» » » Saxta “Vətən sevgisi” və ya ehtiyatda qalan yığma (YAZI, FOTOLAR)

Saxta “Vətən sevgisi” və ya ehtiyatda qalan yığma (YAZI, FOTOLAR)

Saxta “Vətən sevgisi” və ya ehtiyatda qalan yığma  (YAZI, FOTOLAR)Son günlər futbolumuzun gündəm mövzularından biri də Renat Dadaşovun Azərbaycan yığmasında oynamağa razılıq verməsidir. Bununla bağlı AFFA-nın rəsmi saytının yaydığı məlumatda bildirilir ki, əslən azərbaycanlı olan, hazırda Almaniyada çıxış edən Renat özü AFFA-ya müraciət edərək Azərbaycan yığmasında oynamaq istədiyini deyib. Maraqlıdır ki, futbolçu verdiyi müsahibələrin birində bunun tam əksini bildirib və AFFA-dan onunla əlaqə saxlandığını və yığmaya dəvət edildiyini söyləyib. Bununla bağlı AFFA öncə Almaniyaya sorğu göndərib. Sorğuya cavab olaraq  Almaniya Futbol İttifaqı  bildirib ki, Dadaşov bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb. Bundan sonra AFFA onun müvafiq qaydalara uyğun olaraq  Azərbaycan yığmasında çıxış etməsinə razılıq vermək üçün FİFA-ya müraciət ünvanlayıb. FİFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya göndərdiyi məktubda isə bildirilib ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Renat Dadaşovun FİFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan yığma komandasında oynamaq hüququna sahibdir. Bununla da Renat Dadaşovun yığmamızda oynamasında heç bir maneə qalmayıb.
 
Təbii ki, bu məsələ futbol ictimaiyyəti tərəfidən birmənalı qarşılanmadı. Renatın yığmamıza faydalı olacağını düşünənlər də var, buna qarşı çıxanlar da. Biz isə məsələnin tam mahiyyətini açmağa çalışacağıq. Yazını tam Renat üzərində yox, onun kimi digər həmyerlilərimizin üzərində quracağıq. Emin Mahmudov və Ramil Şeydayevi nəzərdə tuturuq. Çünki hər 3 futbolçunun yığmamıza gələn yolu oxşardı. Hər üçü ilk olaraq başqa ölkənin millisini seçib və Azərbaycana gəlməkdən imtina edib. Lakin sonradan fikirlərini dəyişib tarixi vətənlərinin yığmasında oynamağa razılıq veriblər. Vətən sevgisindən, ya yox, bu haqda yazacağıq. İlk olaraq elə başlayaq son günlərin qəhrəmanından.
Renat Dadaşov 1999-cu il mayın 17-də Almaniyada anadan olub. Hər 2 valideyni azərbaycanlıdır. Hazırda Bakıda qohumları yaşayır. Qardaşı Rüfət Dadaşov Berti Foqtsun vaxtında yığmaya cəlb olunurdu. Kiçik Dadaşov futbola "Vehen"də başlayıb və 2013-də 14 yaşı olarkən "Ayntraxt"a keçib. Bir il sonra isə "Leypsiq"in U-17 komandası onu heyətinə qatıb. 2015-ci ildə "Leypsiq"in U-19 komandasına cəlb olunub. Bu yaxınlarda isə sabiq klubu "Ayntraxt" onu geri qaytarıb və Renat hazırda Frankfurt klubun U-19 komandasında forma geyinir. Onun Azərbaycan yığmasına ilk gəlişi 3 il bundan əvvəl olmuşdu. Həmin vaxt Təbriz Həsənov onu U-16 yığmamıza dəvət etmişdi. Lakin "Leypsiq"ə keçəndən və bu klubun U-17 komandasında göstərdiyi yaxşı oyundan sonra onu Almaniya U-16 millisinə çağırdılar. Bu dəvət gələn kimi Rüfət Azərbaycan adına oynamaqdan imtina etdi və Almaniya U-16 millisinin düşərgəsinə yollandı. 1 il sonra artıq Almaniya U-17 millisinə də cəlb olundu və komandanın heyətində Azərbaycana səfər də etdi. Həmin vaxt Renat Bakıda azərbaycanlı jurnalistlərə açıqlamasında bildirmişdi ki, Almaniyada doğulub və ona görə də Almaniya millisini seçib. Ondan sonra AFFA bir neçə dəfə Renata təklif göndərsə də o, bu təklifi rədd edərək seçimini etdiyini və Almaniya millisində oynamaq istədiyini demişdi. Sual olunur: qəfildən nə baş verdi ki, Renat bir vaxtlar bütün varlığı ilə bağlandığı Almaniya millisini qoyaraq Azərbaycan yığmasında oynamağa qərar verdi? Vətən sevgisi? Təbii ki, yox. Vətənini sevən insan onun  yığmasını başqasına dəyişməz. Vətənini sevən insan 17 ildə bircə dəfə də olsun Vətənə baş çəkər. Bu insanın Azərbaycan yığmasını seçməsinin səbəbi məlumdur. Əvvəl havalarda idi və düşünürdü ki, gələcəkdə Almaniyanın U-19, U-21 və əsas millilərinə düşmək şansı qazanacaq. Lakin sonradan anladı ki, Almaniyada U-17 millisindən yuxarı qalxa bilməyəcək. Məlum məsələdir ki, Almaniya
U-19-dan təklif alsaydı, Azərbaycan Renatın heç yadına da düşməyəcəkdi. Bu təklif olmadığı üçün Azərbaycan yığması ağlına gəldi və burada oynamağa razı oldu. Hər necə olsa, milli komandadır, beynəlxalq oyunlarda özünü göstərmək şansı qazanacaq. Bundan başqa, Azərbaycan  yığmasında qələbə, yaxud heç-heçə təqdirində babat mükafat almaq mümkündür. Hər halda, qardaşı Rüfət ona bu haqda danışmamış olmaz. İndi pafoslu açıqlamalar verməklə deyil.
Ramil Şeydayevi də Azərbaycana vətən sevgisi gətirməyib. Futbolçu 1996-cı il martın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. Atası azərbaycanlıdır, əslən Kürdəmir rayonundandır. Ramil futbola "Zenit"də başlayıb və karyerasının böyük hissəsi bu klubla bağlı olub. 2012-ci ildən 2016-cı ilə qədər mütəmadi olaraq Rusiyanın U-17, U-19 və U-21 millilərində forma geyinib. Bu müddətdə dəfələrlə Azərbaycandan dəvət alsa da, onu rədd edib və açıq şəkildə bildirib ki, Rusiya millisində oynamaq istəyir. Məsələn, onun haqqında araşdırma apararkən 2015-ci ildə Sankt Peterburq şəhərində sportinfo.az saytına verdiyi müsahibə əlimizə keçdi. Həmin müsahibədə jurnalist az qala hər sualında Şeydayevi "oyatmağa" çalışıb ki, bəlkə onda vətənpərvərlik hissi baş qaldıra. Amma futbolçu hər dəfə cavabında Rusiya millisini seçməsinə haqq qazandırıb. Həmin müsahibədən bəzi məqamları olduğu kimi tədim edirik:
- Müsahibələrində demisən ki, Azərbaycandan heç kim səninlə əlaqə saxlamayıb. Amma dəqiq bilirəm ki, AFFA-dan səninlə də, atanla da dəfələrlə danışıblar.
- Düzdür, mütəmadi olaraq atamla danışırlar. Amma qərarımı vermişəm. Rusiyanın əsas millisinin formasını geymək istəyirəm. Burada perspektiv daha çoxdur. Azərbaycana qarşı pis niyyətim yoxdur. Burada oynamasaydım, məmuniyyətlə Azərbaycan yığmasının şərəfini qoruyardım.
- Deməli, Azərbaycana ikinci variant kimi baxırsan?
- Azərbaycana hörmət edirəm. Amma orada perspektiv azdır. Futbol oynamaq, inkişaf etmək üçün burada olmalıyam. Yalnız Rusiya millisinin formasını geyəcəyim halda Avropanın böyük klublarına getmək şansım olacaq.
Futbolçunun "Rusiyanı ürəyinin səsinə qulaq asıb seçirsən, yoxsa sırf peşəkarlığa görə?" sualına cavabı da qısa və konkret olmuşdu: "Ürəyimin nə deməsi mühüm deyil. Əsas odur ki, peşəkarlıq baxımından Rusiya futbolu Azərbaycandan üstündür. Mən inkişaf etmək, daha irəli getmək istəyirəm".
Göründüyü kimi, futbolçu Vətən sevgisini qoyub bir kənara və Rusiya millisində oynamağın perspektivlərindən danışır. Hətta bildirir ki, bu qərarı qəbul edərkən atası ilə məsləhətləşib və atası oğlunun qərarını dəstəkləyib. Əslində, Ramilin fikirlərində həqiqət var idi. Rusiya millisini seçməklə daha da irəli gedə bilərdi. Seçdi də. Amma irəli gedə bilmədi. Çünki buna bacarığı çatmadı. Çünki dünyanın gərdişindən xəbərsizdir. Çünki bilmirdi ki, heç də uşaq futbolunda parlayan  çoxları peşəkar səviyyəyə çatanda "sönürlər".
Ramillə bu müsahibə 2015-ci ilin yanvarında alınıb. Şeydayev isə Azərbaycan  yığmasında oynamağa razılığı 2016-cı ilin yayında verib. 2015-ci ildə israrla seçiminə haqq qazandıran, Rusiya millisində böyük perspektiv görən və yığmamız haqda "orda perspektiv azdır" deyən birisi 1 ildən sonra fikrini niyə dəyişdi? Bu 1 ildə Azərbaycanda birdən-birə perspektiv kəllə-çarxa çıxdı? Təbii ki, bunların heç biri olmayıb. Sadəcə, "Zenit"də əsas heyətə düşmək mümkün deyildi. Eyni zamanda, Rusiya əsas millisinə dəvət şansı da yoxdur. Təbii ki, belə vəziyyətdə diqqət mərkəzində olmaq üçün Azərbaycan yığmasında oynamağı qəbul etmək olardı. Üstəlik, deyilənə görə, yığmamıza gəlmək üçün AFFA Şeydayevə müəyyən məbləğdə pul ödəyib. Yayılan digər xəbərə görə, Azərbaycan yığmasını seçəcəyi təqdirdə AFFA Şeydayevi "Trabzonspor"a düzəldəcəyini və onun maaşını ödəyəcəyinə dair söz vermişdi. Şeydayevsə "Trabzonspor"da heç ilk "18-liy"inə düşə bilmədi. Görünən budur ki, Şeydayev Azərbaycanı Vətən sevgisi qarşılığında yox, məcburən seçib.
Emin Mahmudov da sonradan patriot olanlardandır. O, 1992-ci il aprelin 27-də  Saatlı rayonunda anadan olub. Sonradan ailəsi Rusiyaya köçdüyündən futbolla da orada məşğul olmağa başlayıb. Böyük potensialı olduğundan "Saturun"un əvəzedici komandasına cəlb olunub. Bir müddət sonra kapitan sarğısını qoluna taxıb. 2010-cu ildə "Saturun"un əsas komandasına çağırılıb, tezliklə orada da sözünü deyib və Moskva nəhəngi "Spartak" onu transfer edib. Sonralar "Tom", "Krılya Soverov", "Mordoviya" kimi klublar Emini heyətinə qatıb. Hazırda isə Portuqaliya Premyer Liqasında çıxış edən  "Boavişta"da forma geyinir.
Yığma məsələsinə gəlincə, Emin 7-8 il bundan əvvəl Azərbaycanın U-17 komandasının düşərgəsində olub. Lakin sonradan yığmamızdan imtina edərək Rusiyaya qayıdıb. Həmin vaxtlar "Saturun"da yavaş-yavaş parlayan futbolçuya maraq çox idi. Bunun nəticəsidir ki, Emin Rusiya millisindən dəvət alıb və onu qəbul edib. 2010-cu ilin yanvar ayında o, Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə karyerasında ilk uğurlarını qazanıb. Belə ki, Rusiyanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) qalibi olduğu turnirin bombardiri məhz Mahmudov olub. Növbədə onu Rusiyanın U-21 və əsas milliləri gözləyirdi. Artıq, şöhrəti də artmışdı. "Saturun"un əsas komandasında möhkəmlənib uğurlu çıxış edincə, Moskva ona "Spartak"ından təklif gəlib. Təbii ki, belə vəziyyətdə Azərbaycan heç Eminin yadına da düşmürdü. Onun beynində yalnız və yalnız Rusiya var idi. Lakin hər şey həmyerlimizin istədiyi kimi getmədi. "Spartak"da möhkəmlənə bilməyincə, Moskva klubu onu icarəyə verməyi qərara aldı. "Tomsk"a keçən Mahmudov ardınca "Krılya Sovetov"a yollandı. Lakin orada da möhkəmlənə bilməyərək daha zəif "Mordaviya"nın düşərgəsinə getdi. Gəl ki, Saransk təmsilçisində də özünə yer edə bilmədi. Üstəlik, Rusiyanın U-21 yığmasındakı çıxışlarını başa vurmuşdu, əsas millidən isə də dəvət yox idi. Yalnız bundan sonra çar-naçar qalan Eminin yadına vətən düşdü. Halbuki karyerasının bərkgedən vaxtında dəfələrlə ona Azərbaycan yığması ilə bağlı sual veriləndə "mənim üçün bu mövzu bağlanıb, seçimimi etmişəm və Rusiyanı seçmişəm" deyirdi. Lakin ruslar onu türklər deməli, "çöpə atanda" vətəni üçün qəribsəməyə başladı. Yekunda israrla ondan əl çəkməyən AFFA-nın təklifini qəbul etmək məcburiyyətində qaldı. Azından Azərbaycan yığmasının heyətində beynəlxalq oyunlarda oynayıb özünü göstərmək üçün. Yalan-doğru deyilənə görə, onun da AFFA qarşısında müəyyən maddi tələbləri olub. Hətta Emini "Boavişta"ya AFFA-nın düzüb-qoşduğunu deyənlər də var. Əldə konkret fakt olmadığı üçün fikir bildirmək olmur. Lakin dəqiq olan odur ki, nə Renat, nə Ramil, nə də Emin Azərbaycan yığmasını Azərbaycanı sevdikləri üçün seçməyiblər. Karyeralarının yaxşı vaxtlarında Azərbaycan yığması bu futbolçuların yadına da düşmürdü. Lakin almanlara və ruslara lazım olmadıqlarına əmin olandan sonra 2-ci variant kimi yığmamıza gəlməyə qərar verdilər. Təbii ki, bu durumda yığmaya nəsə köməklərinin toxunacaqları inandırıcı deyil. Ramillə Eminin son oyunlarda hansı səviyyədə olduqları çılpaqlığı ilə üzə çıxdı. Nə bu Emin "Spartak"da oynayan Emindi, nə də bu Ramil "Zenit"də, Rusiya U-21-də oynyan Ramil...
"Het-trik news”
 
P.S.Hollandiyanın "Feyenoord" klubunun futbolçusu Ozancan Kökcü Azərbaycan yığmasından imtina edib. 18 yaşlı yarımmüdafiəçi Hollandiya yığmasının formasını geyinməkdə maraqlıdır. Bu ölkənin U-17 yığma komandasında çıxış etmiş Ozancan Azərbaycanın gənclərdən ibarət yığmasının Antalyadakı son toplanışında iştirak etmişdi. İngiltərənin bir neçə klubunun maraq dairəsində olan Kökcünün məhz legioner həyatı yaşamaq üçün Hollandiya millisini seçdiyi bildirilir. Ozancan azərbaycanlı deyil. Amma görünür, yığmamızın ona ehtiyacı var. Eybi yoxdur, əgər 1-2 ilə Hollandiya millisinə düşməsə...

Saxta “Vətən sevgisi” və ya ehtiyatda qalan yığma  (YAZI, FOTOLAR)
Saxta “Vətən sevgisi” və ya ehtiyatda qalan yığma  (YAZI, FOTOLAR)
Saxta “Vətən sevgisi” və ya ehtiyatda qalan yığma  (YAZI, FOTOLAR)

Saxta “Vətən sevgisi” və ya ehtiyatda qalan yığma  (YAZI, FOTOLAR)
Saxta “Vətən sevgisi” və ya ehtiyatda qalan yığma  (YAZI, FOTOLAR)
Saxta “Vətən sevgisi” və ya ehtiyatda qalan yığma  (YAZI, FOTOLAR)


Saxta “Vətən sevgisi” və ya ehtiyatda qalan yığma  (YAZI, FOTOLAR)
Saxta “Vətən sevgisi” və ya ehtiyatda qalan yığma  (YAZI, FOTOLAR)
606