» » » "İnter" - AZAL oyununda U-21 yığmasının futbolçusu ağır zədələndi (FOTO, VİDEO)

"İnter" - AZAL oyununda U-21 yığmasının futbolçusu ağır zədələndi (FOTO, VİDEO)

"İnter" - AZAL oyununda U-21 yığmasının futbolçusu ağır zədələndi (FOTO, VİDEO) Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin Azərbaycan birinciliyinin XXIV turu çərçivəsində keçirilən və qonaqların 1:0-lıq qələbəsi ilə başa çatan "İnter” – AZAL oyununda bədbəxt hadisə baş verib.
 
Premyer.az xəbər verir ki, oyunun 29-cu dəqiqəsində meydan sahiblərinin 39 No-li futbolçusu Əlibəy Məmmədli, qonaq komandanın və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Fərid Abbaslıya, bilərəkdən arxadan sol ayağına zərbə endirərək, ona ağır zədə yetirmişdir. Zərbə nəticəsində 21 yaşlı müdafiəçinin sol ayağı topuqdan çıxaraq, 180 dərəcə dönmüşdür.  
 
Oyunun baş hakimi olmuş Emin Nağıbəyov rəqibə qəsdən zədə endirən "bankirlərin” futbolçusu Əlibəy Məmmədliyə sarı kart verməklə kifayətlənib.  Təqdim etdiyimiz video yazıdan da göründüyü kimi,  Əlibəy Məmmədli Fərid Abbaslıya ağır zədə yetirdikdən sonra, onun yerə yıxıldığını və zədə aldığını görə-görə, Fair-Play qaydalarına əsasən nəinki ona yaxınlaşıb əl verir, hətda heç nə olmamış kimi, dönüb cərimə meydançasından uzaqlaşır.
 
Hadisə baş verdikdən dərhal sonra meydana daxil olan AZAL klubunun əvəzedici heyətinin həkimi futbolçuya ilkin tibbi yardım göstərib. Meydana təcili tibbi yardım maşını da daxil olsa da, zədələnən futbolçu xərəkdə meydandan çıxardılıb. Bundan sonra AZAL komandasının əsas həkimi Sədrəddin Musayev də futbolçuya tibbi yardım göstərib.
 
Premyer.az xəbər verir ki, çıxan ayağı yerinə salınan futbolçunun hal-hazırda ayağında şiş olduğundan,  həkimlər iki gün sonra MRT olunacağını və zədənin ciddilik vəziyyətinə məhs bundan sonra aydınlıq gələcəyini bildiriblər.  
 
Ümidvarıq ki, AFFA İntizam Komitəsi "İnter” klubunun əvəzedici heyətinin 46 No-li futbolçusu Əlibəy Məmmədlinin bu kobud və qeyri-etik hərəkətini diqqətdən kənarda qoymayacaq və futbolçu öz layiqli cəzasını alacaqdır.
 
Fərid Abbaslıya isə tezliklə zədəsini sağaldıb, yaşıl meydançaya qayıtmasını arzu edirik.
1124     
Reklam

Reklam