» » » Renan Alves: "Azərbaycandan qız alsam, ailəm bunu qəbul etməz" (MÜSAHİBƏ, FOTOLAR)

Renan Alves: "Azərbaycandan qız alsam, ailəm bunu qəbul etməz" (MÜSAHİBƏ, FOTOLAR)

Premyer.az "Kəpəz" klubunun braziliyalı müdafiəçisi Renan da Silva Alves ilə geniş müsahibəni oxucuların diqqətinə  təqdim edir. 
Müsahibə zamanı "tərcüməçi” funksiyasının yerinə yetirən Gəncə klubunun portuqaliyalı futbolçusu Serjio Kostaya öz təşəkkürümüzü bildiririk.
 
 
-         "Kəpəz” komandası bu il Avrokuboklara vəsiqə qazana bilməsə və klub səninlə müqaviləyə xitam versə, Azərbaycanda qalıb digər klublarda çıxış etmək istərdin mi, yoxsa belə olacağı təqdirdə vətəninə, Braziliyaya qayıdacaqsan?
-          Mənim üçün heç bir fərqi yoxdur. Azərbaycanda qalıb, futbolçu karyerama burda da davam edə bilərəm, Braziliyaya da qayıda bilərəm. Hər şey mənim menecerimin alacağı təkliflərdən asılıdır. Hansı klub daha yaxşı təklif versə, o klubda da oynayacam.  
 
-          Hansısa konkret təkliflər var mı hal-hazırda?
-          Bu mövzuda menecerimlə hələ ki  ətraflı söhbət etməmişik. İlk öncə çempionatın bitməsini və "Kəpəz”in əldə edəcəyi nəticəni gözləməliyik. Yalnız bundan sonra nəsə konkret bir şey demək olar.
 
-          Azərbaycana gəlmədən öncə hansı klublarda çıxış etmisən?
-          "Kəpəz”dən öncə Portuqaliyanın "Gil Visente” klubunda bir mövsüm çıxış etmişəm. Keçirdiyim 24 oyunda 3 qol da vurmuşam. Bundan öncə isə vətənimdə 4 Braziliya klubunda çıxış etmişəm – "Mogi das Cruzes”, "Uniano Suzano”, "Naviraiense” və "Aguia Negra”.
 
-          Futbola gəlişin necə olub? Neçə yaşında futbol oynamağa başlamısan?
-          Düzünü desəm, çox gec başlamışam. 18 yaşıma qədər heç bu haqda düşünməmişəm. 18 yaşımda isə Rio de Janeyronun "Vasko da Qama” klubuna gəldim və ilk addımlarımı da burda atdım. Bundan öncə isə, bir çox braziliyalı uşaqlar və gənclər kimi məhləmizdə dostlarımla futbol oynamışam.
 
-         Nəyə görə belə gec? Məsələn Azərbaycanda uşaqları artıq 6-7 yaşından futbol məktəblərinə gətirirlər. Bəykə 18 yaşına qədər hansısa başqa idman növü ilə məşğul olmusan?
-          Xeyir, olmamışam. Azərbaycandan fərqli olaraq, Braziliya üçün bu normal bir haldır. Bizdə gənclər çox gec yaşlarında futbol oynamağa başlayırlar. Mən də həmçinin.
 
-         Futbolu özün seçmisən, yoxsa kimsə səndə bu həvəsi oyadıb?
-          Düzünü desəm, futbola həvəsim çox da olmayıb. Böyük qardaşım professional futbolçu olub və futbola da məni məhz o gətirib. Qardaşım olmasaydı, bəykə də mən başqa idman növünü seçərdim.
 
-         Bir az da öz ailən haqqında danışardın...
-          Atam, ögəy anam, iki qardaşım və bir bacım var. Məni futbola gətirən böyük qardaşım, zədə aldığından, hal-hazırda artıq futbol oynamır.
 
-          Artıq bir ildir ki Azərbaycandasan. Buranın yeməkləri xoşuna gəlir mi? Ən çox bəyəndiyin yerli yemək hansıdır?
-          Adətən biz yeməkləri klubun bazasında, digər vaxtlar isə restoranda yeyirik. Ən çox bəyəndiyim isə düyü və toyuq yeməkləridir və dönər yeməyi də xoşlayıram. (Gülür)
 
-         Dönər Azərbaycanın milli yeməyi deyil.....
-          Ola bilər. Demək ki, bu bir il ərzində biz (Red. Renan və Sergio) Azərbaycan milli xörəkləri heç yeməmişik.. (gülür)
 
-         Yaxşı, bəs Braziliyada ən sevdiyin yemək hansıdır?
-          Ən sevdiyim yemək – pikanyadır. Bu bizim mətbəxin ən məhşur yeməyidir. Pikanya – dana ətindən hazırlanan steykdir. Qrildə və ya şişdə bişirilir. Bakıdakı braziliya restoranında da pikanya yeyə bilərsiniz. Kartof da çox xoşlayıram.
 
-         Bildiyimə görə sən subaysan. Braziliyada və ya Azərbaycanda sevgilin var mı?
-          (Gülür)  xeyir, yoxdur...
 
-         Evlənmək haqqında düşünmürsən?
-          Təbii ki, evlənmək və ata olmaq istəyirəm, amma indi yox. Hələ ki bu haqda düşünmək mənim üçün çox tezdir.
 
-         Azərbaycanda bəyəndiyin bir qız olsa, onunla evlənib vətəninə apara bilərsən mi? Ailən buna qarşı çıxmaz ki?
-          Mənim üçün heç bir problem yoxdur. Əgər burda evlənəsi olsam, həyat yoldaşımı rahatlıqla Braziliyaya apara bilərəm. Amma orda bu mənim üçün böyük problem ola bilər (gülür). Mən Rio de Janeyroda nənəm, babam, balaca qardaşım və bacımla yaşayıram. Onlar bunu qəbul etməzlər.
 
-         Braziliyadan başqa ən sevdiyin futbol millisi, futbol klubu və futbolçu hansılardır?
-          Milli – Fransa, klub "Barselona”, futbolçu isə Messidir. Amma hamıdan öncə, təbii ki bir futbolçu kimi qardaşımı bəyənirəm.
 
-          "Kəpəz” klubunda ən yaxın dostun kimdir?
-          Əcnəbilərdən ilk öncə Sergio, bir də Ebah, yerli futbolçulardan isə Şəhriyar Rəhimov və Tural Rzayev. Tural mənim üçün qardaş kimidir.
 
-         Xobbin var mı?
-          Xobbim internetdir. Boş vaxtlarımız az olur, ona görə də asudə vaxtlarımı internetdə futbol oyunlarını seyr etməklə, musiqi dinləməklə və qızlarla danışmaqla keçirirəm.
 
-         Hansı janrda musiqi dinləməyi xoşlayırsan?
-          Braziliya musiqisini sevirəm. Əsasən da - Sambanı! Bizdə sakit musiqi yoxdur, bütün musiqi növləri oynaq və rəqs musiqiləridir.
 
-         Braziliyanın dünyada məhşur olan "Rio de Janeyro Karnavalı”nda heç iştirak etmisən mi?
-           İştirakçı kimi yox, amma seyrici kimi təbii ki iştirak etmişəm. 18 yaşımdan futbol oynamağa başladığımdan, karnavalda iştirak etmək şansım və vaxtım demək olar ki olmayıb.
 
-         Gəncədən və Bakıdan başqa Azərbaycanın digər bölgələrin gəzmisən mi? Ümumiyyətlə səyahət etməyi xoşlayırsan?
-          Heç Gəncədə olanda belə, şəhəri çıxıb gəzməyə boş vaxtımız olmur. Oyundan kənar vaxtımızı əsasən klubun bazasında və ya evdə dincəlməklə keçiririk. Getdiyimiz yer sadəcə marketlər olur.
 
-         Bəs Bakıda necə, boş vaxtınız olmur?
-          Bakıda İçəri Şəhəri və şəhər mərkəzini gəzməyi xoşlayıram. Həftə sonları klublara da gedirik.
 
-         Bakıda heç dostun var mı? Futbolçulardan başqa..
-          Xeyir, demək olar ki yoxdur. Əsas problemim dil bilməməyimdir. Potuqal dilindən başqa heç bir dil bilmirəm. İngilis dilində də zəyif danışıram.
 
-         Bəs şəhərə kiminlə çıxırsan?
-          Sergio ilə və Ebah ilə qonşuyuq. Sergionun ailəsi çox zaman burda olduğu üçün, əsasən Ebah ilə şəhərə ikimiz çıxırıq. Sergionun xanımı onu tək buraxmağa qısqanır. (Gülür)
 
-         Artıq bir ilə yaxındır ki, Azərbaycandasan. Bu müddət ərzində həyatında hər hansı bir yadda qalan maraqlı hadisə baş verib mi?
-          Konkret olaraq hansısa bir hadisə yox, amma ümumi şəkildə deyə bilərəm ki, bura gələndən sonra, artıq azarkeşlər arasında tanınmağa başlanmışam. Əsasən də Gəncədə, həmçinin Bakıda da, şəhərə və ya marketə gedəndə, mənə yaxınlaşıb tanıdıqlarını və şəkil çəkdirmək istədiklərini bildirirlər. Ona görə də Azərbaycanda özümü məhşur hiss edirəm! (Gülür)
 
-         Azərbaycana gəldikdən sonra vətəninə neçə dəfə getmisən?
-          Cəmi bir dəfə gedə bilmişəm, 15 günlük. Tez-tez gedib gəlmək olmur. Amma ailəm üçün çox darıxıram və daha çox gedib-gəlmək istərdim.
 
-         Qayıdaq yenə futbola. Klubunuzun Avrokuboklarda çıxış etmək şansını necə qiymətləndirirsən?
-          Məncə şansımız hələ də var. Qalan oyunlarda maksimal nəticə göstərə bilsək, buna nail ola bilərik.
 
-         "Kəpəz”dən ayrılacağın təqdirdə, hansı Azərbaycan klublarında oynamaq istərdin?
-          Hal-hazırda bu haqda düşünmürəm, çünki çempionat hələ ki bitməyib. Amma onu qeyd edim ki, Azərbaycanda 3 güclü klub var – "Qarabağ”, "Qəbələ” və "Neftçi”.  Bunlardan hansısa maraqlı təklif versə, o zaman bu haqda düşünə bilərəm.
 
Müsahibə və fotolar: Rauf İskəndərov/Premyer.az




133