» » » “Neftçi”in ilk azərbaycanlı kapitanı “MİNDİ” ləqəbli Məmmədəli İsmayılov haqqında nələr bilkirik? (YAZI)

“Neftçi”in ilk azərbaycanlı kapitanı “MİNDİ” ləqəbli Məmmədəli İsmayılov haqqında nələr bilkirik? (YAZI)

Hazırda çətin günlərini yaşayan "Neftçi" Azərbaycan futbolunda həmişə xüsusi yeri və çəkisi olan klubdur. "Neftçi" ilk növbədə ölkənin ən yaşlı və köklü klubu olması ilə diqqət çəkir. 1937-ci ildə yaranan "Neftçi” gələn il 80 illiyini qeyd edəcək. Bu 80 ildə komanda Azərbaycan futbolu tarixinin əhəmiyyətli bir hissəsini özündə cəmləyib.
 
Uzun illər SSRİ çempionatının güclülər dəstəsində çıxış edib, Azərbaycanı təmsil edib. Düzdür, ittifaq miqyasında  ciddi uğurları olmayıb. Yeganə uğur sayıla biləcək nəticə 1966-cı ildə qazanılan bürünc medaldır. Özü də həmin heyətin əsas vuran qüvvəsi qeyri-azərbaycanlılar olub.
 
Ümumiyyətlə, bu məsələ xeyli müddət həlli müşkülə dönən problem olub. Hətta deyərdik ki, 70-ci illərin ortalarına kimi "Neftçi"də qeyri-azərbaycanlı futbolçular üstünlük təşkil ediblər. Təsadüfi deyil ki, o dövr Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsində çalışan mərhum prezidentimiz Heydər Əliyev "Neftçi" rəhbərliyi ilə görüşündə bu məsələni ciddi irad kimi səsləndirmiş və komandada azərbaycanlı futbolçuların üstünlük təşkil etməsinin vacib olduğunu bildirmişdi. Eyni zamanda rəhbərlik qarşısında bunu şərt kimi qoymuşdu. Yalnız bundan sonra "Neftçi"də azərbaycanlı futbolçuların sayı artmağa başlamış, Səməd Qurbanov, Səmədağa Şıxlarov, Maşallah Əhmədov, İsgəndər Cavadov kimi futbolçular üzə çıxmışdı. Amma klubun tarixini daha dərindən araşdırsaq görərik ki, əslində klub yeni yarananda da onun heyətində azərbaycanlı futbolçular olub.
Bu gün çoxları bəlkə də bu futbolçuları tanımır, haqqında heç bir məlumata malik deyil. Məhz bu məqamı nəzərə alıb bu yazımızı "Neftçi"nin heyətində forma geyinmiş ilk azərbaycanlılardan biri, bəlkə də birincisi olmuş Məmmədəli İsmayılova həsr edirik. Məmmədəli İsmayılov 1937-ci ildə yaradılmış və o vaxt "Neftyanik" adlanan komandanın ilk kapitanı olub. Həmin vaxt nəşr olunan "Azərbaycan Bədən Tərbiyəçisi" qəzetinin 21 mart 1937-ci il tarixli nömrəsində yer alan xəbərdə "Neftyanik"in heyətinə nəzər salaq: Cəfərov, İsmayılov, Rıjov, Vıbornov, Nexoroşev, Nifontov, Abramov, N.Kuznetsov, Liskunov, Mironov, Ştırlin, V.Kuznetsov, Makaqonov, Krasilnikov, Sidorenko. Göründüyü kimi siyahıda cəmi iki azərbaycanlının adı var. Bunlar qapıçı Məcid Cəfərovla Məmmədəli İsmayılov idi. İsmayılov "Neftyanik" yaranan kimi, daha əvvəllər "Balaxanı Futbolçular Dərnəyi" və "Proqress" ("Tərəqqi - red.) adları ilə fəaliyyət göstərmiş Lenin (indiki Sabunçu) rayonunun "Leninneft" Neftçıxarma İdarəsinin komandasında forma geyinmişdi. Qəzetin elə həmin sayında komandanın ilk kapitanı Məmmədəli İsmayılovun futbol mövsümü haqqında fikirləri də dərc olunmuşdu: "Bizim komanda Lenin mədən sənayeçiləri bədən tərbiyəsi kollektivi nəzdində, əsasən gənclərdən təşkil olunub. Bir neçə təcrübəli oyunçuyla gücləndirildikdən sonra biz çıxış etməli olduğumuz ümumittifaq yarışlarında yaxşı nəticələr əldə edə bilərik. "Tərəqqi" komandasının şanlı ənənəsi olan kollektiv oyun bizim gənclər tərəfindən yaxşı mənimsənilib ki, bunun da bizə çox xeyri dəyə bilər". Kapitanın bu sözləri "Neftyanik"in "Leninneft”in bazasında yaranması faktını təsdiqləyir. Onu da qeyd edək ki, respublika daxilindəki yarışlarda "Neftyanik"in Lenin rayonuna məxsus olduğunu göstərən qeydlərə də rast gəlinir.
 
Məmmədəli İsmayılovun o dövr komandanın kapitanı seçilməsi gözlənilməz və böyük hadisə kimi qəbul olunmuşdu. Çünki bir azərbaycanlının bu qədər qeyri-azərbaycanlının arasından kapitan seçilməsi qeyri-adi hadisə idi. Hətta o dövrün ən güclü azərbaycanlı futbolçularından olan Mirmehdi Ağayev belə, forma geyindiyi "Temp"də bu şərəfə nail ola bilməmişdi. Üstəlik, bir maraqlı məqam da var. "Neftçi"nin yaranması Azərbaycan tarixinin qanlı illərinə təsadüf edir. Hansı ki, həmin dövr repressiya dövrü kimi yadda qalıb.
 
Azərbaycanlılara qarşı amansız repressiyalar, təzyiqlər var idi. Hansısa azərbaycanlının hansısa təşkilata, komitəyə rəhbərlik etməsinə imkan verilmirdi, bunun qarşısı qəddarlıqla alınırdı. Buna qarşı çıxan həmvətənlərimiz isə sorğu-sualsız güllələnirdi. Hələ biz Sibirə sürgün edilən azərbaycanlılardan danışmırıq. Bax, belə bir dövrdə Məmmədəli İsmayılovun "Neftyanik"in kapitanı seçilməsi aydın səmada şimşək effekti yaratmışdı. Bu, eyni zamanda M.İsmayılovun liderlik keyfiyyətlərinin hansı səviyyədə olmasının bariz sübutu idi.
 
 
M.İsmayılov ampluaca müdafəçi idi. Bir ara onun "Neftçi"nin sabiq qapıçısı, veteran futbolçu Çingiz İsmayılovun qohumu olması haqda söhbətlər dolaşdı. Hətta deyirdilər ki, Çingiz İsmayılovun futbolu seçməsində qohumunun da böyük təsiri olub. Lakin sonradan Çingiz müəllim məsələ ilə bağlı açıqlama verərək Məmmədəli İsmayılovla aralarında heç bir qohumluq əlaqələrinin olmadığını bildirmişdi. Eyni zamanda məlum olmuşdu ki, onun qızı, eləcə də bəzi qohumları hazırda Sabunçu rayonunun ərazisində yaşayırlar.
 
 
Məmmədəli İsmayılov fiziki göstəricilərinə görə komanda yoldaşlarından seçilirdi. Bu isə təəccüblü deyildi. Bəlkə də sizə qəribə gələcək, amma M.İsmayılov futboldan əvvəl reqbi ilə məşğul olmuşdu. Elə məhz reqbidə topladığı güc sonradan futbolda onun dadına çatmışdı. Rəqib hücumçular İsmayılovu keçməkdə əsl problemlə üzləşirdilər. Onunla mübarizə aparmaq, arxada qoyub qol vurmaq hər hücumçunun işi deyildi. Bir sözlə, kapitan olmaqla bərabər o, həm də müdafiədə alınmaz qala idi. M.İsmayılovu məşhurlaşdıran həm də ləqəbi idi. O dövr komandanın azarkeşləri, eləcə də komanda yoldaşları İsmayılova "Mindi" ləqəbini qoymuşdular. Bunun da maraqlı tarixçəsi var. Belə ki, "Neftyanik"in oyunlarının birində Məmmədəli İsmayılov rəqib futbolçu ilə hava mübarizəsinə qalxır. Fiziki göstəriciləri daha güclü olan kapitan o qədər hündürə tullanır ki, rəqib futbolçunun boynuna minmiş kimi görünür. Məhz həmin oyundan sonra da ona "Mindi" ləqəbi qoyulur.
 
 
"Mindi"nin həyat yolu tək futboldan ibarət olmayıb. Keşməkeşli həyat sürən qəhrəmanımıza müharibə görmək də qismət olub. Belə ki, Böyük Vətən Müharibəsi başlayanda Məmmədəli İsmayılov ön cəbhəyə yollanıb. O, futbolda olduğu kimi, döyüşdə də lider olub, müharibədə igidliklər göstərib. Maraqlıdır ki, o boyda odlu-alovlu müharibədə futbolu da yaddan çıxarmayıb, cəbhə bölgəsində keçirilən oyunlarda mütəmadi çıxış edib. Məhz bunun nəticəsidir ki, müharibədən sonra yenidən futbol həyatına davam edəndə onun üçün heç bir çətinlik olmayıb. Onu da qeyd edək ki, müharibədən sonra "Neftyanik"in yenidən formalaşmasında və 1946-cı ildə SSRİ birinciliyində oynamasında İsmayılovun da əməyi böyük olub. Komandanı demək olar ki, o, formalaşdırıb, bütün təşkilati işlərə rəhbərlik edib. Hətta özü də meydana çıxıb oyunçu kimi komandaya kömək edib. Lakin futbolçu karyerasını çox sürdürə bilmyib. Həm yaş, həm də cəbhədə aldığı yaralar ona futbolçu karyerasını başa vurmağa məcbur edib. Bununla belə, o dövrün tək-tük azərbaycanlı futbolçusu və kapitanı kimi azarkeşlər tərəfindən sevilib, onların yaddaşında "Neftçi"nin ilk azərbaycanlı kapitanı kimi qalıb.
 
 
"Het-trik news” qəzeti
 


212