» » » “Uçmayan holland” (YAZI)

“Uçmayan holland” (YAZI)

 “Uçmayan holland” (YAZI)Son illər eniş dövrünü yaşayan Hollandiya futbolu bir vaxtlar yığması, klubları, futbolçuları ilə dünyanın ən qabaqcıl futbol ölkələrindən biri idi. 1988-ci ildə Avropa çempionu olmuş Hollandiya yığması, qitəmiqyaslı klub yarışlarında xeyli uğur qazanmış "Ayaks", total futbolun yaradıcısı olan əfsanəvi Yohan Kroyf, Avropanın ən yaxşı futbolçusu seçilmiş Marko van Basten... Bu adların hamısı Hollandiya futbolu ilə bağlıdır.  Siyahını xeyli uzatmaq olar.
Bu sayımızda dünya futbolunda özündən söz etdirmiş Dennis Berqkamp haqqında bəhs edəcəyik. "Narıncı ölkə"nin yetişdirdiyi ən istedadlı futbolçulardan biri olmuş Dennisi seçməyimiz əbəs deyil. Dünən onun ad günü idi. "Uçmayan holland" ləqəbli veteran futbolçunun 48 yaşı tamam oldu.
Uşaqlıq illəri
Dennis Nikolas Mariya Berqkamp 1969-cu il mayın 10-da Amsterdamda dünyaya göz açıb. Berqkamplar ailəsində 4 uşaq böyüyüb, Dennis sonbeşik olub. Balaca Dennis Amsterdam yaxınlığında əsasən fəhlə ailələrinin məskunlaşdığı qəsəbədə böyüyüb. Ailəsi o qədər də imkanlı olmayıb. Ailə başçısı elektrik idi və 6 nəfərdən ibarət ailəni pis-yaxşı dolandıra bilib. Atası Britaniya futbolu tarixində ən məşhür futbolçulardan biri olan şotland Denis Lounun şərəfinə oğlunu Dennis adlandırıb. Bəs, niyə Denis yox, Dennis? Məsələ burasındadır ki, Hollandiyada "Denis" adı qadınlara məxsus "Denise" adı ilə eyni səslənir. Bu üzdən atası övladının isminə "n" hərfinin birini artırmalı olub.
Dennis futbolla erkən yaşlarından məşğul olub. İdmanın bu növünə həvəsi onda atası yaradıb. Ailə başçısı həm də həvəskar futbolçu idi və həvəskarlar liqasında oynayırdı. Qəhrəmanımızın ilk klubu "Vilskraxt" olub. Bir dəfə bu komandanın heyətində "Ayaks"lı uşaqlara qarşı oyunda "Ayaks"ın Futbol Akademiyasının seleksiyaçıları onun oyununu bəyənib və dərhal da akademiyaya dəvət ediblər. Həmin vaxt Dennisin 12 yaşı var idi.
 
"Ayaks”
İstedadlı gənc 5 il Amsterdam klubunun futbol akademiyasında futbolun sirlərini öyrəndikdən sonra 17 yaşında əsas komandada debüt edib. "Ayaks"ın o vaxtkı baş məşqçisi, əfsanəvi Yohan Kroyf 1986-cı il dekabrın 14-də "Roda" ilə oyunda Dennisə özünü göstərməyə imkan yaradıb. Futbolçunun ilk oyunu pis alınmayıb və mütamadi olaraq əsas komandada oynamaq şansı qazanıb. 1987-ci il fevralın 22-də o, "Hardem"lə oyunda  peşəkar karyerası ərzində ilk qolunu vurub. İlk mövsüm Dennis üçün düşərli olub. Bütün turnirlərdə 23 dəfə meydana çıxan futbolçu 2 dəfə fərqlənib və "Ayaks"ın Kuboklar Kubokunu qazanmasında az da olsa yardımçı olub.
Növbəti mövsümdən komandanın əsas heyətində özünə yer etməyi bacaran futbolçu 1993-cü ilə kimi hollan klubunun şərəfini qoruyub. Bü müddətdə "Ayaks" ilə 4 titul qazanıb. Bundan başqa 1991-93-cü illərdə 3 mövsüm ardıcıl çempionatın bombardiri olan futbolçu 1992 və 1993-cü illərdə Hollandiyanın ən yaxşı futbolçusu seçilib. Təbii ki, belə bir futbolçu "Ayaks"da qala bilməzdi. Futbolçu "istehsal"ı və "ixracat"ı ilə dünyada məşhur olan "Ayaks" Berqkampı satmaqda maraqlı idi. Özü də müştərilər də kifayət qədəriydi.
 
"İnter”
Yohan Kroyf Dennisə "Real"a keçməyi məsləhət görsə də, futbolçu İtaliyada oynamağa üstünlük verib. O, A Seriyasını dünyada ən yaxşı çempionat hesab edirdi. İtaliyada onu heyətinə qatmaq istəyən 2 klub var idi - "Yuventus" və "İnter". Belədə qiyməti bir qədər də artan Berqamp 1993-cü il fevralın 13-də 7,1 milyon funt-sterlinq qarşılığında "İnter"ə keçməyə razı olub.
Berqkamp "İnter"də 1993-cü il avqustun 29-da "Recina" ilə oyunda debüt edib. İlk qolunu isə bir neçə gün sonra "Recina"ya vurub. İtaliya futbolu Hollandiya futbolundan çox fərqlənirdi. İtalyanlar daha çox müdafiəyə meyilli futbolu xoşlayırdılar ki, bu da Berqkampın daha çox fərqlənməsinə mane olurdu. Mövsüm ərzində cəmi 7 qol. Bu, Dennisin adını yaraşmayan rəqəmdi. Etiraf edək ki, həmin mövsüm nəinki Dennis, həm də "İnter" çempionatda nə iləsə yadda qalmayıb. Mövsümün gedişində baş məşqçi Osvaldo Banyolinin yerinə təyin olunan Campyeri Marininin komandası 13-cü yerlə kifayətlənməli olub. Milan təmsilçisinin yeganə təsəllisi qazanılan UEFA Kuboku idi. Yeri gəlmişkən, həmin turnirin bombardiri Berqkamp olmuşdu.
Növbəti mövsüm Marini də komandadan uzaqlaşdırıldı. "İnter"in yeni baş məşqçisi Ottavio Byankinin gəlişindən sonra komandanın oyununda hansısa ciddi dəyişiklik baş vermədi. Həm "İnter", həm də Berqkamp mövsümü boşa verdilər. 1995-ci il fevralın 5-də italiyalı biznesmen Massimo Moratinin klubu almasından sonra hollandiyalının komandadan gedişi böyük ölçüdə dəqiqləşdi. Çünki yeni prezident heyətdə köklü dəyişikliklər ediəcəyini bildirmişdi. Bundan başqa Dennisin komandanın azarkeşləri ilə problem yaşaması da onun klubdan ayrılmasına təkan verdi.
 
"Arsenal”
1995-ci ilin iyununda "Arsenal" Berqkampı 7,5 milyon funt-sterlinq qarşılığında heyətinə qatdı.  Dennisin yeni ölkəyə, çempionata, komandaya uyğunlaşma prosesi bir qədər uzun çəkdi. Fakt kimi onun 7-ci oyununda ilk qolunu vurduğunu göstərmək olar. Bu, 1995-ci il sentyabrın 23-də "Sauthempton" ilə oyunda baş verdi. Ardınca isə, vəziyyət düzəlməyə doğru getdi. "Arsenal"da ilk ilində 33 oyunda vurduğu 11 qolla komandasının UEFA Kubokuna vəsiqə qazanmasına kömək edə bildi.
1996-cı ildə baş məşqçi Bryus Riokun yeninə təyin olunan Arsen Vengerin gəlişi həm komanda, həm də Berqkapm üçün əhəmiyyətli oldu. Fransalı mütəxəssis Dennisi daha çox hücumun mərkəzində oynatmağa başladı ki, bu da səmərəsiz olmadı. Onun London karyerası haqqında uzun-uzadı yazmağa ehtiyac yoxdur. Faktları sadalamaqla Berqkampın "Arsenal" üçün nə qədər vacib futbolçulardan biri olduğunu demək bəsdir. 11 mövsüm "Arsenal"ın şərəfini qoruyan hollandiyalı komandasının 3 dəfə çempion olmasında, hərəsinə 4 dəfə olmaqla ölkə kuboku və superkubokunu götürməsində yardımçı olub. Bu müddət ərzində 549 dəfə meydana çıxan Dennis 201 dəfə fərqlənib.
Dennis Berqkamp futbolçu karyerasını 37  yaşında bitirib. Onun vida matçı 2006-cı il iyulun 22-də keçirilib. "Arsenal"la "Ayaks"ın qarşılaşdığı həmin oyunda topa ilk toxunuşu 3 nəfər edib - Dennis, atası və oğlu. İlk hissədə meydanda komandaların həmin vaxtkı heyətləri arasında mübarizə gedib. İkinci hissə isə daha maraqlı alınıb. Belə ki, meydan əfsanələrə verilib. "Arsenal"dan Yan Rayt, Patrik Vieyra, Mark Overmars, Emmanuel Peti, Devid Simen, "Ayaks"dan isə Marko van Basten, Dani Blind, Yohan Kroyf, Frank və Ronald de Bur qardaşları vida matçın "rəng qatıblar”. Yeri gəlmişkən, həmin oyun "Arsenal"ın qələbəsi ilə başa çatıb - 2:1. London klubunun heyətində Tyerri Anri və Nvankvo Kanu fərqləniblər. "Ayaks"dan isə Klaas-Yan Huntelaar qol vurub ki, bu qol "Arsenal"ın yeni stadionu olan "Emireyts"də qapısında gördüyü ilk qol kimi tarixə düşüb.
 
Milli karyerası
Milli formanı ilk dəfə Hollandiyanın gənclər yığmasında geyinən Dennisin yığmada ilk oyunu 1989-cu il martın 21-də SSRİ-ə qarşı olub (0:1). Gənclər yığmasında cəmi 1 il oynayan futbolçu 1990-cı il sentyabrın 26-da əsas komandada debüt edib. İtaliya yığması ilə oyunda Frank de Burun yerinə oyuna qoşulan Dennis narıncı formada ilk qolunu həmin il noyabrın 21-də Yunanıstan yığmasının qapısından keçirib.
Dennis 1992-ci ildəki Avropa çempionatında yığmanın əsas qol silahlarından biri olub və 3 qolla çempionatın bombardiri adını qazanıb. O, 10 il Hollandiya yığmasının şərəfini qoruyub. Bu müddətdə 79 oyunda 37 qol vurub, 2 dünya, 3 Avropa çempionatında iştirak edib. Sonuncu qolunun 1999-cu il oktyabrın 9-da Braziliyanın qapısından keçirən futbolu milli karyerasını bitirdiyini 2000-ci ildə keçirilən qitə birinciliyinin qrup mərhələsində İtaliyaya məğlubiyyətdən sonra elan edib. Səbəbsə klub karyerasına daha çox diqqət ayırması olub. Həmin vaxt Berqkamp Hollandiya yığmasının heyətində ən çox qol vuran futbolçu idi. Lakin  cəmi 2-3 il sonra onun bu rekordu yenilənib. Hazırda bombardir adı 40 dəfə fərqlənən Patrik Klyuvertə məxsusdur.
 
Məşqçi karyerası
Futbolçu karyerasını bitirdikdən sonra "Arsenal" keçmiş futbolçusuna skaut kimi çalışmağı təklif edib. Lakin ailəsi ilə daha çox vaxt keçirməyi üstün tutan Dennis bundan imtina edib və məşqçilik kurslarına yazılıb. Oranı bitirdikdən sonra isə Hollandiyanın ikinci yığmasında baş məşqçi Yohan Neeskensin köməkçisi təyin olunub. Daha sonra bir müddət "Ayaks"ın Futbol Akademiyasında aşağı yaş qruplarında məşqçi kimi çalışıb. 2011-ci ilin avqustunda Frank de Bur "Ayaks"a baş məşqçi təyin edildikdən sonra onun köməkçisi olub və bu günə kimi həmin vəzifədədir.
 
Şəxsi həyatı
1993-cü il iyunun 16-da Henrite Rozendal adlı xanımla ailə həyatı qurub. Cütlüyün 4 övladı var - Estel Debora, Dennis Mitçell, Yasmin Naomi və Şafran Rita. Qardaşı oğlu Roland Berqkamp Rotterdam "Sparta"sında oynayır. Berqkamp "Arsenal"da oynadığı vaxt Beta Universitetində maşınqayırma üzrə ali təhsil alıb. Bir vaxtlar "Arsenal"da komanda yoldaşı olmuş Mark Overmarsla yaxın dostdur. Bu dostluq özünü o dərəcədə qabarıq göstərib ki, bir vaxtlar oyunlarda Markın Dennisdən başqa heç kimə ötürmə vermədiyini əsas gətirilərək tənqid olunublar.
 
Aerofobiya
"Uçmayan holland" ləqəbi ona təyyarədə uçmaq qorxusuna görə verilib. Maraqlıdır ki, bu qorxu onda sonradan yaranıb. 1989-cu ildə yaxın dostu Vircell Yumankhan aviaqəza nəticəsində həlak olduqdan sonra Dennisdə aerofobiya yaranıb. Sırf təsadüf nəticəsində Dennis həmin reysdə olmayıb. Doğrudur, həmin hadisədən sonra o, mütəmadi olaraq təyyarədə uçub. Amma 1994-cü ildə baş verən komik hadisədən sonra bir daha ayağını trapa qoymayıb. Belə ki, həmin il Hollandiya yığması ilə ABŞ-da keçirilən dünya çempionatına yollanan Dennis təyyarədə əməlli-başlı stress keçirib. Komanda ilə birgə okeanın o tayına yollanan jurnalistlərdən birinin zarafatla çantasında bomba olduğunu bildirməsindən sonra Berqkamp şok yaşayıb.
Məhz bu qorxuya görə "Arsenal" və Hollandiya yığması bir çox hallarda səfər matçlarında Berqkampın xidmətindən yararlana bilməyiblər.
 
Nailiyyətləri:
"Ayaks": Kubokular Kuboku (1987), Holandiya çempionluğu (1990), 2 dəfə Hollandiya Kuboku (1987, 1993), UEFA Kuboku (1992).
"İnter": UEFA Kuboku (1994).
"Arsenal": 3 dəfə İngiltərə çempionluğu (1998, 2002, 2004), 4 dəfə İngiltərə Kuboku (1998, 2002, 2003, 2005), 4 dəfə İngiltərə Superkuboku (1998, 1999, 2002, 2004).
Milli: 2 dəfə Avropa çempionatının bürünc mükafatçısı (1992, 2000).
Şəxsi mükafatların sayı 20-dən çoxdur. Onların arasında nəzərəçarpanları Avropa çempionatının (1992), 3 dəfə Hollandiya birinciliyinin (1990/91, 1991/92, 1992/93), UEFA Kubokunun (1993/94) bombardiri olmasıdır. Adı FİFA-nın "Ən yaxşı 100 futbolçu" siyahısına daxil edilib. "Arsenal"ın tarixi ərzində ən yaxşı ikinci futbolçu hesab edilir. 2013-cü ildə "Emireyts"də heykəli qoyulub.
Məşqçi kimi isə 2012/13 və 2013/14-cü illərdə "Ayaks"la Hollandiya çempionu adını qazanıb.
Hazırladı: AZƏR
"Het-trik news” qəzeti
 
 
Dennis Berqkampın statistik göstəriciləri:                      
İllər                   Komanda (ölkə)            Oyun     Qol                            
Gənclər komandası
1981-1988       "Ayaks" (Hollandiya)
Klub karyerası
1986-1993       "Ayaks" (Hollandiya)            185     103
1993-1995       "İnter” (İtaliya)                  52      11
1995-2006       "Arsenal" (İngiltərə)            312       87  
  Cəmi:                                             549      201     
Yığma karyerası
1989              Hollandiya U-21                 2         0
1990-2000       Hollandiya                       79       37
67