» » » "Neftçi"nin tarixindən: İlk rəsmi qol ermənilərə vurulub.. (FOTO)

"Neftçi"nin tarixindən: İlk rəsmi qol ermənilərə vurulub.. (FOTO)

"Neftçi” necə yaranıb?
 
"Neftçi" Azərbaycanın ən köklü klubudur. Uzun illər bu komanda SSRİ-də futbolumuzun flaqmanı rolunu oynayıb və ittifaq səviyyəsində elitada ölkəmizi təmsil edib. Klub 1937-ci ilin əvvəllərində yaranıb. Daha da konkretləşdirsək, 1937-ci ilin yanvarında və mart ayında başlayan SSRİ çempionatında çıxış edib.
"Neftçi" bu il 80 illik yubileyini qeyd edəcək.  Təəssüf ki, yubiley ərəfəsində "ağ-qaralar" heç də yaxşı günlərini yaşamır. Hətta deyərdik ki, müstəqil Azərbaycan futbolu tarixində ən ağır dövrünü keçirir. Yəqin ki, heç kim "Neftçi"nin tarixi əzrində qış fasiləsinə turnir cədvəlində sondan ikinci pillədə getdiyini və autsayder komandadan 1 xal irəlidə olduğunu xatırlamır. "Neftçi" bu gün məhz bu durumdadır. Niyə bu vəziyyətə düşüb, kimlər onu bu vəziyyətə salıb, mövzumuz bu deyil. Onsuz da hər şey ortadadır və necə deyərlər, görünən kəndə bələdçi lazım deyil. Biz bu yazımızda sizləri 80 il öncəyə qaytaracağıq. "Neftçi"nin necə yarandığını, kimlərin ideyasının məhsulu olduğunu və digər maraqlı məqamları təqdim edirik.
 
Niyə "Neftyanik"?
 
Ötən əsrin 30-cu illərində SSRİ-də idmana diqqət, qayğı və eləcə də maraq sürətlə artmağa başladı. Bu inkişaf 30-cu illərin ortalarında daha sürəkli şəkil aldı. Belə ki, 1936-37-ci illərdə SSRİ-nin hər yerində olduğu kimi, Bakıda da bu tendensiya aşkar şəkildə müşhidə olunmağa başladı. Təbii ki, bu mənada idmanın şahı olan futbol diqqətdən kənarda qala bilməzdi. Bildiyimiz kimi, Bakı o vaxtlar da sənaye şəhəri idi. Xüsusilə neft sənayesi iqtisadiyyatda mühüm yer tuturdu. Ona görə də futbol komandaları daha çox iri sənaye müəssisələrində təsis edilirdi. Həmin dövr Bakıda elə zavod, fabrik tapmaq mümkün deyildi ki, onun futbol komandası olmasın. Onu da qeyd edək ki, bu komandaların yaradılmasında həmin zavod və fabrikin işçiləri özləri də maraqlı idilər. Çünki futbolu hədsiz sevirdilər. Məhz həmin illərdə SSRİ Neft Sənayesi Nazirliyi Neftçilərin Həmkarlar İttifaqının nəzdində könüllü idman cəmiyyəti təsis etməyə qərar verdi. Həmin cəmiyyətin nəzdində futbol komandasının yaradılması da nəzərdə tutulurdu. 1937-ci ilin əvvəllərində yaradılan həmin komandanın adı isə "Neftyanik" oldu. "Neftyanik" rus dilindən tərcümədə "neftçi” deməkdir. O halda niyə "Neftçi” yox? Məsələ burasındadır ki, həmin vaxt bütün sənədləşmə işləri Moskvada, SSRİ Neft Sənayesi Nazirliyində rus dilində aparılırdı. Ona görə yeni yaranan idman cəmiyyəti və onun nəzdindəki klubun adı da rus dilində "Neftyanik" adlandırıldı. Onu da deyək ki, "Neftçi" 60-cı illərin sonuna kimi SSRİ çempionatında məhz bu adla çıxış edib.
 
İlk məkan və ilk baş məşqçi
 
Məlum məsələdir ki, klubu yaradılanda hansısa baza əsasında qurulur. Ümumiyyətlə, "Neftyanik"ə kimi Bakıda futbol komandaları çox olub. Hələ 1905-06-cı illərdən, çar Rusiyasının vaxtında burada ilk futbol komandaları yaradılmışdı. Bu mənada o vaxt Lenin rayonu adlanan hazırkı Sabunçu rayon mərkəz olub. Bu isə təsadüfi deyildi. Çünki əsas neft mədənləri, buruqları məhz Lenin rayonunun ərazisində idi. Rayonun ən güclü komandaları isə "Balaxanı Futbolçular Dərnəyi" və "Proqress" idi. Sonradan bu iki komanda birləşdirilərək "Leninneft" adlandırılmışdı. Elə "Neftyanik" də "Leninneft"in bazasında, Sabunçuda yaradılıb. Bir sözlə, "Neftçi"nin ilk məkanı Sabunçu olub. Komandanın ilk futbolçuları da "Leninneft"in futbolçuları idi. Komandanın yaradılmasında həmin dövr "Neftyanik" İdman Cəmiyyətinə sədr təyin olunmuş Səadətxan adlı şəxsin çox böyük rolu olub. Demək olar ki, bütün təşkilati işləri Səadətxan müllim görüb. Komandaya ilk baş məşqçi Alekandr Qnezdov təyin edilib. O, eyni zamanda futbolçu kimi də meydana çıxırdı. Hətta əksər oyunlarda komanda üçün vacib qollar vurması ilə də yadda qalıb.
 
İlk heyətdə cəmi 2 azərbaycanlı var idi
 
Komanda Azərbaycanı təmsil etməsinə və Bakıda yaradılmasına baxmayaraq, heyətdə rusların sayı kifayət qədər çox idi. Hətta deyərdik ki, heyətin 90 faizi qeyri-millətlərdən təşkil olunmuşdu. Komandada cəmi iki azərbaycanlı oynayırdı ki, bunlar da qapıçı Məcid Cəfərovla müdafiəçi Məhəmmədəli İsmayılov idi. Bu arada, Məhəmmədəli İsmayılov həm də komandanın ilk kapitanı olub. Komanda yaranandan iki ay sonra o dövr çıxan "Azərbaycan Bədən tərbiyəçisi" qəzetində "Neftyanik" haqda geniş yazı dərc olunmuş, komandanın heyəti tam şəkildə oxuculara təqdim edilmişdi. M.İsmayılov həmin yazıda komandanın kapitanı kimi ilk dəfə qoşulduqları SSRİ çempionatı haqda fikirlərini bölüşmüşdü.
 
İlk rəsmi qol ermənilərə vurulub
1937-ci ildə SSRİ çempionatı 4 qrup üzrə keçirilirdi - A, B, V və Q. Həmin vaxt Azərbaycanı çempionatda 3 komanda təmsil edirdi. "Temp" B qrupunda, "Dinamo" ilə "Neftyanik" isə Q qrupunda mübarizə aparırdı. "Neftyanik"in ittifaq səviyyəsində rəsmi debütü SSRİ Kubokunda olub. Çox maraqlıdır ki, komandamızın 1/64 final mərhələsindəki rəqibi Ermənistanın "Dinamo" komandası idi. Oyun mayın 24-də Bakıda baş tutub. "Dinamo" stadionunda keçirilən qarşılaşmanı 5 min azarkeş izləyib. Gürcüstandan olan hakim Larionovun idarə etdiyi oyuna "Neftyanik" bu heyətlə çıxmışdı: Aleksandr Qrebenkov,  Məmmədəli İsmayılov, Vladimir Busalayev (Nikolay Kuznetsov, 46), Fyodor Nifontov, Pyotr Nexoroşev, Aleksandr Vıbornov, Vladimir Abramov, Konstantin Kitayev, Vladimir Zernov, Aleksey Mironov, Pavel Ştırlin.
Gərgin və prinsipial qarşılaşmanın taleyini bir qol həll etmişdi. 87-ci dəqiqədə Ştırlinin vurduğu qol "Neftyanik"i növbəti mərhələyə çıxarmışdı. Bu qol, "ağ-qaralar"ın SSRİ məkanında vurduğu ilk qol kimi tarixə düşüb.
1/32 finalda "Neftyanik" Gürcüstanın "Dinamo"(Batumi) klubu ilə üz-üzə gəlmişdi. Komandanın oynayan baş məşqçisi Qnezdovun vurduğu qol sayəsində təmsilçimiz bu mərhələni də adlamış və  1/16 finala vəsiqə qazanmışdı. Qeyd edək ki, mayın 30-da Batumidəki NPZ stadionunda keçirilən qarşılaşmanı 4 min azarkeş izləmişdi. Təəssüf ki, təmsilçimiz 1/8 finalda Gürcüstanın digər təmsilçisi olan Tiflis "Dinamo"suna səfərdə 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. 6 iyunda "Dinamo" stadionunda oynanılan həmin oyuna 7 min azarkeş baxmışdı.
 
Ermənilər üzərində növbəti tarixi qələbə
 
SSRİ kubokundan fərqli olaraq SSRİ çempionatında "Neftyanik"in debütü çox pis alınıb. Yuxarıda da qeyd etdiyimiz kimi, komandamız Q qrupunda mübarizə aparırdı. İlk oyun 1937-ci il iyulun 18-də Stalinqradda yerli komandaya qarşı olmuş və "Neftyanik" 0:4 hesabı ilə məğlubiyyətə uğramışdı. Təmsilçimiz növbəti iki oyunu da uduzmuşdu. Onu da vurğulayaq ki, bakılılar bu oyunların heç birində 1 qol belə vura bilməmişdilər. Yalnız 4-cü turda komada qol sevinci yaşaya bilmişdi. Konstantinovkada yerli "Stal"la oyunda Qnezdov "Neftyanik"in SSRİ çempionatları tarixində ilk qolunu vurmuşdu. Bununla belə, bakılılar həmin oyunda olmuşdular - 2:3.
Ardıcıl 4 səfər matçından sonra paytaxt təmsilçisi 3 oyun rəqiblərini evdə qəbul etmişdi. Komanda ilk xalını Moskvanın "Krılya Sovetov" komandasından almışdı. Oyun 3:3 hesabı ilə başa çatmışdı. "Neftyanik"in SSRİ çempionatındakı ilk qələbəsi də ermənilər üzərində olub. Bakı təmsilçisi kubokda bu uğura "Dinamo" ilə oyunda imza atmışdısa, çempionatda bakılıların qurbanı İrəvan "Spartak"ı olub. 1937-ci il sentyabrın 1-də İrəvanda keçirilən matç "Neftyanik"in 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bununla belə, mövsüm komanda üçün uğursuz alınmışdı. "Neftyanik" 12 komandanın yer aldığı qrupda yekun cədvəldə yalnız Ermənistan "Spartak"ını qabaqlayaraq 2 qələbə, 1 heç-heçə və 8 məğlubiyyətlə 11-ci pilləni tutmuşdu.
Maraqlıdır ki, həmin vaxt qələbəyə görə 3, heç-heçəyə görə 2, məğlubiyyətə görə isə 1 xal verilirdi.
 
İlk "Bakı derbisi”
 
Qeyd etdiyimiz kimi, Q qrupunda "Neftyanik"lə yanaşı Bakının digər təmsilçisi "Dinamo" da var idi. Təbii ki, qrupda bu iki komanda üz-üzə gəlməyə bilməzdi. Rəsmi oyunlarda "Neftyanik" "Dinamo"yla son turda qarşılaşıb. Həmin vaxt daha güclü olan "Dinamo" həmşəhərlilərinə şans verməyib - 3:0. Yeri gəlmişkən, "Neftyanik"dən fərqli olaraq, "Dinamo" həmin il qrupda 23 xalla 5-ci pilləni tutmuşdu. Bu komandanın aktivində 5 qələbə, 2 heç-heçə və 4 məğlubiyyət var idi.
 
«Het-trik news» qəzeti
 

169