
2016-2017-ci illər mövsümünə hazırlığı davam etdirən "Neftçi” PFK heyətini
yeni futbolçularla gücləndirib. Premyer.az komandaya yeni cəlb olunmuş futbolçularla
bağlı ətraflı məlumatı təqdim edir:
1. Vançe Şikov - Makedoniya yığma komandasının müdafiəçisidir. Təcrübəli
müdafiəçi ölkəsinin milli komandasında 49 oyunda meydana çıxıb və 4 qol vurub.
Buna qədər isə o, Makedoniyanın U-17, U-19 və U-21 yığma komandalarında forma
geyinib. Son iki mövsümü "Austriya” (Avstriya) klubunda keçirən Şikov 42 matçda
meydana çıxıb. Bununla yanaşı, futbolçu Yunanıstan və Ukraynada legioner həyatı
yaşayıb.
2. Edson Kastilyo – 22 yaşlı futbolçu buna qədər ardıcıl olaraq 17 və 21
yaşadək futbolçulardan ibarət Venesuela yığma komandasının heyətində çıxış
edib. Kastilyo 2010-2016-cı illər
ərzində Venesuelanın "Mineros” klubunun şərəfini qoruyub. Dayaq
yarımmüdafiəçisi doğma komandasının heyətində 101 oyun keçirib.
3. Dario Melnyak – Xorvatiyalı sol cinah müdafiəçisi Belçikanın "Lokeren”
klubundan icarə əsasında transfer edilib. 22 yaşlı futbolçu 2011-2015-ci illər
ərzində Xorvatiyanın "Zelina” və "Slaven” klublarının formasını geyinib.
4. Murad Ağayev – Azərbaycanın əsas yığma komandasına dəvət almış futbolçu
daha öncə 19 yaşadək futbolçulardan ibarət millimizin formasını geyinib.
Azərbaycanda AZAL və "Sumqayıt” klublarında oynamış futbolçu 2006-2012-ci
illərdə Rusiya klublarında çıxış edib.
Bununla yanaşı, qapıçı mövqeyinə də transfer prosesi hazırda davam edir.