» » » Quzanlının futbol həyatı (YAZI)

Quzanlının futbol həyatı (YAZI)

Quzanlının futbol həyatı
 
 
"Qarabağ" bu gün Azərbaycanın ən güclü klubu saylır. Ağdam təmsilçisinin son illər qazandığı uğurlardan hər kəs xəbərdardır. Hər kəs onu da bilir ki, "Qarabağ" təmsil etdiyi bölgədə, yəni Ağdamda yox, Bakıda məskunlaşıb, Bakıda özünə baza, stadion inşa edib. Bir ara komanda Ağdamın Quzanlı qəsəbəsinə getdi, ev oyunlarını orada oynadı. Bu zaman sözügedən qəsəbədə futbola maraq da xeyli artdı. Hətta qəsəbədə uşaqlar arasında futbolla məşğul olanların çoxalmışdı. O zaman belə bir məsələ gündəmdə idi ki, klub sözügedən qəsəbədə ayrıca uşaq bölməsi yaradıb həmin bölməni bütün lazımı ləvazimatlarla təmin edəcək. Lakin sonradan klub rəhbərliyi və məşqçilər korpusu yolun uzaqlığını və şəraitin olmamasını əsas gətirərək Quzanlıda oynamaqdan imtina etdi. Bu imtina qəsəbədəki uşaq futbolunun inkişafına ciddi zərbə vurdu. Yaxşı ki, veteran futbolçu Elbrus Abbasov ən azından uşaq futbolunun Quzanlıda məhv olmasına imkan vermədi. Hazırda Quzanlıda onun rəhbərlik etdiyi futbol məktəbi fəaliyyət göstərir. Abbasov bizimlə söhbətində bildirdi ki, bu futbol məktəbində tək Quzanlıdan yox, ətraf kəndlərdən, hətta yaxın rayonlardan da gələn uşaqlar futbolun sirrlərini öyrənir.
Bir neçə il əvvəl AFFA-nın təşkil etdiyi Elit Məşq Layihəsi məhz Elbrus Abbasovun sayəsində bu qəsəbədə uğurla icra olunub. Hətta AFFA prezidenti Rövnəq Abdullayev Ağdama səfəri zamanı Quzanlı qəsəbəsində olarkən həmin futbol məktəbinə baş çəkmiş, mövcud durumla maraqlanmışdı. Bu arada onu da deyək ki, Abbasov həm də Elit Məşq Layihəsinin Ağdam, Tərtər, Ağcabədi və Bərdə rayonları üzrə AFFA tərəfindən təyin olunmuş məşqçisi idi. Sonradan Elit Məşq Layihəsi ləğv olunduğundan, veteran futbolçu gündəlik məşq qrupları yaradıb və yerli mütəxəssisləri məşqlərə cəlb edib. Hətta hazırda fəaliyyət göstərən məktəb üçün cibindən pul da xərcləyir: "Biz burada, erməni ilə üz-üzə qalan bir qəsəbədə futbolu yaşatmağa çalışırıq. Çox çətindir. Çünki dəstəyimiz yoxdur. Hazırda fəaliyyət göstərən məktəbi demək olar ki, tək saxlayıram. Əvvəl bu məktəb başqa məkanda idi. Lakin oranı söküb yerində məktəb tikdilər. Ondan sonra Quzanlı Olimpiya Stadionunun yanında, indiki yeri götürüb yeni meydança saldıq. Düzdür, örtüyü AFFA verdi. Amma qalan bütün xərcləri öz hesabına qarşıladım".
Quzanlıda uşaq futbolunun böyük potensialı var. Məsələn, Quzanlının 5 gənc futbolçusu hazırda "Qəbələ" Futbol Akademiyasındadır. Bu, heç də aşağı göstərici deyil. Çünki o akademiyaya hər uşağı götürmürlər. Başqa istedadlı uşaqlar da var. Hansılar ki, keçirilən yarışlarda özlərini ən yaxşı tərəfdən göstərirlər. Dəstək olsa, daha böyük uğurlar qazanmaq olar. Hazıra məktəbdə cəmi bir müəllim çalışır. O da AFFA-dan 350 manat maaş alır. Bir nəfərlə böyük bir qəsəbədə uşaq futbolunu yaşatmaq çətin, hətta mümkün deyil. AFFA, Ağdamı təmsil edən "Qarabağ", qəsəbə rəhbərliyi Quzanlının uşaq futboluna diqqət ayırsa, udan futbolumuz olacaq. Həm yeni-yeni istedadlar üzə çıxacaq, həm də gənc nəsil vaxtlarını səmərəli keçirəcəklər.
AZƏR
«Het-trik news» qəzeti
 
 
368