» » » Futbolumuzun özünəoxşar vikipediya səhifələri (YAZI)

Futbolumuzun özünəoxşar vikipediya səhifələri (YAZI)

Futbolumuzun özünəoxşar vikipediya  səhifələri  (YAZI)Vikipediya - müstəqil internet ensiklopediyadır. 2001-ci ilin yanvarında Cimmi Ueyls və Lari Senger tərəfindən istifadəyə verilib. Hazırda giriş sayına görə dünyada 5-ci saytdır. Vikipediyanın səhifələrində 500-dən çox dildə demək olar ki, çox şey haqqında məlumat tapmaq mümkündür. O cümlədən futbolla bağlı.
Vikipediyada Azərbaycan futbolu və futbolçuları ilə bağlı məlumatlar da az deyil. Təəssüf ki, bir çox onlar ya səthidir, ya da səhvlərlə zəngindir. Səhvlər nədən ibarətdir? Nəyə görə bir çox hallarda vikipediyada futbolumuz və futbolçularımızla bağlı məlumatlar az olur, yaxud yenilənmir? Bu çatışmazlıqları aradan qaldırmaq mümkündürmü? Bu suallara cavab tapmağa çalışacağıq.
Mövzu yetərincə geniş olduğundan nümunə kimi milli çempionatlar tarixində 300-dən çox oyun keçirən futbolçuların vikipediya səhifələri haqqında məlumat vermək və orada gedən səhvləri göstərmək qərarına gəldik. Təəssüf ki, 300 həddini aşmış 16 futbolçunun bəzilərinin heç bir dildə vikipediya səhifəsi yoxdur. Səhifəsi olanlarda isə məlumatlar geniş deyil. Bundan yana demək olar ki, hamısının statistik göstəricilərində yanlışlıqlar var.
 
Mahmudun "yeyilən" haqqı və ya 3 Azər bir arada
 
Başlayaq ən titullu futbolçumuz olan Mahmud Qurbanovdan. Mahmudun vikipediyada azərbaycan, rus və ingilis dillərində səhifələri var. Lakin həmin səhifələrdəki statistik göstəricilərin bir çoxunda fərqlilik mövcuddur. Birincisi, futbolçunun Azərbaycan dilində olan səhifəsində 2011/12-ci illər mövsümündə çıxış etdiyi son klub "Sumqayıt"ın adı göstərilməyib. Rus və ingilis dillərindəki səhifələrdə isə bu yazılsa da, orada fərqlilik var. Belə ki, rus variantında "Sumqayıt"da 17 oyun keçirildiyi göstərilən "professor"un 1 qol vurduğu yazılıb. İngilis variantında isə bu rəqəm sıfırdır. İngilis variantı doğrudur, Mahmud "Sumqayıt"ın heyətində fərqlənməyib. İkincisi, nə Azərbaycan, nə də rus variantlarında futbolçunun Premyer Liqada keçirdiyi oyunların sayı cədvəldə ümumiyyətlə, göstərilməyib. Mahmud haqqında yazının gedişində isə "1992-ci ildən keçirilən Azərbaycan milli çempionatlarının hamısının iştirakçısı olan Mahmud Qurbanov ən çox oynayan futbolçudur. 38 yaşlı yarımmüdafiəçi ölkə çempionatında 404 oyun keçirib ki, bu da rekord nəticədir" yazılıb. Doğrudur, Mahmud oyun sayına görə rekordçudur. Amma çempionatlar tarixində 404 deyil, 421 oyun keçirib. Hansı ki, bu rəqəm ingilis variantında yer alıb. Bəs, fərqliliyə səbəb nədir? Kiçik araşdırmadan sonra məlum oldu ki, Mahmud Qurbanovun Azərbaycan dilindəki səhifəsində son yenilənmə 2014-cü ildə aparılıb və bu, onun məşqçilik fəaliyyəti ilə bağlı olub. Futbolçu kimi isə son yenilənmə 2011-ci il iyunun 10-da saytların birində gedən "Mahmud Qurbanov üçün yeni stimul" başlıqlı xəbərə əsasən aparılıb. Həmin vaxt Mahmud "Sumqayıt"a keçməmişdi. Onun "Sumqayıt"da keçirdiyi oyunların sayı sonradan statistikaya əlavə edilməyib.
Üçüncü kobud səhv Mahmudun yığma komandada keçirdiyi oyun sayı ilə bağlıdır. Öz dilimizdə olan səhifəsində oyun sayı 76, əcnəbi dillərdəki səhifələrin hər ikisində isə 69 oyun göstərilib ki, hər üçü yanlışdır. Əslində isə Mahmud Qurbanov yığmanın heyətində 75 oyun keçirib.
Ən böyük səhvlərdən biri isə Mahmud Qurbanovun çempionluqlarının sayı ilə bağlıdır. Hər 3 dildə olan səhifələrdə bu rəqəm 12 göstərilib. Reallıqda isə 11 olmalıdır. Burada anlaşmazlıq 2001/02-ci illər mövsümündə yarımçıq qalmış çempionatla əlaqədardır. Həmin vaxt "Şəmkir"in heyətində olan futbolçunun komandası ilə qazandığı uğur rəsmi olaraq qəbul edilməyib. Qeyd edək ki, 2001/02-ci illər mövsümündə 2-ci mərhələnin gedişində bir neçə klub AFFA-ya etiraz əlaməti olaraq yarışlardan imtina etmiş və mərhələ başa çatmamışdı. Bu halda təbii ki, qalibi müəyyən etmək də mümkün olmamışdı. Lakin çoxları "Şəmkir"in 3 oyundan sonra 9 xal topladığını və 1-ci yerlə qərarlaşdığını əsas gətirərək bu komandanı çempion kimi qəbul etmişdilər və indi də etməkdədilər.
Mahmud Qurbanovun adı ilə bağlı gedən daha bir səhvlik Azərbaycan Premyer Liqasının vikipediya  səhifəsindədir. Burada Mahmudun "haqqı yeyilib" desək, daha doğrudur. Səhifədə çempionatlar tarixində ən çox oyun keçirən futbolçu kimi "Kəpəz"in veteran futbolçusu, hazırda bu klubun əvəzedici komandasını çalışdıran Azər Məmmədov göstərilib - 445 oyun. Əslində isə Azər çempionatlar tarixində 388 oyun keçirib. O halda, bu qədər fərq haradan qaynaqlanıb? Məsələ burasındadır ki, indiyə kimi çempionatlarda Azər Məmmədov adlı 3 futbolçu çıxış edib. Vikipediyada digər 2 Azər Məmmədovun statistik göstəriciləri haqqında danışdığımız Azər Məmmədovun adına yazılıb. Rekordçu isə 421 oyunda iştirak etmiş Mahmud Qurbanovdur. Yeri gəlmişkən, Azər Məmmədovun vikipediya səhifəsi yoxdur.
 
Kərimovlar və Məmmədovları səhv salanda...
 
Elə həmin səhifədə 4-cü pillədə qərarlaşan və daha çox "Turan"dakı çıxışı ilə tanınmış Aqil Məmmədovun çempionatlarda 364 oyun keçirdiyi göstərilib. Səhifəni işləyənlər Aqilə 1 oyun "hədiyyə" ediblər. Real rəqəm isə 363-dür. Ən dəhşətlisi isə budur ki, Aqil Məmmədovun adını tıklayanda hazırda karyerasını davam etdirən qapıçı Aqil Məmmədovun səhifəsinə keçid olur. Çempionatlar tarixində keçirdikləri oyun sayına görə uyğun olaraq 2 və 6-cı yerlərdə qərarlanmış Azər Məmmədov və Aqil Məmmədovun vikipediya səhifəsinin olmaması da üzücüdür.
Oyun sayına görə "bürün medal"ın sahibi Aslan Kərimovla bağlı vəziyyət necədir? Aslan Kərimovun 2 dildə - Azərbaycan və rus dilində səhifəsi mövcuddur. Özü də dilimizdə olan səhifədə veteran futbolçu haqqında kifayət qədər geniş məlumat yerdəşdirilib. Amma yanlış məlumatdan yan keçmək mümkün olmayıb. Səhvlik nədən ibarətdir? Aslan Kərimovun yığma karyerasında 80 oyun keçirdiyi və 1 qol vurduğu göstərilib. Oyun sayı düzdür. Lakin qol sayında... Aslan yığma komandada ümumiyyətlə, qol vurmayıb. O halda, səhv haradan qaynaqlanır? Səhifədə Aslanın yeganə qolunu 2003-cü il dekabrın 14-də Dubayda Birləşmiş Ərəb Əmirlikləri ilə oyunda vurduğu göstərilir. Amma məlumdur ki, həmin oyunda yığmamızda fərqlənən futbolçular Nadir Nəbiyev (2 qol) və Kənan Kərimov olublar. Görünür, səhifəni işləyənlər Kənan Kərimovla Aslan Kərimovu eyni soyadı daşıdıqlarına görə səhv salıblar.
Kənan Krimovdan söz düşmüşkən, 9-cu sırada qərarlaşan futbolçunun Azərbaycan və rus dillərində vikipediya səhifələri var. Rus dilindəki səhifədə onun yığmada 13 oyun keçirdiyi yazılıb. Səhvdir. Kənan Kərimov 14 dəfə yığmanın formasını geyinib. Vurduğu yeganə qol haqqında isə bayaq danışdıq. Azərbaycan dilindəki səhifəyə isə səhifə deməyə adamın dili gəlmir. Statistika bölümündə rəqəmlərin yerinə sual işarələri qoyulub. Ən gülməlisi isə Kənanın yığmada 67 oyun keçirdiyinin göstərilməsidir.
 
Olmayan və dolmayan səhifələr
 
Çempionatlar tarixində 300-dən çox oyun keçirən 16 futbolçu var ki, onların bəzilərinin vikipediya səhifəsi yaradılmayıb. Həmin futbolçuların bunlardır: Azər Məmmədov, Aqil Məmmədov, İsmayıl Məmmədov, Nadir Nəbiyev, Mübariz Orucov, Ədahim Niftəlifev.
"16-lıq"da yer alan digər futbolçulara gəlincə, 378 oyunla 4-cü pillədə qərarlaşan Rəşad Abdullayevin Azərbaycan və rus dillərində səhifələri var. Dilimizdəki səhifə sonuncu dəfə 2014-cü ildə Rəşad AZAL-a, rus dilindəki səhifə isə 4 il əvvəl futbolçunun "Rəvan"a keçdiyi vaxt yenilənib. Oxşar hal 5-ci yerin sahibi Rəşad Sadiqovla bağlıdır. Futbolçunun Azərbaycan dilindəki səhifəsi 2014-cü, rus dilindəki səhifəsi isə sonuncu dəfə 2015-ci ildə yenilənib. Bundan başqa statistik göstəricilərdə 2 səhv var. Birincisi, rus variantında futbolçunun ilk klubu olan "ANS-Pivani"də  ("Bakı fəhləsi") oynadığı (1 oyun) göstərilməyib. İkinci səhv yığma karyerası ilə bağlıdır. Daha dəqiq rus variantında Rəşadın yığmada 1 qol vurduğu qeyd olunub. Əslində isə Rəşad yığma karyerasında bir dəfə də olsun fərqlənməyib. Böyük ehtimalla bu yanlışlıq Rəşad Sadıqovla bağlıdır. Çünki bu futbolçuların adları eyni, soyadları isə çox oxşardır. 2 dildə səhifəsi olan Rahid Əmirquliyevdə yenilənmə bir variantda 2015-ci, digər variantda isə 2016-cı ildən yoxdur. Daha 3 futbolçunun - Vüqar Nadirov, Kamal Quliyev və Elnur Abdullayevin Azərbaycan və rus dillərində (bəzilərinin ingilis dilində də səhifələri var - red.) vikipediya səhifələrinin olmasına baxmayaraq, yenilənmələr nəzərə çarpmır.
Elnur Abdullayevin dilimizdə olan səhifəsində ümumiyyətlə, heç bir məlumat yoxdur. Rus dilindəfi səhifədə isə bir səhv var. Futbolçunun 2008-2011-ci illərdə oynadığı "Muğan"ın heyətində 42 oyunda meydana çıxdığı göstərilsə də, reallıqda bu rəqəm 64-dür.
Kamal Quliyevin dilimizdəki səhifəsində futbolçu haqqında demək olar ki, heç bir məlumat yoxdur. Rus variantında isə avtobioqrafiyası haqqında səthi məlumat yerləşdirilib. Bundan başqa statistik göstəriciləri qarşılaşdıranda, 2 halda ortaya fərqlilik çıxır. Belə ki, Azərbaycan variantında Kamalın 1997-2002-ci illər aralığında "Neftçi"də oynadığı vaxt 18 qol vurduğu yazılıb. Amma bu, rus variantında göstərildiyi kimi 19 olmalıdır. Bundan başqa rus dilində olan variantda yığmada 44 oyun keçirdiyi məlum olur. Əslində isə dilimizdə olan variantdakı 47 rəqəmi doğrudur.
Sıralamada 14-cü yerdə qərarlaşan Müşfiq Hüseynovun Azərbaycan və ingilis dillərində səhifəsi var. Amma orada da nöqsanlar gözə dəyir. İngilis dilindəki səhifədə futbolçu haqqında demək olar ki, heç bir məlumat yer almayıb. Yalnız statistik göstəricilərdən başqa. Azərbaycan dilində isə məlumatlar səthidir. Statistik göstəricilər bölümündə səhv var. İngilis variantında futbolçunun yığmada 2, Azərbaycan variantında isə 3 oyun keçirdiyi və qol vurmadığı göstərilsə də, reallıqda bu rəqəm 4-dür. Üstəlik, Müşfiq yığmada 1 dəfə fərqlənib. Bu, 1993-cü ildə İranda keçirilən turnirdə Qazaxıstanla  oyunda olub.
300 oyun həndəvərində karyerasını bitirən Mehman Yunusov haqqında məlumatın maraqlı olacağını nəzərə alaraq onun vikipediya səhfiəsi haqqında 1-2 cümlə. Veteran futbolçunun vikipediya səhifəsi var. Amma nə qədər qəribə olsa da, italyanca. Özü də həmin səhifədə məlumatlarlar çox səthidir. Statistik göstəricilər bölümündə isə rəqəmlərin yerinə əsasən suallar qoyulub. Ən kobud səhv futbolçunun 1991-95-ci illər aralığında "Xəzər Lənkəran"ın şərəfini qoruduğunun göstərilməsidir. Məlumdur ki, həmin vaxt o, Sumqayıtın "Xəzər"ində çıxış edib. "Xəzər Lənkəran" isə heç "anadan olmamışdı". Daha bir səhv Mehman Yunusovun "Qarabağ"da çıxışının göstərilməməsidir. Yəqin ki, səhifə hansısa italiyalı azarkeş tərəfindən 2002-ci ildə yığmamızın İtaliya ilə oyunundan əvvəl hazırlanıb.
 
"İndiyədək 400-dən çox futbolçumuz haqqında vikipediya səhifəsi hazırlamışam”
 
Hazırda bir neçə nəfər könüllü şəkildə futbolçularımıza vikipediya səhifəsinin açdığı məlumdur. Onlardan biri jurnalist Rauf İsgəndərovdur. Doğrudur, Rauf ancaq rus dilində səhifələr açır. Amma məqsədimiz vikipediyada futbolçularla və ümumiyyətlə, futbolumuzla bağlı gedən statistik səhvlərin, səhifələrin boş qalmasının, bir çox hallarda şəkillərin olmamasının və yenilənməməsinin, dolğun məlumatların azlığının səbəblərini aydınlaşdırmaq, həmçinin, bu problemlərin mümkün həlli yollarını araşdırmaq idi.
- Rauf, vikipediyada futbolla bağlı səhifə açmaq üçün hansı şərtlər tələb olunur?
- Azərbaycan dilində vikipediya səhifəsi açmaq çox asandır. Demək olar ki, hansısa istinad tələb olunmur. Ümumiyyətlə, Azərbacan dilli vikipediyada xaos hökm sürür desəm, daha doğru olar. Amma rus dilində vəziyyət fərqlidir. Səhifə açmaq üçün bir çox tələbləri yerinə yetirməlisən. Məsələn, haqqında səhifə açmaq istədiyin futbolçu Premyer Liqada ən azı 1 oyunda 1 dəqiqə olsa belə çıxış etməlidir. Futbolçu bu kriteriyaya cavab vermirsə, o halda onun I Divizonda 2 mövsüm ardıcıl, özü də bütün oyunlarda oynaması vacibdir. Yaxud yığmalarda Avropa və ya dünya çempionatlarının final mərhələsində çıxış etməlidir. Elə futbolçular var ki, karyeraları bütünlüklə I Divizionla bağlıdır. Üstəlik, olimpiya yığmamızın heyətində dəfələrlə çıxış ediblər. Amma kriteriyaların heç olmasa birinə tam cavab vermirlər. Belə futbolçular mənə səhifə açmağım üçün müraciət edəndə onlara bildirirəm ki, şərtlər buna imkan vermir. Kriteriyalara cavab verirsə, futbolçuya vikipediyada səhifə açmaq problem deyil. Amma bu məqamda ortaya başqa çətinlik çıxır. Daha dəqiq, futbolçu haqqında məlumatların səhifədə yerləşdirilməsi. Hansısa futbolçunun səhifəsində yer alan məlumatlar mütləq neytral istinadlara söykənməlidir. Neytral istinad deyəndə nəyi nəzərdə tuturam? Azərbaycanlı futbolçu haqqında səhifə açırsansa, oradakı məlumatların hamısı Azərbaycan mətbuatında getməməlidir. Digər dövlətin KİV-də yer almalıdır. 1-2 yerli istinad da mümkündür. İstinadsız məlumat gedən səhifənin silinməsi mütləqdir.
- İndiyə kimi neçə futbolçu haqqında səhifə açmısan?
- 15 ildir ki, bu işlə məşğulam. Doğrudur, ilk vaxtlar futboldankənar mövzularda səhifələr açmışam. Futbolla bağlı isə... İndiyədək 400-dən futbolçumuz haqqında vikipediya səhifəsi hazırlamışam. Bu gün də həmin işlə məşğulam. Amma düzü, əvvəlki kimi həvəs qalmayıb. Müraciət edən olanda, çalışıram kömək edim. Amma bu zaman çətinliklərlə üzləşirəm. Bayaq istinadlardan danışdım. Premyer Liqada oynamış futbolçu haqqında statistik məlumatlar müxtəlif əcnəbi saytlarda var. I Divizionda çıxış etmiş futbolçularla bağlı isə həmin məlumatları toplamaq çox çətindir. Elə futbolçular olur ki, onlar haqqında səhifəsində məlumatlar yerləşdirmək üçün istinad etməyə mənbə tapılmır. Bu halda özüm həmin futbolçudan lazımi məlumatları toplayıb saytda dərc edirəm ki, səhifə açanda istinad etməyə yer olsun. Təəssüf ki, bəzi hallarda futbolçular özləri haqqında doğru məlumatlar vermirlər, ya da məlumatları unudurlar. Bu halda ortaya əlavə çətinliklər çıxır. Yanlış məlumatları başqa yerlərdən dəqiqləşdirməli oluram ki, bu da əlavə əziyyət və  vaxt itkisidir. Həm də vikipediyada bir qayda var. Səhv məlumat gedən səhifənin silinməsi ehtimalı çox böyükdür. Bu, həm də mənə ziyandır. Çünki səhv məlumat yerləşdirdiyimə görə bloka salına bilərəm. Hə, daha bir tələb də var. Futbolçunun səhifədəki şəklini mütləq özüm çəkməliyəm. Yəni, indiyə kimi heç bir yerdə dərc edilməmiş şəkil olmalıdır. Yeri gəlmişkən, bu üzdən bir çox futbolçuların vikipediya səhifələrində şəkil yoxdur.
- Bildiyim qədər vikipediya ilə əməkdaşlıq könüllülük prinsipi ilədir...
- Əlbəttə. Hansısa futbolçu haqqında məlumat almaq üçün axtarış versən, birinci onun vikipediya səhifəsi tapılacaq. Futbolçunun şəxsi səhifəsi, əgər varsa, daha sonra göstərilir. Bu da vikipediyanın nə qədər önəmli olduğunu göstərir. Dediyiniz doğrudur. Vikipediyada könüllülük prinsipi mövcuddur. Səhifə açmaq, məlumatları yeniləmək üçün pul alsan və bu fakt bilinsə, dərhal bloka salınacaqsan.
- Azərbaycanda səndən başqa bu işlə çox adam məşğul olur?
- Bəli. Həm rus, həm də Azərbaycan dilində futbolçulara səhifə açanlar var.
- Sualımın canı var. Futbolçularımızın müxtəlif dillərdəki səhifələrində fərqli məlumatlar yer alır. Bu çatışmazlığı aradan qaldırmaq üçün vikipediyanın özünə istinad mümkündürmü?
- Belə anladım ki, futbolçunun dilimizdə səhifəsi varsa, onu tərcümə etməklə başqa dildə də səhifəsini yaratmaq olarmı? Təəssüf ki, qaydalara görə bu, mümkün deyil. Vikipediya özü istinad kimi göstərilə bilməz. Bu məsələ ilə bağlı bir vacib məqamı qeyd edim. Vikipediyada səhifə açmaq üçün mütləq qeydiyyatdan keçməlisən. Yəni, istənilən şəxs bunu edə bilməz. Üstəlik, hansı dildə qediyyatdan keçmisənsə, yalnız o dildə səhifə aça, məlumatları yeniləyə bilərsən. Bir futbolçu haqqında müxtəlif dillərdə səhifələr fərqli insanlar tərəfindən yaradılır. Deməli, fərqli mənbələrə istinad olunur. Bu halda statistikada, məlumatlarda, faktlarda fərqliliyin olması ehtimalı artır.
- Yaxşı, sənin açdığın bir çox səhifələrdə məlumatlar yenilənmir...
- Tərəfimdən açılan 400-dən çox səhifənin mütəmadi yenilənməsi faktiki mümkün deyil. Buna nə vaxtım, nə də gücüm çatar. Elə futbolçular var ki, onların səhifəsini mənim yaratdığımdan xəbərdardılar. Məlumatları yeniləmək üçün müraciət edənlər olur. İmkan daxilində kömək etməyə çalışıram. Amma hamısını yeniləmək mümkün deyil.
 
"Həmin adam kömək etmək əvəzinə...”
 
Rauf vikipediyada təkcə futbolçularımız və futbolçumuz haqqında səhifələr yaratmayıb. İdmanın müxtərlif növləri ilə məşğul olan idmançılarımız və bu idman növləri haqqında da səhifələrin müəllifidir. İlk yaratdığı səhifələrdən biri isə erməni torrorizmi ilə bağlı olub: "Həmin səhifəni yaradanda daha təcrübəli vikipediyaçılar mənə dedilər ki, boşuna əziyyət çəkmə. Çünki erməni terrorizmi ilə bağlı yalnız Azərbaycan və türk mətbuatında yazılar dərc olunub ki, onlar da neytral olmadığı üçün keçərli deyildi. İstinadsız yaradılan səhifənin ömrü isə uğazı 1-2 gün olur. İstinad üçün axtarış apardım və "erməni terrorizmi" sözü keçən hansısa mənbəni bir müddət tapa bilmədim. Axır ki, 3 aydan sonra ABŞ Dövlət Departamentinin saytının arxivində "erməni terrorizmi" sözü keçən bir sənəd əlinə keçdi və həmin sənədə istinadla erməni terrorizmindən bəhs edən səhifəni yaratdım. Doğrudur, sonradan ermənilərin təzyiqi ilə vikipediyanın daxili məhkəməsinin qərarına əsasən həmin səhifənin adı dəyişdirildi və "erməni milliyətçilərinin terrorizmi" adı verildi. Amma fərq etmir, internetdə axtarış sistemində  "erməni terrorizmi" yazsanız həmin səhifə çıxacaq. Bu səhifəyə görə başım çox ağrıdı. Sosial şəbəkələrdəki profillərim, elektron poçtum erməni xakerlər tərəfindən dağıdıldı. Hətta ölümlə hədələndim. Mənə yazmışdılar ki, xaricə gəlsən, səni məhv edəcəyik. Hələ ki, məhv eləməyiblər. Səhifə də yerindədir".
Futbolla bağlı səhifə yaratdıqda kiminsə sənə hədə-qorxu gəlməsi ehtimalı gülməlidir. Yetər ki, həvəs olsun. Bu həvəs Raufun timsalında bir çox soydaşlarımızda var. Sadəcə, onları bir araya toplayıb iş görmək lazımdır. Maraqlı bir fakt. Ermənistan Elmlər Akademiyasının nəzdində xüsusi bölmə yaradılıb. Həmin bölməyə erməni gənclər cəlb olunub və onlar ermənilər haqqında vikipediya səhifələrinin hazırlanması ilə məşğuldurlar. Yəqin ki, yaxın vaxtlarda bizdə də belə bir bölmə fəaliyyətə başlayar. Bu, təkcə futbolumuz yox, Azərbaycan həqiqətlərinin, siyasi və ictimai xadimlərimizin, alimlərimizin, ümumiyyətlə, Azərbaycanla bağlı hər şeyin təbliği baxımından əhəmiyyətlidir. Rauf müxtəlif tədbirlərdə dəfələrlə bu yöndə təkliflərini irəli sürüb. Futbolla bağlı da həmçinin.
Azərbaycan futbolu ilə bağlı  vikipediyada səhifələr açmaq və onları mütəmadi yeniləmək mümkündürmü? Raufun deyir ki, mümkündür. Təəssüf ki, bununla bağlı AFFA-da əlaqədar şəxslərə dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb: "Bu, asan iş deyil. Gərək futbolla bağlı əlinin altında bütün doğru məlumatlar, istinad mənbələri olsun. Bir futbolçunun səhifəsini açmaq üçün azı 2-3 gün vaxt lazım olduğundan bu, bir nəfərin işi deyil. Adımı çəkməyəcəm, AFFA-da yüksək postda oturan bir nəfərə dəfələrtə müraciət etdim ki, AFFA-da bizə bir otaq ayrılsın. Məlumatlar toplamaq və işləmək üçün şərait yaradılsın və bu işlə məşğul olanları bir yerə yığıb futbolmuzun təbliği ilə məşğul olaq. Həmin adam kömək etmək əvəzinə telefonlarıma cavab vermədi, ünsiyyətdən qaçdı, hətta sosial şəbəkədə məni bloka saldı".
Nə deyək, Rauf, görünür, ya həmin adam futbolumuzun təbliğində maraqlı deyil, ya da vikipediyanın nə qədər əhəmiyyətli olduğundan xəbərsizdir. Həvəsdən düşmək olmaz.
Azəraycan çempionatında (yüksək dəstə) 300-dən çox oyun keçirən futbolçular (cədvəl)
№             Futbol            Oyun    Qol
1.  Mahmud Qurbanov    421              61
2.  Azər Məmmədov        388    18
3.  Aslan Kərimov 382    17
4.  Rəşad Abdullayev       378    58
5.  Rəşad Sadiqov  366    20
6. Aqil Məmmədov         363    45
7. İsmayıl Məmmədov     351              76
8. Rahid Əmirquliyev      333              33
9. Kənan Kərimov           327       101
10. Nadir Nəbiyev           316       103
11. Elnur Abdullayev      315              19
12. Mübariz Orucov        311              26
13. Vüqar Nadirov           307              43
14. Müşfiq Hüseynov      305       125
15. Ədəhim Niftəliyev     303               1
16. Kamal Quliyev          302              30
 
İlqar TAĞIYEV
 
"Het-trik news” qəzeti
78