» » » Avro-2016-nın gəncləri (YAZI)

Avro-2016-nın gəncləri (YAZI)

Avro-2016-nın gəncləri..
Bu dəfəki Avropa çempionatı bir çox özəllikləri ilə yaddaşlarda qalacaq. Məsələn, birinciliyin ilk dəfə 24 komanda arasında keçirilməsi. Və ya futbolçularla bağlı qeydə alınan rekordlar. Onlardan biri Avropa çempionatları tarixində meydanda olan ən yaşlı futbolçu ilə bağlıdır. Macarıstan yığmasının qapıçısı Qabor Kiral Belçika ilə oyunda meydana çıxan ən yaşlı futbolçu kimi tarixdə qaldı. Həmin vaxt o, 40 yaş, 87 günlük idi. Kiral Macarıstan yığmasında 1998-ci ildə debüt edib. Lakin hazırda Avro-2016-nın iştirakçıları arasında öz ölkələrinin yığma komandalarında Kiraldan əvvəl debüt etmiş futbolçular da var. Canluici Buffon 1997-ci il oktyabrın 29-da Rusiya ilə matçda yığmada ilk oyununa çıxıb. İrlandiyanın qapıçısı Şey Given isə ilk dəfə milli forma ilə 1996-cı il martın 27-də oynayıb. Maraqlıdır ki, indiki Avropa çempionatının iştirakçılarından düz 12-i həmin vaxt heç anadan olmamışdılar. Bu sayımızda həmin "12-lik"dən bəhs edəcəyik. Başqa sözlə, Avro-2015-in ən gənc futbolçularından.
 
Dele Alli (İngiltərə)
Doğum tarixi: 11.04.1996
Boyu: 188 sm
Mövqeyi: Yarımmüdafiə
Qiyməti: 20 milyon avro
Avro-2016: 4 oyun, 1 məhsuldar ötürmə
Nigeriya əsilli Dele "Tottenhem"in futbolçusudur. Peşəkar karyerasına "Milton Keyns Dons"da başlayıb. İlk dəfə 2012-ci ildə - 16 yaşında əsas komandada debüt edib. 2015-ci ilin qışında "Tottenhem"ə keçib. İngiltərə Premyer Liqasında ilk oyununa həmin il avqustun 8-də "Mançester Yunayted"ə qarşı matçda çıxıb. Ötən mövsüm 33 çempionat oyununda iştirak edib, 10 qol vurub. 2012-ci ildə İngiltərənin U-17 komandasına dəvət alıb, U-21 komandasına kimi yüksəlib. Əsas yığmada ilk oyununu ötən il oktyabrın 9-da Avro-2016-nın qrup mərhələsində Estoniyaya qarşı keçirib. İlk qolunu isə noyabrın 17-də Fransa ilə yoldaşlıq oyununda vurub.
 
Aleksandr Qolovin (Rusiya)
Doğum tarixi: 30.05.1996
Boyu: 180 sm
Mövqeyi: Yarımmüdafiə
Qiyməti: 3 milyon avro
Avro-2016: 3 oyun
Saşa Rusiyanın Kemerovo vilayətinin Kaltan kəndində anadan olub. ÇSKA-nın futbolçusudur. Futbola da bu klubun akademiyasında başlayıb. 2015-ci ildə əsas komandaya cəlb olunub.  İndiyə kimi 23 oyunda iştirak edib, 3 qol vurub. Oyunlardan biri Çempionlar Liqasına təsadüf edir. Əsasən Rusiyanın aşağı yaş yığmalarında oynayıb. Əsas millidə 7 iyun 2015-ci ildə Belarusa qarşı ilk oyununa çıxıb və qol vurub. Fransadakı turnirə kimi millidə 7 oyunda iştirak edib, 2 dəfə fərqlənib.
 
Kinqsli Koman (Fransa)
Doğum tarixi: 13.06.1996
Boyu: 178 sm
Mövqeyi: Vinger
Qiyməti: 17 milyon avro
Avro-2016: 6 oyun
Qvineya əsilli Kinqsli Parisdə anadan olub. Futbola PSJ-də başlayıb. 2013-cü il fevralın 17-də "Soşo" ilə oyunda meydana çıxan Koman ən gənc futbolçu kimi PSJ-nin tarixinə düşüb. Həmin gün o, 16 yaş, 8 ay, 4 günlük idi. 2014-cü ildə "Yuventus"la 5 illik müqavilə bağlayıb, 15 oyunda iştirak edib. Ötən il 2 illiyə "Bavariya"ya icarəyə verilib, 24 oyunda 4 qol vurub. Alman klubu gələcəkdə 25 milyon avro qarşılığında Komanı almaq hüququna malikdir.
Fransanın U-16 yığmasından olimpiya yığmasına kimi yüksəlib. Əsas yığmada artıq, 10-dan çox oyun keçirib, 1 qol vurub.
 
Niko Elvedi (İsveçrə)
Doğum tarixi: 30.09.1996
Boyu: 188 sm
Mövqeyi: Müdafiə
Qiyməti: 4 milyon avro
Avro-2016: oynamayıb
Niko Sürixdə anadan olub, futbola da doğma şəhərinin eyniadlı klubunda başlayıb. 2014-cü il mayın 15-də "Sürix"in əsas komandasında ilk oyununa çıxıb. 2015-ci ilin yayında Münhenqladbax "Borussiya"sı ilə 4 illik müqavilə bağlayıb. Hazırda bu komandanın əsas heyət futbolçularından sayılır.
Maraqlıdır ki, İsveçrənin aşağı yaş yığmalarının heyətində daim oynayan Niko əsas yığmada Avro-2016-a kimi cəmi 1 oyun keçirib. O da mayın 28-də Rumıniya ilə matç.
 
Denis Zakariya (İsveçrə)
Doğum tarixi: 20.11.1996
Boyu: 191 sm
Mövqeyi: Yarımmüdafiə
Qiyməti: 4 milyon avro
Avro-2016: oynamayıb
Niko Elvedinin komanda yoldaşı olan Denis "Servett"in yetirməsidir. 2015-ci il yanvarın 1-də "Yanq Boyz"a transfer olunub. Son mövsümdə komandanın əsas heyətində daim yeri olan Denis mövsüm ərzində 33 oyun keçirib, 1 qol vurub. Onlardan 27-i çempionat, 3-ü isə ÇL-ə aiddir.
Niko kimi onun da ilk oyunu rumınlara qarşı olub. Əsas yığmaya kimi isə İsveçrənin U-19 və U-21 yığmalarının futbolçusu olub.
 
Aleksandr Zinçenko (Ukrayna)
Doğum tarixi: 15.12.1996
Boyu: 175 sm
Mövqeyi: Yarımmüdafiə
Qiyməti: 4 milyon avro
Avro-2016: 3 oyun
Saşa Jitomir vilayətinin Radomışl rayonunda futbolçu ailəsində dünyaya gəlib. Həmin rayonun UGİM-də ilk dəfə futbola qədəm qoyan futbolçu 16 yaşında "Şaxtyor"a keçib. Maraqlıdır ki, Donetsk klbunda 1 oyunda belə çıxış etmədən 2015-ci ildə Rusiyanın "Ufa" komandasına satılıb. İndiyə kimi 31 oyunda 2 dəfə fərqlənib.
Ukraynanın U-17 komandası ilə ilk dəfə milli forma geyinən Zinçenko əsas millidə ötən il oktyabrın 10-da İspaniya yığmasına qarşı oyunda debüt edib. Bu il mayın 29-da Rumıniya ilə yoxlama oyununda isə 2-ci oyununa çıxan futbolçu qol vurmaqla yığma komanda tarixində Andrey Şevçenkonun rekordunu yeniləyərək qol vuran ən gənc futbolçu adını özəlləşdirib.
 
Bartoş Kapustka (Polşa)
Doğum tarixi: 23.12.1996
Boyu: 179 sm
Mövqeyi: Yarımmüdafiə
Qiyməti: 2,5 milyon avro
Avro-2016: 4 oyun, 3 sarı
Bartoş Polşanın Tarnuve şəhərindəndir. İlk komandası yerli "Tarnoviya" olub. Peşəkar müstəvidə "Krakoviya"da siftə edib. Bu, 2014-cü il martın 29-da "Lodz"la oyunda olub. Hazırda komandasının əsas heyətində möhkəmlənən futbolçu Polşanın bütün yaş qrupu millilərində oynayıb. Əsas komandada ötən il sentyabrın 7-də Hibraltara qarşı yoldaşlıq matçında ilk oyununa çıxıb və qol da vurmağa imkan tapıb.
 
Breel Embolo (İsveçrə)
Doğum tarixi: 14.02.1997
Boyu: 185 sm
Mövqeyi: Hücum
Qiyməti: 20 milyon avro
Avro-2016: 4 oyun
Müasir futbolun ən istedadlı gənclərindən biri hesab edilən Breel Embolo Kamerunun paytaxtı Yaundedə dünyaya gəlib. Daha sonra ailəsi ilə İsveçrəyə göçüb. Futbola 2006-cı ildə "Nordştern"də başlayıb. Ardınca "Old Boyz" və "Bazel"in gənclər komandasında oynayıb. 2014-cü ildən "Bazel"in əsas komandasının şərəfini qoruyur, 61 oyunda 21 qol vurub. 2 dəfə İsveçrə çempionudur.
İsveçrənin U-16, U-17 və U-21 komandalarının heyətində 14 oyun keçirib. Əsas yığmada 2015-ci il martın 31-də ABŞ-la yoxlama matçında ilk oyununa çıxıb. Avro-2016-nın final mərhələsinə kimi yığmada 10 oyun keçirib, 1 qol vurub.
 
Ante Çoriç (Xorvatiya)
Doğum tarixi: 14.04.1997
Boyu: 178 sm
Mövqeyi: Yarımmüdafiə
Qiyməti: 7 milyon avro
Avro-2016: oynamayıb
Ante peşəkar futbolçu Yosip Çoriçin kiçik qardaşıdır. Xorvatiyanın "Xrvatski", "Zaqreb", Avstriyanın "Zalsburq" və yenə də ölkəsinin "Dinamo" (Zaqreb) klublarının gənclərdən ibarət komandalarında oynayıb. 2014-cü ildən "Dinamo"nun əsas komandasının futbolçusudur. İkiqat Xorvatiya çempionu və 2 dəfə ölkə kubokunun qalibi olan Ante ölkəsinin bütün yaş qrupları üzrə yığmasında oynayıb. Bu il mayın 27-də Moldova ilə yoxlama oyununda əsas millidə ilk dəfə meydana çıxıb.
 
Emre Mor (Türkiyə)
Doğum tarixi: 24.07.1997
Boyu: 168 sm
Mövqeyi: Hücum
Qiyməti: 1 milyon avro
Avro-2016: 2 oyun, 1 məhsuldar ötürmə
Emre Kopenhagendə türk immiqrantların ailəsində dünyaya gəlib. Futbola "Brenshey" klubunda başlayıb. Daha sonra "Lünqbü"yə, 2015-ci ildə isə "Nordşelland"a keçib. Danimarkanın aşağı yaşlı yığmalarında 22 oyun keçirib. Bu ilin əvvəlində Türkiyə millisində oynamaq istədiyini bildirib və martda komandaya cəlb olunub. Yüksək texnikaya malik futbolçu oyunu ilə tez bir zamanda özündən söz etdirə bilib. Bir çox top-komandaların diqqətini üzərinə cəlb edən futbolçunun Avro-2016-dan əvvəl "Borussiya"ya (Dortmund) transfer edilib.
Əsas yığmada mayın 29-da Çernoqoriya ilə oyunda debüt edib. Türk futbolunun gələcəyi hesab olunan Moru hətta Messi ilə müqayisə edənlər də tapılır.
 
Renatu Sanşeş
(Portuqaliya)
Doğum tarixi: 18.08.1997
Boyu: 173 sm
Mövqeyi: Yarımmüdafiə
Qiyməti: 35 milyon avro
Avro-2016: 6 oyun, 1 qol, Avropa çempionu
 Portuqaliya futbolunun gənc istedadı "Benfika"nın yetirməsidir. Ötən il oktyabrın 30-da "Tondela"ya qarşı matçda Portuqaliya çempionatında, noyabrın 25-də isə "Astana" ilə qarşılaşmada ÇL-də ilk oyununa çıxıb. İlk ilindəcə Portuqaliya çempionu olan Sanşeş mayın 10-da "Bavariya"ya transfer olunub. Bu il martın 26-da Bolqarıstan ilə yoldaşlıq oyununda əsas yığmada debüt edib. Buna kimi isə ölkəsinin aşağı yaş qruplarından ibarət millilərinin əsas heyət futbolçusu idi.
 
Markus Reşford
(İngiltərə)
Doğum tarixi: 31.10.1997
Boyu: 180 sm
Mövqeyi: Hücum
Qiyməti: 6 milyon avro
Avro-2016: 2 oyun
Avro-2016-nın ən gənc futbolçusu olan Markus futbolla 5 yaşından məşğul olur. İlk komandası "Fletçer Moss Reyncers" olub. 2005-ci ildə "Mançester Yunayted"in futbol akademiyasına cəlb edilib. Bu il fevralın 25-də ÇL-da "Midtyuland"la oyunda əsas komandada ilk dəfə meydana çıxan Reşford 2 qol vurmaqla rekorda imza atıb. Belə ki, o, klub tarixində avrokuboklarda qol vuran ən gənc futbolçu adını Çorc Bestin "əlindən alıb". 3 gün sonra "Arsenal"la matçda Premyer Liqada da siftə edən Markus İngiltərənin U-16, U-18 və U-20 yığmalarında oynayıb. Mayın 27-də Avstraliya ilə oyunda əsas millidə ilk dəfə oynayan hücumçu matçın 138-ci dəqiqəsində qol vurmaqla daha bir rekorda imza atıb. Bu dəfə o, yığmada qol vuran ən gənc futbolçu kimi Timmi Loutonun rekordunu yeniləyib. Yeri gəlmişkən, Avro-2016-da Uelslə oyunda meydana çıxmaqla Reşford Ueyn Runinin də rekordunu kölgədə qoyub. Belə ki, o, Avropa çempionatlarının final mərhələsində İngiltərə yığmasının heyətində meydana çıxan ən gənc futbolçu olub.
Hazırladı: SÜLEYMAN
"Het-trik news” qəzeti
P.S. Futbolçuların transfer qiymətləri transfermarkt.com-un iyunun 1-ə olan məlumatına əsasən göstərilib.
 
 
325