» » » Ömər Paşayev: "Klub rəsmiləri özlərinə bəraət qazandırmaq üçün hər şeyi hakimin üstünə yıxırlar"

Ömər Paşayev: "Klub rəsmiləri özlərinə bəraət qazandırmaq üçün hər şeyi hakimin üstünə yıxırlar"

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında  olan hakimlər arasında yenicə FİFA referisi adını almış  Ömər Paşayev də var. Premyer.az xəbər verir ki, bu toplanış Ömər üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Paşayev yanvarın 29-dan etibarən yeni FİFA referilərinin İspaniyadakı hazırlığına qatılacaq. Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının rəsmi saytına danışan referi eyni zamanda toplanışı da dəyərləndirdi:
"Toplanış yüksək səviyyədə gedir. Burada qidalanmaq,  məşqlər,  oyunlarda idarəçilik etmək üçün hər cür şərait var. Mənim fikrim daha çox fiziki hazırlığa yönəlib. Çünki yanvarın 29-da İspaniyaya yollanacağam. Fiziki hazırlığım yüksək səviyyədə olmalıdır. Bununla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla söhbətim olub. Daha çox fiziki hazırlığa  önəm vermək istədiyimi bildirmişəm. Bununla  yanaşı, yoxlama görüşlərini də idarə edirəm”.
Paşayev qatılacağı kursun özəlliyindən, eləcə də FİFA hakimi daşımaq adının məsuliyyətindən bəhs etdi: "FİFA hakimi adı altında biz Azərbaycanı təmsil edirik. Çox sayda azarkeşin izlədiyi oyunda hakimlərin Azərbaycandan olduğu söylənilir. Buna görə də FİFA hakimi adını daşımaq böyük məsuliyyətdir. FİFA hakimi adını aldığıma görə sevinə bilərəm. Amma bu o demək deyil ki, pik nöqtədəyəm. Mən çox çətin yolun başlanğıcındayam. Bunun üçün ilk növbədə kursdan uğurla keçməliyəm. Çox çətin bir hazırlığa qatılacağam. Kursun əsas özəlliyindən biri odur ki, yorğunluq fonunda daha cəld hərəkətlər etməlisən. Məhz həmin proqrama əsasən çalışmışam, pis alınmayıb. Eyni zamanda,  dil biliklərindən imtahanlar verəcəyəm”.
Ömər Paşayev FİFA təlimatçısı, birvaxtların məşhur referisi Frank de Blekere ilə daim ünsiyyətdə olduğunu vurğuladı: "Blekere FİFA hakimi adı aldığım gün məni təbrik etdi. Əlaqəmizi kəsməmişik, elektron poçt vasitəsi ilə daim danışırıq. Əgər İspaniyada görüşə bilsək,  yenə söhbətləşəcəyik”.
Ömər Paşayev hakimlikdə fiziki və texniki hazırlıqla yanaşı, psixoloji  hazırlığın da önəm  kəsb etdiyini söylədi:
"Oyunu idarə etmək üçün beynin rahat olmalıdır.  Çempionat oyunlarında bəzi narazılıqlar olur. Misal üçün oyunu idarə edirsən, hər şey yaxşıdır. Amma sonradan epizodların müzakirəsi gedir. Bir neçə epizod yığıb ortaya çıxarırlar və hakimliyi bərbad adlandırırlar. Amma bu belə deyil, futbolu epizodik müzakirə etmək olmaz. Biz FİFA və UEFA təlimatlarına uyğun hakimlik edirik, kənara çıxmırıq. Məncə, hakimliyə epizodik yox, ümumi qiymət vermək lazımdır. Bəzən belə bir hal yaşanır ki, klub rəsmiləri özlərinə bəraət  qazandırmaq üçün hər şeyi hakimin üstünə yıxırlar.  Uğursuzluğa görə cavab vermək üçün bütün günahı hakimlərin üzərinə yıxmaq olmaz. Bəli,  hakim səhvləri olur, amma boş qapıya zərbə vura bilməmək mənim günahım deyil. Bəzən mübahisəli penalti qərarı qeydə alınır və əsas müzakirə obyektinə çevrilir. Məgər, bütün oyun bir mübahisəli qərardan ibarətdir? Meydançada ən az səhv edən elə hakimdir. Düşünürəm ki, komandanın uğursuzluğunu hakimlərlə əlaqələndirmək düzgün deyil. Bəzən xarici ölkə liqalarında elə səhvlər görürük ki, bunu etmək həqiqətən də olmaz. Azərbaycanda kiçik epizodu faciəyə çevirən insanlar bəzən  xarici ölkələrdəki həmin səhvə adi baxırlar. Bəli, hakim səhvləri müzakirə olunmalıdır, amma bu qədər deyil. Kiçik məsələnin çox şişirdilməsi hakimlərin psixoloji durumuna pis təsir göstərir və səhvlər sıralanır. Ona görə də çalışmaq lazımdır ki, bir-birimizə dəstək olub Azərbaycan futbolunu inkişaf etdirək”.
226     
Reklam

Reklam