» » » Bu gün doğum gününü qeyd edən futbolçumuz nələr söylədi? (MÜSAHİBƏ, FOTOLAR)

Bu gün doğum gününü qeyd edən futbolçumuz nələr söylədi? (MÜSAHİBƏ, FOTOLAR)

Bu gün Azərbaycan futbolunun tanınmış simalarından biri, 2013-cü ildə Azərbaycan Milli komandasının heyətində ən çox oyun keçirən futbolçu kimi (Red: 13 oyun) tarixə düşən - Rasim Ramaldanovun doğum günüdür.  
 
Keçən ilin yayından legioner həyatı  yaşayan 31 yaşlı futbolçumuzun Bakıda olduğunu öyrənib, dərhal onunla görüşüb müsahibə almaq qərarına gəldik...
 
 
Qısa məlumat: Rasim Ramaldanov 24 yanvar 1986-cı il tarixində Bakı şəhərində anadan olub. 191 sm boya sahib  olan futbolçu, karyerası ərzində "Simurq”, "Xəzər Lənkəran”, "Sumqayıt” və "Kolxeti 1913” (Poti, Gürcüstan) klublarının şərəfini qoruyub. 14 noyabr 2012-ci il tarixində Şimali İrlandiyaya qarşı oyunda Milli komandanın heyətində debüt edən Rasim, Azərbaycan Millisində 17 oyun keçirib.
 
 
Rasim Ramaldanovun Premyer.az saytına müsahibəsi:
 
 
-         Rasim, ilk öncə doğum günün münasibəti ilə səni təbrik edir, gələcək futbol karyeranda və ailə həyatında sənə uğurlar arzulayırıq!
-          Təşəkkür edirəm diqqətiniz üçün. Mənim üçün də bu bir xoş sürpriz oldu..
 
-         Keçən ilin yayında birdən-birə yoxa çıxdın. Çoxları elə düşünürdü ki, artıq karyeranı bitirmisən.
 
-          (Gülür) Ola bilər. Mən o zaman "Kolxeti 1913” klubunun Antalyada keçirilən təlim-məşq toplanışına dəvət alıb, Türkiyəyə yollandım və klubla birbaşa müqavilə imzalayaraq Gürcüstan çempionatının yüksək liqasında çıxış etməyə başladım.
 
-         Yeni klubunun heyətində 12 oyun keçirib, 2 qola imza atmısan. Bir qolu da Kubok oyunlarında vurmusan. Komandaya uyğunlaşmaq çətin olmadı ki sənin üçün?
 
-          Xeyir.  Tam əksinə, adaptasiya prosesi tez  və asan keçdi. Heç bir problem olmadı.
 
-         Komanda yoldaşların ilə hansı dildə anlaşırsan?
 
-          Əsasən rus dilində danışırıq, amma gürcü dilini də demək olar ki yaxşı öyrənmişəm.
 
-         Bildiyimə görə müqavilənin müddəti artıq bitib?
 
-          Bəli, yanvar ayında müqaviləmin müddəti sona çatıb və hazırda da azad agent statusu almışam.
 
-         "Kolxeti 1913” klubunda qalıb-qalmayacağın bəllidir mi?
 
-          Hal-hazırda danışıqlar gedir, konkret olaraq heç nə deyə bilmərəm.
 
-         Gürcüstan çempionatı ilə Azərbaycan çempionatını müqayisə edə bilərsən mi? Hansı fərqliliklər var?
 
-          Deməzdim ki, hansısa çempionat daha çətindir və ya daha fərqlidir. Sadəcə olaraq bir şeyi qeyd etmək istərdim ki, Azərbaycan çempionatında oyun üslubu  daha sürətlidir.
 
-         Hər hansı bir Azərbaycan klubundan təklif almısan mı?
 
-          Bir-iki klubla danışıqlar gedir. Hələ-ki gözləyirəm, cavab gəlməlidir.
 
-         Özün necə, hansı çempionatda davam etdirmək istərdin karyeranı?
 
-          Fərq etməz, amma Gürcüstana qayıtmaq istərdim. Nəsə maraqlı gəlir mənə ora, ona görə. Amma təbii ki, Azərbaycan klublarından maraqlı təklif alsam, mütləq dəyərləndirəcəm.
 
-         Azərbaycan klublarından konkret olaraq hansındasa oynamaq arzun var mı?
 
-          Arzum deyəndə ki, qismət Allahdandır.  Bizə ancaq səbr edib, gözləmək qalır....
 
Müsahibəni hazırlayan:
Rauf İskəndərov / Premyer.az





330