
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları
çərçivəsində keçirilən "Qəbələ” – "Samtredia” (Gürcüstan)
qarşılaşmasından sonra (5:1) "qırmızı-qaralar”ın baş məşqçisi Roman
Qriqorçukun mətbuat konfransı keçirilib. Premyer.az sizi ukraynalı mütəxəssisin
fikirləri ilə tanış edirik:
"Oyunun nəticəsindən,
qələbədən razı qaldıq. Mən komandanın göstərdiyi oyundan da razıyam.
Qısa müddətdə futbolçular yaxşı təsir bağışlamağa nail olublar. Oyunumuz
uğurlu alındı. Təbii ki, biz daha güclü idik, 5 qol vurduq. Artıq
nəyəsə nail olmağımızla bağlı söhbətləri istisna edirəm. Qarşıda cavab
oyunu var və məqsədimiz həmin matçda qalib gəlməkdir. Bu gün bütün
komanda yaxşı oynadı. Kimi isə fərqləndirmək istəmirəm. Əsas odur ki,
komanda şəklində yaxşı oynadıq. Meydanda əsl komanda var idi. Bu
komandanın da hər bir üzvü yaxşı çıxış etdi. Cavab oyununda arxayınlıq
olmayacaq. Buna siz də əmin olacaqsınız. Futbolçuların hər şeyin həll
olunduğunu düşünməsinə imkan vermərəm. Rəqib sizə göründüyü qədər zəif
deyil. Bu komandaya qalib gəlmək üçün xeyli çalışmaq lazım gəldi.
Onların qolu da gözəl cərimə zərbəsindən sonra vuruldu. Qazanılan qələbə
futbolçuların əməyidir. Onlara təşəkkür edirəm. II təsnifat
mərhələsindəki rəqiblər haqda düşünmürəm. Bu haqda məlumat yığılır,
lakin mən komandanın daha yaxşı oynaması haqda fikirləşirəm”.