» » » İtkin düşmüş çempionat (ARAŞDIRMA)

İtkin düşmüş çempionat (ARAŞDIRMA)

İtkin düşmüş çempionat
"HET-TRİK NEWS” FUTZAL ÜZRƏ İLK ÖLKƏ BİRİNCİLİYİNİN NƏTİCƏLƏRİNİ TAPDI
 
Azərbaycan futbolunun ağrılı yerlərindən biri də statistikadır. 2003-cü ildən bu yana Azərbaycan futbolu ilə bağlı istənilən statistik məlumatı problemsiz əldə etmək olar. Bunun üçün futbol statistikası ilə məşğul olan statistiklərimizə müraciət etmək kifayətdir. Təəssüf ki, 1992-2003-cü illər aralığında futbol statistikasında bir sıra boşluqlar var ki, onları aradan qaldırmaq çox çətindir. Ötən sayımızda I Divizionda statistik çatışmazlıqlarla bağlı araşdırma aparmış, 2003-cü ilə kimi keçirilən birinciliklərdə nəticələri naməlum və ya mübahisəli olan oyunların siyahısını təqdim etmişdik. Hətta nəticəsi mübahisəli olan 2 oyunun dəqiq hesabını tapmışdıq. Qalan oyunlarla bağlı isə daha geniş araşdırma aparmaq lazımdır ki, bunun üçün vaxt və maliyyə şərtdir. Statistik boşluqlar təkcə futbol deyil, həm də futzalda mövcuddur. Mini-futbol üzrə 1993-cü ildə keçirilən ilk ölkə çempionatını misal gətirə bilərik. Cəmi 3 oyunun nəticəsi məlumdur. Ən acınacaqlısı isə budur ki, çempionatda iştirak edən komandalardan 6-nın adı bu günə kimi bilinmir. Daha doğrusu, bilinmirdi...
 
İlk çempion "Nicat" olub
Mini-futbol və ya müasir dövrümüzdə futzal adlandırılan idman növü üzrə ilk Azərbaycan çempionatı haqqında günümüzə çox az məlumat gəlib çatıb. Bunu statistik Vüqar Xeyrullayevin təqdim etdiyi faktlardan da görmək olar. 1993-cü ildə 10 komanda arasında mini-futbol üzrə ilk ölkə çempionatı keçirilib. Komandalar 2 yarımqrupa bölünüblər. Hər qrupdan 2 komanda final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsində çempionluq uğrunda mübarizə aparan komandalar bunlardır: "Nicat" (Bakı), "Avtomobilçi" (Bakı), "İnşaatçı" (Sabirabad) və "Avtomobilçi" (Yevlax). "Nicat" və Bakının "Avtomobilçi" komandaları 2 oyunda qalib gəlib, öz aralarında heç-heçə edərək hərəyə 5 xal toplayıblar. Qeyd edək ki, o vaxtlar qələbəyə görə 2, heç-heçəyə görə isə 1 xal verilirdi. Vurulan-buraxılan qolların fərqinə görə daha yaxşı göstəriciyə malik olan "Nicat" mini-futbol üzrə ilk Azərbaycan çempionu adını qazanıb, "Avtomobilçi" (Bakı) 2-ci yeri tutub. "İnşaatçı" və Yevlaxın "Avtomobilçi" komandaları isə müvafiq olaraq 3 və 4-cü yerdə qərarlaşıblar. Final mərhələsində keçirilən oyunlardan cəmi 3-nün nəticəsi məlumdur. Özü də yalnız "Nicat"ın iştirakı ilə keçirilən oyunların: "Nicat" - "İnşaatçı" 9:3, "Nicat" - "Avtomobilçi" (Yevlax) 7:1, "Nicat" - "Avtomobilçi" (Bakı) 2:2. Vəssəlam. Hə, bir də həmin vaxt "Nicat"ı Şamil Useynovun, "Avtomobilçi"ni (Bakı) Əbdülqəni Nurməmmədovun, "İnşaatçı"nı isə rəhmətlik Rəşid Özbəyovun çalışdırdığı haqda bilgi var.
Göründüyü kimi, mini-futbol üzrə ilk Azərbaycan çempionatında iştirak edən komandaların 6-nın adı, qrupların tərkibləri, orada keçirilən oyunların nəticələri, turnir cədvəlləri, həmçinin, final mərhələsində 3 qarşılaşmanın hesabı məlum deyil. Vüqar Xeyrullayevdən götürdüyümüz məlumatlar Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş və statistik Abas Əzimovun müəllifi olduğu "Futbolumuzun futzal salnaməsi" adlı kitabında da var. Daha doğrusu, V.Xeyrullayev məlumatları Abas dayıdan götürüb. Kitabda ilk çempionatın oyunlarının protokollarının itdiyi bildirilsə də, bir məqam diqqətimizi cəlb etdi. Orada ilk çempion "Nicat"ın heyətində oynamış futbolçuların adları göstərilmişdi: Vaqif Sadıqov, Yaşar Vahabzadə, Etibar Tanrıverdiyev, Fərman Nərimanov, Elxan Rəsulov, Vüqar Qəmbərov, Nadir Əliyev, Cahangir Qulubəyiov, Kamal Rəhimov və Şahin Şahhüseyni. Deməli, bu futbolçular, o vaxt ilk çempionatın iştirakçıları və təşkilatçıları ilə bir-bir əlaqə saxlamaqla müəyyət faktlara aydınlıq gətirmək, heç olmasa, 6 komandanın adını tapmaq olar.
 
Kimsə nəsə xatırlamır
Adları çəkilən futbolçuların bir neçəsi, həmçinin, Sabirabadın "İnşaatçı" komandasını çalışdırmış Şakir Qəribov və ilk çempionun baş məşqçisi Şamil Useynov ilə əlaqə saxladıq. Təəssüf ki, hamısı ilk çempionatla az bilgiyə malik olduqlarını, hesabları və komandaların adlarını unutduqlarını bildirdilər. Məsələn, Yaşar Vahabzadə ümumiyyətlə, heç nəyi xatırlamadığını dedi. Vaqif Sadıqov isə ilk çempionatda iştirak etmədiyini, hansısa turnirdə "Nicat"da oynadığı söylədi. Hər halda Vaqif müəllimin araşdırmamıza müəyyən köməyi dəydi. Belə ki, o, 1993-cü ildə çempionatın keçirilməsinə rəhbərlik etmiş Ağarza Rzayevlə əlaqə saxlamağı məsləhət gördü.
Ağarza Rzayev mətbuatda az-az görünsə də, futbol aləmində tanınmış simadır. 1954-cü ildə Bakıda anadan olub. Rəhmətlik Ənvər Quliyevin rəhbərliyi altında futbolda ilk addımlarını atıb. Futbolçu kimi Azərbaycan birinciliyində çıxış edib, mərhum Əli Əbilzadənin çalışdırdığı Bakının "Avtomobilçi" komandasının futbolçusu olub. Gənc yaşlarında zədə səbəbindən karyerasını tez bitirsə də, futboldan uzaq düşməyib, mütəmadi olaraq həvəskar şəkildə futbol oynayıb. Hazırda "Neftçi" Veteranlar Klubunun və Kəndlər Futbol Federasiyasının vitse-prezidentidir. 1992-ci ildə AFFA təsis ediləndən bir müddət sonra Fuad Musayev mini-futbolun ölkədə çox sevildiyini və Ağarza müəllimin bu işin içində olduğunu nəzərə alaraq ona çempionat keçirməsini və təşkilatçılığı üzərinə götürməsini təklif edib. Həmin vaxt Futzal Federasiyası olmadığından AFFA-da Mini-futbol Komitəsi yaradılıb. Ağarza müəllimin xatirələrindən: "Hələ SSRİ dövründə Azərbaycanda mini-futbola maraq çox idi. Rəhmətlik Ələkbər Məmmədov söhbətlərində mini-futbolun Azərbaycanda yaradıldığını deyirdi. Rəsmi yarışlar olmasa da, müxtəlif komandaların iştirakı ilə tez-tez turnirlər təşkil edirdik. AFFA-nın ilk prezidenti Fuad Musayev mənim mini-futbolla bağlı olduğumu və yarışlara təşkilatçılıq etdiyimi bilirdi. Məhz onun təklifi ilə ilk Azərbaycan çempionatı keçirməyi qərara aldıq. AFFA-da müvafiq komitə yaradıldı və Habil Qurbanov komitəyə sədr seçildi. Mən isə qeyri-rəsmi olaraq daha çox təşkilati işlərə nəzarət edirdim. Bundan başqa Futzal Federasiyasının təsis edilməsi ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə verildi. O vaxt peşəkar komanda yox idi. 10 komandanın iştirakı ilə ilk çempionatı keçirdik. Təəssüf ki, final mərhələsində iştirak edən komandalardan savayı digərlərinin adlarını xatırlamıram".
Buna rəğmən, Ağarza müəllim ilk çempionatla bağlı bəzi maraqlı məlumatları bizimlə bölüşdü. Deməli, komandalar çempionatda iştiraka görə müəyyən məbləğdə üzvlük haqqı ödəyiblər. Həmin məbləğ  idman zalının icarə haqqına, mükafatların, kubokların  alınmasına bəs etmədiyindən, qalan məsrəflər komitə tərəfindən qarşılanıb. Bir də final mərhələsinin oyunları Politexnik İnstitutunun (Texniki Universitet - İ.T.) idman zalında keçirilib.
İlk çempion "Nicat"ın baş məşqçisi Şamil Useynov isə yalnız final mərhələsinin oyunlarını, özü də natamam şəkildə xatırladığını dedi: "Sonuncu oyunumuz yaxşı yadımdadır. Əsasnaməyə görə, heç-heçə ədəcəyimiz təqdirdə çempion olacaqdıq. Oyunun gedişində 1:2 hesabı ilə məğlub olurduq. Sona 2-3 dəqiqə qalmış bərabərlik qolunu vura bildik və çempion olduq. Bir məqamı da deyim, bəlkə maraqlı oldu. O vaxt Rauf Adıgözəlov çempion olacağımız təqdirdə məni yığmaya baş məşqçi qoyacaqlarını söz vermişdi..."
Mini-futbol üzrə ilk Azərbaycan çempionatının iştirakçılarından biri olmuş, hazırda futzal üzrə yığma komandamızın məşqçisi Hacı Abdullayevlə söhbət zamanı isə bəzi vacib  faktlar məlum oldu. Hacı müəllim ilk çempionatda iştirak etmiş bir neçə komandanın adını xatırlasa da, bunları bir daha dəqiqləşdirməyin lazım olduğunu bildirdi. O, adları məlum olan 4 komandadan savayı ilk birincilikdə Fazil Qarayevin baş məşqçisi olduğu "Neftçi"nin veteranlarından təşkil olunmuş komandanın, mərhum Oqtay Heybətovun çalışdırdığı "Flamenqo"nun, Bakını təmsil edən "Xəzri"nin və "Azadə"nin də yarışdığını ehtimal etdi. Təbii ki, bunlar dəqiq məumatlar olmadığından əlavə araşdırmaya və faktların tapılmasına ehtiyac yarandı.
İstədiyimiz məlumatları tapmayınca, son ümid yeri kimi Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına üz tutduq. Bir neçə saat ərzində 1992-93-cü illərdə nəşr olunmuş qəzetlərdə bizə lazım olan məlumatları axtardıq və...
"İdman" qəzetinin 1993-cü il 11 fevral tarixli 6(6131) saylı buraxılışında idman ustası Q.Cəfərovun müəllifi olduğu və rus dilində dərc olunmuş "V futbole iqrayet i star i mlad" başlıqlı məqalədə mini-futbol üzrə ilk Azərbaycan çempionatı haqqında dəyərli məlumatlar yer alıb. Yazıda bütün iştirakçı komandaların adları, çempionatın formatı və tam olmasa da nəticələr göstərilib.
 
"İtkin düşmüşlər" kitabxanada tapıldı
Beləliklə, ilk çempionatda çıxış etmiş komandalar bunlardır: "Avtomobilçi" (Yevlax), "Pambıqçı" (Neftçala), "Sudoremontnik" ("Gəmiqayırma” - İ.T.) (Bakı), "Plastik" (Salyan), "Nicat" (Bakı), "Ərgünəş" (Füzuli),  "Xəzri" (Bakı), "Avtomobilçi" (Yevlax), "İnşaatçı" (Sabirabad), "Daşqın" (Zaqatala). Çempionat 2 mərhələdən ibarət olub. 1-ci mərhələdə komandalar 3 qrupa bölünüblər. Regionları təmsil edən "Avtomobilçi" (Yevlax), "İnşaatçı", "Daşqın" və "Ərgünəş" komandaları bir qrupda yer alıblar. Bu qrupun oyunları Yevlaxda keçirilib və 1-2-ci yerin sahibləri - "Avtomobilçi" və "İnşaatçı" final mərhələsinə vəsiqə qazanıblar. Qalan 6 komanda hər birində 3 komanda olmaqla 2 qrupda yarışıb və yalnız qrup qalibləri "Avtomobilçi" və "İnşaatçı"ya qoşulublar. "Avtomobilçi" (Bakı), "Sudoremontnik" və "Plastik"in yer aldığı qrupda "Avtomobilçi" 1-ci olub. "Nicat", "Xəzri" və "Pambıqçı"nın yarışdığı qrupda isə "Nicat". Qrup mərhələsindəki oyunların nəticələri aşağıdakı kimidir:
1-ci qrup:
"Avtomobilçi" (Yevlax) - "İnşaatçı" 7:5
"Avtomobilçi" - "Daşqın" 3:0
"Avtomobilçi" - "Ərgünəş" 7:3
"İnşaatçı" - "Daşqın" 6:2
"İnşaatçı" - "Ərgünəş" 6:3
2-ci qrup:
"Avtomobilçi" (Bakı) - "Sudoremontnik" 4:1
"Avtomobilçi" - "Plastik" 5:2
3-cü qrup:
"Nicat" - "Xəzri" 6:4
"Nicat" - "Pambıqçı" 6:3
Fikir verdinizsə, "Daşqın" - "Ərgünəş", "Sudoremontnik" - "Plastik" və "Xəzri" - "Pambıqçı" oyunlarının nəticələri yoxdur. Təəssüf ki, digər nəşrləri nə qədər axtarsaq da, bu oyunların hesablarını müəyyənləşdirmək üçün əlimizə nəsə keçmədi. Bu üzdən qruplar üzrə turnir cədvəllərini tərtib edərkən bu oyunların nəticələri  nəzərə alınmayıb.
1-ci qrup:
      Komanda               O     Q             H     M      TF     X
1. "Avtomobilçi" (Y)     3     3     0     0     17-8    6
2. "İnşaatçı"                 3     2     0     1     17-12  4
3. "Ərgünəş"                 2     0     0     2                6-13   0
4. "Daşqın"                  2     0     0     2       2-9    0
2-ci qrup:
1. "Avtomobilçi" (B)     2     2     0     0       9-3    4
2. "Plastik"                  1     0     0     1       2-5    0
3. "Sudoremontnik"      1     0     0     1       1-4    0
3-cü qrup:
1. "Nicat"                    2     2     0     0      12-7   4
2. "Xəzri"                     1     0     0     1       4-6    0
3. "Pambıqçı"               1     0     0     1       3-6    0
"İdman"ın həmin il 18 fevralda işıq üzü görmüş növbəti sayında isə final mərhələsindən bəhs etmiş kiçik məqalə var. G.Əsədullayevin müəllifi olduğu "Mini-futbolun ikinci həyatı" başlıqlı xəbər tipli yazıda 6 oyunun 5-nin nəticəsi göstərilib. Bu nəticələrə əsasən məlum olur ki, "Nicat" - "İnşaatçı" oyunu indiyə kimi statistiklərin hesab etdiyi kimi 9:3 deyil, 9:4 hesabı ilə başa çatıb. Statistiklərimizə məlum olan "Nicat" - "Avtomobilçi" (Yevlax) matçının nəticəsi isə doğrudur - 7:1. Bundan başqa az əvvəl göstərdiyimiz kimi yazıda 6 oyunun 5-nin nəticəsi var. "Nicat" - "Avtomobilçi" (Bakı) qarşılaşmasının hansı hesabla bitdiyi isə yazılmayıb. Amma statistiklərimizə və yazıda fikri yer alanlara inanaraq oyunun həqiqətən 2:2 hesabı ilə başa çatdığını əminliklə deyə bilərik. Beləliklə, 1993-cü il fevralın 13-14-də Politexnik İnstitutunun idman zalında keçirilən mini-futbol üzrə ilk Azərbaycan çempionatının final mərhələsinin bütün nəticələri və yekun turnir cədvəli aşağıdakı kimidir:
"Nicat" - "Avtomobilçi" (Yevlax) 7:1, "Avtomobilçi" (Bakı) - "İnşaatçı" 3:1, "Nicat" - "İnşaatçı" 9:4, "Avtomobilçi" (Bakı) - "Avtomobilçi" (Yevlax) 10:3, "İnşaatçı" - "Avtomobilçi" (Yevlax) 5:4, "Nicat" - "Avtomobilçi" (Bakı) 2:2.
      Komanda               O     Q     H     M        TF      X
1. "Nicat"                     3      2      1      0       18-7     5
2. "Avtomobilçi" (B)     3      2      1      0       15-6     5
3. "İnşaatçı"                  3      1      0      2      10-16    2
4. "Avtomobilçi" (Y)     3      0      0      3       8-22     0
 
Ən yaxşılar da məlumdur
G.Əsədullayevin yazısında ilk çempionatımızın ən yaxşılarının adları da göstərilib: "Final turnirinin yekunlarına görə R.Hüseynov ən yaxşı qapıçı, A.Nurməmmədov (hər ikisi "Avtomobilçi" (Bakı ) ən yaxşı oyunçu hesab edilmişlər. "Nicat" komandasının futbolçusu V.Qəmbərov turnirin ən sərrast snayperi olmuşdur". Burada da müəyyən anlaşmazlıq var. Birincisi, futbolçuların adlarının yalnız baş hərfləri göstərilib. Müsahiblərlə bu haqda söhbət zamanı R.Hüseynovun Rövşən Hüseynov, A.Nurməmmədovun Əbdülqəni Nurməmmədov, V.Qəmbərovun isə Vüqar Qəmbərov olduğunu aydınlaşdırdıq.
Futzal üzrə ilk çempionatımızın statistik göstəricilərini 3 oyunu çıxmaq şərtilə tam tərtib edə bildik. Təəssüf ki, futzaldakı statistik boşluqlar bununla bitmir. Məsələn, protokollar itdiyi üçün Abas dayının kitabında 5-ci çempionat haqqında ətraflı məlumat verilməyib. Digər statistiklərimizdə də həmin birincilik haqqında çox az bilgi var. Bu mövsümdə naməlum olan məqamlara növbəti araşdırmalarımızda aydınlıq gətirməyə çalışacağıq.
İlqar TAĞIYEV
"Het-trik news” qəzeti

192