» » » Siyəzən UGİM-dən qeyri-adi qərar

Siyəzən UGİM-dən qeyri-adi qərar

Azərbaycanda futbolun inkişafını istəyiriksə, bölgələrə xüsusi diqqət ayrılmalıdır. Çünki futbolumuzun inkişafı üçün bölgə amili mühüm əhəmiyyət kəsb edir. Bunu oyunlara gələn azarkeşlərin sayında aşkar şəkildə görmək olur. Paytaxtda stadionlar boş qaldığı halda əyalətlərdə keçirilən oyunlar zamanı tribunalar çox vaxt dolu olur. Bundan başqa, bölgələrdə futbolla məşğul olmaq baxımından da maraq daha çoxdur. Uşaqlar, yeniyetmələr sözügedən idman növünə daha həvəslidirlər. Əslində, bunu da başa düşmək çətin deyil. Paytaxtdan fərqli olaraq, bölgələrdə yeniyetmələrin, uşaqların başqa məşğuliyyəti yoxdur, futbol onlar üçün ən böyük məşğuliyyət sayılır.  Təsadüfi deyil ki, indiyə kimi bölgələrdə onlarla tanınmış futbolçularımız yetişib. Ancaq təəssüflə qeyd etməliyik ki, bu gün resurslardan yararlanmaq, bölgə futbolunu daha da inkişaf etdirmək əvəzinə, onu məhv edən, bu sevimli peşəni uşaqlarln əlindən alanlar da var. Siyəzəndə olduğu kimi.
 
Hazırda Siyəzəndə iki uşaq komandası fəaliyyət göstərir. Bunlardan biri Sadıq Sadıqovun rəhbəri olduğu "Neftçi" İdman Klubuna aid olan "Neftçi" Siyəzən İdman Klubudur. Digəri isə UGİM-nin nəzdində olan uşaq futbol məktəbidir.  Lakin bu yaxınlarda məlumat aldıq ki, Siyəzən UGİM-nin rəhbərliyi qeyri-adi qərar qəbul edərək, həmin futbol bölməsini bağlamağa qərar verib. Özü də heç bir səbəb göstərmədən. Bəlkə komanda daxili yarışlarda pis çıxış edir, uğurlu nəticələri yoxdur, o üzdən belə addım atılıb? Halbuki, bu halda belə, bölmənin bağlanması qəbuledilməzdir.
Qısa araşdırma apardıq. Məlum oldu ki, əksinə, Siyəzən UGİM-nin futbol bölməsi kifayət qədər yaxşı nəticələr qazanıb. Yerli məşqçi Emin Nəzərovun rəhbərlik etdiyi futbol bölməsinin uşaqları AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatının həm zona, həm də respublika üzrə yarışlarında yüksək yerlər tutublar. Fərdi uğurlar da var. Məsələn, bu yay Fransada keçirilən Avropa çempionatı öncəsi bölgələrindən seçilmiş 6 uşaq SOCAR-ın xətti ilə Parisə aparılmış və onlara Avropa çempionatını pulsuz izləmək imkanı verilmişdi. Həmin yerə layiq görülən uşaqlardan biri bağlanmasına qərar verilən Siyəzən UGİM-nin futbol bölməsinin yetirməsidir. Hansı ki, AFFA prezidenti Rövnəq Abdullayev bu uşağa şəxsən diplom təqdim edib. Demək ki, bu məktəb, burada çalışan məşqçi özünü doğruldur, düzgün işləyir və kiçik rayonda bu cür uşaqlar yetişdirir. Məşqçiyə və uşaqlara dəstək olmaq, onlara daha yaxşı şərait yaratmaq əvəzinə, futbol bölməsini bağlamaq, məşqçini işsiz qoymaq, uşaqları isə zorla sevimli peşələrindən ayırmaq cinayətə bərabərdir. Bu addımı atanlar şübhəsiz ki, ölkə futboluna, dövlətin bu sahədə gördüyü işlərə ciddi zərbə vururlar. Bunun maddi məsələ ilə bağlılığı yoxdur. Çünki bizə verilən məlumata görə, Siyəzən UGİM rəhbərliyi bağlanan futbol bölməsinin yerində qeyri-futbol idman növü üzrə başqa bölmə açmağı düşünür. Dünyada bir nömrəli idman növü kimi qəbul olunan  futbolu inkişaf etdirmək əvəzinə, onu bağlayıb yerində başqa bölmə açmaq kimlərin marağına xidmət edir?
Əldə etdiyimiz digər məlumata görə isə, yerli UGİM bu komanda üçün heç bir xərc çəkmirdi. Komanda Siyəzənin mərkəzi stadionunda məşq edirdi ki, bu stadion "Neftçi "İK-nın balansındadır. İK-nın rəhbəri Sadıq Sadıqovun göstərişi ilə UGİM rəhbərliyindən stadiona görə haqq alınmır. Forma, inventar və komandanın çempionatdakı iştirakı üçün ezamiyyət xərclərini AFFA qarşılayır. Başqa sözlə, Siyəzən UGİM-nin rəhbərliyi komanda üçün heç bir xərc çəkmədiyi halda uşaların qazandığı nəticlərə sahib çıxırdı. Belə komandaya, orada çalışan məşqçiyə təşəkkür etmək əvəzinə, futbol bölməsini bağlamaq, uşaqları mənəvi cəhətdən məhv etmək heç bir məntiqə və peşəkarlığa sığmır.
Siyəzən UGİM-nin rəhbərliyi ilə əlaqə saxlamaq və məsələyə münasibətlərini öyrənmək cəhdlərimiz heç bir səmərə vermədi. Növbəti saylarımızda qarşı  tərəfin fikrini dərc etməyə hazırıq. Əlbəttə, əgər bildirəcəklərsə.
Anar XANLAROV
«Het-trik news» qəzeti
265