bilər. Necə ki, bir neçə il əvvələ kimi belə səhvlərin içində "itib-batmaq" olardı.
 
1992-ci ildən keçirilən futbol çempionatımızın statistikasını aparan şəxslər zaman-zaman ciddi problemlərlə üzləşiblər. Məsələn, 2003-cü ilə kimi I Divizionda keçirilən oyünların protokollarının olmaması bu liqaların statistikasında böyük boşluqların yaranmasına səbəb olub. Həmin boşluqları doldurmaq təəssüf ki, artıq mümkün deyil. Premyer Liqa ilə bağlı statistik boşluqlar da kifayət qədərdir. 2015/16-cə illər mövsümü başa çatdıqdan sonra statistik Vüqar Xeyrullayev bu boşluqlarla bağlı geniş yazı hazırmış, yaranma səbəblərini göstərmişdi. Onlardan biri də çempionatlar tarixində eyni adı və soyadı daşıyan futbolçularla bağlı idi. Başqa sözlə, "Əhməd Əliyev"lərlə. Artıq, 2016/17-ci illər mövsümü də yekunlaşdığından futbolçuların statistikasında yeniləmələr aparmağın vaxtıdır. Vüqar Xeyrullayevin köməyi ilə çempionatlar tarixində eyni ad və soyada malik futbolçularla bağlı faktları araşdırmaq qərarına gəldik. Məlum oldu ki...
 
Ötən ilə kimi 55 halda eyni ad və soyadı daşıyan futbolçu var idi. Rəqəm dəyişməyəcəkdi. Amma bu mövsümün sonuncu turunda AZAL - "Zirə" matçında meydan sahiblərinin heyətində Premyer Liqada ilk oyununa çıxan Fuad Bayramov işləri "korladı". "İnter"in də Fuad Bayramov adlı futbolçusunun olduğunu nəzərə alsaq, çempionatda 2 Fuad Bayramovun varlığını görərik. Adlar və soyadlar eyni olsa da, təbii ki, bu futbolçuları qarışdırmaq olmaz. Necə ki, indiyə kimi bir çox hallarda "qarışıqsalma" söhbəti futbolçuların statistik göstəricilərinin hazırlanmasında əməlli-başlı problemlər yaratmışdı.
 
Faktlara müraciət edək. Vikipediyada futbolumuz və futbolçularımız haqqında yanlış məşumatlar kifayət qədərdir. Bu barədə daha əvvəl hazırladığımız "Futbolumuzun özünəoxşar vikipediya səhifələri" yazısında geniş məlumat verdiyimizdən mövzuya yenidən qayıtmağı lazım bilmirik. Lakin fakt göstərmək üçün həmin yazıda gedən bəzi məlumatları yenidən yazmağa məcburuq. Məsələn, çempionatlar tarixində ən çox oyun keçirən futbolçu Mahmud Qurbanovdur - 421 oyun. Amma müxtəlif mənbələrdə, o cümlədən vikipediyada Premyer Liqa ilə bağlı hazırlanmış səhifədə bu ad Azər Məmmədova məxsusdur. "Viki"yə görə, Azər 445 oyunda meydana çıxıb. Əslində isə bu rəqəm 388-dir. Azərin oyun sayının şişirdilməsi "Əhməd Əliyev" məsələsi ilə bağlıdır. Belə ki, indiyə qədər Premyer Liqada Azər Məmmədov adlı 3 futbolçu çıxış edib. Görünür, bəziləri diqqətsizlik edərək 1996/97-ci illər mövsümündə "Şəmkir"də cəmi 8 oyunda meydana çıxan Azər Məmmədov və "Turan Tovuz"un futbolçusu, bir neçə gün əvvəl "Kəpəz”ə keçmiş Azər Məmmədovun statistik göstəricilərini oyun sayına görə 2-ci yerdə qərarlaşan Azər Məmmədova "bağışlayaraq" onu birinci ediblər. Azərlərin səhv salınması ilə bağlı maraqlı daha bir fakt. Bir neçə il əvvəl bununla bağlı araşdırma aparanlar gülməli vəziyyətlə üzləşiblər. Məlum olub ki, bir futbolçu eyni turda, eyni vaxtda 2 komandada oynayıb. Əlbəttə, bu heç bir halda mümkün deyil. Məsələ burasındadır ki, 1996/97-ci illər mövsümündə "Şəmkir"də də, "Kəpəz"də də Azər Məmmədov adlı futbolçu çıxış edib. Turların birində bu futbolçular öz komandalarının heyətlərində ayrı-ayrı şəhərlərdə, özü də eyni vaxtda oyuna çıxıblar. Lakin ad və soyadlarının eyni olması bəzilərini çaşdırıb və şəmkirlinin oyun sayı gəncəlinin oyun sayının üzərinə gəlinib.
Buna bənzər hadisə bir neçə il əvvəl yığmamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun başına gəlib. İFAB-ın (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) Rəşad Sadıqovun yığmada 100 oyun keçirməsi barədə verdiyi xəbərdən sonra məlum olmuşdu ki, məlumat yanlışdır. Rədaş Sadıqov o vaxt yığmada 100-dən az oyun keçiribmiş. Əcnəbilər Rəşad Sadıqovu yığmanın digər üzvü Rəşad Sadiqovla səhv salmışdılar. O vaxt Vüqar Xeyrullayevin sayəsində bu problem yoluna qoyulmuşdu.
 
Futbolumuzun "Əhməd Əliyev”ləri bu cür hallardan sığortalanıblarmı? Təbii ki, əgər "sığortaçı" rolunu işini dərindən bilənlər oynasa, bəli. Təəssüf ki, "saxta sığortaçılar" həyatın hər sahəsində olduğu kimi futbol statistikasında da var.
 
Ad-soyadı eyni olan futbolçuların statistik göstəricilərində yaranan problemlər barədə qısa da olsa məlumat verməyə çalışdıq. Eyni problem sonradan ad və ya soyadını dəyişən futbolçuların statistik göstəricilərinin hesablanmasında da yaşanır. Bu haqda növbəti yazımızda geniş bəhs edəcəyik. İndi isə eyni ad-soyada malik futbolçularla bağlı mövzunu yekunlaşdıraq. 25 illik çempionatlar tarixində 125 futbolçunun ad-soyadı ən azı 2 halda təkrarlanıb. Fərqləndirmə olmasa, onları 56 futbolçu kimi qəbul edə bilərik. İndiyədək Ruslan Hüseynov və Ruslan Məmmədov adlı 4 futbolçu müxtəlif vaxtlarda çempionat oyunlarında çıxış edib. 9 eyni ad-soyada 3, 45-nə isə 2 halda rast gəlinir. Təbii ki, çempionatların bir-birini əvəz etdikcə adaşların da sayı artacaq. Həm də bəzi "Əhməd Əliyev”lərin hələ də kareyralarını davam etdirdiklərini nəzərə almaq lazımdır. Azacıq diqqət yetər ki, kiminsə haqqını başqasının adına yazılmasın.
İlqar TAĞIYEV
"Het-trik news” qəzeti
 
651     
Reklam

Reklam