» » » Futbola məğlub olan hakimlik (YAZI)

Futbola məğlub olan hakimlik (YAZI)

Futbola məğlub olan hakimlik  (YAZI)"Hakim də insandır, səhv edə bilər. İnsan amili olan hər işdə səhv qaçılmaz deyil". Bu cür fikirləri eşitməyə Azərbaycan azarkeşi çoxdan öyrəşib. Hər dəfə Premyer Liqada kobud hakim səhvlərindən, ədalətsiz bəzən də qərəzli qərarlardan sonra bu sözləri tez-tez eşidirik. Artıq heç kim oyunu zəif idarə edən hakimi qınamır da. Futbolumuz necədisə, hakimliyimiz də o səviyyədədir.
Bu, bizdə belədir, Azərbaycanda. Bəs, dünyada? Hər oyunu bayram ab-havasında keçən Avropada? Oradadamı hakimliyin səviyyəsi futbolun inkişafı ilə həmahənglik təşkil edir? Xeyr! Bu gün futbol sürətlə inkişaf edir. Əgər 15-20 il əvvəl hakimlik futbolla ayaqlaşırdısa, oyuna təyin olunan referi futbolçuların "ipini" əlində saxlaya bilirdisə, müasir futbolda bu artıq müşgül məsələyə çevrilib. Vacıb oyunlarda hakimlər elə kobud səhvlər edirlər ki, onları görəndə öz hakimlərimizə şükür edirik. Uzağa getmək lazım deyil. Götürək Avropanın bir nömrəli klub turniri olan Çempionlar Liqasını. Təkcə bu mövsüm "Barselona" - PSJ və "Real" - "Bavariya" oyunlarını xatırlasaq vəziyyətin nə qədər acınacaqlı olduğunu görərik. Birbaşa nəticəyə təsir edən ədalətsiz qərarlarla, meydanda haqları tapdanan futbolçuların, zəhməti hədər gedən məşqçilərin və hər fit səsi eşidəndə ədalətli qərar gözləyən azarkeşlərin könlünü nəylə almaq olar? Hakimlərin sayını artırmaqla? Yox, bu da çıxış yolu deyil. Üçhakimlikdən beşhakimliyə keçən FİFA problemləri həll edə bildimi? Meydanda ədalət təmsilçilərinin sayını artırmaqla ədalət təmin olundumu? Əlbəttə ki, yox. Bəs, problem nədədi? Yəqin ki, bu suala cavab tapmaq üçün futbol mütəxəssisləri çoxdan baş sındırırlar. Əsasən də Çempionlar Liqasının son oyunlarından sonra.
Sadə futbol azarkeşinə bir həqiqət çoxdan aydındır ki, bu gün hakimlik heç çür futbolla ayaqlaşa bilmir. Nə qədər əleyhinə olsam da, videotəkrarların tətbiqi, mübahisəli epizodlarda kompüter qrafikasına müraciət qaçılmazdır. Hər halda bir çox aparıcı çempionatlarda tətbiq olunan qol-layn texnologiyası özünü doğrultdu. Deməli, bu sistemi inkişaf etdirib yaxşı nəticələr əldə etmək olar. Doğrudur, tez-tez videotəkrarlara müraciət oyunun sürətinə, tempinə, dinamikasına mənfi təsir göstərəcək. Bəlkə də futbolun əvvəlki gözəlliyi qalmayacaq. Amma azından ədalət bərpa olunacaq. Bunu zaman tələb edir. Ya gərək sabiq FİFA prezidenti Zepp Blatterin tərəfdarı olduğunu texnologiya sistemi futbola gətirilsin, ya da sabiq UEFA başçısı Mişel Platininin "futbol Playstation oyununa çevriləcək" fikri əsas götürülüb nəticələr hakimlərin bacarığına və vicdanına buraxılsın. Mişel Platininin niyə texnologiyaların əleyhinə çıxdığını bilmək üçün dahi olmağa ehtiyac yoxdur. Sadəcə, 2010-cu ildə dünya çempionatının pley-off mərhələsi çərçivəsində keçirilən Fransa - İrlandiya (Tyeri Anri topu əllə saxlayıb hesabı bərabərləşdirmişdi) və Çempionlar Liqası 2011/12-ci il mövsümündə Zaqrebdə baş tutan "Dinamo" - "Olimpik" (Lion) (1:7) matçını xatırlamaq kifayət edər. Hər iki oyunda hakimin "ədaləti" fransızları sevindirmişdi.
FİFA-nın yeni prezidenti Cianni İnfantino da texnologiyaların müasir futbolda tətbiq edilməsinə müsbət yanaşır. Bu şəxs uzun illərdir ki, ali futbol qurumunda çalışır. Təbii ki, o da vəziyyətin bu cür davam etməsini qəbul edə bilməz. Çox güman qarşıdakı dünya çempionatlarında yeni sistemin tətbiqinin şahidi olacağıq.
Son zamanlar hakim səhvləri Avropa futbolunda öz sözünü deyən bir sıra ölkələrin federasiyalarını da hərəkətə gətirib. Gələcəkdə belə biabırçı səhvlərin olmaması üçün müəyyən qərarlar qəbul edilib. 2018/19-cu illər mövsümündə Hollandiyanın Erediviziyasında keçiriləcək bütün oyunlara videohakim sisteminin tətbiq olunması haqqında bu ölkənin futbol federasiyası xüsusi göstəriş verib. Yəqin ki, yaxın vaxtlarda digər aparıcı futbol ölkələrində bu cür qərarlarının qəbul edəcək.
Hakim səhvləri hər zaman, hər yerdə olub, olacaq da. Bundan qaçmaq hələ ki, mümkün deyil. Azından qarşısını almağa cəhd etmək lazımdır. Şəxsi istəklərə, maddi maraqlara görə bir əsrdən çoxdur milyonların sevdiyi idman növü olan futbolu çirkinləşdirmək lazım deyil. Ədalətin bərqərar olması üçün istənilən ağıllı təkliflə razılaşmaq lazımdır. Əks halda bu cür idarəçiliklə bizi futboldan, futbolu da bizdən küsdürəcəklər.
 
Orxan İSAYEV
"Het-trik news” qəzeti
70