» » » Elşad ƏHMƏDOV: “Çoxları aşağı yaş qruplarına lazımsız əşya kimi baxırlar"

Elşad ƏHMƏDOV: “Çoxları aşağı yaş qruplarına lazımsız əşya kimi baxırlar"

"NEFTÇİ”NİN U-17 KOMANDASININ BAŞ MƏŞQÇİSİ ŞƏRAİTDƏN RAZIDIR?
 
AFFA-nın təşkil etdiyi U-17 Liqasında çempionat başa çatdı. Birinciliyin bitiminə 1 tur qalmış səfərdə "Bakı"ya 5:2 hesabı ilə qalib gələn "Neftçi" ən yaxın izləyicisi "Qəbələ"ni 4 xal qabaqlayaraq vaxtından əvvəl çempion adını qazandı. "Flaqman"ın U-17 komandasının baş məşqçisi, yaxın keçmişimizin tanınmış futbolçusu Elşad Əhmədovla görüşüb qazanılan uğur, U-17 liqası, uşaq futbolu və digər məqamlarla bağlı fikirlərini öyrəndik.
 
- Elşad müəllim, təbrik edirik! Uşaq futbolunda nəticə önəmli deyil, əsas oyundu. Bu mənada komandanızın çempionat ərzində sərgilədiyi oyundan razı qaldınızmı?
- Hamısını deməzdim, keçirdiyimiz oyunların haradasa, yarısında uşaqlardan razı qaldım. Bir misal çəkim, "Qəbələ" ilə səfər oyunumuzdakı sürəti, yüksək tempi heç Premyer Liqa oyunlarında hər dəfə görmək olmur. Hər iki komandanın heyətində yığmanın futbolçuları var idi. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı. Hər iki komanda həm texniki, həm də taktiki cəhətdən gözəl oyun sərgilədi. Belə oyunlar az deyildi.
- Komandanız mövsüm ərzində cəmi 1 oyunda məğlub oldu. O da bayaq haqqında danışdığınız "Qəbələ"yə...
- Doğrudur. Birinci dövrədə evdə "Qəbələ"yə 1:4 hesabı ilə uduzmuşduq. Düzü, həmin oyundan sonra "Qəbələ"nin çempion olacağını düşünürdüm. Çünki, futbolçular fərdi baxımdan yüksək hazırlığa malik idilər. Həm də taktiki cəhətdən ağıllı futbol oynayırdılar. Həmin məğlubiyyətin bəzi səbəbləri var idi. Ən əsası U-17 yığmasına cəlb olunan futbolçularımız həmin vaxt əvəzedici komandada idilər və "Qəbələ" ilə matça çağırılmamışdılar. Qəbələdəki oyunda isə həmin futbolçular heyətdə idilər və bu üzdən maraqlı qarşılaşma oldu. Bakıdakı məğlubiyyətin əvəzini çıxmaq istəyirdik. Amma alınmadı. Əsas odur ki, bizim uşaqlar rəqibdən daha yaxşı, üstün futbol oynadılar.
- Çempion olduğunuz liqanın səviyyəsi sizi qane etdimi?
- Bu il 17 yaşlılar arasında keçiriləcək Avropa çempionatı ilə bağlı U-17 liqasına diqqət daha çox ayrılmışdı. Bu məqam çempionatda komandaların oyun səviyyəsinə təsir göstərdi. Komandaların heyətlərindəki gənc futbolçuların çoxu U-17 yığmasına düşmək, Avropa çempionatında iştirak etmək üçün özlərini göstərməyə çalışırdılar. Nəticədə oyunların çoxu gərgin və maraqlı mübarizə şəraitində keçdi. Birincilikdə maraqlı komandalar var idi. Yalnız 5-6 komanda özünü yaxşı tərəfdən göstərə bildi. Çempionluq uğrunda yarış da elə o komandalar arasında gedirdi. "Qəbələ", "İnter", "Sumqayıt", "Qarabağ" - hər biri çempion olmağa layiq idi. Ümumi götürsək, səviyyə məni qane etdi.
- "Neftçi"nin bir neçə futbolçusu U-17 yığmasına cəlb olunub. Onlardan Avropa çempionatında hansı səviyyədə oyun gözləyirsiniz?
- "Neftçi"dən 6 futbolçu  - Elçin Əsədov, Gülağa Mehdiyev, Bahadur Həziyev, Kamran İbrahimov, Ərzuman Rizvanov və Aslan Bədəlzadə yığmaya namizəddir. Aslandan başqa digər futbolçularımız U-17 yığmasının hazırki heyətinə düşə biliblər. Ad çəkməyim, bu, digər uşaqların psixologiyasına mənfi təsir göstərər bilər. Həmin 5 futbolçudan 2-3-ü Avropa səviyyəli futbol oynamaq iqtidarındadır. Bunun üçün onların hər cür imkanları var. Sadəcə, xarakter nümayiş etdirməlidirlər.
- Bəs, komandanın neçə futbolçusu 17 yaşının olmasına baxmayaraq, əvəzedici komandada oynayır?
- Adını çəkdiyim futbolçuların hamısı. Onlar demək olar ki, mövsümü əvəzedici komandada keçirirlər. Müəyyən vacib oyunlarda U-17-ə çağırıram.
- Növbəti mövsüm Elşad Əhmədov yenə bu komandanı çalışdıracaq, yoxsa, yeni U-17 formalaşdıracaq?
- Bu haqda heç nə deyə bilmərəm. May ayında rəhbərliyin qərarından sonra indiki komanda ilə daha yuxarı liqada oynayacağım, ya da elə U-17-də qalacağım bilinəcək.
- Komanda sizə tapşırılmasa belə, bu uşaqlardan yenə də uğur gözləməyə dəyər?
- Niyə də yox? Gözləmək lazımdır. Bu komandanı götürəndə futbolçularla söhbətim oldu. Onlara bildirdim ki, sizdən əsas istəyim və tələbim bu heyətdən 5-6 futbolçunun U-17 yığma komandasına düşməsidir. İkincisi isə, kollektiv şəkildə əvəzedici heyətə düşəcəkləri halda onlardan razı qala biləcəyimi söylədim. İstəyimizin yarısına çatmışıq. Bu gün 5 futbolçumuz U-17 yığmasında oynayır. İstəyimin qalan yarısına çatmaq üçünsə, vaxt və işləmək lazımdır.
Çempion olduqdan sonra uşaqların hamısını təbrik etdim. Çempionluq üçün oynamaq bizim işimiz idi. Hamının yanında başımızın uca olması, çəkilən əziyyətin bəhrəsini görmək üçün nəticə yaxşı haldır. Amma əsas məqsəd bayaq dediyim kimi, kollektiv sürətdə əvəzedici komandaya düşməkdir. Bu halda futbolçularımı ürəkdən təbrik edəcəm.
- Fasilələrlə olsa da, uzun illərdir uşaq futbolunda işləyirsiniz. Son illər bu sahədəki vəziyyət təcrübəli mütəxəssis kimi sizi qane edirmi?
- Əvvəlki illərlə müqayisədə irəliləyişlər çoxdur. Həm bəzi klublar, həm də AFFA uşaq futboluna diqqəti artırıb. Təbii ki, bunlar adamı sevindirməyə bilməz. Amma Avropa səviyyəsinə qalxmaq üçün hələ çox işləməliyik. Bilirsiniz, elə komandalar var ki, həftədə 2-3 dəfə məşq keçirlər. Yaxud, oyun günü rayonlardan Bakıya gəlirlər. Bunlar uşağın futbolçu kimi yetişməsinə mənfi təsir göstərir. Yol yorğunu olan futbolçu hansı səviyyədə futbol oynaya bilər? Yaxud, həftədə 2-3 məşqlə uğur qazanmaq, futbolçu yetişdirmək müşkül məsələdir. Digər neqativ hallar da mövcuddur. Bu mənada bəzi klublar uşaq futboluna daha çox diqqət ayırsalar, gələcəkdə udan tərəf Azərbaycan futbolu olacaq. Son bir neçə ildə səviyyə baxımından cəmi 5-6 komandada yüksəliş hiss olunur. Qalanları isə şəraitsizlikdən əziyyət çəkir.
- Şərait demişkən, "Neftçi" rəhbərliyinin sizə yaratdğı şəraitdən razısınız?
- Mən bu vəzifəyə təyin olunanda rəhbərliklə birgə qarşımıza məqsəd qoymuşduq ki, U-17 yığma komandamıza kömək etməli, futbolçular yetişdirməliyik. Düşünürəm ki, müəyyən mənada bunu bacardıq. Yenə də, işin öhdəsinən nə dərəcədə gəldiyimizə rəhbərlik qiymət versə yaxşıdır. Şəraitə gəlincə, klubun komandaya yaratdığı şəraitdən razıyam.
- Elşad müəllim, şəxsi fikrimdir, potensialınıza və təcrübənizə görə daha yüksək liqalarda işləməyi bacararsınız. Buna rəğmən sabah sizə daha aşağı yaş qrupunda işləməyi tapşırsalar, münasibətiniz necə olar? Etiraf edək ki, bizdə bir çox məşqçilər bunu özlərinə təhqir hesab edirlər.
- Azərbaycan futbolunda çoxları aşağı yaş qruplarına lazımsız əşya kimi baxırlar. Doğru buyurdunuz, elə məşqçilər var ki, həmin qruplarda işləməyi özlərinə sığışdırmırlar. Əslində, buna pis yox, şərəfili iş kimi yanaşmaq lazımdır. Nəyə görə? Futbolçunun təməli 9-10 yaşı olanda qoyulur. Binanın bünövrəsini nə qədər möhkəm eləsən, o qədər dayanıqlı, dözümlü olar. Bünövrə möhkəm olmayınca, gələcəkdə bina laxlayacaq. Futbolçu da elədir. Bünövrədən möhkəm olmalıdır ki, gələcəkdə çətinlik çəkməsin, möhkəm olsun. Bu mənada aşağı yaş qruplarında təcrübəsiz deyil, məhz ən təcrübəli məşqçilər işləməlidirlər. Mənə gəlincə, əlbəttə, hər bir məşqçi kimi mən də əvvəllər olduğutək daha "yuxarılar"da işləmək istərdim. Amma ehtiyac olarsa, U-10 komandasını da çalışdırmağa hazıram və bunu özüm üçün əsla rəzalət hesab etmirəm.
Söhbətləşdi:
İlqar TAĞIYEV
"Het-trik news” qəzeti
322     
Reklam

Reklam